Ömrün də öz
rəngləri var
Onu çoxdan tanıyıram, yaradıcılığı ilə də yaxından tanışam. Sərgilərində iştirak etmişəm, rəsmlərinə necə böyük maraq göstərildiyini də görmüşəm. Rafiq Quliyev yaradıcılıqda öz dəst-xətti olan, istedadlı rəssamdır. Rəssamlığın bir çox janrlarında sevə-sevə yaratdığı əsərlər sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib. İstədik ki, ömrünün 60-cı ilində onun sənət və həyat yolu ilə bağlı özü danışsın, bu gün mədəni həyatımızda baş verənlərə münasibətini bildirsin.
Rafiq müəllim söhbətimizə düşmən tapdağı altında qalan doğulduğu Cəbrayılın həsrətindən başladı:
– Torpaq, yurd itkisi sənətkar üçün daha ağrılı, daha əzablı olur. Cəbrayılın işğalı ömrümün ən ağrılı anlarıdır. Uşaqlığımın, gəncliyimin keçdiyi, bütün ruhumla bağlı olduğum, hər qayası, hər daşı xatirimdə iz buraxmış, dağlarında qartallar yuva quran, çaylarının şırıltısı beşik nəğməm olan bir diyara həsrət qalmışam. Cəbrayıl rayonunun Quycaq kəndində doğulmuşam. Bu gün o yerləri xatırladıqca, qəlbimdəki həsrət dolu kövrək hisslər məni rahat buraxmır. Bu hisslərim həsrət yüklü sənət əsərlərinə çevrilir. Hər dəfə bu mövzuya qayıdanda ömrümün Cəbrayıllı günlərini yenidən yaşayır və bütün ağrılarımı yaratdığım əsərlərdə ifadə etməyə çalışıram. Həyatda ən böyük arzum bizə boylanan o dağlara ayaq basmaqdır.
Deyir ki, əsərlərimin əksəriyətini Azərbaycana, azərbaycanlılara həsr etmişəm. Çalışmışam ki, əsərimin rəngləri də, pafosu da Vətənimizin ruhu ilə həmahəng olsun.
Rafiq Quliyevin sənət dünyası olduqca rəngarəngdir. Burada rəssam təxəyyülünün elə möcüzələri yaşayır ki, onların açması bəzən sənətşünaslar üçün də sirr olaraq qalır. O nə istəyir, onun qəhrəmanları olan insanlar hansı hiss və duyğularla yaşayırlar? Baxın, müəllif özü nə yazır: "Gözəlliyə, təsviri sənət aləminə düşmək Allah dərgahına düşmək kimi bir möcüzədir".
Mən həmişə rəssamlığı ilahi vergi hesab etmişəm. O, yeganə sənətdir ki, rəssam öz əsərini tamaşaçı ilə heç bir vasitə olmadan üz-üzə qoyur. Və bu anda qarşındakı əsər sənə hər şeyi deyir. Rəssamlıq nə musiqi deyil, nə də kino. Onun ifaçısı, yaxud şərikli müəllifi olmur.
Rafiq Quliyevin əsərlərinə tamaşa etdikcə hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. O, ətrafındakı hər şeyə rəssam gözü ilə baxır və ən yaxşı olanları hafizəsində yaşadır, sonradan onlar yeni-yeni əsərlərə çevrilir. "İçərişəhər", "İçərişəhər işıqları" əsərləri də belə müşahidələrin nəticəsində yaranmışdır.
Rəssamın əsərlərində Azərbaycanımıza, onun gələcəyinin möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən ulu öndərə böyük məhəbbət hissi var. 2000-ci ildən başlayaraq, onun yaradıcılığında ulu öndər Heydər Əliyevlə bağlı əsərlər xüsusi yer tutmağa başlamışdır. Rafiq Quliyev indiyə qədər ulu öndərin 15-ə qədər büst və heykəlinin müəllifi, 40-dan çox muzeyin, xatirə kompleksinin layihəçisi olmuşdur. Rafiq müəllim deyir ki, ümummilli liderə həsr etdiyi əsərlər bu böyük insanın halal haqqıdır. Məhz onun böyük qayğısı sayəsində Azərbaycanda rəssamlıq sənəti inkişaf tapdı və bugünkü səviyyəyə yüksələ bildi.
Rafiq müəllim ulu öndərin siyasətini davamlı olaraq həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyevin də bu sənətə qayğısından ürək dolusu danışır. Deyir ki, Azərbaycan incəsənəti, mədəniyyəti son illər çox sürətlə inkişaf etməkdədir. Bu isə, söz yox ki, cənab İlham Əliyevin, ölkənin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ilə bilavasitə bağlıdır. O, Prezidentimizin bu sözlərini xatırlayır: "Azərbaycan incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, dərin köklərə əsaslanır. Milli rəssamlığımızın son illər ərzində xeyli güclənməsi ona böyük beynəlxalq şöhrət qazandırmışdır. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir".
Yaradıcılıqla bərabər sənət haqqında araşdırmaları da maraq doğuran rəssam hazırda Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzində elmi araşdırmalar şöbəsinə rəhbərlik edir. Mərkəzin təşkil etdiyi konfransların, seminarların əksəriyyətinin təşkilatçılarından olmuşdur. Deyir ki, son vaxtlar çalışdığı mərkəzin fəaliyyəti əsaslı şəkildə yenidən qurulub. Mərkəzin keçirdiyi tədbirlər xalqın mənəvi sərvətlərinin ortaya çıxarılmasında olduqca əhəmiyyətli rol oynayır.
İş stolumun üstündə Rafiq müəllimin "Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət" adlı tədqiqat əsəri var. Bu kitab haqqında dövri mətbuatda, saytlarda dəfələrlə yazılıb, onun müasir sənətşünaslığa böyük töhfə olduğu bildirilib. Əsildə bu, onun ilk kitabı deyil. Rəssamın "Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə", "Təsviri sənətdə insan dünyası" əsərləri təsviri sənətimizə əsl sənətşünas baxışıdır. Tanınmış sənətşünas Ziyadxan Əliyev onun haqqında 2006-cı ildə "Rafiq Quliyev" adlı monoqrafiya da yazmışdır.
Rafiq müəllim deyir ki, o, hər şeydən əvvəl rəssamdır. Yaradıcılıq üçün geniş imkanlar açıldığı bir dövrdə ölkəmizdə gedən quruculuq işlərini, gözəlləşən Azərbaycanımızı öz əsərlərində tərənnüm etməkdən həzz alır. Və bir də Rafiq müəllimin sənətində ağrılı Qarabağ mövzusu qırmızı xətt kimi keçir. Bir vaxtlar böyük zəhmətlə Quycaq kəndində həmkəndlisi, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirəsinə həsr etdiyi kompleksin və onun büstünün taleyindən çox narahatdır. "İndi yəqin düşmənlərimiz bu kompleksi darmadağın etmiş, büstü isə Allah bilir haraya tullamışlar" – deyir. Amma o, inanır ki, gec-tez bu torpaqları azad edəcək, Vətən torpağında daha əzəmətli heykəllər, xiyabanlar yaradacağıq.
Beynəlxalq müsabiqələrin qalibi Rafiq Quliyev artıq sənətdə öz sözünü demiş, Azərbaycan rəssamlığında xüsusi mövqeyi olan bir sənətçidir. Onun əsərləri xalqımızın mənəvi sərvətidir. Neçə-neçə nəsillər bu əsərlərə tamaşa etdikcə, Azərbaycanın, onun qurub-yaradan insanlarının istedadla yaradılmış obrazları ilə üzləşəcək.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 8
oktyabr.- S.6.