Tofiq BAKIXANOV: Naxçıvanda elmə, təhsilə,

mədəniyyətə qayğının ali səviyyəsinin şahidi oldum

 

Respublikanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezident  təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar  Tofiq Bakıxanovun yaradıcılığında  Naxçıvan mövzusu da özünəməxsus yer tutur. Həm bu səbəbdən, həm də, ümumiyyətlə, muxtar respublikada elm, təhsil, mədəniyyət xadimlərinə xüsusi diqqətlə yanaşılması ənənəsinə görə Tofiq müəllim Naxçıvanda həmişə dəyərli bir ziyalı, sevilən əsərlər müəllifi kimi qarşılanır. Bu fikirləri həmin qarşılanmanın  canlı şahidi kimi qələmə alıram. Belə ki,  2014-cü ilin yayında böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə keçirilən möhtəşəm tədbirdə iştirak etmək üçün Bakıdan Tofiq müəllimin rəhbərliyi ilə 7 nəfərlik heyətlə Naxçıvana getmişdik. Orada təkcə Muxtar Respublika rəhbərliyinin deyil, eləcə də, ən sadə naxçıvanlıların belə Tofiq Bakıxanova göstərdiyi hörmət və ehtiram məni heyran eləmişdi.

 

Bundan başqa, Naxçıvanda ustad bəstəkarın 80 illik yubileyi keçirilərkən Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov Tofiq Bakıxanovun yaradıcılığı haqqında  kifayət qədər dəyərli fikirlər səsləndirmişdir: Tofiq Bakıxanov milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Onun 60 illik yaradıcılıq yolu bəstəkar, yaradıcı ziyalı kimi xalqa sədaqət, ifaçı kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir”.

Xatırladaq ki,  Tofiq Bakıxanovun yaradıcılığına Muxtar Respublikada həmişə yüksək qiymət verildiyi kimi, onun  özüheç zaman Naxçıvana əliboş getməmişdir. Məsələn, 2011-ci il yanvarın 15-də Naxçıvanda keçirilən yubiley tədbirində respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova dövlət televiziyasının Baba Salahov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə (bədii rəhbər: Xalq artisti Ağasəlim Abdullayevdir) Tofiq müəllimin “Naxçıvan” mahnısını ifa etmişdir. Bundan başqa, bəstəkarın xalq çalğı alətləri orkestrisimfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniettası həm paytaxtda, həm də Muxtar Respublikada maraqla qarşılanmışdır. Həmin əsərə dəfələrlə qulaq asan dinləyici  hər dəfə müxtəlif parçaları dinləyərkən, Naxçıvanın tarixi, təbiəti, insanları, mədəniyyəti barədə bildiklərini sanki musiqi pərdələrində yenidən görür. Bütün bunların nəticəsidir ki, Tofiq  müəllim Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Muxtar Respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Kütləvi informasiya vasitələrinin xəbər verdiyi kimi Tofiq Bakıxanov bu günlərdə  yenə də muxtar respublikanın qonağı olmuş, təkcə Ali Məclisdə deyil, eləcə də Naxçıvanın bütün elm, təhsil, mədəniyyət ocaqlarında yüksək səviyyədə qarşılanmışdır.  Həmin səfər barədə bəstəkarın özünün dediklərini qələmə aldıq:

-- Bəli, mənim Naxçıvana olan səfərlərimin hamısı maraqlı və yaddaqalan olub. Ancaq busonuncu səfərimdən daha böyük təəssüratla qayıtdım. Çünki Naxçıvanın möhtəşəm inkişafının son nailiyyətlərini gördüm, oradakı elm, təhsil, mədəniyyət xadimlərinin hər cürə qayğı ilə əhatələndiyinin şahidi oldum, şəxsən öz yaradıcılığımın yüksək səviyyədə qiymətləndirilməsinin sevincini yaşadım. Hörmətli Vasif Talıbov yenə də məni şəxsən qəbul etdi və Azərbaycan mədəniyyətinin bu günkü uğurları barədə əhatəli şəkildə, səmimi söhbətimiz oldu. Həm də ona görə məmnun oldum ki, Naxçıvanda, atam Əhmədxan Bakıxanovdan musiqinin bir çox sirlərini öyrənmiş sənətkarlarla yanaşı,  özümün keçmiş tələbələrimlə də görüşdüm. Qətiyyətlə deyə bilərəm ki, bu gün Naxçıvanda musiqi mədəniyyətimiz həqiqətən heç zaman görünməmiş  inkişaf mərhələsini yaşayır. Yerli  sənətkarların ifasında elə musiqi parçaları  eşitdim ki, onları dinləyən istənilən azərbaycanlı sadəcə fəxr edə bilər.

Ali Məclisin sədri ilə görüşdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında mənim  yaradıcılıq gecəm təşkil edildi. Muxtar Respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək dedi ki, Şahtaxtinskilər, Kəngərlilər, Bakıxanovlar, Hacıbəyovlar, Şuşinskilər, Təhmasiblər, Şıxlinskilər, Topçubaşovlar, Qarayevlər və başqa onlarla nəsillərin nümayəndələri mədəniyyətimizin, elmimizin, təhsilimizin, hərb sənətimizin, səhiyyəmizin tərəqqisində müstəsna rol oynayan dünya şöhrətli insanlar olublar. Bu görkəmli nəsillər içərisində Bakıxanovlar nəslinin də şərəfli yeri vardır. Bu gün tədbirimizdə iştirak edən “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanov da Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısıdır.

Nazirin çıxışından sonra təşkil olunan konsertdə  mənim  müxtəlif janrlı əsərlərim Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri tərəfindən ifa olundu, “Naxçıvan” simfoniettası səsləndirildi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin ifasında “Naxçıvanım”, Şəhriyar Cəbiyevin ifasında “Bəslər”, Nərmin Cəfərovanın ifasında “Səbr elə”, Qəribə Həsənovanın ifasında “Səninlə bağlıdır bəxtiyarlığım” mahnıları səsləndirildi. Nadir Məmmədov isə  naxçıvanlılar tərəfindən çox sevilən tarfortepiano üçünGörüş yerimiz” adlı əsərimi səsləndirdi. Konsertə orkestrin müşayiəti ilə  Əməkdar artist Zeynalabdın Babayevin ifa etdiyi  tarorkestr üçün 1 nömrəli konsertlə yekun vuruldu.

Tədbirin sonunda mən də minnətdarlıq ifadə edən bir neçə söz dedim. Əlavə etdim  ki,  bu gün ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən muxtar respublikamızda mədəniyyət, incəsənət böyük inkişaf yolu keçib. Sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənət böyük qayğı və diqqətlə əhatə olunub. Muxtar respublikada görkəmli mədəniyyət xadimlərinin yubileyləri böyük təntənə ilə qeyd olunur, musiqi tədris ocaqları uğurla fəaliyyət göstərir, yaradıcı insanların fəaliyyəti üçün hər cür şərait yaradılır.

Bu fikirləri Naxçıvanda demişdim. İndi isə sizin qəzetin vasitəsilə mənim Naxçıvan səfərimin baş tutmasına kömək etmiş Mədəniyyət və Turizm Nazirliyinə, Muxtar Respublikanın Ali Məclisinə, ayrıca olaraq muxtar respublikanın mədəniyyət nazirliyinə, Naxçıvanın Bakıdakı nümayəndəliyinə eləcə də, zəhməti olan hər kəsə  minnətdarlıq edir, təşəkkürlərimi çatdırıram. Sevinirəm ki, Azərbaycanımızın ən qədim bölgələrindən olan Naxçıvanda milli-mənəvi dəyərlərimiz bu şəkildə qorunur, təbliğ və inkişaf etdirilir.

 

Qələmə aldı:

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 8 noyabr.- S.4.