Göyçənin dünənini və bugününü
əbədiləşdirən
qələm sahibi
Eldar İsmayıl – 75
75 illik yubileyini qeyd etməyə
hazırlaşdığımız şair, jurnalist,
yazıçı, dramaturq, publisist Eldar İsmayılın
çoxcəhətli yaradıcılığı uzun illərdən
bəri söz sərraflarının
maraq dairəsində olmuşdur. Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Yaşar Qarayev, Teymur Bünyadov, Nizami Cəfərov
və bir çox başqaları onun bədii-sənədli əsərləri
barədə dəyərli mülahizələr söyləmişlər.
Mən ədəbiyyatşünas deyiləm, amma şeiri, ədəbiyyatı
sevən bir oxucu kimi deyə bilərəm ki, Eldar
İsmayıl yaradıcılığı aktual və müasirdir: onun həm
poeziyasında, həm də nəsr və publisistika əsərlərində
Vətəninin, xalqının, millətinin – bütün
Türk dünyasının çırpınan ürəyi,
bugünkü taleyi ümman kimi dalğalanır.
Eldar
İsmayıl duyğusal şairdir. O, bədii sözün gücüylə,
qüdrətiylə insanların qəlbində incə
duyğular yaradaraq oxucusunun şüuruna təsir edir. Bu
böyük ustalıqdır, əsl şeirin gücü və
məziyyəti də bundadır. Eldar İsmayılın
sehrli qələmindən doğulmuş “Ulu Göyçə,
de yatanlar ayılsın” epik
poeması bunun parlaq timsalıdır. Bir çox tədqiqatçılar
onu ölməz şairimiz Şəhriyarın "Heydərbabaya
salam"ıyla müqayisə edirlər. Bu əsərləri
birləşdirən, onları bir-birinə bənzədən
Şəhriyarın Heydərbaba, Eldar İsmayılın isə
Göyçə nisgili, həsrəti və hər birinin
xalqının, el-obasının poetik təfəkkürünün
məhsulu olmasıdır. “Ulu Göyçə...” poeması
Şəhriyar, Səməd Vurğun, Hüseyn Arif
yaradıcılığı ilə bərabər,
Göyçə ədəbi irsinin ənənəsindən
qidalanmış, Misgin Abdal, Ağ Aşıq, Şair Məmmədhüseyn,
Aşıq Alı, Dədə Ələsgər, Növrəs
İman kimi bədii söz xiridarlarının məktəbindən
qaynaqlanmış bədii yaradıcılıq nümunəsidir.
Göyçədə doğulub boy atmış bir insan kimi
deyə bilərəm: Eldar İsmayıla qədər
heç kəs bu mahalın təbiətini, ədəbi
mühitini, tanınmış dövlət, elm, mədəniyyət
xadimlərini, ərənlərini, kəndlərini,
oylaqlarını bu qədər dəqiqliklə öyrənərək
belə yüksək bədiiliklə
tərənnüm edə bilməmişdir.
Eldar İsmayılla tanışlığımızın ilk anlarından şairin öz yurduna- yuvasına, Vətəninə, türk dünyasına nə qədər bağlı bir insan olduğunu hiss etdim. Mənə bağışladığı kitablar içərisində “Ulu Göyçə, de yatanlar ayılsın” poemasını birnəfəsə oxudum, elə ilk sətirlərdən Göyçəyə yenidən səyahət etdim… Cığır-cığır, bələn-bələn o dağları, düzləri dolandım. Göyçə təbiətinin ətrini duydum, süsənli, sünbüllü dağların havasını uddum, diş göynədən büllur bulaqlarından su içdim, damlarda yuva quran qaranquşların sarıdimdik balalarını yemləməsini seyr etdim. Gəzə-gəzə doğma Göyçə ləhcəmizdə ağsaqqal və ağbirçəklərimizlə salamlaşıb görüşdüm, arabir şən, qayğısız uşaqların qəhqəhəylə oynadığı çilingağac, ənzəli, tirədöymə oynamaqlarına baxdım. Yolda-izdə ələk, xəlbir satan qaraçılarla rastlaşdım….
Doğma kəndim Kəsəməni, ruhu mahalı dolaşan insanları, o cümlədən ilk ədəbiyyat müəllimim, el-obasını sevən, uşaqlara Vətəninin tarixinə biganə qalmamağı aşılayan, ədəbiyyatını, şeiriyyətini öyrədən, yaddaşımdan heç vaxt silinməyən mərhum Qəşəm Aslanovu bir daha xatırladım:
Ulu Göyçə, Kəsəmən
bir gül
dağı,
“Qazax
yurdu”, ”Koroğlunun
bulağı”,
Bir el idi, əksilməzdi qonağı.
Min iz qoydu bu obanın hər oğlu,
Qəşəm Aslan, türklüyümün
ər oğlu!..
Qonşu kəndlərin sevilən şairlərinin şeirlərini yada saldım:
Nərmanlıda
neçə ustad aradım,
Bəhmən kimi sənətkara uğradım.
Misraları kəlmə-kəlmə
daradım,
Xəstə şair Bayraməli söz
aldı…
Hər kəlməsi el-obaya
səs saldı!...
Poemada şair Eldar İsmayıl Qədim Göyçənin
adət-ənənələrini, özünəməxsus mətbəxini,
folklorunu, söz, sənət adamlarını,
xadimlərini yada salaraq Göyçəni tərk etmişlərin yaddaşlarını təzələyir,
yetişməkdə olan
nəslə isə onları tanımağı,
öyrənməyi tövsiyə
edir.
Tanışlığımız, eləcə də dost-tanışların Eldar İsmayıl haqqında söylədikləri onu xeyirxah, ədalətin tərəfdarı olan, fitnə-fəsada dözməyən,
bir şair-vətəndaş
kimi tanıdır. Özü
dediyi kimi:
Mən insaf yolçusu,
mən haqq buyruğu,
Ürəyim mərhəmət, mürvət
qoruğu...
Şərin-şamatanın dəmir yumruğu
Haqqı yenə bilməz mən olan yerdə.
Yaradıcılığında türkçülük
ideyasına sadiq olan, Vətəninə,
el-obasına, xalqına
sevgisini tərənnüm
edən və bu yoldan dönməyən
şair elə dəyərlərin təməlində
nəyin durduğunu gözəl ifadə edir:
Məni yanlış yola
çəkə bilməzsən,
Həmişə el qəhri çəkən olmuşam.
Zəhmətsiz bir loxma dadmamışam mən,
Torpağa tər töküb əkən olmuşam.
Bu gun dünyada demokratiya
adı altında aparılan ikili standartlar siyasəti hələ də işğal edilmiş torpaqlarımızın geri
qaytarılmasına mane olur. Bu siyasətə
qarşı münasibətini
açıq bildirən
şair qəzəblə
üsyan edir:
Günahımız müsəlmanlıq, həm türklük,
Sünnü-şiə altda gedən bölüklük.
Dərdimiz çox, hər
dərd bizə ağır yük,
Bu hesabı anlayan kim,
qanan kim,
İnsan kimi ədaləti
anan kim?!
Eldar İsmayılın canından
əziz bildiyi Göyçəsinə, onun
adi insanlarına sevgisi, məhəbbəti
atəşli və sonsuzdur:
Ulu Göyçə, məlhəm
olum yarana,
Canım qurban möhnət
dağın yarana!
İnanma ki, Eldar bir də yarana,
Bir ömürü “Vətən”
deyib əritdi,
Söz atını “millət” deyib səyritdi.
Bu gün qədim,
ulu Göyçə yağı tapdağı altındadır. Bu gün
Göyçənin üzünü
görməmiş Göyçə
soylu böyük bir nəsil yetişməkdədir. Onlar
Göyçəni görməsələr
də, E.İsmayılın
"Ulu Göyçə..."sini oxuyandan sonra necə füsunkar, bənzərsiz
bir məkana mənsub olduqlarını
tam dolğunluğu ilə
hiss edib başa düşəcəklər! Eldar
İsmayıl "Ulu
Göyçə…" poeması
ilə özünə
əbədi bir heykəl qoymuşdur!
Eldar
İsmayıl
75 illik yubileyini yeni yaradıcılıq uğurları ilə qarşılayır. Şair
ömrünün və
yaradıcılığının müdriklik
çağını yaşayır. O özünün
dolğun, məhsuldar, zəngin
yaradıclığı ilə
onu tanıyanların, çoxsaylı
oxucusunun məhəbbətini
qazanmışdır.
Sevimli şairimizə, əziz dostum Eldar İsmayıla
belə əlamətdar
məqamda möhkəm
cansağlığı, uzun
ömür, yeni yaradıcılıq uğurları
diləyirəm!
Ələddin Allahverdiyev,
professor, Moskva
Xalq qəzeti.- 2016.-
23 oktyabr.- S.7.