İstanbul beynəlxalq kitab
sərgisində
Qarabağa həsr
olunmuş xüsusi guşə yaradılıb
İstanbulda 35-ci beynəlxalq kitab
sərgi-yarmarkası açılıb. Builki sərgidə
20-dən çox ölkənin minə yaxın kitab sənəti
və nəşriyyat-poliqrafiya müəssisəsi iştirak
edir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə respublikamız da təmsil olunur. Buradakı milli ekspozisiyamızda Bakı şəhərinin rəmzi sayılan Qız qalası və qala divarlarının təsviri əsasında 42 kvadratmetrlik sahədə qurulmuş stend təşkil edilib. Stenddə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunan Azərbaycanın tarixini, mədəniyyətini, turizm imkanlarını, ədəbiyyatını, multikultural dəyərlərini, tolerantlıq ənənələrini əks etdirən 350 adda 600-dən çox çap məhsulları sərgilənir.
Eyni zamanda, stenddə Qarabağa həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə iştirakı ilə ingilis dilində hazırlanaraq çap edilmiş kitablar nümayiş olunur. Kitablarda əsassız erməni iddiaları tarixi sənədlər və elmi mənbələrlə ifşa edilir.
Bundan başqa, bölməmizdə “Kaspi” şirkətlər qrupunun layihələri əsasında Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatı tərəfindən çap edilən kitablar da sərgilənir. Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini, turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş olunur.
Sərginin birinci günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yusif Vəzir Çəmənzəminlinin “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən çap edilən “Qan içində” romanının türk dilində təqdimatı keçirilib.
Sərginin Azərbaycan bölməsində Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq sairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anım tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. Tədbirdə Türkiyədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların təmsilçiləri, tanınmış ədəbiyyatçılar, yazıçı və şairlər iştirak edəcəklər.
Sərgi noyabrın 20-dək davam edəcək.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 15
noyabr.- S.7.