IV Beynəlxalq Teatr
Konfransı Azərbaycanın
multikultural dəyərlərə sadiqliyini bir daha təsdiq
etdi
Bakıda
keçirilən IV Beynəlxalq Teatr
Konfransı dünən öz işini
yekunlaşdırdı. “Multikulturalizm və
teatr” mövzusunda
keçirilən tədbirdə
dünyanın 40-a yaxın ölkəsindən gəlmiş teatr xadimləri iştirak
etmişlər. Azərbaycanın
məşhur teatr xadimlərinin konfrans barədə fikirlərini təqdim edirik.
Amaliya PƏNAHOVA, Xalq
artisti:
– Bu konfrans Azərbaycanın, həqiqətən, beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrildiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunda səslənən fikirlər ölkəmizdə incəsənətə, teatra necə qayğı göstərildiyinin əyani sübutudur. Məktubda deyilir: “Dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacaq.”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında konfransın əsas məqsədini belə ifadə etdi. “IV Bakı Beynəlxalq Teatr Konfransının əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarlarının müasir teatrın imkanlarını müzakirə etmələri üçün platforma yaratmaqdır. Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur.” Həqiqətən, biz teatr xadimləri qürur hissi keçirdik. Bu, Azərbaycan Prezidentinin teatra vediyi yüksək qiymətin nəticəsidir.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş konfrans iştirakçıları ilə görüşlərimiz, sənətlə bağlı söhbətlərimiz gələcək fəaliyyətimiz üçün stimul yaradır. Mən əvvəlki beynəlxalq konfransların da iştirakçısı olmuşam. Bu konfrans konkret mövzuya həsr olunmuşdu. İştirakçıların da sayı xeyli artmışdı. Onlar Azərbaycan multikulturalizm modeli ilə yaxından tanış oldular və öz çıxışlarında da bu modelin beynəlxalq əhəmiyyətini vurğuladılar.
Konfrans Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyasında uğurla atılan bir addım hesab edirəm.
Ramiz NOVRUZOV, Xalq artisti:
– Bu konfrans Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş dövlət proqramı çərçivəsində həyata keçirilirdi. Mən deyərdim ki, konfrans biz teatr xadimləri üçün əsl bir bayram idi. Demək olar ki, bütün teatrlarımızdan həmkarlarımız konfransda iştirak edirdilər. Dünyanın çox yerindən nümayəndələr gəlmişdi və onlar Azərbaycanda teatra göstərilən dövlət qayğısını yüksək qiymətləndirdilər. Teatrlarımızla tanış oldular, tamaşalara baxdılar. Bilirsiniz necə məmnun qalırdılar!
Konfransın mövzusu da çox aktual idi: “Multikulturalizm və teatr”. Sevindirici haldır ki, Azərbaycanın multikulturalizm modeli dünyada tanınır və teatrımızda da bu, öz ifadəsini tapıb. Bizim Qusarda ləzgi teatrımız, Qaxda gürcü teatrımız, Bakıda Rus Dram Teatrımız fəaliyyət göstərir. Bu konfrans həm də Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində keçirilir. Multikulturalizm Azərbaycanın həyat tərzinə çevrilmişdir. Konfransa gələnlər də Azərbaycanın təşəbbüslərini alqışlayırlar. Onlarla söhbətlərimizdə bildirirdik ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində mehriban yaşayır, onların mədəniyyət və incəsənətlərinin, adət-ənənlərinin qorunması üçün hər cür şərait yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfransa təbrik məktubunda bu məsələlər çox aydın ifadəsini tapmışdı. Orada bildirilirdi ki, konfrans Azərbaycanın multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında tanınmasına öz töhfəsini verir.
Azərbaycan teatrı bu gün dünyaya inteqrasiya istiqamətində uğurla irəliləyir. Bunun da başlıca səbəbi Prezidentimizin teatr xadimlərinə göstərdiyi yüksək qayğı və diqqətdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 9
noyabr.- S.6.