Təbiətin yaşıl tacı
Naxçıvan Muxtar Respublikasında uğurlu
ekoloji tədbirlər görülür
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev təbiətin
qorunub saxlanılmasının zəruriliyini
qeyd edərək deyirdi:
“Təbiətin ölkəmizə bəxş etdiyi
zəngin sərvətlərə qayğı ilə yanaşmaq, belə misilsiz
xəzinələri bəşəriyyətin gələcəyi
naminə qorumaq üzərimizə
düşən başlıca vəzifədir”.
Ulu öndər tərəfindən müəyyənləşdirilən ekoloji konsepsiyaya uyğun olaraq, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və bu sahədə dövlət siyasətini tənzimləyən qanunvericilik bazasının yaradılması ətraf mühitin mühafizəsi istiqamətində atılan uğurlu addımlardandır. Dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və onu qorumaq hüquqları öz əksini tapıb. Bununla yanaşı, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Əsrarəngiz təbiəti, müxtəlif təbii xüsusiyyətləri və torpaq-iqlim faktorları ilə Qafqaz ekoregionunda mühüm mövqeyi olan və canlı təbiət muzeyi adlandırılan Naxçıvan Muxtar Respublikası ərazisində ekoloji tədbirlər uğurla davam etdirilməkdədir. Coğrafi mövqeyi, mühitin unikallığı və maddi-mənəvi sərvətlərin bolluğuna görə Azərbaycan incisi olan Naxçıvanın təbii zənginliyi, onun qədim tarixi ilə də əlaqədardır. Bəşər tarixinin ikinci başlanğıc yeri kimi tədqiq olunan Nuh yurdu – Naxçıvan ərazisində olan endemik növlərin miqdarı, unikal bitki və heyvan növləri də bu regionun növ əmələgəlmə mərkəzlərindən biri olduğunu sübut edir. Kiçik coğrafi ərazisi olmasına baxmayaraq, qədim diyarda dünya təbiətinin nadir növləri olan bəbir, qonur ayı, muflon, qızıl xallı balıq kimi fauna ehtiyatları, mineral bulaqlar, faydalı qazıntılar, planetdə anoloqu olmayan təbiət abidələri – Gəmiqaya, Göygöl, Haçadağ, “Üzən ada” kompleksi, yaşı 800 ildən artıq olan çinar ağacları kimi təbii zənginliklər vardır. Eyni zamanda, bölgənin torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu ərazidə zəngin bitki örtüyünün inkişafına səbəb olub. Ərazinin ümumi mənzərəsini seyrək meşəli açıq landşaftlar təşkil etdiyindən burada genetik qruplarda birləşmiş muxtəlif tərkibli fitosenozlar yaranıb. Aparılan çoxillik tədqiqatlar nəticəsində muxtar respublikanın ərazisində 170 fəsiləyə, 874 cinsə daxil olan 2835 ali sporlu çılpaqtoxumlu və çiçəkli bitkilərin yayıldığı məlum olub. Bu göstərici Azərbaycan florası növlərinin 63 faizini təşkil edir.
Regionun coğrafi mövqeyi, təbii iqlim xüsusiyyətləri nəzərə alınaraq ən mühüm ekoloji faktor olan meşələrin qorunması və artırılması istiqamətində də işlər aparılır. Nadir və endemik ağac növləri ilə zəngin Biçənək dövlət meşəsi və Tillək meşəsi təbiət abidəsi kimi qorunur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yaşıllaşdırma tədbirləri bu gün MR-da uğurla davam etdirilir. “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”a uyğun olaraq, ötən illərdə MR ərazisində 16 min hektardan çox sahədə yeni yaşıllıqlar, meşə massivləri, meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlər, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız, o cümlədən müxtəlif dərəcədə şoranlaşmış, erroziyaya məruz qalmış ərazilərdə aparılıb. Bu regionda ekologiya ilə bərabər kənd təsərrüfatının da inkişafına da əlverişli şərait yaradıb. Aparılan yaşıllaşdırma tədbirlərində iqtisadi perspektivlər əsas götürülərək, meyvəçilik inkişaf etdirilib, minlərlə hektar ərazidə bağlar salınıb. Təkcə ötən əkin mövsümündə muxtar respublika ərazisində ilk dəfə olaraq 100 hektardan artıq sahədə püstə bağları əkilib.
Hazırda ümumi ərazinin 12 faizdən çoxunu meşə ehtiyatları, yaşıllıqlar əhatə edir. Müqayisə üçün bildirək ki, 1990-cı ildə MR ərazisinin yalnız 0,6 faizini yaşıllıqlar əhatə edirdisə, indi kontinental iqlim tipinin mövcud olduğu bu regionda meşə ehtiyatlarının belə artması bu sahədə görülən işlərin və təbiətə göstərilən qayğının nəticəsidir. Bu sahədə yaxşı nəticələrin əldə olunmasının əsas səbəblərindən biri də regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış əkin materialının, keyfiyyətli tinglərin yetişdirilməsidir. Bu məqsədlə tingçilik müəssisələrində meşə və meyvə tingləri, həmişəyaşıl, dekorativ ağaclar olmaqla 11 milyon ədəddən çox fidan yetişdirilib.
MR ərazisində təbii su ehtiyatları ilə bərabər, yeni sututarların, göllərin, kanalların tikilib istifadəyə verilməsi nəticəsində istər içməli su, istərsə də təsərrüfat suyuna olan tələbat tamamilə təmin edilib. Regionun torpaq-iqlim xüsusiyyətləri, relyefi nəzərə alınaraq və ekoloji iqtisadi səmərəliliyi əsas götürülərək, yeni əkin sahələrində müasir suvarma sistemləri, damcı üsulu tətbiq edilib. Xüsusilə, şoranlaşmaya meyilli torpaqlarda və terraslarda damcı ilə suvarma sisteminə geniş yer verilib. Ötən illərdə 1000 hektardan çox sahədə belə suvarma sistemi qurulub.
Muxtar respublikada bioloji müxtəlifliyin qorunması və öyrənilməsində mühüm rol oynayan xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi üçün də mühüm işlər görülüb. Qeyd etmək yerinə düşər ki, diyarımızda ilk xüsusi mühafizə olunan təbiət ərazisi ulu öndərimizin hələ 1969-cu ildə qəbul etdiyi qərarla yaradılmış Ordubad Dövlət Təbiət Yasaqlığı olub. Hazırda MR ərazisində 3 yasaqlıq, 1 qoruq, 1 milli park fəaliyyət göstərir. Bu ərazilərdə dünya təbiətinin nadir flora və fauna növləri, nəsli kəsilmək təhlükəsi olan onlarca bitki və heyvan növü, təbiət kompleksləri, tarixi memarlıq abidələri qorunub saxlanılır.
Prezidenti İlham Əliyevin 2009-cu il 25 noyabr tarixli sərəncamı ilə ərazisi 42787,41 hektar olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması isə mövcud təbii zənginliklərin qorunması ilə bərabər, bu sərvətlərdən iqtisadi inkişaf məqsədilə səmərəli istifadə edilməsi, ekoturizm potensialının yaradılması və inkişafı sahəsində həyata keçirilən mühüm tədbir olub. Bu gün ümumi sahənin 27,7 faizini xüsusi mühafizə statuslu təbiət əraziləri olan qoruq, milli park, yasaqlıqlar əhatə edir ki, bu da inkişaf etmiş ölkələrin bu sahədəki göstəricilərini üstələyir. Ərazidə biomüxtəlifliyin qorunması, nadir, nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin öyrənilməsi və xüsusi mühafizə edilməsi məqsədilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının flora və fauna ehtiyatlarına dair qırmızı kitablar çap edilib. Ümumiyyətlə, həyata keçirilən tədbirlər, o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, hər növ ovçuluğa qadağanın qoyulması, biomüxtəlifliyin qorunması üçün yaylaqlardan, otlaq və biçənəklərdən səmərəli istifadənin təmin edilməsi regionda əlverişli ekoloji mühit formalaşdırır.
Görülən işlər bir daha ulu yurdun təbiətinin günü-gündən zənginləşməsinə, yaşıl örtüyünün daha da artırılmasına imkan verir. Ümumilikdə isə təbiət elə bir varlıqdır ki, onu qorumadan, sevmədən, dərindən öyrənmədən və sərvətlərindən düzgün istifadə etmədən yaşamaq mümkün deyil. Bunun üçün də hər kəs təbiətə qayğı ilə yanaşmalı, onu qorumalı və sevməlidir.
Unutmayaq ki, təbiətə, ətraf mühitə nə qədər qayğı göstərsək, yaşıllıqları artırsaq, ilk növbədə, öz sağlamlığımıza xidmət edər və uzunömürlü olarıq. Çünki təbiətin yaşıl tacı gözəllikdir, sağlamlıqdır, göz nurudur və saf ekoloji mühitdir. Bu baxımdan Naxçıvan MR öz zəngin təbiəti ilə nümunədir, əlverişli turizm regionudur.
Vaqif Ağalarov,
Naxçıvan
Televiziyasının
baş redaktoru
Xalq qəzeti.- 2016.- 5
noyabr.- S.5.