Dünya foto tarixindən
maraqlı faktlar
Təxminən iki əsrdir ki, cəmiyyət həyatının bütün sahələrində özünəməxsus yeri olan foto
sənətinin tarixi maraqlı faktlarla zəngindir. Bu
materialı hazırlamağımızın səbəbi də
aydındır. Gündəlik
məişətimizdə, iş yerimizdə,
təhsil aldığımız ünvanlarda,
elmdə, idmanda, hərbidə, hətta
okeanın dibində və kosmosda insanla birlikdə
olan fotoaparatın və fotoqrafiyanın
hamı üçün maraqlı olduğuna görə belə bir
fikir
yadımıza düşdü.
Materialı hazırlamaq üçün
isə rusiyalı həmkarlarımızın ərsəyə
gətirdiyi “factroom.ru” ( faktrum) internet saytına istinad etdik. Beləliklə:
İlk foto – şəkil
8 saata çəkilib
Kağız üzərinə daimi köçürülən (yəni əvvəllər kağıza köçürülən şəkillər bir müddətdən sonra pozulub yox olurdu) ilk fotonun müəllifi Jozef Neps olub. 1826-cı ildə çəkilən “Pəncərədən görüntü” adlı həmin foto səkkiz saata ərsəyə gəlibmiş.
Lev Tolstoyun bəxti burada da gətirib
Tarixdə ilk rəngli fotoya düşmək isə böyük rus ədibi Lev Tolstoyun bəxtinə düşüb. Həmin foto “Rusiya Texniki
Cəmiyyətinin Qeydləri”
adlı almanaxda dərc edilmişdir.
15 kiloqramı indi 15 qram əvəz
edir
Müasir foto-plyonkanın “ulu babası” olmuş ilk rolkassetlərin daxilində
12 ədəd işığahəssas
foto kağızı yerləşdirilirdi. Cəmi 12 şəkil çəkmək
mümkün olan həmin kassetin ağırlığı 15 kiloqram
idi. İndi həmin kassetlər
15-20 qramdır.
800 min dollara... köhnə aparat
“Faktrum” yazır
ki, 2007-ci ildə Vyana şəhərindəki
auksionda satışa çıxarılan dünyanın
ən qədim fotokamerasına kolleksionerlərdən
biri 800 min dollar verib. Halbuki, “Syuns qardaşlarının
daqerrotipi” adlı həmin fotokameranın
start qiyməti cəmi
100 min avro olmuşdu.
Eşşəyin başı güdaza
getdi...
1878-ci ildə kadrın
ləngimədən, dərhal
fotoplyonkaya köçürülməsi
prosesi icad edilmişdi. Üç il sonra isə
ABŞ-ın hərbi
institutlarından birində həmin prosesin sürətini dəqiqləşdirmək istədilər.
Bu məqsədlə fotokameranın
qabağındakı uzunqulağın başına
partlayıcı detonator bağladılar.
Detonatorun partladılması
üçün qurulan
düymə ilə fotokameranın düyməsi
eyni anda sıxıldı və nəticədə ayaq üstdə dayanmış,
amma, başı olmayan uzunqulağın foto-şəkli çəkildi.
Eynşteynin ölümündən dörd il
qabaq bəşəriyyətə etdiyi jest
Foto tarixindən seçilən
növbəti fakt dünyanın ən dahi fiziklərindən
olan Albert Eynşteynin kameraya baxarkən dil çıxartdığı məqamın
lentə alınmasıdır.
1951-ci ildə – alimin
ad günündə çəkilmiş
həmin fotonu böyük alim Hovard Smitin elmi-kütləvi
verilişinə hədiyyə
etmiş və şəklin arxasında yazmışdı: “Bu jest xoşunuza
gələcək. Çünki o, bütün bəşəriyyət
üçün nəzərdə
tutulmuşdur”.
Dünyanın ən bahalı
“Kovboy”u
Mütəxəssislərin fikrincə, foto tarixində ən baha qiymətə satılan “On ən baha şəkil” arasında birinci yeri Riçard Prinsin “Kovboy” seriyasından olan adsız əsəri tutub. 2008-ci ildə
bu “adsız” əsər 3 milyon 401 min dollara
satılıbmış.
Everestin zirvəsində də
işlədi və
“Smena”nın
simvoluna çevrildi
Sovet alpinistlərinin
1982-ci ildə Everestin
zirvəsinə qalxarkən
istifadə etdikləri
“Smena-simvol” fotoaparatı,
sözün həqiqi
mənasında, simvola
çevrilib. Çünki bu
aparat böyük çətinliklərlə başa
çatan həmin ekspedisiya müddətində
özünün ən
yüksək keyfiyyətini
nümayiş etdirərək
alimləri çətin
vəziyyətdə qoymamış,
“instituta sağ-salamat
qayıtmışdı”. Hazırda “alpinist” aparat Moskva Politexnik
Muzeyində saxlanılır.
İlk avtoportret
Görkəmli Amerika fotoqrafı Metyu Bredi foto
tarixinə ilk avtoportretin
müəllifi kimi düşüb. O, hazır vəziyyətə gətirilən
fotoaparatı odunların
üstünə qoyaraq
öz şəklini ustalıqla çəkə
bilib.
Ən keyfiyyətsiz şəkil
də tarixə düşə bilib
Britaniyalı ixtiraçı Vilyam Tompson foto tarixinə
dənizin dibində şəkil çəkmək
istəyi ilə düşüb. Fotokameranın suyun dibində quraşdırılmasına və
orada şəkil çəkməyə nail olsa
da, çəkdiyi ilk
şəkil keyfiyyətsiz
alınıb. Buna baxmayaraq, həmin şəkil tarix üçün qorunur.
Yer kürəsinin tam əks olunduğu ilk foto
Amerikla Birləşmiş Ştatlarının 1972-ci ilin dekabrında kosmosa uçmuş “Apollon-17” kosmik gəmisinin komandası ilk dəfə olaraq Yer kürəsinin tam işıqlanmış fotosunu çəkə bilib. “Mavi mərmər” adlı həmin şəklin çəkildiyi məqamda Günəş Yer kürəsindən arxada olduğuna görə planetimiz tamamilə işıqlı, daha doğrusu, mavi rəngdə görünür.
Fotonun “ənlik-kirşanı”
Sifarişçının arzusu ilə foto şəkillərin retuş edilməsi, yəni akvarellə rənglənərək ağ-qaralıqdan çıxarılması prosesi ilk dəfə 1840-cı ildə həyata keçirilib. Bu proses təxminən yüz il davam edib. Sonra isə bütün fotoaparatlar artıq rəngli plyonkalarla çəkirdi.
Hazırladı:
Rafiq SALMANOV
Xalq qəzeti.- 2016.- 23
oktyabr.- S.7.