Sənətini dünyalar qədər
sevirdi
Çox qəribə
adam idi Rasim İsmayılov. Çox
danışmağı
xoşlamazdı. Kinostudiyaya
gələndə sakitcə
öz iş otağına çəkilər, yeni çəkəcəyi filmin ssenarisi ilə məşğul
olar, yaxud pavilyonda hazırlanan dekorasiyalara baş çəkərdi. İşsiz
dayanmağı sevməzdi.
Azərbaycan kinosunun ən qiymətli əsərlərindən bir neçəsi onun kinokamerasıdan lentə alınıb. “Yenilməz batalyon”( operator Xan Babayevlə), “Axırıncı aşırım”, “Babək”, “Dədə Qorduq”, “Gün keçdi”, “Möcüzələr adası”, “Şir evdən getdi”, “Yeddi oğul istərəm” və başqa filmlər bu qəbildəndir. İstedadlı operator idi. Obyektin hansı rakursdan daha yaxşı alınacağını seçməyi rejissorlar ona həvalə edirdilər. Obrazları kadrda hansı planda əks etdirməyi bacarırdı.
Rasim İsmayılov professional kinematoqrafçı idi. Kameranın dilini gözəl bilirdi. Milli kinomuzda neçə-neçə maraqlı kadrlara onun gözü ilə baxmışıq. İçərişəhərin nadir memarlıq nümunələrini “Gün keçdi” filmində ustalıqla lentin yaddaşına köçürüb. Tarixi filmlərimiz üçün Azərbaycanın bir çox rayonlarını dolaşıb, təbii dekorasiyalar tapmışdı. Onun operator kimi çəkdiyi filmlərdə bu sənətin çox nadir məqamları var. Bir sözlə, onun milli kinomuzun tarixində öz yeri var.
Rasim İsmayılov əslən Bakıdan idi.
1936-cı ildə
doğulmuşdu. Orta təhsil alandan sonra təyyarəçi
olmaq istəmişdi. Sonradan kino sənətini seçsə də,
təyyarəçilər haqqında film çəkdi. “Səma ilə görüş”
filmini çəkəndə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil
alırdı. Elə o vaxtdan sənətə ehtiyatlı addımlarla ayaq
basırdı. Amma bu addımlar
tezliklə möhkəmləndi
və onu sənətin uca
zirvəsinə
qaldırdı.
Rasim
müəllim “Azərbaycanfilm”də
işə başlayanda ilk dəfə “Kimi daha çox
sevirik” kinoalmanaxında bir
novellada operator kimi işləmişdi. “Dağ yolu ilə”
adlı həmin novella Azərbaycan kinosuna yeni istedadlı operatorun gəldiyindən xəbər
verirdi. Dağ meşəsinə düşən günəş şüalarının yaratdığı təbii
gözəllik
tamaşaçını əsl mənada sehrləyir.
Müxtəlif rakurslarda lentə
alınan dağ yolları, sıldırım
qayaların
yaratdığı poetik
gözəllik filmə ayrı bir
ovqat bəxş edir.
Onun
operator kimi ilk böyük işi “Yenilməz batalyon” filmi oldu. Əslində, bu filmin
quruluşçu operatoru
görkəmli sənətkarımız Xan Babayev
idi. Filmin Şəkidə aparılan çəkilişləri
zamanı o, bərk xəstələnir.
Soruşurlar ki, kim davam etdirə bilər sənin işini?
Deyir ki, Rasim İsmayılova həvalə
edə bilərsiniz. Beləliklə, biz bu filmin titrlərində
operator Xan Babayevlə yanaşı, Rasim İsmayılovun da
adını görə bildik.
Bununla Rasimin böyük kinoda
yaradıcılıq yolu başladı.
Az bir
zaman içərisində “Yaşamaq
gözəldir, qardaşım”, “Səmt küləyi”,
“Sevinc buxtası” kimi filmlərin quruluşçu operatoru oldu. Azərbaycan
neftçilərinin həyatından
bəhs edən “Sevinc buxtası” dövlət mükafatına layiq
görüldü. Rasim müəllimin operatoru olduğu “Yeddi oğul istərəm”
filmi dövlət
mükafatı almışdı.
Rasim
İsmayılov “Dədə
Qorqud”, “Babək” kimi tarixi filmlərin də quruluşçu operatoru olmuşdu.
Belə filmlərdə operator
işi olduqca çətin və
məsuliyyətlidir. Gərək
çəkiliş yerləri elə
seçilsin ki, tarixi uyğunluq olsun. Digər tərəfdən, personajların geyim, silah və
başqa vasitələri gərək dəqiq tarixi dövrə
uyğunlaşdırılsın. Hər iki filmdə
bu məsələlər kifayət qədər həllini tapa bilmişdir. Rasim müəllim
deyirdi ki, bunun üçün çox öyrənmək
lazım gəldi, müşahidələr aparmalı
olduq. Döyüş səhnələri,
lirik epizodlar hər iki filmdə
kifayət qədər
inandırıcı alınmışdı.
Müşahidələrim
əsasında deyə bilərəm ki, onun rejissor kimi çəkdiyi filmlərdə operator işi daha uğurludur. On
üç il ərzində yeddi
bədii filmə quruluş vermişdi. “Şir evdən
getdi”, “Anın quruluşu”,
“İşgüzar səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi
dünyalar qədər sevirdim”,
“Alman klinikasına rəsmi səfər”,
“Tələ” adlı bu filmlərlə rejissor kimi də Azərbaycan
kinosuna öz töhfəsini verə bilmişdi. Bunlar arasında Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən
“Sizi dünyalar qədər
sevirdim” filmi kino tariximizin qiymətli əsərlərindəndir.
Müharibə şəraitində
yaşadığımız dövrdə bu
filmin hərbi vətənpərvərlik tərbiyəsindəki
rolu olduqca böyükdür.
Rasim müəllim uşaq filmlərinin də rejissoru olmuşdur. “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” filmlərini o uşaqlarımız üçün yaratmışdı. Bu gün də uşaqlar həmin filmlərə böyük maraqla tamaşa edirlər. Deyirdi ki, uşaq filmləri çəkmək olduqca məsuliyyətli işdir. Uşaqları sevməsən, belə filmlər yaratmaq olmaz. Uşaqlarla işləmək ona zövq verirdi.
O, Qarabağ hadisələrindən də film çəkmişdi. “Tələ” adlı həmin film Dağlıq Qarabağda münaqişənin başladığı anları, hadisələrin ilkin gedişini əks etdirir.
Bu böyük sənətkar həm də mahir sənədli film ustası idi. Onun
yaradıcılıq bioqrafiyasında
onlarca belə film var. “Mozalan” satirik kinojurnalında da onun imzasına
tez-tez rast gəlmək olur. Rasim müəllim həm də pedaqoji
fəaliyyətlə məşğul olurdu. Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində sənətini gənclərə öyrədirdi.
Üstəlik, kitab da yazmışdı. “Uçan çinarlar” kitabı əfsus ki,
ölümündən sonra işıq üzü
gördü.
Uzun, səmərəli
həyat və sənət yolu
keçmiş bu istedadlı sənətkar
2004-cü il mart ayının 3-də
vəfat etmişdir. Onun əziz
xatirəsi xalqımızın
yaddaşında əbədi yaşayacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 27 noyabr.- S.8.