Əlli il əvvəl bu gün...

 

50 il (yarım əsr!) nə tez gəlib keçdi. Azərbaycanın futbol adamları, bütün idman ictimaiyyətimizin yaşlı nümayəndələri, azarkeşlər

1966-cı ilin 30 noyabr axşamını, əlbəttə ki, unutmayıblar, əksinə, o günü həmin illərin “Neftçi”dəki mahir ustalarına dərin hörmət və ehtiram əlaməti olaraq bütün ömürləri boyu minnətdarlıq hissi ilə xatırlayırlar.

İndiki meyarlara görə, kiçik Avropa çempionatı adlandıra biləcəyimiz keçmiş Sovet İttifaqı çempionatlarında Azərbaycan futbolu bayraqdarının ən böyük nailiyyəti məhz 50 il əvvələ, 1966-cı ilə təsadüf etmiş, futbolumuza böyük şərəf və şöhrət gətirən bürünc medalların taleyi isə son oyunda, Bakıda “Neftçi”-“Spartak” (Moskva) görüşündə həll olunmuşdu.

Azərbaycan paytaxtında mövsümün vida görüşündə bürünc medallara namizədlər qarşılaşırdılar. Məqsədə çatmaq üçün bakılıları heç-heçə də qane edirdi, moskvalılar isə yalnız qələbə təqdirində çempionatı üçüncü yerdə başa vura bilərdilər. Lakin qonaqların ümidləri artıq oyunun birinci hissəsində alt-üst oldu. İndi qəlblərimizdə Azərbaycan futbolunun əfsanəsi kimi yaşayan Anatoli Banişevskinin hələ ilk 45 dəqiqənin birinci yarısında məşhur qapıçı Vladimir Maslaçenkonun qoruduğu qapıya vurduğu iki top, demək olar, oyunun taleyini həll etdi. AmmaNeftçibununla da kifayətlənməyib, fasilədən sonra spartakçıların qapısından daha bir top keçirdi. Bununla da futbolçularımız tarixi matçda 3:0 hesabı ilə qalib gələrək, 28-ci SSRİ çempionatını KiyevinDinamo” və Rostovun OİK komandalarından sonra üçüncü yerdə başa vurub, bürünc medallara sahib oldular. “Neftçinin iki oyunçusu Anatoli BanişevskiKazbek Tuayev isə mövsümün yekunlarına görə SSRİ-nin ən güclü 33 futbolçusu sırasına daxil edildilər.

Estoniyalı hakim Yevgeni Xyarmsın idarə etdiyio vaxt hələ V. İ. Lenin adına Respublika stadionu adlandırılan, 1990-cı illərin ortalarından isə tamamilə haqlı olaraq dünya şöhrətli hakimimiz Tofiq Bəhramovun adını daşıyan stadionun tribunalarından gərgin mübarizənin gedişini izləyən 45000 azarkeş, televizor ekranları qarşısına toplaşan yüz minlərlə insan təsəvvürolunmaz sevinc hissi yaşadı. “Neftçi” SSRİ çempionatının bürünc mükafatçısı idi!

Çempionatı 45 xalla başa vuran Azərbaycan paytaxtı futbolçuları gümüş mükafatçılar rostovlulardan cəmi iki xal geri qaldılar. Bu da diqqətəlayiq nəticədir ki, həmin ilNeftçi” OİK-ə hər iki oyunda qalib gəlmişdi – Bakıda 4:1, Rostovda 3:1 hesabı ilə.

SSRİ çempionatlarında “Neftçinin ilk medallarının xoşbəxt sahiblərinin “Spartakla oyundan dərhal sonra həmkarlarımıza qısa müsahibələrində söylədikləri fikirlər də onların necə böyük sevinc hissi yaşadıqlarını təsdiq edirdi.

Yaşar Babayev: “Gizlətməyəcəyəm, oyundan qabaq xeyli həyəcanlanmışdım. İndi özümü çox xoşbəxt hiss edirəm. Uşaqlıqda mənim üçün ilk dəfə velosiped alındıqda heç bu qədər sevinməmişdim”.

Kazbek Tuayev: “Özümü çox yaxşı hiss edirəm. Müvəffəqiyyət qazanacağımıza bir an da şübhə etmirdim. Mən hələ Rostovda qələbə qazananda uşaqlara demişdim ki, bürünc medallara yol açıldı”.

Anatoli Banişevski: “Oynamaq, qalib gəlmək, medallara layiq olduğumuzu sübut etmək istəyirdim. Bu oyunda qol vurmağı çox istəyirdim. İndi keçirdiyim hisslər ikinci topu vurandan sonra yarandı. Mən başa düşdüm ki, bürünc medallar bizdədir. Sevinirəmmi? Məgər sevinməmək mümkünmü?”.

Nə 1966-dan əvvəl, nə də sonrakı illərdə SSRİ çempionatlarında bir dahaNefçinin belə böyük uğuru olmayıb. Ona görə də 50 il əvvəl Sovet İttifaqının ən güclü 18 komandasının aprelin əvvəlindən noyabrın sonuncu gününədək davam edən kəskin rəqabətində qazanılmış bürünc medalların sahibləri yuxarıda adlarını çəkdiyimiz Yaşar Babayev, Kazbek Tuayev, Anatoli Banişevski ilə yanaşı, Sergey Kramarenko, Vyaçeslav Şexov, Adil Babayev, Nikolay Boqdanov, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Aleksandr Trofimov, Valeri Hacıyev, Mübariz Zeynalov, Anatoli Qryazevi, komandanın rəisi Şövkət Orduxanovu, baş məşqçi Vasili Sokolovu və çempionatın ortalarında istefa verdikdən sonra bu vəzifədə onu əvəz edərək bürünc müvəffəqiyyətdə böyük  xidmətləri olan Əhməd Ələsgərovu, məşqçi Valentin Xlıstovu və kollektivin digər üzvlərini ikiqat minnətdarlıq hissi ilə xatırlayacağıq. Onlar Azərbaycan futbolunun unudulmaz qəhrəmanlarıdır.

Bu gün həmin qəhrəman­ların bir çoxu, hətta belə deyə bilərik ki, böyük əksəriyyəti həyatda yoxdur, lakin 1966-cı il SSRİ çempionatının bakılı bürünc mükafatçıları paytaxtımızla yanaşı, MoskvaLeninqrad (hazırda Sankt-Peterburq),  KiyevMinsk, TbilisiVilnüs, Daşkənd, Alma-Ata  (indi Almatı) və digər şəhərlərin stadionlarında elə bir silinməz iz buraxmışlar ki, hələ çox-çox illər sonra da bu barədə xatirələr yaşayacaq, məmnuniyyətlə dilə gətiriləcək, qələmə alınacaq...

 

Oqtay BAYRAMOV,

 

Xalq qəzeti.- 2016.- 30 noyabr.- S. 7.