“Azərbaycan tolerantlıq nümunəsidir”
Beynəlxalq
Tolerantlıq Günü ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr
müavini Gündüz
İsmayılovun “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda ustad dərsi keçirilib və onun “Tolerantlıq:
bildiklərimiz və bilmədiklərimiz” kitabının təqdimatı olub. Tədbirdə alimlər, fondun
əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak
ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edərək 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə görüləcək maarifləndirici işlər barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Tolerantlıq Günü ərəfəsində fondun təşkilatçılığı ilə Bakıda və rayonlarda tanınmış alimlərin, mütəxəssislərin yerli əhali üçün silsilə mühazirələri planlaşdırılır. Gündüz İsmayılovun “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda ustad dərsi bu silsilənin başlanğıcıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı haqqında iştirakçılara əhatəli bilgi verərək, xalqımızın tolerantlığının səbəbləri haqqında da danışıb. Tolerantlığı ölkəmizin ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirən natiq onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu da vurğulayıb. O, Azərbaycan tolerantlığının Nic, Oğuz, Quba modelləri barədə geniş məlumat verib, hər bir azərbaycanlının ölkə ərazisindəki kilsələrə, məbədlərə, məscidlərə və sinaqoqlara eyni hörmətlə yanaşdığını diqqətə çatdırıb.
Bilik Fondunun İnformasiya təminatı sektorundan bildiriblər ki, sonra G.İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Xalq qəzeti.- 2016.- 30
oktyabr.- S.4.