Müasir ədəbiyyatımız

haqqında yeni kitab

 

Filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” (“Bağımsızlık dönemi Azerbaycan edebiyyatı”) kitabı türk dilində nəşr olunmuşdur. Bu, görkəmli türkoloq alimin TÜRKSOY kitabxanası seriyasından çap olunan 28-ci kitabıdır. Bu seriyaya onun müxtəlif türk xalqlarının dillərindən çevirərək Azərbaycan oxucusuna təqdim etdiyi əsərlər və özünün bir sıra türkoloji araşdırmaları daxildir.

Bu kitablar içərisində ümumtürk mədəniyyətinin qızıl fonduna daxil olan Mahmud KaşğarininDivanü Lüğat-it- Türk”, Yusif Hacib BalasaqunlununQutatğu-bilig”, Mahamməd Baburun  “Baburnamə”, Məhtimqulu Fəraqinin “Seçilmiş əsərləri”, Abdulla Tukayın ­“Seçilmiş əsərləri”, Faruk Sümərin “Oğuzlar”, Bahaəddin ÖgəlinTürk mifologiyası” kitabları kimi çox dəyərli örnəklər vardır.

Bu dəfə isə R.Əskər qardaş türk xalqlarının oxucularını Azərbaycan ədəbiyyatının müstəqillik dövründə qazandığı uğurlarla tanış etmək üçün  bu kitabı Türkiyə türkcəsində yazmışdır.

Monoqrafiyada müəllif bu dövr ədəbiyyatının yaradıcılıq məsələləri ilə yanaşı, həmin ərəfədə və müstəqillik qazanıldıqdan sonrakı mərhələdə ölkəmizin sosial-siyasi  mənzərəsi və ictimai həyatda ədəbi proseslərin rolunu da müfəssəl şəkildə şərh etmiş, ən yeni dövr Azərbaycan ədəbiyyatının əsas səciyyəvi xüsusiyyətlərini açıb göstərməyə müvəffəq olmuşdur. Birbaşa ədəbiyyat problemlərinin araşdırılmasına  keçməzdən əvvəl bu ədəbiyyatın yaranma şəraitini, əsərlərdə ifadə olunmuş ideyaların kökünü aydınlaşdırmaq üçün R.Əskər monoqrafiyanın əvvəlində  “80-ci illərin siyasi şəraiti”, “Azərbaycan ədəbiyyatı və sosialist realizmi”, “Azərbaycan xalqının  milli, mənəvi və sosial  inkişafı uğrunda ədəbiyyatın mübarizəsi” kimi bölmələrə yer vermişdir.

Burada müəllif haqlı olaraq yazır: “20-ci yüzildə ədəbiyyat başda ana dilimiz, mədəniyyətimiz, mənəvi varlığımız olmaqla, xalqımızı assimilyasiyadan və yabançı təsirlərdən qoruyaraq milli zəmində bəsləmiş, yeni ruhyeni mənəvi qida vermiş, ən önəmlisi, müstəqillik eşqi aşılamış, sonunda azadlığa qovuşmasına yardım etmişdir.”

Kitabın əsas hissəsi 20-ci yüzilin 90-cı illərində və 21-ci əsrin  ilk onilliklərində Azərbaycan ədəbiyyatında poeziya, nəsr, dramaturgiya kimi ədəbi sahələrin və ədəbiyyatşünaslıq elminin inkişafı, yeni mövzuideyalarla zənginləşməsi, yeni ədəbi  nəsillərə və cərəyanlara   məxsus sənətkarların yaradıcılıq uğurları barədə məlumat verir, ədəbi əsərləri müstəqillik dövrünün yeni meyarları mövqeyindən dəyərləndirir. Qeyd etmək lazımdır ki, müəllif monoqrafiyanın hər bölümünə uyğun, orada bəhs olunan məsələnin mahiyyətini dolğunluqla əhatə edən ədəbiyyat siyahısı vermişdir.

Kitab AMEA-nın Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap edilib. Kitabın elmi redaktoru, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanovdur. Kitaba Türkiyənin tanınmış ədəbiyyatşunası, doktor Yusuf Gədikli ön söz yazmışdır. Sonda onu da əlavə edək ki, R.Əskər 2016-cı ildə TÜRKSOY kitabxanası seriyasından daha iki kitabı – “ Qız Cibək” qazax məhəbbət dastanı və iyirmi dildə yazılmış min beş yüzdən çox mənbəni əhatə edən “Qutatğu bilig” biblioqrafiyasını oxuculara təqdim edib.

İlham ABBASOV

 

Xalq qəzeti.- 2016.- 23 oktyabr.-S.7.