Xınalı barmaqların
“Xınalıq” yadigarları
Maral Rəhmanzadə
– 100
Onunla ömrünün lap ahıl yaşlarında, rəssamların
binasında, beşinci mərtəbədəki mənzilində
görüşmüşdüm. Tənha yaşayırdı,
qapını da üzümə özü
açmışdı. Söhbətimiz uzun çəkdi.
Maral xanım gəncliyindən,
Moskvada Səttar Bəhlulzadə
ilə birgə təhsil
aldığı illərdən, Xınalığın
atqalxmaz yollarında çəkdiyi əziyyətli günlərindən
danışdı. Danışdıqca da kövrəlirdi, deyirdi ki, indi o taqətim yoxdu,
amma dağlara bir də
qalxmağı elə istərdim ki...
Dağların rəngləri onun qəlbini oxşayırdı, Xınalığın rəng çalarları rəssama yeni mövzular verirdi. Aylarla bu çılpaq dağlarda öz əsərlərini yaradırdı. Doğulduğu Bakının qumlu dəniz sahilləri ilə Şahdağın qarlı zirvələrinə ucalan yamaclarda hansısa oxşar paralellər axtarırdı. Hər ikisinin sərt təbiəti onun fırçasından çıxan əsərlərdə elə təbii görsənirdi ki, tamaşaçılar istər-istəməz bu lövhələrə böyük həvəslə baxırdılar.
Maral xanım tərcümeyi-halından da geniş
söhbət açmışdı. Demişdi ki, 1916-cı ildə anadan olub. 1930-1933-cü
illərdə Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda oxumuş, 1934-1940-cı illərdə Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini
davam etdirmişdir. İnstitutu bitirdikdən sonra onu Moskvanın bədii ədəbiyyat
nəşriyyatlarından birinə kitab illüstratoru təyin
etdilər, amma Maral gözlənilmədən uğurla
başladığı karyerasını yarımçıq
qoymaq qərarını verib, Bakıya qayıtdı. Bundan az
sonra Böyük Vətən müharibəsi başladı və
gənc rəssam istedadının bütün
gücünü hərbi vətənpərvərlik
mövzularına həsr etdi.
Maral Rəhmanzadə
professional rəssamlıq təhsili almış ilk azərbaycanlı
qadın idi. O, danışırdı ki, mən qadın
mövzusuna həmişə məsuliyyətlə
yanaşmışam. Bu mövzunu mənə ətrafımda olan qadınlar diktə edirdi. Onun Azərbaycan
qadınlarına həsr edilmiş ilk diplom işi Surikov məktəbinin
rektoru, məşhur rəssam və sənətşünas
İqor Qrabar tərəfindən hələ o vaxt yüksək
qiymətləndirilib. Qadın gözəlliyi, zərifliyi,
istedadı, əzəməti bu rəsmlərin başlıca
qayəsini təşkil edir. Maral xanım Rəhmanzadə Azərbaycan
təsviri incəsənətinin elə bir simasıdır ki,
o, hər zaman ətrafa işıq saçıb, hər kəsi
öz cazibəsində saxlamağı bacarıb. "Cəbhə
rəfiqələri", "Qadın ansamblının
çıxışı", "Haqsızlıq",
"Köləlik simvolu" kimi əsərləri bu qəbildəndir.
Xalq rəssamı
Maral Rəhmanzadə Azərbaycanın müxtəlif dilbər
guşələrində, səfalı yerlərində tez-tez
ezamiyyətlərdə olurdu. O, keçilməz dərələri
və qayalıqları mətanətlə aşaraq, təbiətin
ecazkar gözəlliklərini yorulmadan müşahidə etməklə
sənətin tərcüməyə ehtiyacı olmayan dili ilə
bəşər övladına çatdırırdı.
Onun məşhur
dağ kəndi Xınalığa həsr edilmiş işlərini,
ümumilikdə isə yaratdığı bu seriyanı rəssamın
yaradıcılığının incisi hesab etmək olar.
Xınalıq kəndinin özünəməxsus
fakturasını, təbii xüsusiyyətlərini, adət-ənənələrini,
etnoqrafiyasını yüksək məharətlə və
xüsusi zövqlə təsvir edib. Rəssamın
Xınalıq seriyasından "Xonça aparırlar"
(1964) adlı əsərində dağların zirvəsində
salınmış Xınalıq kəndinin tikililəri fonunda
bir dəstə milli geyimli qız-gəlini xonçalarla təsvir
edib. Əsərin bədii ifadə və emosional təsir
yükü çox qüvvətlidir. Bunu obrazların lirik,
axıcı siluetləri daha da artırır. Bu xüsusiyyətləri
"Dağların başında" (1964) , "Dağ kəndi
Xınalıq. Atlılar" (1964) və s. əsərlərinə
də şamil etmək olar.
Maral Rəhmanzadə
müasir milli rəngkarlıq məktəbinin
inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır.
O, təsviri sənətimizin zəngin ənənələrini
davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində
səmərəli fəaliyyət göstərmiş, mənaca
dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq,
Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr
vermişdir. Mahir fırça ustasının müxtəlif
mövzularda əsərləri mədəniyyət tariximizə
boyakarlığın qiymətli nümunələri kimi daxil
olmuşdur.
Rəssam qrafika sahəsində xüsusilə
məhsuldar çalışmışdır. Onun
yaratdığı silsilələrdə Azərbaycanın
füsunkar təbiəti dərin emosionallıq və
böyük ustalıqla tərənnüm edilmişdir. Kitab
qrafikası sahəsində klassiklərimizdən Nizami Gəncəvinin,
Şah İsmayıl Xətainin və Məhəmməd
Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və
çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin
məzmun və qayəsinin obrazlı
çatdırılmasında əhəmiyyətli vasitə
olmuşdur.
Bu böyük fırça
ustasının Vətənimizin ayrı-ayrı guşələrinin,
o cümlədən Naxçıvanın, Lənkəranın,
Şamaxı və Qubanın qədim tarix və təbiət
abidələrini, əsrarəngiz mənzərələrini əks
etdirən milli koloritli əsərləri qrafik elementlərin
lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək
müəllifinə rəğbət
qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini
sevməyə və qorumağa çağıran həmin əsərlər
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynamışdır.
Onun
portret janrında yüksək sənətkarlıq nümunəsi
sayılan əsərləri isə son dərəcə
özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.
Maral Rəhmanzadə
bir sıra xarici ölkələrin həyatından eskizlər
çəkmiş, silsilə qravüralar
yaratmışdır. Bununla yanaşı, rəssamın əl
işləri London, Moskva, Nyu-York, Paris, Tokio və
dünyanın digər şəhərlərinin
tanınmış muzeylərində, rəsm qalereyalarında
və mötəbər sərgi salonlarında uğurla
nümayiş etdirilməklə Azərbaycan
boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirmişdir.
Onun xarici ölkələrdə dəfələrlə təşkil
olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə
xidmət etmişdir.
Maral
xanım milli təsviri sənətin
inkişafındakı böyük xidmətlərinə
görə bir çox orden və medalla təltif edilmiş,
müstəqil respublikamızın ali mükafatlarından olan
"Şöhrət" ordeninə layiq
görülmüşdür.
Müasir
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi,
Xalq rəssamı, respublika Dövlət mükafatı
laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Maral Yusif qızı Rəhmanzadə 2008-ci il martın 16-da
ömrünün 92-ci ilində vəfat etmişdir. Onun
işıqlı xatirəsi də
əsərləri kimi xalqımızın yaddaşında əbədi
yaşayacaqdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 23
oktyabr.- S.6.