Bakıda keçirilən humanitar forumlar
bütün
dünyada sülhün və əməkdaşlığın
möhkəmlənməsinə
xidmət edir
Builki forumda 80-ə
yaxın ölkədən 400-dən çox nümayəndə
iştirak edir. Bu, özlüyündə bir göstəricidir.
Forum son illər ərzində beynəlxalq aləmdə
böyük hörmət qazanıb. Bu forumun beynəlxalq
mötəbər tədbirlər arasında xüsusi yeri var.
Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa
həmişə çox böyük diqqət verib. Biz hesab
edirik ki, dünyada müsbət meyillər güclənməlidir.
Beynəlxalq əməkdaşlıq ölkələrarası
əlaqələrin inkişafı üçün xüsusi
rol oynayır. Son illər ərzində biz bu məqsədlə
ölkəmizdə bir çox beynəlxalq tədbirlər
keçirmişik. Onların arasında əlbəttə ki,
Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən
bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir. Bir neçə il bundan əvvəl
Bakıda Dünya dinləri liderlərinin Zirvə
görüşü keçirilmişdir. Bu il isə BMT-nin
Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu
keçirilmişdir. Bütün bu mötəbər tədbirlər
çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa,
multikulturalizmə və digər önəmli məsələlərə
dair geniş diskussiyalar, müzakirələr
aparılmışdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 sentyabr, 2016-cı il
Paytaxtımızın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirdə
iştirak edən qonaqların əhatə dairəsi kifayət qədər böyük olduğuna
görə "Sentyabrın
29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq
Humanitar Forumu işə başlayıb" – xəbər sərlövhəsi demək olar ki,
dünyanın bütün ölkələrinin mətbuatında görünüb. Xatırladaq ki,
iki il əvvəl, oktyabrın 2-də Bakıda
açılmış IV Bakı Beynəlxalq Humanitar Forumunun
qonaqları Azərbaycan paytaxtında keçirilən tədbirin
təşkilatçılarına, dövlət və
hökumət təmsilçilərinə, eləcə də
xalqımıza minnətdarlıq bildirərkən səmimiyyətlə əlavə
etmişdilər ki, növbəti humanitar tədbirə də
böyük məmnunluqla qatılacaqlar.
Budur, həmin gün gəlib çatmışdır. Müasir dünyanın ən mükəmməl memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzi yenə də dünyanın sülh arzulu, dostluq, əməkdaşlıq və tərəfdaşlıq istəkli insanlarının ixtiyarına verilib. Bəşərin sabahı üçün narahat olan, dünyamız üçün yaranmış təhlükə və ya problemlərin aradan qaldırılması yollarını axtaran tanınmış siyasətçi və ziyalılar yenə də öz qızğın müzakirələrini aparırlar. Heydər Əliyev Mərkəzinin bugünkü təmtərağını, planetin ən nüfuzlu insanlarının təşrif gətirməsi ilə yaranmış ab-havanı görən həmkarlarımızın hamısı Azərbaycan həqiqətlərini yüksək qiymətləndirir, ölkəmizdə həyata keçirilən siyasətin beynəlxalq aləmdə haqlı olaraq dəstəkləndiyini yada salırlar.
Xatırladaq ki, ötən forumda giriş nitqi ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qarşıdakı illərdə bu forumların daha böyük önəm kəsb edəcəyini söyləmişdi: "Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin. Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir".
Bəli, cəmi iki il əvvəl səsləndirilən həmin fikirlər artıq öz təsdiqini çoxdan tapmışdır. Yəni Bakı Forumu artıq həqiqətən də beynəlxalq aləm tərəfindən qəbul edilən dünya əhəmiyyətli bir formata çevrilmişdir.
Bəzi dövlətlərin ikili standartları, yol verilən ayrıseçkiliklər, dinlər və mədəniyyətlər arasında nifaq salmaq istəyən siyasi mərkəzlərin iyrənc ssenariləri nəticəsində müasir dünyada sözün həqiqi mənasında çoxsaylı problem və təhlükələr mövcuddur və dünənki forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakı Forumunun məqsədini dilə gətirməklə yanaşı, dünya ictimaiyyətini xəbərdar edir ki, əgər mövcud vəziyyət lazımınca qiymətləndirilməsə, bəşər övladı ağır nəticələrlə üzləşəcək: "Bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın, köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində, bu ölkələrdə, hansılar ki, bundan əziyyət çəkirlər, bu ölkələrdə radikalizm meyillərini gücləndirir və öz növbəsində, bu ölkələr dağılandan sonra - Yaxın Şərqi nəzərdə tuturam - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi Avropa ölkələrində çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir. Eyni zamanda antimiqrant meyillər güclənmişdir və bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Və bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha da çox, böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha çox böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Çox təhlükəli tendensiyadır. Biz indi sivilzasiyalararası dialoqdan danışırıq, amma reallıqda sivilzasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa, çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, bugünkü zamanda daha çox belə məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir və bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir.
V Bakı Beynəlxalq Humanitar Forumunun dünya üçün kəsb etdiyi əhəmiyyət tədbirin rəsmi açılış mərasimində bir neçə dəfə dilə gətirildi. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı müraciət də dünyanın gələcək taleyi üçün narahatlıq keçirən insanlarda nikbin əhval-ruhiyyə yaradırdı: "Bu gün Azərbaycan paytaxtı növbəti dəfə, aralarında məşhur siyasətçilər və ictimai xadimlər, müxtəlif sahələr üzrə Nobel Mükafatı laureatları, bir sıra dövlətlərin elmi və yaradıcı ziyalılarının nümayəndələri olan ali qonaqları qəbul edir. Forumun zəngin gündəliyi müasir beynəlxalq münasibətlər üçün humanitar əməkdaşlığın get-gedə artan əhəmiyyətini əks etdirir. Siz qiymətli təcrübə mübadiləsi aparacaq, mədəniyyət, elm və təhsil, ətraf mühitin qorunması sahələrində ikitərəfli və çoxtərəfli əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə edəcəksiniz. Əminəm ki, sizin ünsiyyətiniz maraqlı və səmərəli olacaq, müxtəlif ölkələrin və qitələrin xalqları arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək".
Forum iştirakçılarına ünvanlanan ikinci məktub isə BMT Baş katibi Pan Gi Mundan idi. Baş katibin tədbir iştirakçılarına ünvanladığı müraciətdə deyilirdi ki, dünyada qaçqın problemini həll etmək aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir: "Bu, bir sıra mühüm mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların insan kapitalı ilə bağlı "dəyirmi masa"da olduqca mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür. Ümidvaram ki, bu "dəyirmi masa" Dünya Humanitar Sammitinin nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal iştirakçılar üçün fürsət olacaq".
Xatırladaq ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel Mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşısında duran iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdırır. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida iştirak və çıxış etdiyi forumun nəticələrinin hamı üçün səmərəli olacağı dəfələrlə vurğulanmışdır.
Bu gün dünyanın hər yerində etiraf edilir ki, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Dəfələrlə təkrar edilib ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq üçün düşünülən bu müzakirələrin tarixinə gəlincə isə qeyd edək ki, bu təşəbbüsün müəllifi də Azərbaycan Prezidentidir. Ötən forumda bu barədə geniş məlumat verən dövlət başçımız demişdir: "2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik".
Paytaxtımızda keçirilən növbəti beynəlxalq tədbir haqqında qələmə aldığımız sətirləri dövlət başçımızın məhz həmin tədbirdəki nitqinin son cümlələri ilə tamamlayırıq: "Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin bir hissəsidir."
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 2 oktyabr.- S.1.