Çağdaş oxucunu məfkurə
işığına qovuşduran kitab
Respublika Milli Kitabxanası ölkənin kitab xəzinəsini zənginləşdirən
yeni nəşrlərin oxuculara
təqdim edilməsi ənənəsinə uyğun
olaraq, tanınmış şairə və
fəal ədəbiyyatşünas Sona Vəliyevanın
nəsr sahəsində də uğurlu
çalışmasının, çoxillik
araşdırmasının və ağır zəhmətinin bəhrəsi olan “İşığa gedən yol” romanının müzakirəsini təşkil
etmişdir.
Ölkənin baş kitab evinin konfrans salonuna toplaşmış nüfuzlu ziyalılara, qədirbilən oxuculara bu barədə açıqlama verən kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, milli mədəniyyətimizin bir sıra sahələrində sivil əsaslar yaratmış böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin nəsillərə örnək olan ömür yoluna, milli istiqlalımıza yönəlik mübarizəsinə həsr olunmuş ilk irihəcmli romanın ərsəyə gəlməsi ədəbi-mədəni aləmdə hadisədir. Bədii ədəbiyyatda zəruri bir tələbatı layiqincə cavablandıran bu fundamental əbəbi nəşrin məram və dəyərini oxuculara qədərincə çatdırmaq üçün yüksək zövq və xalqa söz söyləmək səlahiyyəti qazanmış ziyalılar bu toplantıya dəvət olunublar.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirdi ki, türkçülüyü və azərbaycançılığı ulu bir məfkurə kimi ictimai fikrə gətirmiş görkəmli mütəfəkkirlərin, nurlu əməl sahiblərinin atası sayılan Həsən bəy Zərdabi barədə tarixi və elmi-mədəni qaynaqlara əsaslanan bu irihəcmli bədii əsərin ərsəyə gəlməsi, əslində, ciddi sosial sifariş idi. İstedadlı ədib və fədakar tədqiqatçı Sona Vəliyeva bədii ədəbiyyatımızdakı bu boşluğun doldurulmasını nadir bir romanla qarşılayıb. Elə buna görə də mediada verilən bir sıra yazılarda bu gərəkli əsər barədə yüksək mülahizələr səslənib.
Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları – AMEA-nın müxbir üzvü Nizami Cəfərov, yazıçı-tərcüməçi Elmira Axundova və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AMEA-nın həqiqi üzvü Teymur Kərimli, BDU-nun professoru Cahangir Məmmədli, AYB-nin katibi Rəşad Məcid, yazıçı Yunis Oğuz, tədqiqatçı-publisistlər – Akif Əli və Flora Xəlilzadə, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, tənqidçi Əsəd Cahangir, digər nüfuzlu alim və yazarlar “İşığa gedən yol” romanının uca qayəsi, yüksək estetik məziyyətləri barədə ilkin fikir və qənaətlərini bölüşdülər. Natiqlər Azərbaycan ictimai düşüncəsini maarifçilik mərhələsindən inqilabi-demokratik epoxaya yüksəltmiş, milli istiqlal mücahidlərinin yolgöstərəni olmuş böyük Zərdabi barədə ilk əhatəli bədii nümunənin müəllifi Sona Vəliyevaya geniş oxucu kütləsinin təşəkkürünü ifadə etdilər.
Müzakirələrdə daha sonra qeyd edildi ki, sevimli yazıçı-pedaqoqumuz Abdulla Şaiqin “həqiqi xalq xadimi” adlandırdığı, zərdabişünasların “Azərbaycanı XIX əsrdən XX əsrə keçirmiş tarixi şəxsiyyət” kimi tədqiq etdiyi Həsən bəy Zərdabinin nadir kimliyinin xalqımıza qədərincə çattlmasında “İşığa gedən yol” romanı kütləvi tanıtma missiyasını gerçəkləşdirəcək, populyarlıq qazanacaq. Bu əsər Həsən bəyin parlaq və zəngin bioqrafiyasının yüksək estetik təqdimatı fonunda onun dövrünün və mübarizəsinin də geniş mənzərəsini əks etdirir.
Romanın müəllifi Sona Vəliyeva söylənən dəyərli mülahizələrə görə minnətdarlığını bildirdi, kitabın nüsxələrini imzalayaraq oxuculara təqdim etdi.
Sonda bildirək ki, ümummilli lider Heydər Əliyev – böyük Atarürkü, Türkiyə Cümhuriyyətinin qurucusu – Ziya Göyalpı, türkçülüyün banisi – Yusif Akçuranı, Kazan türkçüsü – İsmayıl bəy Qaspralını, nəhayət, Krım mücahidi – təkcə Azərbaycanda, Qafqazda deyil, bütün Rusiya imperiyasında ilk türk qəzetini yaratmış soydaşımız Həsən bəy Zərdabini öz müəllimi adlandırmışlar. Müzakirələrin sonu olaraq, yeni nəşr bu tarixi estafetə güzgü tutan, dünənin həqiqətlərini müasirliyin dili ilə səsləndirən, çağdaş oxucunu məfkurə işığına qovuşdaran kitab kimi ictimaiyyətə təqdim olundu.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2016.- 25 sentyabr.- S.4.