Qaxın qonaqlı-qaralı günləri...
...Yenə Qaxdayam. Yenə bu dağlara qonaq gəlmişəm.
Möcüzəli yerlərdir. Bir jurnalist dostumun dediyi sözləri xatırlayıram: "Hər
dəfə bu yerlərə gələndə
Qaxı müdrik, nurani
bir insana bənzədirəm.
Mənə elə gəlir ki, hansı
ağacı, hansı daşı dindirsən, yüz
illərin xatirələrini danışar. Özü
də danışmalı o qədər şey var ki...
Həmin hissləri mən də çox yaşamışam. Bu dağların, bu dərələrin sərt xarakterini də görmüşəm, yumşaq üzünü də... Burada təbiət də Qaxın yurdsevər insanları kimidir. Qaxdan turizmin inkişafı ilə bağlı hazırladığımız sonuncu yazıda görüb şahidi olduğumuz istirahət mərkəzləri haqqında müəyyən qədər məlumat vermişik. Diqqətli oxucunun, yəqin ki, yaxşı yadındadır. Buraya gələn turistləri, qonaqları heyran qoyan EL-RESORT haqqında bilərəkdən bir kəlmə belə yazmamışdıq. Həmin yazını oxuyan bir oxucumuz hətta səbirsizlik edərək redaksiyamıza zəng edib soruşmuşdu ki, Qaxdan yazıb, bu istirahət ocağının adını necə çəkməmək olar? Etiraf edim ki, haqlı iraddır. Doğrudan da, öz xidməti, şəraiti ilə buraya gələnləri heyran qoyan bu istirahət yerinin adını çəkməməyi bizə heç kəs bağışlamaz. Odur ki, yenə təkrar edirəm – oxucu haqlıdır. Amma o nə bilsin ki, bu barədə Qaxdan hazırladığımız ikinci yazıda söhbət açacağıq.
... Yenə Qaxdayam. "Azərbaycan Prezidenti İlham Əliyev Qaxda" sərlövhəsi altında toplanmış şəkillərə baxıram. 20-dən çox olan şəkillərin birincisinin altında yazılıb: "EL -RESORT mehmanxanasının konfrans mərkəzinin açılış mərasimi. 16 avqust, 2013-cü il." Söz necə də vaxtına çəkib. Həmin tədbirlə bağlı yazılı materiallara baxıram. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Qaxın ölkə turizminin inkişafına verdiyi töhfələri kifayət qədər təqdir edir: "Paytaxtda, bölgələrdə gözəl mehmanxanalar açılıb. O cümlədən Qaxda yeni mehmanxananın açılışında da iştirak etmişəm. Deyə bilərəm ki, ən inkişaf etmiş ölkələrdə olan şəraitlə bu mehmanxanadakı şərait arasında heç bir fərq yoxdur. Bu, onu göstərir ki, investorlar Azərbaycanın gələcəyinə inanır. Baxmayaraq ki, Qax paytaxtdan uzaqda yerləşir, indi tikilən və gələcəkdə tikiləcək yollar, aeroportlar Qaxı paytaxt ilə birləşdirir. Bir də ki, burada yaradılan şərait, bütün bu gözəl təbiət bizi ruhlandırır. Ancaq əgər şərait yaradılmasa, heç kim gəlməz, nə ölkə daxilindən, nə də ki, xaricdən. Gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür, xüsusilə Qax kimi mənzərəli yerlərdə. Ancaq burada yaradılan infrastruktur, xidmət obyektləri də bu təbiətə uyğun olmalıdır və mən bunu görürəm. Bir daha demək istəyirəm ki, mən artıq bir neçə dəfə burada olmuşam və hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm..."
Bəs dövlət başçımız Qaxda,
EL-RESORT konfrans mərkəzinin açılış mərasimində nələri görmüşdü, nədən məmnun olmuşdu? Bu sualın cavabını El-RESORT-un meneceri Şamil Əfəndiyevdən öyrənmək istədim.
Qeyd edim ki, ölkədə turizm sektoru inkişaf etdikcə bu sahənin peşəkar mütəxəssisləri də çoxalır. Şamil də həmin yüksək səviyyəli turizm mütəxəssislərindəndir. Məhz ona görə də birbaşa öz fəaliyyətlərindən deyil, ümumilikdə, ölkə turizminin inkişafından danışmağa başladı:
– Son illərdə respublikamızda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm obyektlərinin inşası geniş vüsət alır. Bizim rayonda da turizm potensialının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən EL-RESORT otel kompleksi də mühüm əhəmiyyət daşıyır. Xatırladım ki, bu mərkəzin tikintisinə 2011-ci ildə başlanılıb. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılıb. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilib.
Şamil danışdı ki, kompleksin konfrans mərkəzinin mətbəxində
quraşdırılmış avadanlıq İtaliyanın
"Zanussi" firmasının
istehsalıdır. Mərkəzin ikinci mərtəbəsindəki
zallarda da yüksək
səviyyəli xidmətin göstərilməsi mümkündür. Zallar ən müasir mobil audio-video avadanlığı
ilə təchiz edilib. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunub. Konfrans mərkəzində bütün
infrastruktur ən müasir səviyyədə
qurulub. Cənab Prezidentin konfrans mərkəzi ilə tanışlıqdan sonra baxdığı
– tikintisi davam etdirilən "Şimal"
blokunun inşası
2013-cü ilin sonunda
yekunlaşıb.
Kompleksin ümumi ərazisi
3 hektardan çox, tikinti sahəsi isə iki min kvadratmetrdir. "Şimal" blokunun birinci mərtəbəsində
boulinq mərkəzi,
bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərir.
Binada 82 nömrə vardır.
Yeni kompleksdə 60 nəfər
işlə təmin olunub.
Qaxda ilk
beşulduzlu otel olan EL-RESORT şəhərin
füsunkar, gözəl
təbiətə malik,
biznes və turizm cəhətdən olduqca maraqlı hissəsində, Dövlət
Tarix Muzeyində qeydiyyatda olan abidələrin əhatəsində
yerləşir. Eyni zamanda,
bu ərazi çox nadir bitki və heyvanat aləminin, gurultulu dağ çaylarının,
buz kimi bulaqların, müalicəvi
mineral suların əhatəsindədir.
Bu sadalanan gözəlliklər
qonaqların buradakı
mənalı istirahətini
olduqca maraqlı, yaddaqalan edir. Burada müasir dünya standartlarına cavab verən gözəl dizayn, beynəlxalq xəttə bağlantısı olan telefon, sürətli
internet şəbəkəsi, peyk televiziya sistemi, fərdi olaraq idarə edilən isitmə və soyutma şəbəkəsi, seyf,
saat və musiqi mərkəzi, mini
bar ilə təchiz edilmiş rahat qonaq otaqları vardır. Təbii ki, biz bu yazıda həmin xidmətlərin qiymətini
göstərsək, reklam
kimi qəbul edilər. Ancaq "qiymətlər münasibdir" – yazsaq, məncə, bunu bizə irad tutan olmaz.
Söhbət zamanı kiyevli
Tatyana Ansimova, moskvalı İqor Ruslanov və Amerika Birləşmiş Ştatlarından gələn
Marten Blai Qaxda gördüklərindən nəinki
məmnun qaldıqlarını
dedilər, bu şəraitə, bu gözəlliyə hətta
heyran kəsildiklərini
də dilə gətirdilər. Ərəb
Əmir-liklərindən gəlmiş iki dost – Hüseyn Said Mühəmməd
Əbu al-Xacə və Abdullah İbrahim
al-Amir Azərbaycanın turizm
məkanlarının Avropanın turizm mərkəzlərini
üstələdiyini söyləyiblər.
Sən demə, onlar indiyədək elə bilirlərmiş ki, Azərbaycan da təbiətinə görə
Ərəbistan kimidir.
Gəlib görəndən
sonra isə mat qalıblar. Onlar yenə də
Qaxa gələcəklərini
deyiblər.
Mən isə əminəm ki, öz soydaşlarımızdan,
ölkəmizin sakinlərindən
dincəlmək üçün
Qaxa gedənlər həmin yerlərə daha
çox vurulurlar. Şamil dedi ki, ölkəmizin paytaxtından və aran rayonlarımızdan gələn qonaqlar bu
yerləri əcnəbilərdən
də çox sevirlər. Həmsöhbətim
dedi ki, istirahət mərkəzinin
"Rəy kitabı"na
yazılan ürək
sözlərinin hamısında
Qaxa heyranlıq, Azərbaycanın turizm potensialına isə vurğunluq ifadə edilir. Üstəlik, bütün rəylərdə
bu yerə qayıtmaq arzusu dönə-dönə bildirilir.
Ötən yazıda haqqında söz açmadığımız
istirahət mərkəzlərindən
biri də "Yaşıl park"dır. Qaxdakı
istirahət mərkəzlərindən
söz açarkən
"Yaşıl park"ın adının
üstündən keçmək
olmaz. Çünki "Yaşıl park" Qax turizminin qaranquşlarından sayılır.
Yeni layihələr hazırlanır.
Çox keçməyəcək,
buraya da gələn qonaqlar bir il əvvəl gördükləri
yeri tanımayacaqlar.
Bu istirahət mərkəzinin
mahiyyəti də , məzmunu da, forması da elə adından
məlumdur. Bir park ki, yaşıl ola, deməli,
orada istirahət etməyinə dəyər.
Siz də gəlin. Burada təkcə məkanın
adı yaşıl deyil, həm də yolunuzda yanan işıq da yaşıldır.
... Yenə Qaxdayam. Ətrafda nə qədər rəng olduğu barədə ötən materialımızda yazmışdıq. Amma elə o rənglər haqqında düşünərkən, üç il qabaq buradan hazırladığım "Dünyanın bütün rənglərini yaşadan diyar" adlı qəzet materialının sonluğu yadıma düşür. Orada belə bir məqam var idi: "Qaxdakı Heydər Əliyev Mərkəzinin daxili tərtibatını vermiş ispaniyalı mütəxəssis Mark Ferrar ləyaqətli sakinlərinə görə bu diyarı "xoşbəxt torpaq" adlandırmışdı". İndi məmnunuq ki, bu yazıda məhz həmin "xoşbəxt torpağın" qonaq-qarasını artıran misilsiz, ölkəmizə üzağlığı gətirən ünvanlar barədə söz açdıq. Bu məqamda bir fikir də yadıma düşür. Qaxdan "beş-altı addım" şərqdə – həmin dağların Şəki rayonunun ərazisinə düşən hissəsində "Gələrsən, görərsən" adlı tarixi abidə var. İndi oxucuya demək istəyirəm ki, Qaxı bizim yazılarımız əsasında tanımaq azdır. Babalarımız demiş, gələrsən, görərsən!
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2016.- 3
sentyabr.- S.6.