Salam, Azərbaycan Bayrağı!
Bildiyiniz kimi, Azərbaycan
bayrağı, bizim üçrəngli bayrağımız
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz
noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan
Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər
iki sərəncamın məhz noyabrın 17-də
imzalanmasının səbəbi də çox məntiqli və
aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda
dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında
Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət
bayrağı kimi təsdiq edildi.
Prezident İlham ƏLİYEVİN
Bakıda Dövlət Bayrağı
Meydanının açılışındakı
nitqindən
1 sentyabr 2010-cu il
Tanrı son 25 ildə
bizə azadlıq adlı nemətin
çox böyük xoşbəxtliklərini bəxş etdi.
Millətimizin imzası imzalar içərisində
göründü, müstəqil Azərbaycanımız
dövlətlər sırasına qoşuldu,
bayrağımız dünyanın ən uca qülləli bayrağı
adlandırıldı, Dövlət Bayrağı Meydanı
dünya ölkələrinin ən gözəl bayraq
meydanına çevrildi. 2010-cu
ildə -- paytaxtımızın ən möhtəşəm
nöqtəsində ucaldılan
dövlət bayrağımız 2012-ci ilin mayında
Avropanın bütün ölkələrindən gəlmiş
çoxminli, həm də mahnı, musiqi əhval-ruhiyyəli
qonaqlarımızı mat qoydu, müxtəlif beynəlxalq
forumların iştirakçıları rəngi, ruhu və
qaməti ilə göz oxşayan bayrağımıza heyran
oldular. Sonra Davos İqtisadi Forumunun, daha sonra isə onlarca tədbirin
iştirakçıları Azərbaycan bayrağının
timsalında azadlıq mücadiləmizin və milli
qürurumuzun ucalığına şahidlik etdilər. Sevinən
də oldu, həsəd aparan da.
… O gün indiki kimi yadımdadır və bundan sonra da nə qədər yaşasam, hər gün, hər an o mənzərə gözüm önündən getməyəcək. Meydana Azərbaycan Bayrağı gətirilirdi. Bir neçə dəqiqədən sonra dünyanın ən uca bayraq qülləsinin zirvəsində dalğalanacaq dövlət rəmzimiz qüdrətli Azərbaycan əsgərlərinin çiynində irəliləyirdi. Əsgərlərin önündə isə o bayrağı öpüb siyasi fəaliyyətə başlamış dövlət başçımız, o əsgərlərin Ali Baş Komandanı İlham Əliyev gedirdi. Yanımdakı tanımadığım yaşlı kişinin gözləri dolmuşdu. O, əsgərlərə və Baş Komandana xitab edirmiş kimi deyirdi: “Allah Sizə can sağlığı versin ki, o bayrağı mənim Şuşamda da qaldırasınız!”
Bayraq təntənəli şəkildə qaldırıldı və dövlət başçımız yanımdakı ixtiyar soydaşımızın bayaqkı kövrək və həssas arzusunu eşidibmiş kimi öz nitqinin sonunda dedi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Dönüb yanımdakı qocaya baxdım. Üzündəki qırışların arasıyla axan göz yaşlarını silirdi və onun gözlərindən oxuduğum ifadələri qələmə almaqda tamamilə acizəm. Dilimdən sadəcə bir söz çıxdı: “Salam, Azərbaycan Bayrağı!”
Tanrı o bayrağı hər gün, hər an uca, dalğalanan şəkildə görməyi də mənə nəsib etdi. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident sərəncamı əsasında tikilmiş yaşayış binasında mənzil verilmiş qələm sahiblərindən biri kimi, hər səhər və hər axşam o bayrağın yanından keçir, onu salamlayıram.
Bəli, xalqımız noyabrın 9-nu Bayraq Günü kimi qeyd edir. Çünki müstəqil, qüdrətli Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən, hər il 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tarixi mənbələrdə göstərildiyi kimi, xalqımızın maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb qrafikası ilə yazılmış möhürləri və tuğraları olmuşdur. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur.
Müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin — bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Təəssüf ki, 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda həmin üçrəngli bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul etmiş, onun əsasnaməsini təsdiq etmişdir.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Sevindirici haldır ki, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir. Elektron nəşrin rus və ingilis dillərində versiyalarının hazırlanması dövlət rəmzlərimizin təbliği imkanlarını daha da genişləndirir. Kitabxananın www.preslib.az saytında yerləşdirilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr müntəzəm olaraq yenilənir. Artıq elə bir il olmur ki, bir neçə dəfə bu məzmunlu xəbərlər eşitməyək.
Hamının qəbul etdiyi faktdır ki, bu gün müstəqil Azərbaycan dövləti bütün nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Üçrəngli milli bayrağımız BMT-də və Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.
Ümummilli liderin bizə ərməğan etdiyi müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Artıq dünyanın elə bir ölkəsi yoxdur ki, orada hansısa tədbirlə bağlı Azərbaycan bayrağı qaldırılmasın. Bir çox məsələlərdə dünya ölkələri barədə danışarkən, “Ermənistan istisna olmaqla” -- ifadəsini işlədirik. Ancaq bayrağımızın qaldırılması məsələsində artıq Ermənistan da istisna edilmir. Çünki İrəvanda keçirilən beynəlxalq idman tədbirində Azərbaycan atleti erməni pəhləvanını məğlub edərək birinci yerə çıxmış və Ermənistanın paytaxtında idmançımızın şərəfinə Azərbaycan bayrağı qaldırılmışdı. “Davamlı olsun!”-- deyirik və əminik ki, bu tendensiyanın davamı olacaq.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 12 noyabr.- S.4.