Bakı, sabahın xeyir!

 

Ömrünün 50 ildən çoxunu Azərbaycan estrada sənətinin təbliği və tərəqqisinə həsr etmiş görkəmli sənətçilərdən biri də Xalq artisti, Prezident təqaüdçüsü, professor Yalçın İmran oğlu Rzazadədir.

 

Cahangir  Cahangirovun  “Durnalar” mahnısı ilə – 1969-cu ildə musiqi dünyamıza qədəm basan  gənc müğənni qısa zaman kəsiyində özünün yüksək səhnə mədəniyyəti, məlahətli səsi və bənzərsiz ifa tərzi ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanır. Sevərək yaratdığı “Taleyim mənim”, “Bakı, sabahın xeyir”, “Kərkük bayatıları”, “Hicran” mahnıları, eləcə də, “Qaynana”, “Dədə Qorqud”, “Gün keçdi”, “Baladadaşın  ilk məhəbbəti” və onlarca digər kinofilmlərdəki  uğurlu çıxışları xalq tərəfindən sevilərək yaddaşlarda əbədi iz qoyur. Əbəs yerə deyil ki, Yalçın sənətindən söz düşəndə hər kəs öncə sənətkarın bu ifalarının adını çəkir.

“1946-cı il dekabrın 31-də Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açmışam. Atam əslən lənkəranlı, anam Zinyət xanım isə bakılı qızı idi. Ailədə üç övlad olmuşuq. Ailənin ilk övladı olduğumdan mənə diqqət bir az fərqli idi. Bir müddət Bakıda yaşadıq, sonra atamın işi ilə əlaqədar respublikanın cənub bölgəsində – Lənkəran, Masallı, Lerik rayonlarında yaşamalı olduq. Atam rəhbər vəzifələrdə çalışdığından məni rus dili təmayüllü məktəbə qoymuşdu”, – deyə söhbətə başlayan

Yalçın müəllim musiqi zövqünün formalaşmasında anası Zinyət xanımın çox böyük rolu olduğunu qeyd etdi:

–Məktəb illərində gur və cingiltili səsim olduğundan kollektivin əksər tədbirlərində çıxış edərdim. Yaxşı yadımdadır, 8-ci sinifdə oxuyurdum, bir gün sinif rəhbəri məni  yanına çağırıb “Oğlum, bu günlərdə Moskvadan çoxlu qonaqlar gələcək. Lənkəran şəhər zabitlər evində qonaqların şərəfinə düzənlənən konsertdə sən də çıxış edəcəksən, – dedi. O dövr hind mahnılarına böyük maraq olduğundan “Cənab -420” kinofilmindən “Avara” mahnısını seçdim. Mahnıya uyğun köhnə ayaqqabı, şlyapa, qalstuk da tapmışdım. Qonaqlar içərisində xalq artistləri Şövkət Ələkbərova, Gülağa Məmmədov və bir çox digər sənət adamları da var idi.

Yalçının oxuduğu mahnı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanır. Bu çıxış 15 yaşlı yeniyetmənin həyatında incəsənətə həvəsi bir az da artırır. Oğlunun bu uğuruna hamıdan çox sevinən anası olur. Atası oğlunu böyüyəndə zavod və ya fabrikdə çalışan, ölkəyə qulluq edəcək bir şəxs kimi görmək istəyirdi. Anası da həmişə – adam hər sahədə dövlətə qulluq göstərə bilər, – deyə oğlunun könlünü almağa çalışardı.

Tamaşaçılar daim səhnədə yenilik görmək arzusundadır. Oğlunun vokal sənətinə olan meylini və istedadını nəzərə alaraq anası ona gitara da almışdı. O dövr gitara ilə oxuyan müğənni yox idi. Dövrün ən populyar müğənniləri belə çox vaxt royalın arxasında, ya da mikrofon önündə artıq əl-qol hərəkəti etmədən çıxış edərdilər. Yalçın o günləri belə xatırlayır:

– Anam uzaqgörən, ziyalı bir qadın idi. Gitaranı da elə bu məqsədlə almışdı. 2-3 dəfə atam onu əlimdən alıb sındırsa da, musiqiyə, gitaraya olan sonsuz məhəbbətimi sındıra bilmədi.

Məktəb illərində Yalçının ikinci bir istedadı – rəssamlıq qabiliyyəti də üzə çıxır. Çəkdiyi portret və təbiət mənzərələri oxuduğu məktəbdə bugünlərədək qorunub saxlanır. 1960-cı ilin sonunda Yalçının ailəsi Bakıya köçür. 1963-cü ildə sənədlərini Dövlət İncəsənət İnstitutuna verib, aktyorluq fakültəsinə daxil olur. Professor Rza Təhmasibdən aktyorluq sənətinin incəliklərini səylə öyrənməyə başlayır. Lakin musiqini də yaddan çıxarmır. Tələbələrdən ibarət ansambl yaradır və özü rəhbərlik edir. İnstitutun bütün tədbirlərində maraqlı konsert proqramları ilə çıxış edir. Müğənni kimi seçilən Yalçını özünün diplom tamaşası olan “Bahar suları”ndakı hesabdar Qulu obrazı bir peşəkar aktyor kimi də tanıdır. Bu rol nə qədər komik olsa da, Yalçın bir o qədər bu surətin tam əksi idi. Tamaşanın məşqlərinə baxan Rza Təhmasib Yalçının yaratdığı bu rola doyunca gülmüşdü. Bu isə o demək idi ki, gənc tələbə rolun öhdəsindən layiqincə gəlmişdi. Tamaşanın sonunda ilkin olaraq onu təbrik edən dostları Həsən Əbluc, Şahmar Ələkbərov, Tariyel Qasımov və Safura İbrahimova oldu.

Təəssüf ki, bu, gəncin ilk və son rolu oldu. Tələbə ikən onu Dövlət Teleradio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə dəvət etdilər. Musiqi verilişləri şöbəsinin əməkdaşları ilə bir yerdə çalışmağı ona respublikanın bir çox tanınmış müğənni və ifaçıları ilə yaxından tanış olmaq şansı yaratmışdı. Ekranda görüb tanıdığı sənət adamları ilə şəxsən tanışlığı onun çoxdankı arzusu idi. Bu, həm də o dövr filormaniyada mütəmadi olaraq keçirilən gənc istedadların konsertində çıxış etmək imkanı yaradacaqdı. Belə konsertlərin birində Yalçının Rəşid Behbudovun repertuarından olan “Sevgilim”, eləcə də, türk mahnısına diqqətlə qulaq asan “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri Əhsən Dadaşov və Gülarə Əliyeva onun ifasını bəyənir, “Sən mütləq musiqi təhsili almalısan” – deyirlər.

1968-ci ildə o, sənədlərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə verib, qəbul olunur. Gənc müğənni öz üzərində gecə-gündüz,  yorulmadan çalışır. Bir çox tanınmış bəstəkarlarla yaradıcılıq əlaqələri saxlayır. Məhz həmin illərdə “Dan ulduzu” ansamblı yaranır, kollektivin rəhbəri Gülarə Əliyeva Yalçını öz ansamblına dəvət edir. Ansamblın ilk solisti olan Leyla Şərifova ilə birgə çalışan Yalçın Rzazadə təkcə məlahətli səsi və yüksək səhnə mədəniyyəti ilə deyil, eyni zamanda, zövqlü geyimi və çalışqanlığı ilə də hamının diqqətini  cəlb edir.

1969-cu ildə Cahangir Cahangirovun bəstələdiyi “Durnalar” mahısını lentə yazdırır və bu mahnı az vaxtda gəncə böyük uğur gətirir. O illərdə Cabir Novruz, Oqtay Kazımi və Yalçın Rzazadə üçlüyü yaranır. “Qızıl üçlük” kimi tanınan bu iş birliyindən “Taleyim mənim”, “Əlvida”, “Bakının qızları”, “Sevgi bayatıları”, “Sağlığında qiymət verin insanlara” və onlarca bir-birindən gözəl mahnıları xalq tərəfindən sevilir, müğənniyə çox böyük populyarlıq gətirir.

Gənc müğənninin önəmli çıxışlarından biri də onun “qızıl dərililərin” repertuarından olan “Limonadlı Djo” filmindəki mahnısı olur. Yəqin  ki, o mahnı filmi görən tamaşaçıların yadından çıxmayıb. İlk dəfə olaraq Azərbaycan müğənnisi səhnəyə “kovboy” libasında, üstəlik, gitara ilə çıxır. Belə görkəm o dövrkü zövqdə bir inqilab idi. Təəssüf ki, çoxlarına qəribə gələn bu yenilik bədii şura tərəfindən heç də birmənalı qarşılanmır. Bir neçə ay mahnı efirə getmir və son anda çətinliklə də olsa icazə verilir.

Qəlbi yaradıcılıq eşqi ilə döyünən insanlar, adətən, rahatlıq tapa bilmirlər, daim axtarışda olurlar. Yalçın da istisna olmadı. 1971-ci ildə dünya şöhrətli pianoçu, cazmen Vaqif Mustafazadə ilə yaxından tanış olub onunla  dostluq və yaradıcılıq əlaqələri saxlayır. Məhz bu işbirliyi nəticəsində həmin il “Sevil” vokal qrupu yaranır. Yaranan gündən sonadək Yalçın bu qrupun solisti olur. Şöhrətli pianoçunun xalq, bəstəkar, eləcə də estrada mahnılarındakı improvizələri, melodiyalara bir şuxluq, ritmik ahəng verməsi Yalçın yaradıcılığında da özünü aydın büruzə verir. Artıq respublikada kifayət qədər tanınan Yalçın Rzazadə Tofiq Quliyev, Cahangir Cahangirov, Oqtay Kazımi, Emin Sabitoğlu, Telman Hacıyev, Elza İbrahimova, Firəngiz Babayeva kimi tanınmış bəstəkarlarla sıx yaradıcılıq əlaqələri saxlayır. 1971-ci ildən Teleradio solisti olaraq, təkcə respublikanın tanınmış musiqi kollektivi ilə deyil, eyni zamanda, SSRİ miqyasında Yuri Silantyev və Aleksandr Mixailovun rəhbərlik etdiyi estrada simfonik orkestri, eləcə də, Leninqradda Leybmanın rəhbərliyi ilə caz ansamblının müşayiəti ilə bir çox mötəbər konsert salonlarında çıxışlar edir.

Yalçın dövrünün novator müğənnilərindəndir. Çox zaman bu yenilik sənət yolunda ona bir çox problem yaradıb. “Gözüm görə-görə qocalır anam” , “Şirin dil” , “Sağlığında qiymət verin insanlara” və s. mahnıların sözlərinə siyasi don geyindirib 4-5 ay efirə buraxmayıblar: “Məgər bizdə insanlara sağlığında qiymət verilmir?” və ya “Ana dilinə şirin dil deyirsən-bəs rus dili ana dili deyilmi?”. Təbii ki, mahnılara belə yanaşma tərzi bu üçlüyə çox pis təsir edir. Bir neçə dəfə incəsənətdən uzaqlaşmaq, tamam başqa sahədə çalışmaq kimi fikirlər keçib qəlbindən. Lakin dünya yaxşı insanlardan xali deyil. Sevimli bəstəkarımız Tofiq Quliyev Yalçın sənətinə çox yüksək qiymət verərək, “Sən öz dövrünü sənətinlə, geyiminlə ­xeyli qabaqlamısan, ona görə də səni başa düşən tamaşaçı azlığı hiss edirsən. Narahat olma, zaman gec-tez hər şeyi yoluna qoyar, ilk cığır açmaq həmişə çətin olub” – deyə könlünü almağa çalışır.

Sevimli bəstəkarımızın bu sözləri gənc müğənnidə özünə bir inam yaradır. Yalçın yaradıcılığının ən uğurlu səhifələrindən biri də 1970-ci illərdə şair İslam Səfərlinin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Bakı, sabahın xeyir!” mahnısı oldu. Bu mahnı Yalçın yaradıcılığında ən qısa vaxtda yaranan və ən uzun ömürlü əsər kimi diqqət çəkdi.  O. Kazımidən sonra Emin Sabitoğlu ilə sıx yaradıcılıq əlaqələri saxlayan müğənni “Belə ola həmişə”, “Gənclik nəğməsi”, “Xoşbəxt olun”, “Gəl barışaq”,  Elza İbrahimovanın “Ağ saçlı anam”, “Sevmək gözəldir” və onlarca digər mahnılarını lentə alıb, fonda daxil etdirir. “Payız melodiyaları” , “Dədə Qorqud”, “Bayquş qayıdanda”, “Qaynana”, “Od içində vahə” , “Toyda görüş”, “Səni tərənnüm edirəm, Vətən!” kinofilmlərindəki uğurlu çıxışları sevimli müğənninin çoxşaxəli yaradıcılıq yolunun ən bariz nümunəsidir.

Dünyanın 50-yə yaxın ölkəsində – Əlcəzair, Tunis, İsveçrə, Danimarka, Almaniya, İraq, İtaliya və digərlərində qastrol səfərlərində olan Yalçın Rzazadə hər yerdə Azərbaycan incəsənətini layiqincə təmsil edib. Azərbaycan musiqisindəki xidmətlərinə görə Yalçın İmran oğlu Rzazadə 1979-cu ildə respublikanın Əməkdar, 1999-cu ildə isə Xalq artisti fəxri adına layiq görülür. Sənətdə hər kəs öz sözünü deməlidir. Zaman isə gec-tez yaxşını-pisi özü ayırd edəcəkdir. Elə bilirəm, sevimli sənətkarın bu illər ərzində ərsəyə gətirdiyi yüzlərlə mahnıları xalq tərəfindən sevilərək bu gün də radio və televiziya kanallarının qızıl fondunda qorunub saxlanılır.

Dekabrın 31-də sevimli sənətkarın anadan olmasının 70, yaradıcılığının 50 ili tamam olur. Yaşının bu vədəsinə baxmayaraq bir gün də olsun yaradıcılığından qalmır. Hazırda o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Bilik və təcrübəsini gənc nəslə öyrədir. Ad günü keçmişi xatırlamaqdır. Biz də bu ənənəyə sadiq qalaraq, bir sənətkar ömrünün bəzi acılı-şirinli xatirələrini yada salmağa çalışdıq. Və sonda bir məqamı da xatırladım. O insan ki, el sevgisi qazanıb, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayır, o sənətkarın ki, sözü ilə əməli mütənasibdir, demək, o daim qəlblərdə yaşayacaqdır.

“Bakı, sabahın xeyir!” mahnısı bizi təkcə dünənlə bağlı xatirələrə aparmır, sabaha, daha işıqlı səhərlərə də səsləyir. Bu gün  Bakıda yaşayan sakinlər də, qonaqlar da səhər açılanda “Alov qüllələrini”, Bayraq meydanını, “Kristal zalı”, sayı-hesabı bilinməyən göydələnlərimizi, möhtəşəm idman komplekslərimizi görürlər. Amma necə? Təbii ki, kosmosdakı “Azərspace” rabitə peykinin vasitəsilə. Üzərində üç rəngli Azərbaycan bayrağı olan həmin peykimizdən bizə doğma olan bir səda gəlir: “Bakı, sabahın xeyir!”. O an yenə də yadımıza bu mahnının ilk ifaçısı Yalçın Rzazadə düşür.

İllər, qərinələr ötəcək. Lakin bu mahnı heç vaxt öz ətrini, təravətini itirməyəcək. Çünki üç ürəyin sevgisindən yaranan bu mahnı elə üç kəlmə ilə – “Bakı, sabahın xeyir!”lə ürəklərdə yaşayacaqdır.

 

Rafiq Salmanov,

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2016.- 27 noyabr.- S.6.