Özəl sektora
dövlət dəstəyi
sahibkarlığa geniş
imkanlar yaradır
Son illərdə Azərbaycan
iqtisadiyyatının inkişafı birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Doğrudur, Azərbaycan müstəqillik qazandıqdan
sonrakı ilk illərdə böyük siyasi, iqtisadi və hərbi böhranla
qarşılaşmışdı, ölkəni bürümüş xaos
və anarxiyanın necə başa
çatacağı ağır sual olaraq qalırdı. Amma təcrübəli
siyasi xadim Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi vəziyyəti kökündən
dəyişdi. İstər iqtisadiyyatın inkişafı, istərsə
də ölkədə yeni formalaşmaqda olan sahibkarlar sinfinin
yaranması istiqamətində ilk uğurlu və səriştəli addımlar
məhz ulu öndərin hakimiyyətə
gəlişindən sonra atıldı. Məhz
1993-cü ilin iyulundan sonra Azərbaycanda
nəinki iqtisadi tənəzzüldən
çıxış yolları tapıldı, həm də
aparılan məqsədyönlü siyasət, həyata
keçirilən sistemli tədbirlər nəticəsində
makroiqtisadi sabitliyə nail
olundu, sahibkarlar sinfinin formalaşması üçün
hüquqi baza işlənib
hazırlandı, yenicə yaradılmaqda olan
özəl sektor dövlətin hərtərəfli
dəstəyinə söykəndi.
2003-cü ildə ümummilli liderin siyasi varisi kimi hakimiyyətə gələn Prezident İlham Əliyev onun siyasi kursunu və iqtisadi islahatlarını uğurla davam etdirdi. Son nəticədə Azərbaycan iqtisadi iflasın bir addımlığından qayıdaraq güclü iqtisadiyyata və maliyyə imkanlarına malik bir ölkəyə çevrildi. Eyni zamanda, özünün enerji, ərzaq təhlükəsizliyini təmin etdi, bununla yanaşı, qonşu ölkələrin, xüsusən Gürcüstanın enerji təhlükəsizliyinə öz töhfələrini bəxş etdi, Avropaya enerji daşıyıcıları ixracında mühüm rol oynamağa başladı.
Hazırda sahibkarlığın inkişafı üçün yüksək qayğı və diqqət göstərilməsi, iqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə artması aparılan siyasətin müsbət nəticələrə gətirib çıxardığını təsdiq edir. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında mütəmadi olaraq ətraflı məlumat verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik”.
Məhz dövlət başçısının ciddi qayğısı və nəzarəti sayəsində Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə sistemli və ardıcıl addımlar atılmaqdadır. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən son aylar ərzində qəbul edilmiş qərarlar, imzalanmış fərman və sərəncamlar prosesin dönməz olduğunu göstərir. Prezidentin 21 aprel 2016-cı ildə Sahibkarlar Gününün təsis edilməsi ilə bağlı imzaladığı sərəncam da məhz bu məqsədə xidmət edir. Sərəncama əsasən, aprelin 25-i Sahibkarlar Günü elan edilib. Bu da, əlbəttə ki, təsadüfi deyil. 2002-ci ilin həmin günündə - aprelin 25-də ulu öndər Heydər Əliyev Azərbaycan sahibkarları ilə geniş bir görüş keçirib və bununla da ölkədə sahibkarlığın inkişafında yeni bir dövrün başlanğıcı qoyulub.
Bu il də həmin gün ölkəmizdə böyük bir tədbirlə qeyd edildi. Bununla bağlı Bakıda İqtisadiyyat Nazirliyi və Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə geniş konfrans keçirildi. Tədbirdə dövlət idarələrinin, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının təmsilçiləri, eyni zamanda, iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışan 300-dən çox sahibkar iştirak etdi. Bu da dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Məhz Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli addımlarının nəticəsidir ki, hazırda Azərbaycan regionun lider dövlətinə, siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib, sahibkarlar isə iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi öz yerini möhkəmləndirmişdir. Dövlət tərəfindən göstərilən daimi səmərəli dəstək, sahikarlıq subyeklərinə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi, güzəştli kreditlərin və subsidiyaların ayrılması, yeni sənaye parkları və məhəllərinin yaradılması ilə bağlı islahatlar, ayrı-ayrı ölkələrin iqtisadi və biznes strukturları ilə birgə müxtəlif biznes-forumların və beynəlxalq əhəmiyyət daşıyan sərgilərin keçirilməsi son nəticədə özəl sektorun böyük irəliləyişə çatmasına şərait yaradıb. Dövlət başçısının Nazirlər Kabinetinin son iclasında qeyd etdiyi kimi, ölkənin ümudaxili məhsulunda özəl sektorun payı 80 faizə qədər yüksəlib. Bu, sadəcə bir rəqəm deyil, sahibkarlıq və biznes üçün yaradılmış real şəraitin parlaq və canlı nəticəsidir.
Nazirlər Kabinetinin
2016-cı ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dövlətin bundan sonra da
sahibkarlığın inkişafına öz
dəstəyini verəcəyini bəyan edib.
Prezident bu il sahibkarlara güzəştli
şərtlərlə 73 milyon manat kredit verildiyini
vurğulayıb və qeyd edib
ki, bu vəsaitin 77 faizi əvvəlcə verilmiş
kreditlərin qaytarılması hesabına verilib.
“Bu da çox
müsbət haldır, dövlət büdcəsinə daha az yük
düşür və kreditlərin 80 faizi aqrar sektora
verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74
faizi regionlara verilir. Regional inkişaf proqramının
icrası sürətlə davam etdirilir”, - deyə dövlətimizin
başçısı əlavə edib.
“Biz indi çox güclü qeyri-neft ixracı potensialı
yaradırıq və eyni zamanda, institusional tədbirlər də
görülür və görülməlidir ki, biz ixracı
stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul
satmaqda maraqlı olsunlar”, - deyən Azərbaycan Prezidenti bu məqsədlə
təşviq mexanizminin artıq tətbiq olunduğunu diqqətə
çatdırıb. Dövlətimizin başçısı
əmin olduğunu bildirib ki, bunun çox müsbət təsiri
olacaq və sahibkarlar da bundan istifadə edəcəklər.
Dövlət başçımızın rəhbərliyi
ilə ölkədə iqtisadi
artımın təmin edilməsi istiqamətində
aparılan çox səmərəli və çevik
addımlar göstərir ki, kənd təsərrüfatında
çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar
aparılır, tədbirlər görülür, həm də
çox ciddi elmi yanaşma var.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin iclasında yaxın
zamanlarda daha da böyük nəticələr əldə olunacağını
bildirib: “Bu il artıq 3,1 faiz artım var.
Amma daha da böyük artım gözlənilir. Əlbəttə
ki, biz torpaqlardan daha da səmərəli şəkildə
istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən
bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı
olan təklifləri dəstəkləyirəm. İndi
heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona
görə, o qədər də böyük örüş
torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli
şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi
tam təmin edilsin və çox böyük ixrac potensialı
da yaradılsın”.
Prezident İlham Əliyev qeyd edib ki, biz əvvəlki dövrlərdə
təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi
məsələlərinə yönəltmişdik. “Çünki bir neçə
il bundan əvvəl çox böyük problemlərlə
üzləşmişdik. Yəqin ki,
xatırlayırsınız, hətta imzalanmış
kontraktlar da icra edilmirdi. Çünki biz taxılı,
buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə
quraqlıq baş verdi, çətinliklər yaşandı və
bizim kontraktlarımız ləğv edildi. Bu, bizim
üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar
verdik ki, taxılçılığı sürətlə
inkişaf etdirək. İri fermer təsərrüfatları
yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30
sentnerə qalxdı. İri fermer təsərrüfatlarında
məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq
təhlükəsizliyi məsələləri ön planda
idi. Biz indi özümüzü ətlə təmin edirik.
Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi
məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt
gəlib çatıb ki, texniki bitkilərə də ciddi
fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən
gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri
müəyyən mənada kənd təsərrüfatı məhsullarının
ixracı ilə kompensasiya etməliyik”.
Kənd təsərrüfatı sahəsində
çalışan bir sahibkar kimi, mən
də dövlət başçısının bütün
fikirləri ilə razıyam. Heç bir şübhə yoxdur ki,
Azərbaycanda kənd təsərrüfatı
istehsalını artırmaq, eyni zamanda, onu xarici ölkələrə
çıxararaq valyuta qazanmaq imkanları kifayət qədər
genişdir. Bütün sahibkarlar buna can atır. Dövlət
sahibkarlığın inkişafı üçün hər
cür dəstək verir. 1982-ci ildə məhz ulu öndər
Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi
və misilsiz qayğısı ilə fəaliyyətə
başlayan, 34 il ərzində bunu həmişə xoş
duyğularla xatırlayan
“Sabirabad Konserv” ASC-nin rəhbəri kimi qeyd etmək istəyirəm
ki, bu dəstəkdən zaman-zaman biz də yararlanırıq.
Bu yaxınlarda əhalinin istehsal etdiyi məhsulu tədarük
etmək üçün Sahibkarlığa Kömək Milli
Fondu bizə 200 min manat həcmində
güzəştli kredit ayırdı. Bu kreditin alınması
zamanı heç bir çətinliklə, neqativ halla, süni əngəllə
rastlaşmamağımız, yaradılmış şəffaf
mühit, əlbəttə, bizi hədsiz dərəcədə
sevindirir və dövlət dəstəyinin nə qədər
əhəmiyyətli olduğunu təsdiqləyir. Biz çox
yaxşı dərk edirik ki, bütün bunlar ilk növbədə
möhtərəm dövlət başçısı
İlham Əliyevin şəxsi diqqət və
qayğısının təzahürüdür. Qeyd edim ki,
bu vəsait mövsimi də olsa yüzlərlə əlavə
iş yerlərinin açılmasına şərait yaradacaq
və əhalini ruhlandıracaq ki, məhsulu, necə deyərlər,
tökülüb qalmasın, ondan səmərəli istifadə
etsin.
Cənab
Prezident Xaçmazda
Yalama Aqroparkının
açılışı zamanı bu barədə
danışdı: “Bütün bu işləri biz ona görə
edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan
vətəndaşları daha da yaxşı yaşasınlar,
işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və
ölkəmizə xeyir gətirsinlər”.
Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı
məhsullarının dünyanın digər yerlərində
istehsal olunanlardan üstünlüyünü də qürurla
qeyd etdi. “Məhsulumuz
keyfiyyətlidir, təbiidir. Buna Avropada orqanik məhsul deyirlər.
Yəni, heç bir qatqısı, heç bir təhlükəli
maddəsi olmayan təbii məhsulumuz var. Bu, bizim böyük
sərvətimizdir”. Dövlət başçımız, eyni
zamanda, təbii və orqanik olduğu üçün bizim məhsullardan
Avropada geniş istifadə olunduğunu da qürur hissi ilə
qeyd etdi. Məlum oldu ki, Avropanın şokolad şirkətləri
Azərbaycan fındığından gen-bol istifadə edirlər.
Ona görə də fındıq istehsalını artırmaq
lazımdır.
Bu yaxınlarda möhtərəm
Prezidentimiz İlham Əliyevin sədrliyi
ilə pambıqçılığın inkişafına həsr
olunmuş müşavirənin Sabirabad rayonunda keçirilməsi
bizi həm qürurlandırır, həm də məsuliyyət
hissimizi artırır. Sabirabadlılara yaxşı tanış olan, gərgin əmək
tələb edən pambıqçılığın yenidən
dirçəldilməsi ölkəmizin misilsiz tarixi nailiyyətimiz
olmaqla yanaşı insanların rifahını da xeyli
yaxşılaşdıracaq. Əlbəttə, bu gün hər
bir sahənin - istər heyvandarlıq, istər
quşçuluq, pambıqçılıq, istərsə də
çayçılıq, tərəvəzçilik və
digər sahələrin inkişafı üçün
lazımi potensial da mövcuddur. Bu məsələlərin həllinə
dövlət də öz dəstəyini əsirgəmir.
Dövlət başçısının qeyd etdiyi kimi, hər
bir rayon, bölgə üçün xüsusi inkişaf
proqramı hazırlanır. Sabirabadlı sahibkarlar da üzərlərinə
düşən məsuliyyəti layiqincə yerinə yetirməyə hazırdırlar.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv”
ASC-nin
rəhbəri
Xalq qəzeti.- 2016.-
2 oktyabr.- S.6.