Konstitusiyaya dəyişikliklər
sosial sifarişin təzahürüdür
Ölkə Prezidenti İlham
Əliyevin müvafiq sərəncamı ilə Konstitusiyaya dəyişikliklər
edilməsi məqsədi ilə sentyabrın 26-da ümumxalq səsverməsi
(referendum) keçirilməsi sosial sifarişin təzahürüdür.
Başqa sözlə, bu, son illər ərzində
respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni
həyatında baş verən əsaslı dəyişikliklərin,
habelə regionda və dünyada cərəyan edən siyasi -
iqtisadi proseslərin təsiri ilə tarixi bir layihənin
gerçəkləşməsidir.
Xatırladım ki, referendum aktı layihəsində Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra intizamının möhkəmləndirilməsini, reallaşdırılan iqtisadi islahatların səmərəliliyinin təmin edilməsini, dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər müasir dövrdə ölkə həyatının əsas sahələrini əhatə edir.
Əlavə və dəyişikliklərdən danışarkən, əvvəlcə insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsi ilə bağlı bəzi məqamlara toxunmağı zəruri sayıram. Qeyd edim ki, Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların sosial- iqtisadi və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması bu gün həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, fikrimcə, son dərəcə zəruri bir məsələdir.
Xatırladım ki, Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" ilə bağlı fəslinin 15 maddəsinə əlavə və dəyişiklik nəzərdə tutulub ki, bu da ümumi dəyişikliklərin 60 faizindən çoxunu təşkil edir. Layihəyə əsasən, insan ləyaqətinin qorunması, hüquq və azadlıqlara məhkəmə təminatı verilməsi, onun inzibati qaydada müdafiə olunması, mülkiyyət konsepsiyasına Qərb hüquq sisteminə uyğun mütərəqqi sosial məsuliyyət anlayışının daxil edilməsi, dövlət orqanlarının vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi, müəyyən özbaşınalıq hallarının qarşısını alacaq tələblərin sərtləşdirilməsi və s. insan hüquq və azadlıqlarının tam gerçəkləşdirilməsi istiqamətində olduqca mütərəqqi təkliflərdir. Onu da vurğulayım ki, sözügedən layihədə nəzərdə tutulan əlavə və dəyişikliklərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq qanunların tələbləri də nəzərə alınıb.
Burada diqqəti mühüm bir məqama da yönəltmək istərdim. Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan son illər ərzində azad iqtisadi münasibətlərin formalaşması istiqamətində mühüm uğurlar əldə edib. Ölkə iqtisadiyyatının həcmi dəfələrlə artıb, investisiya qoyuluşu güclənib, iqtisadi inteqrasiya prosesi dərinləşib. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilib, ölkəmizin dünya iqtisadiyyatında yeri və rolu əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti xeyli artıb, onun etibarlı tərəfdaş imici möhkəmlənib. Bir sözlə, Azərbaycan iqtisadiyyatı bütünlüklə yeni parametrlər kəsb edərək dünya iqtisadiyyatının ayrılmaz bir parçasına çevrilib. Bu baxımdan sözügedən layihədə irəli sürülən təkliflər iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi məqsədi daşıyır. Başqa sözlə, bu gün respublikamızda iqtisadi sistemin müasir çağırışlarla dinamik inkişafını reallaşdırmağa zəruri ehtiyac duyulur.
İqtisadi inkişafın dinamikasının yetərincə yüksəkliyi həm də çox çevik, inkişafın yaratdığı dəyişiklikləri qavramağa və adekvat reaksiya verməyə qadir olan mükəmməl iqtisadi idarəçilik mexanizminin olmasını şərtləndirir. Fikrimi əsaslandırmaq üçün deyə bilərəm ki, 2015-ci ildə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi bu istiqamətdə görülən işləri intensivləşdirməklə yanaşı, həm də optimal qərarların qəbulunu və onların vaxtında, eyni zamanda, tam həcmdə icrasını reallaşdıra biləcək çevik iqtisadi idarəetmə mexanizminin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub.
Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunan qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiqləyib.
Yuxarıda sadalananlarla yanaşı, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.
İqtisadi dəyişikliklərlə bağlı fikirləri yekunlaşdırıb deyə bilərəm ki, hazırda dinamik iqtisadi yüksəlişin davamlılığının təmin olunması, yeni çağırışların vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılması yolunda çevikliyə mühüm önəm verilməsi qaçılmaz zərurətə çevrilib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər ilk növbədə bununla əlaqədardır.
Həzərxan
ƏBİLOV,
Azərbaycan Təhsil
İşçiləri
Azad Həmkarlar
İttifaqı Xəzər Rayon Komitəsinin sədri
Xalq qəzeti.- 2016.- 10 sentyabr.- S.3.