Quba–tolerantlıq və
multikultural dəyərlər ünvanı
İlahi özü Qubaya əsrarəngiz gözəlliklərlə
dolu füsunkar təbiət bəxş
edib. Cənubdan və şərqdən göz oxşayan
yamyaşıl düzlər, barlı-bəhərli meyvə
bağları, şimal və qərbdən, sanki qadir rəssam
fırçasının məhsulu olan heyrətamiz orman və
terraslar, sərt qayalar, xalı kimi al-əlvan bəzənən
alp və subalp çəmənliklərlə üzük
qaşı kimi əhatələnib. Dağları və
yamacları kəsərək dərin dərələrlə
arana istiqamət alan dəlisov dağ çayları , suyu həyat
mənbəyi olan buz bulaqlar, qabığı, yarpağı,
xüsusən də çiçəyi və meyvəsi dərdlərə
dərman olan nadir bitki örtüyü, Qafqaz faunasının
az qala bütün rəngarəngliklərini özündə
cəm edən zəngin heyvanat aləmi—bütün bunlar
Qubanı məşhur edən təbii gözəlliklərin
yalnız bir qismidir.
Maraqlıdır
ki, Qubanın təbiəti kimi,
əhalisi də özünün etnik və dini
palitrası baxımından son dərəcə rəngarəngdir.
Başqa sözlə, Quba uzun əsrlərdir ki, Qafqazın
olduqca qədim və zəngin tolerantlıq və multikultural ənənələrini
özündə
yaşadan unikal bir məkan olaraq qalır. Burada yaşayan çoxsaylı xalqlar və etnik
qruplardan hər biri öz milli-mədəni irsini və
inanclarını qoruyub saxlayıb. Müsbət
haldır ki, Quba rayonunda doğulan və bu gün
dünyanın ayrı-ayrı ölkələrində
yaşayan milli azlıqların təmsilçiləri özlərini
azərbaycanlı sayır, Azərbaycan diasporunun fəal
üzvləri kimi Vətənimizə xidmət edirlər.
Razılaşaq ki, tolerantlıq və multikulturalizm Azərbaycanda
əsrlərdən bəri formalaşan dəyər kimi
mövcud olsa da, sistemli deyildi. Bu həyat tərzinin düzgün
qiymətləndirilərək hüquqi və siyasi müstəvidə
öz yerini tapması
məhz ulu öndər Heydər Əliyevin adı
ilə bağlıdır. İndiki dövrdə
ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin
bugünkü inkişaf səviyyəsinə
çatmasında Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti
xüsusi olaraq qeyd olunmalıdır. Möhtərəm
Prezidentimiz tolerantlıq və multikulturalizmi tarixən
xalqımıza məxsus olan böyük sərvət kimi dəyərləndirərək
Azərbaycanda bu ənənələrin qorunub saxlanması,
daha da inkişaf etdirilməsi və geniş təbliğ
olunması məqsədi ilə cari ilin respublikamızda
“Multikulturalizm ili” elan edilməsi haqqında verdiyi sərəncamla,
özünün dediyi kimi, “hər bir azərbaycanlının
Prezidenti” olduğunu bir daha sübut etdi.
Quba əsrlər boyu müxtəlif xalqların və
dinlərin təmsilçilərinin birgə,
qardaşcasına yaşadığı mədəniyyət və
təfəkkür mərkəzi kimi tanınır. Respublikamızın
hər yerində olduğu kimi, rayonumuzda da müxtəlif
xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini
qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə
yüksək diqqət və qayğı göstərilir.
Bu gün Qubada 3 dinə məxsus olan 20-dən artıq
müxtəlif millət və xalqın nümayəndələri yaşayır. 166 min nəfərdən
çox sakini olan rayonumuzun əhalisinin 79,22 faizini azərbaycanlılar,
9,1 faizini tatlar, 5,87 faizini ləzgilər, 1,77 faizini dağ yəhudiləri,
1,43 faizini xınalıqlılar, 1,42 faizini türklər, qalan
hissəsini isə ruslar, talışlar, tatarlar, ceklilər,
buduqlular, hapıtlılar və digər milli azlıqların
nümayəndələri təşkil
edir. Maraqlısı
odur ki, əsrlərdir bu xalqlar mehribancasına
yaşayır və öz milli mədəniyyətlərini,
dinlərini, dillərini qoruyub saxlayırlar.
Bu gün Qubada məscidlərlə yanaşı,
sinaqoqlar da mövcuddur. Hazırda rayonda qeydiyyatdan keçmiş
22 dini icma fəaliyyət göstərir ki, onlardan da 21-i
İslam, 1-i isə yəhudi dini icmasıdır. Rayonda mövcud olan 68 məsciddən 46-sı
gündəlik fəaliyyətdədir. Dağ yəhudilərinin
yaşadığı Qırmızı Qəsəbədə olan 3 sinaqoqdan ikisi sinaqoq kimi,
biri isə mədəniyyət mərkəzi kimi fəaliyyət
göstərir.
Əminliklə söyləyə bilərik ki,
tolerantlığın və multikulturalizmin Azərbaycan
nümunəsi olduğu kimi, artıq bu ənənələrin
Quba modeli də mövcuddur və o, çox təkmil və
mükəmməl örnəkdir. Bu gün Quba
seçicilərini Milli Məclisdə təmsil edən hər
iki millət vəkili rayonumuzda yaşayan milli azlıqların
nümayəndəsidir. Bəli, hər kəsə bəlli
olduğu kimi, rayonumuzdan olan millət vəkili Yevda Abramov
dağ yəhudilərinin , Vahid Əhmədov
isə tatların yetirməsidir.
Ölkəmizin hər yerində olduğu kimi, bu gün
Qubada da möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur. Rayonda “Dini
etiqad azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq vətəndaşlara
hər cür şərait yaradılır, heç bir maneə
mövcud deyildir. Amma təəssüflə qeyd etmək
lazımdır ki, Azərbaycanın sürətli
inkişafını, ölkədəki sabitliyi, vətəndaş
həmrəyliyini , dini və milli
tolerantlıq mühitini daxildə və xaricdən olan bəzi
bədxah qüvvələrin ürəyincə deyil. Təbiidir
ki, Azərbaycan dövləti ölkədəki dini etiqad azadlığından
və multikultural mühitdən sui-istifadə etməyə
cəhd edən bəzi təriqətlərin və missioner təşkilatların
antimilli fəaliyyətinə qarşı qəti və
barışmaz mövqe nümayiş etdirir.
Qeyri-ənənəvi dini cərəyanların və
seperatçılıq meyillərinin yayılmasının
qarşısının alınması məqsədilə Yeni
Azərbaycan Partiyası Quba rayon təşkilatı və
rayon icra hakimiyyəti də aidiyyəti dövlət
orqanları ilə birlikdə ardıcıl, profilaktik və
maarifləndirici tədbirlər həyata keçirir. 2016-cı ilin
9 ayında rayonun 20-dən artıq inzibati ərazi dairəsində
qeyd olunan istiqamətdə müxtəlif əhali zümrələrinin
iştirakı ilə maarifləndirici tədbirlər
keçirilmişdir. Bu cür tədbirlərdə ulu
öndər Heydər Əliyevin “ Biz hamımız azərbaycanlıyıq,
bizim hamımızın bir Vətəni var, o da Azərbaycandır”
kəlamı əbədiyaşar şüar kimi dönə-dönə
təkrarlanır, beləliklə də hamımızın
yalnız bir Vətəni olduğu təbliğ olunur.
Ötən
əsrin 90-cı
illərinin əvvəllərində respublikamızın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə
300 nəfərə yaxın qubalı igid qəhrəmanlıqla
vuruşaraq müqəddəs şəhidlik zirvəsinə
ucalmışdır. Şəhidlərimizin
arasında rayonumuzda yaşayan bütün xalqların
nümayəndələri vardır.
Müstəqillik illərində etnik və dini fərqliliyə
baxmayaraq, rayonumuzda insanlar
arasındakı qonşuluq, dostluq və birgə
yaşayış əlaqələri getdikcə daha çox həm
də qohumluq səviyyəsinə yüksəlmişdir. İndi bu insanların xeyiri də, şəri də
birdir. Adətən, bütün rayon tədbirlərində
müxtəlif xalqların adət-ənənələri, mədəniyyətləri,
folklorları, mətbəxləri nümayiş etdirilir.
Bir sözlə multikulturalizm və
tolerantlığın unikal nümunəsini öz gözləri
ilə görmək istəyənləri Qubaya dəvət
edirik. Bəli, məhz Azərbaycandakı tarixən bərqərar
olmuş tolerant mühit, multikultural dəyərlər, milli və
dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış
digər milli azlıqlar kimi dağ yəhudilərinin də
öz varlığını, dilini, adət və ənənələrini qoruyub saxlamağa təminat olub. Xatırladaq ki, Quba İsraildən kənarda dağ
yəhudilərinin ən sıx məskunlaşdığı
şəhərdir. Qırmızı Qəsəbə
isə bütün postsovet məkanında dağ yəhudilərinin
yığcam yaşadıqları yeganə şəhər
tipli qəsəbədir.
Quba əhalisinin bir hissəsini də ləzgilər təşkil
edir. Əsrlər boyu ləzgilər azərbaycanlılarla
qardaş və mehriban ailə halında yaşayaraq bir-birinin
sevincli və kədərli günlərində bir olmuşdur.
1918-ci ildə ermənilər Quba qəzasında vəhşiliklər törədərkən,
ləzgilər azərbaycanlılarla, Qubada yaşayan digər
xalqların nümayəndələri ilə birlikdə
düşmənə qarşı birgə mübarizə
aparmış, “Qanlı dərə” adlanan ərazidə erməni
daşnaklarını məhv etmişlər.
Mədəniyyət hər bir xalqın milli kimliyidir. Çoxmillətli rayonumuzda
xınalıqlıların da öz yeri və mədəniyyəti
var. Böyük Qafqaz dağlarının 2300 metr yüksəkliyində
yerləşən Xınalıq kəndini bir növ
“Dağlarda ada” adlandırmaq olar. Oranın əhalisi dünyada heç
bir oxşarı olmayan unikal bir dildə danışır. Onu da qeyd edək ki, xınalıqlılar indiki Azərbaycan
ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların
törəmələridir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
və tapşırığı əsasında qubalılara diqqət olaraq,
2006-cı ildə Xınalığa asfalt yol çəkilib. Bu ərazidə yaşayanlar bu yolu “Yeni həyat yolu”
adlandırıblar. Çünki yolun
açılışı ilə hərəsinin öz dili və
mədəniyyəti olan Haput, Əlik, Qırız kəndlərinin
də inkişafına böyük təkan verilmişdir. Fərqli dildə danışan,
könül oxşayan mahnıları, adət-ənənələri
olan bu insanlar bu gün nəinki Qubanın, bütövlükdə respublikanın ictimai-siyasi həyatında
mühüm rol oynayır, Azərbaycan cəmiyyətinə, mədəniyyətinə
tanınmış ziyalılar bəxş edirlər.
Rayon əhalisinin müəyyən hissəsini də tatlar təşkil edir. Daha çox dağlıq ərazilərdə yerləşən tat kəndləri əsrlərdir ki, öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Əsasən maldarlıq və toxuculuqla məşğul olan tatlar öz toxuduqları xalça məmulatları ilə nəinki Azərbaycanda, hətta respublikamızdan çox-çox uzaqlarda belə şöhrət qazanmışlar.
Göründüyü kimi, Quba müxtəlif mədəniyyətlərin və dinlərin uğurla uzlaşdığı bir məkandır. Üç səmavi dinə inanan on minlərlə insan rayon ərazisində firavan və mehriban həyat sürür, bir-birinin inancına hörmət göstərirlər. Bu, əslində, həm də qubalıların həyat tərzinin göstəricisidir.
Çox qalmaqallı və mürəkkəb bir dünyada yaşayırıq. Bütün Şərq aləmi od tutub yanır. Terror aktları nəticəsində məscidlər dağılır, hər gün yüzlərlə insan həyatını itirir. Belə bir mürəkkəb zəmanədə Azərbaycan kimi sakit, sabitliyin bərqərar olduğu bir müsəlman ölkəsində yaşamaq həqiqətən böyük xoşbəxlikdir.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Ölkə, dövlət nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə, sivilizasiyasına və inkişafına öz töhfəsini verir”.
Yusif Abidov,
Quba Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini,
Yeni Azərbaycan
Partiyası rayon təşkilatının sədri
Xalq qəzeti.- 2016.- 8 oktyabr.- S.7.