Konstitusiyaya təklif olunan dəyişikliklər

demokratik islahatların davamıdır

 

Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra ölkənin gələcək inkişafını şərtləndirəcək idarəetmə sisteminin qurulması istiqamətində davamlı addımlar atılmağa başlanmışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra səmərəli idarəetmənin konseptual əsaslarının yaradılması, normativ-hüquqi bazanın zənginləşdirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.    

 

Müasir mərhələdə də dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində inzibati islahatların həyata keçirilməsi müntəzəm xarakter almışdır. Dövlət idarəetməsinin təkmilləşdirilməsi, hər şeydən öncə, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi baxımından olduqca vacibdir. Deməli, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, bütövlükdə, cəmiyyətin dinamik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Son onilliklərdə Azərbaycanda iqtisadi, siyasi, sosial, hüquqi sahələrdə köklü dəyişikliklər aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi getmiş, müasir dövlət qulluğu institutu formalaşmışdır.

Dövlət  idarəetməsi  sahəsində islahatlar iki istiqamətdə aparılırdı: bir tərəfdən, dövlət aparatının təkmilləşdirilməsi, dövlətin məqsəd və funksiyalarını icra etməyə, iqtisadiyyatın səmərəliliyini artırmağa, vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş demokratik, dünyəvi dövlət quruluşuna müvafiq dövlət qulluğu institutunun yaradılması; digər tərəfdən, müasir sosial-iqtisadi sahədə dövlət qulluğuna qoyulan tələblərə cavab verən peşəkar, səriştəli, işgüzar və mənəvi keyfiyyətlərə malik, geniş dünyagörüşlü, intellektual səviyyəli vətəndaşların dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluqçusunun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların məsuliyyətinin artırılması.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev dövlət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiqamətində prinsipial addımların atılmasını xüsusi nəzarətdə saxlayır. Respublikada həyata keçirilən inzibati islahatların başlıca hədəfi idarəetmənin cəmiyyətin gözləntilərinə cavab verməsini təmin etməkdən ibarətdir.

"Bizim bütün işimizin mərkəzində , təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur"   fikirlərinin müəllifi olan Azərbaycan Respublikasının   Prezidenti  İlham Əliyev Böyük Britaniyanın "The Business Year" jurnalına müsahibəsində deyib: "Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik."

Ölkə rəhbərinin bildirdiyi kimi, xalqın maraqları, ictimaiyyətin rəyi hər zaman öyrənilmə obyekti olmaqla bərabər, dövlət idarəçiliyinin əsasında dayanır.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb. Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər layihəsinə müsbət rəy verib. Bundan sonra dövlət rəhbəri Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq müzakirəsinə (referenduma) çıxarılaraq kütləvi informasiya vasitələrində dərc edilib. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib

Referendum aktı layihəsində Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini; səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisininicra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər ölkədə baş vermiş əsaslı yeniliklərdən irəli gəlir və müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə edir.

Dəyişikliklərə nəzər yetirsək, yeni referendum aktına əsasən, dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq... Konstitusiyaya təklif edilən buya digər dəyişikliklər Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirilməlidir.

Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" ilə bağlı fəslinin 15 maddəsinə əlavə və dəyişiklik nəzərdə tutulmuşdur ki, bu da ümumi dəyişikliklərin 60 faizdən çoxunu təşkil edir. Layihəyə əsasən, insan ləyaqətinin qorunması, hüquq və azadlıqlara həm məhkəmə təminatı verilməsi, həm də onun inzibati qaydada müdafiə olunması, vətəndaşların əmək hüququnun daha etibarlı təminatı məqsədilə lokautun qadağan edilməsi, mülkiyyət konsepsiyasına Qərb hüquq sisteminə uyğun mütərəqqi sosial məsuliyyət anlayışının daxil edilməsi, dövlət orqanlarının vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi, mümkün özbaşınalıq hallarının qarşısını alacaq tələblərin sərtləşdirilməsi, eyni tələblərin həm də bələdiyyələr və bələdiyyə qulluqçuları üçün müəyyənləşdirilməsi, fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, insan hüquq və azadlıqlarının qanunla məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyinin təsbit olunması və s. insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi yönündə olduqca mütərəqqi təkliflərdir.

Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənmənin konkret məqsədi aydınlaşır və buna xidmət etməyən qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq və qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdən sonra bu maddəyə əlavələr digər qanunlarda öz əksini tapacaq. Bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti də artırılacaqdır.

Ümumiyyətlə, qarşıdakı referendumu Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi bu layihə xüsusi əhəmiyyətə malikdir. Düşünürəm ki, istər parlament seçkiləri, istərsə də prezident seçkiləri ilə əlaqədar yaş həddinin götürülməsi demokratik prinsiplərin gücləndirilməsi deməkdir.

Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər dövrümüzün tələblərinə uyğundur.  Bu dəyişikliklər konstitusiyamızın və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir.

Azərbaycan Respublikasında   islahatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də  demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir.

 

Murtəza HƏSƏNOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2016.- 17 sentyabr.- S.3.