“Dostluğ”a bağlanan ömür
Teatrda, səhnədə
çıxış etmək onun uşaqlıq arzusu idi. Hələ yeddi yaşında olarkən Lerik
rayonunun Çayrud kənd mədəniyyət evində
hazırlanmış
Y.Əzimzadənin “Nəsrəddin” komediyasında
İnkir rolunda çıxış etməsi onun həyatında
dönüş nöqtəsi oldu. Uşaqlıqdan bu sənətə
sevgidən başlanan yolla inamla
addımladı və aktyorluq
istedadı sayəsində səhnəmizdə
tanınmağa, sevilməyə başladı Aslan Fətullayev.
Aslan Miri oğlu Fətullayev 1956-cı il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində dünyaya göz açıb. Orta məktəbi uğurla bitirdikdən sonra içindəki aktyorluq, teatr sənətinə sevgisi ilə Bakıya gəlib. Əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakültəsində təhsil alıb. Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində “klub işinin təşkilatçı metodisti” ixtisasına yiyələnib.
Aslan hələ texnikumda oxuyarkən aktyor istedadı ilə diqqət cəlb edə bilir. 1975-ci ildə faşizm üzərində tarixi qələbəyə həsr edilmiş “Canlı şahid” televiziya tamaşasında 13 yaşlı polyak Şani obrazı ilə tamaşaçı rəğbəti qazanır. Gənc aktyor məhz bu obrazla Azərbaycan Televiziyasının qızıl fonduna düşür.
Onun müxtəlif filmlərdə çəkildiyi obrazlar da məzmun və xarakterinə görə fərqlidir. “Mosfilm”in çəkdiyi “Oğlan və maral” filmində fotoreportyor, “Azərbaycanfilm” istehsalı olan “Mikrorayonda cin” filmində Cin, “Papaq”da papaqçının dostu, “Qorxma, mən səninləyəm” filmində İvan Spirdonoviç, “Qətl günü”ndə Zindanban, “Mozalan” studiyasının çəkdiyi “Kapitan” satirik kino jurnalında basketbol komandasının kapitanı və s. bir-birindən fərqli, yaddaqalan obrazlarda Aslan Fətullayevin istedadının ayrı –ayrı cəhətləri üzə çıxır və ona kino tamaşaçılarının da sevgisini qazandırır. O, təkcə filmlərə çəkilməklə kifayətlənmir və “Ağ gəmi”, “Stepanın yadigarı”, “Baş tutmayan ezamiyyət” kimi bir sıra filmlərin dublyajında da iştirak edir.
Aslanın yaradıcılıq fəaliyyətinə “Gənclik” klubu və 1984-cü ildən rəhbərlik etdiyi “Dostluq” mədəniyyət evinin də təsiri olmuşdur. Sumqayıtda “Dostluq” mədəniyyət evi tədbirlərin rəngarəngliyi ilə seçilmiş, hələ sovet dövründə – 1985-ci ildə şəhər mədəniyyət müəssisələri arasında birinci yerə layiq görülmüş, II Ümumittifaq festivalının qalibi olmuşdur. Mədəniyyət evinin kollektivi Türkiyə, Almaniya, Rumıniya, Gürcüstan, Rusiya kimi ölkələrdə bir çox mədəni proqramları ilə uğurlu çıxışlar etmişdir. Azərbaycanın müstəqillik illərində – 1992-1996-cı illərdə Türkiyədə qastrol səfərlərində olan “Dostluq” mədəniyyət evi iki qardaş xalq arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin yaxınlaşmasına da öz töhfəsini vermişdir.
İstedadlı aktyor, təşəbbüskar və bacarıqlı mədəniyyət işçisi olmaqla bərabər, Aslan Fətullayev həm də ürəyi Vətən eşqi ilə döyünən ziyalıdır. Qarabağ müharibəsinin başladığı ilk illərdə onun rəhbərliyi ilə cəbhə bölgələrinə konsert briqadaları göndərilmiş, tanınmış sənət adamları öz çıxışları ilə əsgərlərimizdə vətənpərvərlik əzmini daha da gücləndirmiş və onların döyüş ruhunu qaldırmışdır. Aslanın rəhbərlik etdiyi mədəniyyət evi bu gün də Vətənin keşiyində duran əsgərlərin qarşısında çıxış etməyi özünün müqəddəs vəzifəsi hesab edir.
Aslan Fətullayevin öz peşəsinə vicdanlı münasibətinin, məsuliyyətinin nəticəsidir ki, “Dostluq” mədəniyyət evi xeyirxahlıq missiyasını, insanlara xoş ovqat bəxş etmək amalını həmişə böyük ruh yüksəkliyi və inamla davam etdirir. İndi bu kollektivin Abşeron rayonu ərazisindəki internat evi, hərbi hissələrdə keçirdiyi müxtəlif mədəni-musiqili tədbirlər artıq ənənə halını alıb.
O, bu gün də yenilik və yaradıcılıq axtarışındadır. Respublika hökumətinin ahıllara diqqət və qayğının artırılması sahəsində siyasətinə kiçicik də olsa töhvə vermək məqsədilə “Dostluq” mədəniyyət evində qocaman musiqiçilərdən ibarət “Bahar” xalq çalğı alətləri ansamblı yaratmışdır. Yaşlı sənətkarların cəmiyyətdə özlərini rahat hiss etməsi üçün onların kollektivi müxtəlif ümumrayon tədbirlərinə dəvət olunur və maraqlı proqramlarla çıxış edirlər.
Bu gün Sumqayıt şəhərinin mədəni həyatında fəallıq göstərən müəssisələr arasında “Dostluq” mədəniyyət evinin rolu danılmazdır. Tamaşaçılar şəhər və respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə Aslan Fətullayevin rəhbərlik etdiyi “Dostluq” mədəniyyət evinin kollektivinin adını tez-tez eşidir, çıxışlarını izləyirlər. “Dostluq” , həmçinin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərdə də ölkəmizi uğurla təmsil edir. 2009-cu ildə Türkiyədə keçirilən “XII Türk Boyları Kültür Şöləni” Beynəlxalq Festivalında mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs ansamblının çıxışı, Yalova, Bursa, İzmit şəhərlərində konsertləri bu gün də xoş ovqatla xatırlanır.
Aslan Fətullayev, həmçinin aktyorluq fəaliyyətini də uğurla davam etdirir. Onun 2009-cu ildə Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Akademik Milli Dram Teatrının, Rusiya Federasiyasının Həştərxan şəhərində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru kimi çıxışları diqqət və uğurla qarşılanmışdır.
Sevindirici haldır ki, bu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmanla bir qrup mədəniyyət işçisi arasında fəxri ada – “Əməkdar mədəniyyət işçisi” adına layiq görülənlərdən biri də yüksək aktyorluq istedadı sayəsində yaratdığı obrazlarla insanların sevgisini qazanan Aslan Fətullayev də var. Bu uğur, əslində, onun illərdir sənətə, mədəniyyətə verdiyi töhfənin bəhrəsidir ki, dövlət başçısı tərəfindən yüksək qiymətləndirmişdir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2016.- 6 noyabr.- S.5.