Mahnılarda yaşanan ömür

 

İllər gəlib keçir, zaman ötür, həyata yeni insanlar gəlir, nəsillər bir-birini əvəz edir.Bu insanların çoxunun ömrü bir-birinə bənzəyir.Ancaq onların arasında elələri də var ki, uşaqlıqdan öz qabiliyyəti ilə seçilir, hamını heyran edir, coşğun həvəslə həyatda çalışır, mehriban, mədəni insanlığı ilə bərabər məlahətli, ecazkar səsi ilə ürəklərə təsir edərək könüllərdə yaşayırlar.

 

Həmin sırada olan sənətkarlardan biri, Azərbaycan vokal sənətinin  yetirməsi, Əməkdar artist İdris Mehdiyev öz parlaq, təmiz, təkrarsız ifası ilə sənətdə klassik səviyyədə öz yerini tutaraq tanındı, mahnı və romans ifaçılığında özünəməxsus iz qoyduömrünün 75-ci ilində dünyasını dəyişdi.

İdris 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub boya-başa çatmışdı. Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilən mühəndis olmuşdu. Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikişibəyova həyat yoldaşı İkinci dünya müharibəsində, 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyütdü. Lakin özü də erkən, 1953-cü ildə vəfat etdi.

İdris hələ uşaq yaşlarından gözəl səsi, musiqi duyumu, qulaq asdığı mahnıları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə diqqəti cəlb etdi. Anası İdrisi tez-tez doğulduğu doğma şəhərinə, Qarabağın füsunkarecazkar guşəsi olan qədim Şuşaya aparardı. Orada balaca İdris məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğamxalq mahnılarını dinləmiş, bu lirik və gözəl nəğmələr onun yaddaşına, qəlbinə hopmuşdu. Şirin, məlahətli səsi ilə tez-tez bu mahnıları zümzümə edər, oxuyardı…

Bir gün isə İdris doğma Gəncədə təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başladı. Tezliklə uşaq xorunun solisti olaraq səhnələrə çıxıb özünün qabiliyyətini göstərdi. Olimpiadalar, baxışlar, müsabiqələr, festivallarda qalib oldu.

Bakıya köçəndən sonra İdris Pioner və Məktəblilər Sarayında (hazırda Tofiq İsmayılovun adını daşıyır) uşaq xorunun solisti oldu. Əsl vokal sənətinə yol buradan başladı. Vokal-xor sənətinin tanınmış ustadı A.A. Milovanovun rəhbərliyi ilə xorun yüksək ifaçılıq məharəti hamını heyran edirdi.İdris bu kollektivin solisti kimi sənətin incəliklərinə dərindən yiyələndi.O illərdə uşaq xorunun yetirmələri sırasında Müslüm Maqomayev, Lütfiyar İmanov və başqaları ilə yanaşı, İdris Mehdiyevin də adı çəkildi.

İllər keçdikcə  gənc vokalçı müğənni müxtəlif estrada, xalq çalğı alətləri ansamblları ilə çıxışlar edərək püxtələşdi. Xəzər Donanması Flotiliyasının estrada orkestri Azərbaycanın bütün regionlarına keçmiş SSRİ-nin bir sıra şəhərlərinə, Avropanın, dünyanın bir çox ölkəsinə qastrol səfərlərinə gedərək konsertlər verirdi. Gənc İdris Mehdiyev bu orkestrin solisti kimi uğurla çıxış edərək tanındı, tələbkar tamaşaçıların rəğbətini qazandı.

…Hərbi xidmətə çağırılan gənc İdris xoş təsadüf nəticəsində əsgərlik illərini Qırmızı Bayraqlı Baltik Donanmasının Mahnı və Rəqs Ansamblında keçirdi. Ansamblın solisti kimi onun qarşısında geniş üfüqlər, böyük səhnələr açıldı. İsveç, Norvec, Danimarka, Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə dəfələrlə qastrol səfərlərində olan kollektiv bir-birindən uğurlu çıxışlar etdi.

Vətənə döndükdən sonra gənc ifaçı əvvəlcə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasının özfəaliyyət kollektivinin, 1964-1978- ci illərdə xalq artisti Tofiq Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyası Estrada Orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərdi. Respublikamızın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan və rus dillərində mahnılar oxuyaraq musiqi sənətimizi ləyaqətlə təmsil etdi. Radio və Televiziyanın Estrada-Simfonik Orkestrinin müşayiəti ilə Rauf Hacıyevin ”Sevgilim”, ”Bakı haqqında mahnı”, Tofiq Quliyevin “Sənə də qalmaz”, ”Qızıl üzük”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, “Sumqayıt”, Cahangir CahangirovunAna”, ”Qarabağ”, Əziz Əzizlinin “Kənd yolunda” mahılarının, Qənbər Hüseynlinin bir sıra mahnılarının və digər Azərbaycan bəstəkarlarının bir sıra vokal əsərlərinin ən parlaq və təkraredilməz ifaçısı oldu. Ansambldakı xidmətlərinə görə İdris Mehdiyev 1974-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Fəxri fərmanına, 1978-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü.

Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Rəşid Şəfəq xatirələrində yazır ki, “Günlərin birində mən İdrislə dünya şöhrətli müğənnimiz Rəşid Behbudovun yanına getdik. O, Tiflisdə orta məktəbin ibtidai siniflərində anamın şagirdi olmuşdu. Mənim pianoda müşayətimlə böyük ustadın qarşısında Idris bir neçə mahnı oxudu.Rəşid Behbudov İdrisi öz gözəl və mahir davamçısı kimi, onun yolu ilə getdiyini qeyd etdi. Böyük ustad İdris Mehdiyevi dünyada ilk və yeganə yaratdığı Mahnı Teatrına dəvət etdi. Həmin illərdə İdris artıq ailə qurmuşdu və uzunmüddətli qastrollarda olmasından tərəddüd edərək radionun solisti kimi qalıb fəaliyyət göstərməyi üstün tutdu”. 1979-cu ildən müğənni həyatını Azərbaycan Dövlət Radio və Televiziyanın Xoru ilə bağladı.Bu kollektivə uzun illər görkəmli bəstəkar, Xalq artisti Ramiz Mustafayev rəhbərlik edirdi.

Bu sətirlərin müəllifi AZƏRTAC-ın mədəniyyət şöbəsinin müxbiri olaraq həmin illərdə dəfələrlə musiqi kollektivləri ilə görüşüb incəsənət xadimlərindən müsahibələr alır, reportajlar, məqələlər, informasiyalar hazırlayırdı. O vaxt Ramiz müəllim kollektivin uğurları haqqında danışarkən İdris Mehdiyevin adını xüsusi vurğuladı, onun ifaçılıq sənətini yüksək qiymətləndirdi.Xorun solisti kimi İdris Mehdiyev bəstəkarın mahnılarını, kantata və oratoriyalarını, eləcə də xor üçün işləyib tərtib etdiyi Azərbaycan xalq mahnılarının solo hissələrini böyük məharətlə ifa edirdi. Bu əsərlərin çoxunun solo hissəsinin oxunmasını bəstəkar İdris Mehdiyevə həvalə edirdi.Azərbaycan Dövlət TeleviziyaRadio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin qızıl fondunda onun ifasında bir çox mahnı və romansların lent yazıları saxlanılır.

Ömrünün sonuna qədər Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solistidirektoru kimi çalışan İdris Mehdiyev bir çox görkəmli bəstəkarların əsərlərini, xalq mahnılarını simfonik, estrada orkestrləri və xalq çalğı alətləri ansamblları ilə məharətlə ifa etmişdi.Onun repertuarında Fikrət Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər korifey sənətkarların əsərləri önəmli yer tutur.

İdris Mehdiyevlə 1968-ci ildən tanış idik. Həyat yoldaşı Məhəbbət xanımla tez-tez Naxçıvana – qayınatasının evinə gəlirdilər. Həyətlərimiz yan-yana ən yaxın qonşu idik.O zamandan İdrisi Məhəbbət xanımın ata-anası kimi bizim ailə üzvləri də əziz qonaq kimi qarşılayırdılar.

İdris Mehdiyevin dünyasını dəyişməsindən bir il ötür.Müğəninin cazibəli səsi, ifası mahnılarında əbədi məhəbbət duyğuları oyatdığı kimi əziz xatirəsi də yaxınlarının, qohumlarının, sənət dostlarının musiqisevərlərin qəlbində əbədi yaşayır.

 

Afət Sadıqoğlu

 

Xalq qəzeti.- 2016.- 5 noyabr.- S.6.