Əbədiyyətə qovuşan
nəğməkar
Bu günlərdə Bakıda dünya
şöhrətli müğənni, SSRİ Xalq
artisti, Dövlət mükafatları
laureatı, Sosialist Əməyi Qəhrəmanı
Rəşid Behbudovun adını
daşıyan küçədə unudulmaz
sənətkarın əzəmətli abidəsinin
açılışı dövlətimizin milli-mənəvi
dəyərlərimizə verdiyi yüksək qiymətin növbəti
təzahürü və korifey sənətkarın
ölməzliyinin bir daha
təsdiqi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın mərasimdə iştirakı, dövlət başçısının Rəşid Behbudov barədə söylədiyi dəyərli fikirlər bu mədəni hadisəyə hədsiz təntənə gətirdi. Böyük nəğməkar Rəşid Behbudovun adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında onun sənətinə və şəxsiyyətinə layiq heykəlin qoyulması rəşidsevərlərin qəlbində hədsiz minnətdarlıq duyğuları yaratdı.
Açılış mərasimində dövlət başçısının söylədiyi qiymətli sözlər Rəşid Behbudov irsinin həqiqi dəyərini bir daha xalqımıza xatırlatdı:"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib".
Dünya şöhrətli müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə İrəvanda caz orkestrində solistliyə başlayır. 1930-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.
1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.
Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov Azərbaycan xalq mahnılarının və bəstəkarların vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır. Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat etmişdir.
Bir jurnalist kimi xoşbəxtəm ki, Rəşidlə bir əsrdə yaşamışam, Rəşidlə üzbəüz oturub nəğmələri qədər şirin sözünə-söhbətinə qulaq asıb lentə almışam. Hətta fürsət tapıb dəfələrlə televiziya verilişləri üçün onunla görüşmüşəm də. Ölümündən azca əvvəl radio üçün lentə aldığım 4 saatlıq çıxışı bu günə qədər neçə-neçə verilişə, neçə-neçə məqaləyə çevrilib. Nəhayət, "Sənətin keçdiyi yollar" kitabına da daxil edilib. Aztelefilmin yaradıcı qrupu böyük müğənninin anadan olmasının 100 illiyi münasibətilə sənədli film çəkib.
İllər keçəndən sonra Rəşid Behbudovla son müsahibəmin epizpodları yada düşür: "Azərbaycan xalqı çox böyük xalqdır. İlahi! Onun elə gözəl mahnıları var ki, min ildən bəridir unudulmur, yaşıyır, milyon il də keçsə yaşayacaq, unudulmayacaq. Azərbaycan xalqı bu inciləri bizə etibar edibsə, biz də gərək onun qədrini bilək, göz bəbəyimiz kimi, balamız kimi qoruyaq. Heç kəsin haqqı yoxdur ki, o mahnıları oxuyanda ağız-burunlarını əysinlər. Bir də təkrar edirəm. Azərbaycan xalqının mahnıları dünyanı valeh edir. Yarım əsrdən çoxdur ki, mən Azərbaycan xalq mahnılarını, bəstəkar mahnılarını tərənnüm edirəm. Bu mahnıları gərək getdiyin ölkələrdə elə çatdırasan ki, hamının yaddaşında qalsın."
Rəşid Behbudov üçün yüksək səhnə mədəniyyəti, zəngin repertuarla yanaşı, ilk növbədə, mükəmməl ifa önəmli idi. O, həmişə bu hədəfə doğru can atardı. Dünya ölkələrinin mahnılarına münasibətdə də, bu yolu seçərdi. O, 60-dan çox ölkənin mahnısını repertuarına daxil etmişdi. Müğənni səfərə çıxanda, sanki, öz-özünə imtahan verirdi. Gecəli-gündüzlü gedəcəyi yerin ab-havasını öyrənirdi, dilini araşdırırdı, seçdiyi bir çox mahnıların tərcüməsi ilə məşğul olurdu. Ən başlıcası səsinə düşən, səsinə uyğun olan, ruhuna yatan mahnılara müraciət edirdi. Eləcə də seçdiyi mahnıları o xalqların dilində hazırlayırdı. Əbəs deyil ki, harada olursa olsun, o, oxuyanda çoxlarını təəccüb bürüyürdü. Xarici ölkələrin böyük səhnələrində hamı ona qarışıb həmin mahnını xorla oxuyurdu.
Ən çox
İran və Hindistandan səfərlərindən
danışardı. Hindistanın kino ulduzları Rac Kapurdan, Nərgizdən
yaxın sənət dostları kimi söz açardı.
Müsahibə aldığımız
zaman qarşısındakı
Hindistanın simvolu olan fil heykəlini
göstərib dedi:
"Bu ölkəyə doqquz
dəfə səfər
etmişəm. Böyük stadionları
var, oxuyanda iynə atsan yerə düşməzdi.
Xüsusilə onların dilində
oxuduğum nəğmələr
sürəkli alqışlarla
qarşılanırdı. Elə tədbirləri gərək
gözlə görəsən."
El arasında müğənninin
İran səfəri ilə bağlı xoş xatirələr də yaşamaqdadır. Həmvətənləri
müğənninin çıxışlarından
doymadıqları, üçün
necə olursa olsun, çalışırdılar
ki, unudulmaz bir an yaşasınlar.
Ona görə də qərara gəliblər ki, Rəşid Behbudovun konsert verdiyi əyalətdəki
böyük kinoteatrlardan
birinə onun adını versinlər.
Bu xəbər hamının ürəyindən
olmuşdur. Uzun müddət
"Rəşid teatrı"
deyə o ünvana baş çəkənlər,
sanki, ziyarətgaha gedirdilər. Sağlığında belə hadisələrlə
üzləşən dahilər
az-az olur.
Muğamlarımıza münasibətlə
bağlı söhbət
salanda narahatlığını
gizlədə bilmirdi:
"Çoxları elə
bilir ki, Rəşid Behbudov məşhur müğənni
Məcidin tərbiyəsində
böyüsə də,
ömründə bir dəfə də olsun muğam oxumayıb. O belə sözləri eşidəndə
çox sərt şəkildə deyirdi ki, bu tamam
yalan fikirdir, bütün xalq mahnıları, bəstəkar
mahnıları, ariyalar
hamısı muğamdan
güc almırmı?
İstərdim ki, muğamlarımız
böyük-böyük əsərlərə
çevrilsin. Fikrətin simfonik
əsərləri kimi
və digər bəstəkarların bu sahədəki nümunələri
kimi. Mən həm də
istəyirəm ki, bizim muğamlarımız,
xalq mahnılarımız
nota salınsın."
Doğrudur, bu barədə o bəzi uğurlarımızı
da sadalayırdı. Amma fikri
bu idi ki,
nəticə qənaətbəxş
deyil. İfaçılardan da narazı
qaldığını bildirirdi.
Muğamı düzgün oxumayanlar,
onun sözlərini təhrif edənlər barədə konkret nümunələr də göstərirdi. Elə bu
yerdə adamın ürəyindən keçir
ki, kaş sənətkar sağ olaydı. Bizim günlərdə muğamlarımızın uğurlarını
görüb sevinərdi.
Dünyanın mədəni irsi
sırasında özünü
doğruldan muğamlarımız,
paytaxtımızda yaranan
Muğam Mərkəzi,
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə keçirilən
muğam müsabiqələri
onun görmək istədiyi arzular idi.
Ruhun şad olsun, ölməz müğənnimiz!
Telman Qarayev,
Əməkdar jurnalist
Xalq qəzeti.- 2016.- 9 oktyabr.- S.7.