“Gəlin gedək Qarabağa

qələbəyə çağırış kitabıdır

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti  Ağcabədi filialında tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, “Xalq qəzeti”nin bölgə müxbiri, eyni zamanda, bu ali təhsil ocağının baş müəllimi Ziyəddin Sultanovun cəbhə gündəliklərindən ibarət “Gəlin gedək Qarabağa” kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Toplantını giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva bildirmişdir ki, tanınmış qələm sahibi, vətənpərvər ziyalı Ziyəddin Sultanov respublika mətbuatının öncülü olanXalq qəzeti”ni Qarabağ bölgəsində 35 ilə yaxın müddətdə yüksək ləyaqət və peşəkarlıqla təmsil edir. Dağlıq Qarabağ münaqisəsinin ilk günlərindən mülki paltarını hərbi forma ilə əvəz edən cəbhə jurnalisti kimi o, 1988-ci ilin fevralından bizim günlərədək faciəli, qanlı-qadalı hadisələrin zəngin xronikasını yaratmışdır.

Yetkin söz adamı olan Ziyəddin müəllim Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən silsilə qəzet yazılarında, sənədli, bədii əsərlərində erməni separatizminin və təcavüzünün, terrorvandalizminin insanlığa zidd mahiyyətini, qanlı səhnələrini sistemli olaraq qələmə almışdır. Cəbhə bölgəsi müxbiri bugünümüz və gələcəyimiz üçün qiymətli bir Qarabağ salnaməsi yaratmaq missiyasını yorulmaq bilmədən davam etdirir. Erməni  silahlı quldur dəstələrinin qarşısında canlı sipər yaratmış əsgər və zabitlərimizin  hünəri, şəhidlərimizin qəhrəmanlığı, məcburi köçkünlərin düçar olduqları hədsiz mərhumiyyətlər, cəbhəyanı bölgənin əhalisinin qayğıları və quruculuq işləri də Ziyəddin Sultanovun jurnalistik fəaliyyətində və ədəbi yaradıcılığında geniş yer tutur.

Təhsil ocağının rəhbəri daha sonra qeyd etmişdir ki, müəllifin indiyədək işıq üzü görmüş “Məni də sevən var”, “Ömür keçdi, gün keçdi”, “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Burdan bir atlı keçdi”, “Kəklik”, “Bir qonağam bu dünyada”, “Xatırla məni”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr...”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin” və s. kitabları, çalışdığı qəzetdə çap olunan müxtəlif janrlı saysız-hesabsız yazıları bütöv bir Qarabağ seriyası təşkil edir.  Bu məhsuldar yaradıcılıq və sanballı külliyyat onu çağdaş oxuculara ictimai səciyyəli fakt və hadisələri operativobyektiv şəkildə işıqlandıran çevik jurnalist, günün suallarına cavab axtaran, aktual mövzuları gündəmə gətirən mahir publisist, müasirlərimizin duyğu-düşüncələrini, dövrün konfliktli situasiyalarını bədii ədəbiyyata gətirən istedadlı yazıçı kimi tanıtmışdır. Ziyəddin Sultanovun “Gəlin gedək Qarabağa” adlı sonuncu kitabının ərsəyə gəlməsi isə qələbə müjdəli olmuş, bu ilin yazında işıq üzü görər-görməz, hamını Qarabağ uğrunda döyüşə səfərbər olmağa, düşmənin məğlubiyyətə məhkumluğunu anlatmağa bir çağırış kimi səslənmişdir.

“Gəlin gedək Qarabağa” kitabında toplanmış materialların mövzusu, nəşrin ideya-sənətkarlıq xüsusiyyətləri barədə məruzə edən dosent Vaqif Allahverdiyev əvvəlcə Ziyəddin Sultanovun yaradıcılıq bioqrafiyasına yığcam nəzər salaraq bildirmişdir ki, ölkəmizdə Qarabağ mövzusunda yazmayan jurnalist təsəvvürə gətirmək çətindir. Ziyəddin Sultanov isə, necə deyərlər, ömrünü, istedadını və bacarığını 29 ildən bəridir ki, məhz bu mövzuya həsr edib. O, yurdsevər ziyalı, qorxubilməz bir jurnalist kimi Qarabağ müharibəsi başlanandan cəbhə bölgəsini tərk etməyib. Bu illərdə Ziyəddin müəllim həmişə Azərbaycanın münaqişədən yazan jurnalistlərinə, cəbhə müxbirlərinə öz davranış və yaradıcılıq nümunəsi, öncüllüyü  ilə bayraqdarlıq edib.

Sonra natiq qeyd etmişdir ki, 30 ilə yaxın müddətdə davam edən və qanlı müharibə yolu ilə həllini tapa bilməyən, dinc yolla həlli isə düyünə salınan Dağlıq Qarabağ münaqişəsi uzandıqca təcavüzkar ermənilərin havadarlarının bəd niyyətləri də daha aydın görünür. Belə bir vaxtda münaqişənin faciəli tarixçəsini, Qarabağla bağlı ötüb-keçənləri təkrar-təkrar nəzərdən keçirmək ehtiyacı yaranır. Elə buna görə də müəllif Qarabağ münaqişəsinin Xankəndidə start götürdüyü 13 fevral 1988-ci ildən 1994-cü il ilin yazınadək – düşmənlə təmas xəttində atəşkəsin qüvvəyə minməsi dövrünədək qələmə aldığı cəbhə gündəliyini yenidən nəzərdən keçirib, xronikallığı baxımdan önəmli hissələri çapa hazırlayıb, ayrıca kitab şəklində oxuculara təqdim edib. Qarabağ müharibəsinin ən əhatəli və mükəmməl xronikasını yaratmış cəbhə jurnalistinin barıt qoxulu gündəliklərini  belə bir məqamda üzə çıxarması oxucular üçün olduqca maraqlı və gərəklidir.

Vaqif Allahverdiyev yurd sevgisinin, insan fədakarlığının canlı örnəklərinin sıx-sıx yer aldığı cəbhə gündəliyi toplusunun Qarabağ müharibəsindən bəhs edən kitablar sırasında sənədliyi, sistemliyi və əhatəliyi ilə xüsusi seçildiyinibununla da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə önəmli təsiri olduğunu söyləmişdir.

Alim yazıçı-jurnalistin  bədii-publisistik yaradıcılığından da söz açmış, görkəmli söz adamlarının müəllifin yaradıcılığına verdikləri qiyməti iştirakçıların diqqətinə çatdırmışdır. O vurğulamışdır ki, cəbhə gündəliyi istedadlı bir yazıçı-publisistin qələmindən çıxdığına, yurdunu düşməndən qorumaq üçün dinc həyatından keçmiş bir yetkin ziyalının mübarizə amalından qaynaqlandığına görə bitkin və maraqlı sənədli-bədii əsər kimi oxunur.

Sonda məruzəçi bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin siqnalı olmuş separatçı çıxışlar barədə ilk məlumatları hadisələrin mərkəzindən xalqımıza və dünyaya çatdırmağın ağrı-acısını yaşamaq Ziyəddin Sultanovun qismətinə düşmüşdür. İnanırıq ki, qəhrəman ordumuzun dövlət bayrağımızı Xankəndidəki ən uca nöqtəyə taxacağı barədə ilk xəbərin müəllifi də bir qərinəlik söz döyüşünü şərəflə davam etdirən, cəbhə bölgəsində uşaqdan-böyüyə hamının yüksək ehtiram bəslədiyi Ziyəddin Sultanov olacaqdır.

“Gəlin gedək Qarabağa” kitabının ideya-estetik dəyərləri barədə geniş açıqlamanın sonunda məruzəçi bu topludan doğan təəssüratını poetik dillə də səsləndirmiş, torpaqlarımızın tezliklə yağı tapdağından xilas ediləcəyinə xalqımızın inamını ifadə edən şeirini oxumuşdur.

Kafedra müdirləri  Baxış Ələsgərov, Tahir Kərimli və Sahib Zeynalov, dosentlər Məhəmməd HüseynovYaqub Səmədov, fəlsəfə doktoru Mahir Səlimov, baş müəllimlər Vaqif Fətullayev və Səfurə Mahmudzadə müzakirələrdə söz alaraq demişlər ki, ötən illərdə Azərbaycan oxucuları Dağlıq Qarabağda baş verən hadisələri bir çox hallarda müxtəlif səbəblərdən geçikdirilmiş rəsmi məlumatlardan qabaq, Ziyəddin Sultanovun çalışdığı qəzetə göndərdiyi opertiv yazılarla izləmişlər. Dünyanı sarsıdan Xocalı faciəsi, onun qurbanları və şahidləri barədə çoxsaylı yazılar və bu mövzuda bir neçə kitab isə müəllifin yaradıcılığında ayrıca yer tutur.

Müzakirələrdə bildirilmişdir ki, "Gəlin gedək Qarabağa" cəbhə gündəliyini vərəqləyib o dəhşətli günlərin ağrı-acılarının, qan-qadalarının miqyasını, çəkisini yenidən hiss edib-anladıqca gözlərimiz önündə bu xronikanı söz-söz, cümlə-cümlə öz tale yazısı kimi ərsəyə gətirmiş döyüşçü-yazarın özünün mətin, yetkin obrazı da canlanır. Bir daha əmin olursan ki, bu alov saçan, qan qoxuyan xronikanın müəllifi xalqımızı ayıq-sayıqlığa, birliyə çağıran, düşmənə zərbə vurmağa ruhlandıran əsl cəbhə müxbiridir.

Qeyd edilmişdir ki, Ziyəddin Sultanov bütün bunlarla yanaşı, həyat və fəaliyyətini bütünlüklə həsr etdiyi Qarabağın bu nüfuzlu ali təhsil ocağının baş müəllimi kimibilik və bacarığını söz adamlarının yeni nəslinə, filoloq tələbələrə öyrədir, ardıcıllarını yetişdirir. Onun zəngin yaradıcılığı və şəxsi nümunəsi gənclər üçün canlı örnəkdir.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi, yazıçı-jurnalist Ziyəddin Sultanov toplunun  oxucularda doğurduğu böyük marağın və ciddi təəssüratın onu Qarabağ müharibəsi mövzusunda yeni əsərlər yaratmağa həvəsləndirdiyini söyləmiş, ziyalı və gənclik auditoriyasında təşkil olunan əhatəli  təqdimata və səslənən dəyərli mülahizələrə görə təşəkkürünü bildirmişdir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2016.- 27 noyabr.- S.6.