Fotoqraf, şair və
“ölüb-dirilən” sözlər...
Bu günlərdə Gənc Tamaşaçılar Teatrında şair Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabının səhnələşdirilmiş təqdimatından ibarət “Vizual poeziya” gecəsi keçirildi. Kitabda yer alan şeirlər şairin öz ifasında şəkillərin, musiqinin və xüsusi səs effektlərinin köməyi ilə təqdim olundu. Hər şeir bir şəklin hekayəsini danışdı, söz təsvirə can verib dünya yaratdı...
Dünyanın Tanrının bir “ol” kəlməsinə öz ruhundan üfürməsiylə var olduğunu deyirlər. Demək ki, mövcud olan hər şey ruha bürünmüş söz, ya da sözə sığınmış ruhdur. Şeir yazmaq isə sözdən yaranmışları yenidən sözə çevirmək cəhdidir. İnsanın Yaradanına bənzəmək iddiası, ya da, bəlkə, ruhun qopduğuna dönmək sevdası ...
Fotolar anda həbs olunan, fotoaparatın şaqqıltısıyla “güllələnib susdurulan” sözlərdir. Türkiyəli fotoqraf İlyas Göçmənin “üzü üzlər görmüş” “təkgözlü dostunun” “susdurduğu, udduğu və qusduğu ” anlardakı sözlər kimi. “Təpəgözün” susdurduğu bu sözlərə bir az da öz ruhundan üfürüb can verən Səlim Babullaoğlu Yaradanına özənərək 40 kiçik dünya yaradıb sanki.
“İlyas Göçmənin şəkil dəftəri”ində hər yerdən qovulsa da, bağrına basdığı ləzzətdən vaz keçməyən cocuğun kədəri və cəsarəti, özündən böyüklərin oyuna qatmadığı balacanın dağ boyda ürəyi, kor gözləri gizlədən qara eynəyin gördükləri, taleyinə yazılan yazıdan xəbərsiz uşaqların cızdığı divar yazıları, göydən düşməyən, yerdən yığdığı almaları qucaqlayan qızcığazın arzusundan daha böyük olan təmkini, arzusu qismətinə güzəştə gedən üç bacının dünyası və nələr, nələr var. Bunlar hamısı donmuş anların şairin diliylə danışdıqlarıdır.
Və bir də “Yazılar yazılmış, mürəkkəb qurumuş, başlanğıc olmuşdu deyə bizə yalnız ürəyi ürək kimi, çiçəyi çiçək kimi çəkmək qalırdı”,-- deyən şairin Tanrı yox, sadəcə şair olduğunu etiraf etməsi var...
“Vizual poeziya” gecəsinə toplaşanlar çox idi. Elm və ədəbiyyat adamları, ictimai-siyasi həyatda tanınanlar və sair. Təkcə fotoqraf yox idi. İlyas Göçmən səhhətində yaranan problemə görə tədbirə qatıla bilməmişdi. Onun yerinə monitordan boylanan fotoları danışırdı Səlimin “diriltdiyi” sözlərlə ...
Aida AYSA,
Xalq qəzeti.- 2016.- 29 noyabr.- S. 12.