Milli maraqlarımızın beynəlxalq səviyyədə

qorunması və mövqeyimizin möhkəmləndirilməsi

müstəqillik tariximizdə prioritet vəzifə olub

 

XX əsrin sonları bərpa olunmuş dövlət müstəqilliyimizin bu günlərdə 25-ci ildönümünü təntənə ilə qeyd etdik. ­Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiyyətə çevrilməsi, ildən-ilə inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda layiqli yer tutması düzgün müəyyənləşdirilmiş daxilixarici siyasətin məntiqi nəticəsidir. Ulu öndərin “Müstəqilliyimiz əbədidir və dönməzdir” kimi uzaqgörən və müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq olaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz 25 illik müstəqillik dövründə milli maraqlarımızın beynəlxalq səviyyədə qorunmasına, dövlətimizin dünya birliyindəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edib.

Müstəqilliyimzin 25-ci ildönümü münasibətilə dövlətimizin başçısına ünvanlanmış təbrik məktublarında bu uğurların əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və layiqincə davam etdirilməsində Prezident İlham Əliyevin müdrik rəhbərliyinin böyük rol oynadığı xüsusi vurğulanır. Təbrik müəllifləri olan dövlət və hökumət başçıları Azərbaycanla yaradılmış əlaqələrin, ikitərəfli əməkdaşlığın və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə əminliklərini bildirirlər.

Azərbaycanın dövlət müstəqilliyinin ölkəmizdən kənarda da təntənəli şəkildə qeyd olunması hər birimiz üçün qürurverici haldır. Bu faktlar republikamıızın xarici siyasətdə qazandığı uğurların təzahürüdür. Belə tədbirlərdən biri də ABŞ-ın Montana ştatında keçirilmişdir. Ştatın qubernatoru Stiv Bullokun 18 oktyabr tarixini Montana ştatında Azərbaycanın Müstəqilliyi Gününün elan etməsi ölkəmizin dünya birliyindəki yüksək reytinqinin nəticəsi kimi dəyərləndirilməlidir.

Son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh, əmin-amanlıq şəraitində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edən qubernator 18 oktyabr tarixini Montana ştatında Azərbaycanın Müstəqilliyi Günü elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.

Göründüyü kimi, cəmi 25 il müstəqillik yolunda addımlayan ölkəmizin xoş sədaları dünyanın inkişaf etmiş ən böyük dövlətlərində eşidilir. Azərbaycan müstəqillik tarixinin az olmasına baxmayaraq, böyük tarixi, ənənələri, mədəniyyəti olan ölkədir. Dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən respublikamız üçün xarici siyasətin düzgün müəyyənləşdirilməsi ölkəmizin əlaqələrini xeyli genişləndirmişdir. Kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşən Azərbaycanın xarici siyasət kursu müəyyənləşdirilərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu qazanmaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyaları prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Müstəqilliyin ilk illərində idarəetmədəki naşılıq, Azərbaycanın üzləşdiyi daxilixarici təhdidlər, təzyiqlər və hücumlar xalqımızın illər boyu həsrətində olduğu azadlıq istəyini məhv edə bilmədi. Daxili münaqişələr, qarşıdurmalar, xaosanarxiya bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən çətindir. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda əhatəli çıxışı zamanı həmin dövrü xarakterizə edərək demişdir: “Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu respublikamızın müstəqil dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücününüfuzunu daha da artırmış, ölkəmizi dünya birliyində söz sahibinə çevirmişdir. Dövlətimizin başçısının rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə sıçrayış dövrünü yaşayan Azərbaycan, həm də dünya birliyinin fəal və nüfuzlu üzvlərindən birinə çevrilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici siyasət strategiyasının həlledici roluna dair fikirlərini açıqlayarkən bildirmişdir ki, uzun illərdir ölkəmiz Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Müstəqillik tariximizin 20-ci ilində BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilmək, bu seçkidə dünyanın 155 ölkəsinin dəstəyini qazanmaq böyük tarixi hadisədir: “2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə öz mühüm töhfəsini verdi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirildi”.

Bununla bərabər, elə həmin il – 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmaqla, Azərbaycan öz xarici siyasətinin yeni mərhələsinə qədəm qoymuş və Latın Amerikası, həmçinin Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlamışdır. BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Bu qurum yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının bu il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. Bu, ölkəmizə dünya birliyi səviyyəsində göstərilən inam və etimadın bariz nümunəsidir.

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin 25 illik müstəqillik dövrünə və xarici siyasətimizin çağdaş prioritetlərinə münasibət bildirərkən qeyd etmişdir ki, Azərbaycanın xarici siyasət yolunda uğurlu addımları davam etdirilmiş, Mərkəzi Asiya, MDB, İslam dünyası, Cənub-Şərqi AvropaAvropa İttifaqına üzv dövlətlər, Asiya ölkələri, Şimali və Cənubi AmerikaAfrika qitəsi ölkələri ilə qurulan əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu əməkdaşlıq bu gündavam etdirilir. Respublikamızın MDB və İƏT-ə üzvlüyü, Avropa İttifaqı ilə institusional əlaqələri, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı yanında müşahidəçi, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusu qazanması üzv dövlətlərlə ikitərəfli əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır.

Hazırda ölkəmiz dünya birliyinin layiqli üzvləri sırasına qatılmaq üçün ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyasını getdikcə genişləndirir. Bu gün Azərbaycan Respublikasının Livan Respublikasında, Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi və İraq Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın dünyada 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur. Bu fakt ölkəmizin əvvəlki illərlə müqayisədə beynəlxalq birlikdə artan nüfuzunun göstəricisidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın yeritdiyi sülhməramlı münasibəti diqqətə çatdıran xarici işlər naziri vurğulamışdır ki, respublikamızın beynəlxalq birlik tərəfindən dəstəklənməsi Ermənistanı getdikcə küncə sıxışdırmış və işğalçı dövlət kimi tanınmasında şübhə yeri qoymamışdır. Son vaxtlar VyanaSankt-- Peterburqda ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə də bunun şahidi olduq. Artıq Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi ölkəyə əvvəlki dəstəyi görmədiyindən irəli sürülən təkliflərlə razılaşmaq məcburiyyətində qalıb.

Bunun digər və demək olar ki, əsas səbəblərindən biribu il aprelin əvvəlində baş vermişdördgünlük müharibə” oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna layiqli dərs verməsi və bir neçə zəruri yüksəklikləri ələ keçirməsi başda Ermənistan prezidenti olmaqla bütün erməniləri şok vəziyyətinə saldı. Həm Ermənistana, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycanın çox güclünizami ordusu var. Bu ordu işğal altında olan ərazilərimizi hər an azad etmək iqtidarındadır. Cəmi dörd gün ərzində 20 ildən artıq işğal altında saxlanılan ərazimizin 2 min hektarını azad edən Milli Ordumuz Ermənistan ordusunu bir ay ərzində bütün ərazilərimizdən qovub çıxarmaq əzmindədir. Ancaq Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan tərəfi işğal altında olan ərazilərimizin sülh yolu ilə, qan tökülmədən azad olunması tərəfdarıdır. Əgər Ermənistan tərəfi buna razı olmasa, o zaman aprel döyüşlərindən də ciddi zərbə alacaqdır.

Münaqişənin ədalətli və beynəlxalq hüququn normalarına uyğun həlli məqsədilə Azərbaycan bütün imkanlardan davamlı şəkildə istifadə edibbundan sonra da edəcək. Xarici işlər naziri qeyd etmişdir ki, dövlətimizin başçısının beynəlxalq səviyyədə apardığı xarici siyasətin nəticəsidir ki, NATO-nun bu il iyulun 8-9-da Varşavada keçirilmiş Zirvə toplantısında bu quruma üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha nümayiş etdirmiş, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini bildirmişlər.

Xarici siyasətdə qazanılmış uğurlar və ölkəmizin dünya birliyində mövqelərini getdikcə möhkəmləndirməsi “iqtidar-xalqbirliyini daha sarsılmaz edib. Xalq böyük səs çoxluğu ilə seçdiyi Prezidentin ətrafında sıx birləşib və bu vəhdəti heç bir qüvvə sarsıda bilməz. Ötən ay Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqadar keçirilən ümumxalq səsverməsində (referendumda) əhalinin 69,7 faizinin iştirakı və təklif olunan dəyişikliklərə “ hə” deməsi bir daha təsdiqlədi ki, xalq indiki iqtidarın siyasi kursunu qəbul edir və dəstəkləyir.

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Bu yolda məşəqqətlər, çətinliklər, qarşıdurmalar, dövlət müstəqilliyinə qəsdlər olsa da, Heydər Əliyev siyasi kursubu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş strategiya bütün bunların hamısına qalib gəlmiş və qazanılan uğurlar bu siyasətin alternativi olmadığını təsdiqləmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 29 oktyabr.- S.1.