Türkdilli ölkələrin milli kitabxana

direktorlarının 4-cü konfransı

 

Noyabrın 16-da Türkiyə Milli Kitabxanasında türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı keçirilmişdir. Bu barədə Azərbaycan Milli Kitabxanası məlumat yaymışdır.

 

Tədbirin açılışında  TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək konfransın işinə uğurlar arzulamışlar. Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı TÜRKSOY-un medalı ilə təltif olunmuşdur.

Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov  tədbirin türkdilli ölkələr arasında mədəni əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs etmişlər.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova Azərbaycan Milli Kitabxanasında həyata keçirilmiş innovativ yenilikləri, onlayn xidmətləri slayd vasitəsilə nümayiş etdirmiş, innovasiyaların tətbiqi təcrübəsindən danışmışdır.

Konfransda Başqırdıstan, Qaqauz, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova, Özbəkistan, Tatarıstan milli kitabxanasının  nümayəndələri öz  kitabxanalarında olan son yenilikləri slayd vasitəsilə nümayiş etdirmiş, kitabxanalarda gedən avtomatlaşdırılmış proseslər barədə məlumat vermişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 20 noyabr.- S.3.