Zaqatala: mədəniyyət və turizmin
keçdiyi yol uğurlarla zəngindir
Zaqatalanın çox gözəl təbiəti vardır,
görməli yerləri, tarixi və qədim
memarlıq abidələri çoxdur. Mən çox
istəyirəm ki, Azərbaycan vətəndaşları
bunu görsünlər və ilk növbədə, daxili
turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər
də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər
gözəl işlər gedir və necə
səfalı, gözəl yerlər vardır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın öz dövlət müəstəqilliyini bərpa etməsinin 25 illiyi tamam olur. Müstəqillik illərində ölkəmiz bütün sahələrdə tarixi inkişaf yolu keçmişdir. Mədəniyyət və turizm sahəsi də bu inkişafa öz töhfələrini vermişdir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyi yaradılmış, rayonlardakı Mədəniyyət şöbələri Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mədəniyyət və Turizm şöbələri şəklində fəaliyyətlərini davam etdirməyə başlamışdır.
Bizim nazirliyin yaradılmasından artıq 10 ildən çox vaxt keçir. Bu bir faktdır ki, yeni əsrin ilk illəri ölkəmizin mədəniyyət və turizm sahələrində yeni mərhələyə keçid dövrü olmuşdur. Həmin illərdən etibarən mədəniyyət və turizm sahəsi ölkə rəhbərinin daimi diqqət və qayğısı sayəsində ahəngdar inkişaf yolu ilə fərqlənməyə başlamışdır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi mədəni irsimizin dünyada tanıdılmasına yeni uğurlar açmışdır. Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların birgə əməkdaşlığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, muğam sənəti, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, tar ifaçılığı, çövkən milli oyunu, kələğayı simvolizmi, Lahıc misgərlik sənəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır.
Azərbaycan Prezidentinin mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri də bölgələrdə ən yüksək standartlar səviyyəsində mədəniyyət ocaqlarının yaradılması, ölkənin mədəni həyatında onların fəal iştirakı olub. Son 10 ildə Azərbaycanın mədəni-turizm dəyərləri ilə seçilən, multikulturalizm və tolerantlığın nümunəsi sayılan Zaqatalada Rayon İcra Hakimiyyəti mədəniyyət və turizmin inkişafını daim diqqətdə saxlamışdır. 2006-cı ildən Mədəniyyət və Turizm Şöbəsi kimi fəaliyyətini davam etdirən müəssisənin tabeliyində olan mədəniyyət mərkəzi – 4 folklor evi, 3 folklor klubu, 2 diyarşünaslıq evi, 3 diyarşünaslıq klubu, 3 sənətkarlıq evi, 3 sənətkarlıq klubu, 18 mədəniyyət evi, 21 klub, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Tarix -mədəniyyət qoruğu, Heydər parkı, Dövlət Rəsm Qalereyası, Uşaq İncəsənət Məktəbi, Mərkəzləşdirilmiş Kitabxanalar sistemi – 54 kitabxana əhaliyə mədəni xidmət göstərir.
Rayon ərazisində çoxsaylı tarixi və mədəniyyət abidələri var. Bu gün Zaqatalada Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, Dövlət tərəfindən qorunan 108 abidə qeydə alınmışdır. "Pəri qala"sı, "Armatay qala"sı, "Cingöz qala"sı "Şeytan qala"sı, "Zaqatala qala"sı, alban məbədləri, məscid və minarələr qədimliyi və unikallığı ilə seçilir.
10 ildə 7 dəfə bu bölgədə olan Prezident İlham Əliyev hər səfərində turizm infrastrukturunun gücləndirilməsi, mədəni səviyyənin daha da yüksəldilməsi üçün müxtəlif layihələrə dəstək vermiş, çox dəyərli fikirlər söyləmişdir: “Zaqatalanın çox gözəl təbiəti vardır, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər vardır”. Ölkə rəhbəri Olimpiya İdman Kompleksinin, Aeroportun, “Grata” otelinin, Mədəniyyət Mərkəzinin, Dədə Qorqud meydanının, Heydər Əliyev Mərkəzinin əvvəlki və yeni binaların, Heydər parkının, Zərifə Əliyeva Parkının açılışında olmuş, yenidənqurmadan sonra baxış keçirmişdir. Nəticə çox maraqlı və sevindiricidir. Belə ki, son 10 ildə rayonda 15 mədəniyyət müəssisəsi tikilmiş, 41 müəssisə əsaslı təmir edilmiş, 28 tarixi abidədə cari və əsaslı təmir işləri aparılmış, 14 xatirə kompleksi yaradılmışdır.
Car, Dardoqqaz, Gözbarax, Çımcımax, Qırğıllı və sair kəndlərdə yeni mədəniyyət müəssisələri tikilmiş, Danaçı, Maqov, Paşan, Sumaylı, Göyəm, Aşağı Tala, Yuxarı Tala, Kebeloba, Çobankol, Muxax, Qımır, Bazar, Zəyəm, Suvagil, Bəhmədli, Lahıc, Əliabad, Faldar, Mosul, Kəpənəkçi, Qandax, Muğanlı, Beretbinə, Uzuntala kəndlərində mədəniyyət müəssisələri əsaslı və cari təmir olunmuş, maddi-texniki bazanın gücləndirilməsi, kadr dəyişikliyi sayəsində uğurlu addımlar atılmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsi 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurası ilə birlikdə həyata keçirdiyi “Tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi”ndə iştirak etmiş və layihənin qalibi olmuşdur. RİHB-in təşəbbüsü ilə layihənin icrası istiqamətində bir çox işlər görülmüş, tarixi ərazidə yerləşən pilləkənlər təmir olunmuş, Dədə Qorqud meydanında, Heydər Əliyev prospektində yerləşən tarixi binaların dam örtüyü, fasad hissəsi dəyişdirilmiş, yerli – daş, taxta, kərpicdən istifadə edilərək tarixiliyi bərpa olunmuşdur. Bundan başqa, rayonda “Aleksandr Düma Qafqazda”, “Babaların zəfər yolu” turizm marşrutları üzrə müxtəlif tədbirlər təşkil olunmuşdur.
Multikulturalizm və tolerantlığın mərkəzlərindən sayılan Azərbaycanın mədəni zənginliyini şərtləndirən milli azlıq və etnik qrupların irsinin, adət- ənənələrinin qorunması məqsədilə 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş milli azlıqların incəsənət festivallarında avar, saxur və ingiloyların “Ceyranım”, “Lilay”, “Hudulki”, “Alazan” xalq və özfəaliyyət kollektivləri fəal iştirak etmiş, fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar. 2015-ci ildə Şəkidə keçirilən beynəlxalq “İpək yolu” festivalında hər üç xalqın nümayəndələrindən ibarət kollektivlər uğurla çıxış etmişlər. Mədəniyyət və Turizm Şöbəsi rayonda, respublikada və xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə fəal iştirak etmiş, bir çox ilklərə imza atmış, fəxri fərman, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 29 aprel 2015-ci il tarixli əmrinə əsasən, rayon mədəniyyət evinin əsasında Zaqatala Rayon Mədəniyyət Mərkəzi yaradılmışdır. Rayon Mədəniyyət Mərkəzi və filiallarında “Hudulki”, “Ceyranım” xalq folklor kollektivləri, “Lilay”, “Əliabadım”, “Alazan”, “Qızılgül”, “Sədəf” və digər 30-a yaxın rəqs qrupu, 20-yə yaxın ansambl, Xalq kəndirbazlar kollektivi, Xalq teatrı fəaliyyət göstərir. Xalq teatrı hazırladığı tamaşalarla gənclərin I və II ümumrespublika tear festivalında iştirak etmiş, müxtəlif əsərləri səhnəyə qoymuşdur.
Rayonda fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyi xarici və yerli qonaqların, turistlərin diqqətini cəlb edən yerlərdən biridir. Əsas fondunda 4722, köməkçi fondunda 6558 eksponat olan muzeyin ekspozisiya zalında bunlardan 1017-si nümayiş etdirilir. 2015-ci ildə Konya bölgə və Süleymaniyyə yazma əsərlər kitabxanalarında əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı təşkil edilmiş təlim kurslarında iştirak edən Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən artıq 50-dən çox kitab bərpa edilmişdir.
Dövlət Rəsm Qalereyasının binası 2012-ci ildə baş vermiş zəlzələdən zərər çəkdiyindən 2015-ci ildə Tarix-mədəniyyət qoruğu ərazisində tam təmir olunmuş, müasir inventar və avadanlıqlarla təmin edilən yeni binaya köçürülmüşdür. Qalereyada respublika və yerli rəssamların 127 əsəri saxlanılır və nümayiş etdirilir.
Rayonumuzun mədəniyyət ictimaiyyəti respublika əhəmiyyətli bütün tədbirlərdə böyük məsuliyyətlə iştirak edir. Məsələn, “Bakı - 2015” Avropa Oyunları məşəlinin qızılgüllər diyarına səfəri zamanı bütün mədəniyyət işçiləri səfərbər olunaraq rayonun müxtəlif yerlərində möhtəşəm konsert proqramları ilə çıxış etmişdilər. Yaxud, Mədəniyyət və Turizm Nazirliyinin Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində ötən il noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zaqatala mədəniyyət və incəsənət günləri” keçirilmiş, burada rayonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən sərgi nümayiş olunmuş, incəsənət ustalarının konserti baş tutmuşdur.
Son illər milli mədəniy-yətlərin inkişafı, tanıdılması, folklor nümunələrinin toplanılması, nəşri istiqamətində bir çox işlər görülmüşdür. AMEA-nın Folklor İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti ilə bir çox tədbirlər, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə zona müşavirələri keçirilmişdir. Həmin tədbirlərdə mədəniyyət işçilərinə və rayonun yaradıcı ziyalılarına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanlatrı təqdim olunmuşdur.
Əlbəttə, Zaqatalanın tarix-mədəniyyət abidələri, rayon əhalisinin yaşatdığı ənənələr, xüsusən, folklor nümunələrinin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlər bizim şöbənin uğurları üçün mühüm zəmin yaradır. Ancaq bütün bunlarla yanaşı, əməkdaşlarımızın səmərəli fəaliyyətinə daha böyük stimul verən başqa amillər də vardır. Belə ki, biz öz fəaliyyətimizdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qayğı və diqqətini daim hiss edirik. Təbii ki, onlara öz təşəkkürümüzü gündəlik fəaliyyətimizdəki məsuliyyət hissimizlə çatdırırıq.
Sonda, daha bir mühüm məqam. Möhtərəm Prezidentimiz
İlham Əliyev bizim
rayona səfəri zamanı gördükləri haqqında bu fikirləri söyləmişdir: “Bu gün
Zaqatalada gördüklərim
məni ürəkdən
sevindirir. Mən çox şadam
ki, rayon çox dinamik inkişaf edir və hər
şey burada yüksək səviyyədədir”.
Zümrüd AĞAKİŞİYEVA,
Zaqatala Rayon Mədəniyyət
və Turizm Şöbəsinin
müdiri
Xalq qəzeti.- 2016.-
11 oktyabr.- S.11.