Lənkəran – bölgənin mayak şəhəri

 

“Payız yağışlarının episentri” adlandırıla bilən Lənkəran Talış dağlarının ətəklərində, qocaman Xəzərin qızıl qumlu sahillərində boy göstərən möhtəşəm bir mayak-şəhərdir. Adının etimologiyası da elə haradasa “lövbər salınan yer” mənasını verir. Burada, sanki, gözəlliklər lövbər salıb. Qonaqlar bu mayak-şəhərin işığına hər zaman həvəslə gəlirlər.

 

Yeri gəlmişkən, Lənkəranın öz mayakı da var. 270 il əvvəl Lənkəran qalası ilə eyni vaxtda inşa edilib. “Qocamanmayak xeyli boy atmış şəhərin ümumi panoramında o qədər nəzərə çarpmasa da, tarixiliyi ilə qiymətlidir. 

Lənkəranda həm zamanın tələblərinə uyğun sosial  mühit yaratmaq, həm də qədimliyi, ilkinliyi qorumaq yerli rəhbərliyi daim qayğılandırır. Şəhər icra hakimiyyəti başçısı Taleh Qaraşov  fəaliyyətə başladığı ilk gündən mövcud problemlərin həllinə məhz həmin vəhdəti pozmamaq, yəni mühafizəkarlıq və çağdaşlıq balansını saxlamaq məramı ilə yanaşıb.  Bu məsələ optimal variantlarla həllini tapır.

Bölgəyə ötənilki səfərində

Prezident İlham Əliyev lənkəranlıların qurub-yaratmaq əzmini yüksək dəyərləndirib: “Lənkəranın inkişafı daim diqqət mərkəzindədir. Bu, son 11 il ərzində mənim Lənkərana 10-cu səfərimdir. Bu, özlüyündə göstərir ki, bu bölgəyə, bu şəhərə nə qədər diqqət göstərilir. Görəndə ki, belə gözəl, müasir abidələr yaradılıb sizin qədər mən də sevinirəm”.

Bu yaxınlarda  ilin doqquz ayının yekunlarına həsr olunmuş toplantıda da qazanılan uğurlar Lənkəranın inkişafına dövlət qayğısının  müsbət nəticələri kimi dəyərləndirilib. Qeyd edilib ki, möhtərəm Prezidenmiz İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yaranıb, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli investisiya layihələri icra olunub, yeni layihələrin icrasına başlanıb.

Burada vurğulamaq yerinə düşər ki, dövlət başçısının müvafiq sərəncamları ilə Lənkəranın inkişafına vəsaitlər ayrılması quruculuq işlərində güclü stimula çevrilir. Bu il avqustun 29-da imzalanmış növbəti sərəncamla 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə daha 900 min manat ayrılıb.                  

Tələbə dostum, 60 illik ömrünün yarıdan çoxunu jurnalistikaya və deməli, Lənkəranın tərənnümünə həsr edən Sərraf Talıb həm də gözəl şairdir. Bir az nasaz olduğunu eşidən kimi, onun görüşünə - doğulub böyüdüyüheç vaxt ayrılmadığı Şağlaser kəndinə tələsdim. Sərrafı gümrah gördüyümə sevindim. Çay süfrəsi arxasında söhbətimizdə Lənkəranın inkişafından da danışdıq. Dostum obrazlı şəkildə:

-Bura ölkəmizin subtropik paytaxtıdır, -dedi. -Lənkəranlıların bir əli elə doğma şəhərin üstündədir. Gözəllikləri durmadan cilalayır, artırırlar. Lənkəranın özəlliyi də elə bundadır. Qızılı payızın “tüğyanetdiyi bu günlərdə mənzərələr xüsusilə göz-könül sevindirir. Yurdumuz hər ilin bu mövsümündə al yanaqlı, əl-ayağı xınalı gözələ bənzəyir. Park və xiyabanlarının çiçəkli çəmənləri, yaradıb-quran əllərin sığalı ilə “gül açandaşlar, yağışda çimən ağacların mirvari sırğaları Lənkəranın özəl tablosunun əlvan çalarlarıdır. İndi lənkəranlı olması ilə hədsiz dərəcədə fəxr etməyən bir nəfər belə yerli sakin tapa bilməzsən. Mənim əməkdaşı olduğum “Yaşıl çay” jurnalının hər nömrəsində bu gözəlliklərə böyük məhəbbətlə xüsusi səhifələr ayrılır. Lənkəranın abadlığını, səliqə-sahmanını gündəlik nəzarətində saxlayan yerli rəhbərliyə və onun gözəlliklərinə rəng qatanlara min əhsən!..

Şəhər icra hakimiyyətindən aldığım arayışda qeyd olunanlar jurnalist dostumun söylədiklərinin konkret rəqəmlərdə təsdiqi idi. Öncə abadlıq tədbirləri ilə maraqlandım. Öyrəndim ki, ilin əvvəlindən Lənkəran şəhərinin küçələrində və magistral yollar boyunca 41 min kvadratmetr hasar və səki daşı rənglənib, küçə və səkilərə 4500 kvadratmetr tamet döşənib, 100-dən artıq   yeni müasir küçə işıqlandırıcıları quraşdırılıb, 11000 ağac, 28000 gül kolu əkilib. Çoxmərtəbəli yaşayış binalarının 26-nın dam örtüyü əsaslı təmir olunub, 7-nin fasadı rənglənib. Şəhərin prospekt və küçələrinə ümumilikdə uzunluğu 14 min 961 metr, sahəsi 134 min 891 kvadratmetr asfalt çəkilib. Eyni zamanda, Liman şəhərində 540 metr, Şilavar-Digah kəndlərarası 2450 metr uzunluğunda asfalt işi görülüb. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometrlik hissəsində cari və əsaslı təmir işləri aparılaraq yenidən asfaltlanıb. Lənkəranı gəzmək və bütün bunların canlı şahidi olmaq ayrı bir zövqdür. Bu diyarın payızda, doğrudan da, “al yanaqlı, xınalı gözəl”dir ki, var.

Hər dəfəsində Lənkəran vurğunlarının sayı çoxalır. İyun ayında Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən paytaxta” adlı layihənin Lənkəran şəhərinə həsr olunmuş təqdimatı son dərəcə maraqlı keçib. Rayonun zəngin mədəni irsi, adət-ənənələri, folkloru, mətbəx nümunələri, dekorativ tətbiqi sənət ustalarının əl işləri, bölgənin turizm imkanları ilə paytaxt seyrçiləri yaxından tanış olublar.

Bir neçə ay öncə “Euronews” beynəlxalq telekanalının əməkdaşları Lənkərana səfər edərək buranın əsrarəngiz təbiətini, çay plantasiyalarını lentə alıblar. Çəkilmiş süjet Azərbaycanın vizit kartı kimi təqdim olunub. Efirdən dərhal sonra RusiyadanAvropa ölkələrindən olan çoxsaylı turistlər Lənkəranla daha sıx şəkildə maraqlanıblar.

Lənkərana səfərə gələn İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dan Stav rayonla yaxından tanış olub və gördüklərindən heyranlığını gizlətməyib. İcra hakimiyyətində görüş zamanı şəhərin rəhbəri Taleh Qaraşov səfirə böyük həvəslə Lənkəran haqqında məlumat verib. Qonağa Lənkəran xalçası və yerli istehsaldan olan ətirli çay hədiyyə edilib. İsrail səfirindən bir qədər əvvəl Macarıstan səfiri də Lənkəranda olubburadan zəngin təəssüratla qayıdıb.

Sentyabrın 27-də, Dünya Turizm Günündə  yerli Turizm İnformasiya Mərkəzinin çəkdirdiyi “Lənkəranı fərqli kəşf edək” videoçarxının nümayişini də seyrçilər hamılıqla birmənalı bəyəniblər. Bu videoçarx da doğma yurdun gözəlliklərinə heç də biganə qalmayan lənkəranlıların özünəməxsus sevgi etirafıdır.

Fərəhli haldır ki, ölkəmizin hüdudlarından kənarda yaşayan lənkəranlılar da rus şairi Nikolay Tixonovun “cənub mirvarisi” adlandırdığı sevimli şəhərin inkişafına töhfələr verməkdən qürur duyurlar. Bu yaxınlarda Velədi kəndinin ərazisində, Bakı-Astara magistral yolunun kənarında Qazaxıstan Respublikasının vətəndaşı olan soydaşımız Şahverdi Babayevin maliyyə dəstəyi ilə “MandarinUşaq Əyləncə Mərkəzinin yaradılması buna misal ola bilər. Ş.Babayev Lənkəranı 35 il əvvəl tərk etsə də, qəlbi daim doğma diyarla döyünür. Ötən il o, qardaş ölkədə diaspor fəaliyyətinə görə Prezident

Nursultan Nazarbayev tərəfindən “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi” medalı ilə təltif olunub, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Orijinal adı olan üçmərtəbəli yaraşıqlı məkana gələn balacalar fitobar, boulinq oyun zalı, 7D sinema kino salonu və kafedə həvəslə əylənirlər. Mərkəzdə gün ərzində 1500 uşaq dincələ bilər. 

Lənkəranın iqtisadi durumu da ürəkaçandır. İlin əvvəlindən rayonda ümumi məhsul buraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil edib. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsal həcmi 52,2 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 76,2 faiz təşkil edib. Bu il rayonda ümumilikdə 2058 yeni yeri açılıb ki, bunun da 1610-u daimi xarakterlidir.

Fermerlər, aqrar sahədə çalışan sahibkarlar, mütəxəssislər də rayonun inkişafında maraqlıdırlar. Onlar əkin sahələrini genişləndirir, məhsul bolluğuna nail olmağa çalışırlar. Çəltik və sitrus sahələri, çay plantasiyaları, tərəvəzçilik,  kartofçuluq, meyvəçilik, tinglik təsərrüfatları genişlənir. Lənkəranda ixtisaslaşdırılmış “Yaşıl Marketin yaradılması məqsədilə Göyşaban kəndi ərazisində torpaq sahəsinin ayrılacaq. İxrac tutumlu sahələrin inkişafı gündəmdədir. Çəltikçilikdə texnika parkının yaradılması qarşıda duran vəzifələrdəndir. Yerli istehsalın artırılması ilk növbədə əhalinin məşğulluğunun yüksəldilməsini təmin edir. Uğurlu perspektivlər yaranıb. Bu il Lənkəranın aqrar sahə istehsalçılarına 126 min 448 manat subsidiya veriləcək.Rayonda heyvandarlıq məhsullarının istehsalında da artım var. İribuynuzlu mal-qaranın sayı 53 min 641 başa, xırda buynuzluların sayı isə 22 min 243  başa  çatıb.

Qarşıdan qış gəlir. Bəs Lənkəranda soyuq mövsümə hazırlıq necə gedir? Öyrəndik ki, bu işlər xüsusi tədbirlər planına uyğun aparılır. Əhalinin normal işıqla təchiz olunması, şəhərin içməli sukanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Təbii qaz təchizatında   nəzərəçarpan irəliləyiş var. Artıq Ləj və Qumbaşı  kəndlərinə də mavi yanacaq verilib, Haftoni kəndində isə quraşdırma işləri başa çatdırılır. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 yaşayış məntəqəsindən 66-sı təbii qaz alır. Qazlaşdırma ümumi abonentlərin 88,6 faizini əhatə edir...

Hazırda mayak-şəhər özünün ən vüsətli çağlarını yaşayır. Bu isə bütün lənkəranlıların   ürəyincədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2016.- 22 oktyabr.- S.6.