“Şah İsmayıl Səfəvi:
Tarixi
-diplomatik sənədlər
toplusu”
Şah İsmayıl görkəmli
dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı
birləşdirən insandır. Azərbaycanın qədim
dövlətçiliyi Şah İsmayılın adı ilə
bağlıdır.
Heydər
Əliyev
Ümummilli lider
Ulu öndər Heydər Əliyevin
Şah İsmayılla bağlı söylədiyi dəyərli
fikirlər elm adamlarımızı bu irsin daha da dərindən
öyrənilməsinə sövq etmişdir. Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi redaktəsi ilə
ölkə ictimaiyyətinə, ziyalı elitaya, həm də
geniş oxucu kütləsinə təqdim olunmuş
"Şah İsmayıl Səfəvi: Tarixi-diplomatik sənədlər
toplusu" bu baxımdan çox dəyərli töhfədir.
Toplunun
akademik Ramiz Mehdiyev tərəfindən qələmə
alınmış "Şah İsmayıl Xətainin siyasi
irsi tarixi sənədlər işığında" fəslində
XVI əsrin əvvəlində bərqərar olmuş Səfəvilər
dövləti, bu dövlətin ilk qurucusu Şah
İsmayıl Səfəvi haqqında qiymətli mülahizələrin, Səfəvilər irsinin öyrənilməsinə
yönələn ciddi araşdırmalara təkan verən elmi
ideyaların şahidi oluruq: "Tariximizin öyrənilməsi,
eyni zamanda, tanıdılması ilə bağlı vacib məsələlər
sırasında Azərbaycan Səfəvilər dövləti
və onun zəngin irsi xüsusi yer tutur. Azərbaycanın
tarixi torpaqlarını ilk dəfə vahid mərkəzdə
birləşdirməyə nail olan
Səfəvilərin istər dövlətçiliyimizin,
istərsə də mədəniyyətimizin
inkişafındakı rolu, həqiqətən də, müstəsnadır.
Zaman-zaman zəifləməsinə baxmayaraq, 200 ildən
artıq bir dövrdə nəinki Qafqazın, eləcə də
bütün Yaxın Şərqin siyasi həyatında həlledici
söz sahiblərindən biri olmuş Səfəvilər dövlətinin
qoyub getdiyi tarixi mirasın ölkəmizdə mükəmməl
bir şəkildə öyrənildiyini, onun layiq olduğu dəyəri
aldığını demək çətindir.
Müəllif
bu fəsildə tarixçilərimizin qarşısında
mühüm vəzifələr durduğunu bəyan edərək,
Şah İsmayıl Səfəvi irsinin öyrənilməsinin
aktuallığını bir daha gündəmə gətirir.
Bu aktuallıq akademikin kitabın 9-cu səhifəsindəki dəyərli
fikirlərində öz əksini tapmışdır: "Xətaişünaslıqda
qazanılmış ciddi uğurlara baxmayaraq, Şah
İsmayıl Səfəvi ilə bağlı və
ümumiyyətlə, Səfəvilərlə bağlı bir
istiqamətdə – diplomatik irsin öyrənilməsi məsələsində
müəyyən boşluqlar qalmaqdadır. Məlum olduğu
kimi, özündən sonra böyük həcmdə diplomatik
irs qoyub getmiş Səfəvilərin xarici siyasəti ilə
bağlı yüzlərlə siyasi sənəd müxtəlif
dünya ölkələrinin arxiv və kitabxanalarına səpələnmişdir.
Onların tapılması, təsnif edilməsi və çap
olunması ciddi zəhmət tələb edən məsələlərdəndir".
Akademik Ramiz Mehdiyevin bu sanballı kitabı Türk
dünyası diplomatiyasının dünəni və
bugününün öyrənilməsi baxımından əvəzsiz
mənbədir.
Əsər
indiyədək Şah İsmayıl Xətai adı ilə
xalqımıza tanıdılan şairimizi bu gün böyük bir imperiyanın – Səfəvilər
imperiyasının banisi I Şah İsmayıl Səfəvi
kimi tanımağa, şanlı tariximizin qaranlıqda qalan səhifələrini
açmağa kömək edir.
Kitabın
"Əlavələr" bölməsində I Şah İsmayıl Səfəvinin
diplomatik yazışmalarında adıçəkilən bir
sıra məşhur şəxsiyyətlər haqqında
müxtəsər tarixi arayışlar verilmişdir. Bu
arayışlarda öz əksini tapmış o dövr
türk dövlət başçılarının dövlətçiliklə
bağlı müsbət addımları diplomatiyamızın inkişafı
baxımından vacibdir. Belə ki, II Bayazid Vəli haqqında
tanınmış Avstriya şərqşünası J. Hammer
belə yazırdı: "II Bayazid təbiəti etibarilə
həlim, sakitliyə üstünlük verən, şeiriyyətə
bağlı, dünyəvi hadisələrə etinasız yanaşan,
xaricdə düşmənlərin, daxildə isə
yeniçərlərin törətdikləri təxribatları
dəf etmək zərurəti meydana çıxmadıqca
silaha əl atmayan biri idi".
Sultan
Süleyman Qanuni barəsində isə 363-cü səhifədə
oxuyuruq: "Süleyman taxta çıxan kimi ilk olaraq tarixə
həmişəlik yazılacaq bir neçə humanist
addım atdı. Belə ki, Səlim dövründə Səfəvilər
və Məmlüklərlə müharibədə əsir
düşmüş sənətkarlar, alimlər və digərləri
azadlığa buraxıldı. Onlara Vətənə
qayıtmaq, yaxud istədikləri başqa bir yerə getməyə
icazə verildi. Süleymanın öz
azğınlığı və
talançılığı ilə əhalini üsyan həddinə
gətirmiş bir sıra dövlət məmurlarını və
hərbçiləri sərt şəkildə cəzalandırması
da bütün ölkədə
müsbət əks-səda yaratmış oldu".
Əsərin
"Əlavələr" bölümünün 381-ci səhifəsində
deyilir: "Məsələn, tanınmış rusiyalı sənətşünas
B. Denike Behzad haqqında bu əfsanəyə müraciət edərək
yazır: " I Şah İsmayıl incəsənətə
yaxın biri idi və o, Behzadı yüksək qiymətləndirirdi.
Salnaməçilər iddia edirlər ki, Şah türklərlə
müharibəyə yollanmamışdan öncə saray xəttatı
Mahmud Nişapurinin və rəssam Behzadın düşmən
əlinə keçmələrini istəmədiyini bildirərək,
onları etibarlı yerdə gizlətməyin qeydinə
qalmışdır. Uğursuz müharibədən qayıdarkən
isə onun ilk maraqlandığı məsələ
Behzadın sağ qalıb-qalmadığı olmuşdur".
Yuxarıdakı əlavələrdə verilmiş məlumatlar
ciddi xarakter daşıyır. Müəllif
ümumtürkçülük ənənələrinə
sadiqlik nümayiş etdirərək, Osmanlı
sultanlarının dövlətçilikdə müsbət qəbul
olunan, bu gün də örnək ola biləcək
ideyalarına sayğı ilə yanaşır. Elə əsərin
çağımızla səsləşməsi də bununla
bağlıdır. Həm Səfəvi, həm də
Osmanlı saraylarında elm, mədəniyyət xadimlərinə
yüksək hörmət və izzət göstərilməsi
bir daha Türk dövlətçiliyinin qədimliyini sübut
edərək antitürk baxışlar sisteminə
güclü zərbə vurur. Təkcə "Əlavələr" fəsli XVI əsrin əvvəlindəki
türk dünyası tarixinin qərəzsiz
araşdırılması üçün məhək
daşı rolunu oynayır.
"Ümid
etmək istərdik ki, sözügedən sənədlər gələcəkdə
xalqımızın böyük oğlu I Şah
İsmayıl Səfəviyə dair işıq üzü
görəcək neçə-neçə dəyərli tədqiqat
üçün mənbə rolunda çıxış edəcək,
mütəxəssislərimizi bu yöndə yeni-yeni
axtarışlara həvəsləndirəcəkdir. İndi
növbə və söz yenə də tarixçilərimizindir.
Əsərdə
Şah İsmayil tərəfindən verilən fərmanların
araşdırılması dövlətçiliklə
bağlı elementlərin zənginliyini üzə
çıxarır. Dövlətə, millətə, ümmətə
xüsusi xidməti olan şəxsiyyətlərin dəyərini
vermək, onlara dövlət qayğısı göstərmək
ənənəsinin əsasını hələ I Şah
İsmayıl qoymuşdur. Xacə Cəlaləddin
Əbülqasim əl-Cami ilə bağlı bir fərmanda
deyilir: "Onun imamət və vilayət ailəsinə nisbət
əqidəli olduğu və (bu əqidənin) ürəyinin
dərinliyinə saldığı nurun təsiri məlum oldu.
Padşahın lütfünü nümayiş etdirmək məqsədilə
Ona Loy (Əjdaha) ilindən başlayaraq hər il Cam vilayətinin
"mal-cəhət"indən soyurqal formasında on Təbriz
tüməni məbləğində həmişəlik olaraq
bağışladıq. Qeyd edilən məbləği hər
il adı qeyd olunan Xacənin əkinçilik işlərinə
nəzarət edən şəxsdən pula çevrilməsini
(tələb edib) az və ya çox olması yoxlanılaraq
qaytarılsın. Bir şey azaldıb və ya
çoxaltmasınlar. Az və ya çox olmasına tamah
salmasınlar. Bu barədə səhlənkarlıq və ya
uzunçuluğa (süründürməçiliyə) yol
verməyərək, ona qarşı həmişə belə
mehribanlıq etsinlər. Bu bəxşişi qalıcı dəftərlərdə
qeyd edib yazsınlar. Həmin xacəyə, övladları və
nəvələrinə nəsilbənəsil çatsın və
hesabı soruşulmasın. Hər il bu barədə yeni icazə
kağızı tələb etməsinlər. Habelə
böyüklərin ağası Cəlaləddin Məhəmmədə
də mərhəmət göstərərək, onun Cam vilayətində
olan əkinlərinə nəzarət edən şəxsdən
5000 Təbriz dinarı məbləğində (alaraq) ona hədiyyə
və soyurqal verilməsini əmr etdik".
“Aydın
düşüncəli əmrlər, tayı-bərabəri
olmayan vəzirlər, saray vəkilləri, məsləkdaşları,
səltənət işlərində müşavirlər və
divan işlərində önəmli vəzifə tutan şəxslərin
hamısı və xüsusilə də padşahın kitabxanasının
işçiləri və qeyd edilən camaat bilməlidir ki,
adı keçən ustadı qeyd-şərtsiz rəhbər
(kələntər) hesab etsinlər, kitabxana işlərini
onun idarəçiliyi və səlahiyyətinə versinlər,
onun qeyd və möhrü ilə olan dəyərləndirmələri
mötəbər hesab etsinlər. Padşahın kitabxana
işləri ilə əlaqədar və qeydə alınma
haqqında buyurduqlarından imtina edilməsin, qeyd edilən vəzifənin
tərkib hissəsi olan işlərin ona aid olduğunu bilsinlər.
İşarə olunan şəxs də parlaq düşüncə
və ürəyinə əmanətdarlıq və
dindarlığı hakim edərək bu işə doğru və
dürüst başlasın, əyilmək və
yaltaqlıqdan çəkinərək uzaq dursun, doğru
yoldan kənara çıxmasın. Xırdalıqlarda da bu
cür davransınlar. Padşahın bu hökmü uca və
şərafətli möhür ilə birlikdə olduqda etimad
edilsin".
Fərmanda
dövlətin vətandaşına qayğısı ilə
yanaşı, vətəndaşın da borcunun nə
olduğunun bu gün üçün əhəmiyyəti bəlli
olur. Son günlər ölkə Prezidenti cənab İlham
Əliyevin imzaladığı fərmanlarda vətəndaşlara
münasibətdə etinasızlıq, laqeydlik halları ciddi
şəkildə pislənir ki, bu, bir daha Azərbaycan dövlətçiliyinin
qədim təməllərindən xəbər verir.
Təkcə
bu əsər bu gün ümumtürk, ümummislam, ümumbəşəri
ideallara əks gedən tədqiqatçı alimlərə
tutarlı bir cavabdır. Elə bu cavab əsərin 16-cı səhifəsində
akademikin öz yazısında bariz şəkildə
görünür: " Tarixi sənədlərin konkret şəkildə
aydınlaşdırdığı digər mühüm məqam
isə Şah İsmayılın Osmanlı dövləti ilə
münasibətlərdə rəhbər tutduğu xəttin həqiqi
mahiyyəti ilə əlaqədardır. Məlum olduğu
kimi, bir çox yerli və əcnəbi tədqiqatçılar
əsaslı dəlillər gətirmədən I İsmayılı Osmanlı
dövləti ilə məqsədyönlü şəkildə
müharibəyə başlamaqda ittiham edirlər. Sanki, I
Şah İsmayıl Osmanlı dövlətini hər vəchlə
müharibəyə təhrik edən addımlar atmış,
türklər isə sülh, səmimiyyət istəklərinə
baxmayaraq, hərb yoluna əl atmağa məhz Səfəvilər
tərəfindən məcbur edilmişlər. Əfsuslar ki,
bu yanlış və təhrif olunmuş təsəvvürlər
illərdir insanlar arasında kök salmaqda davam edir. Hərçənd
ki, tarixi sənədlərdə, diplomatik yazışmalarda əksini
tapmış faktlar tamam başqa həqiqətlərdən xəbər
verir".
"Həmişə
bütün diqqət və
mübarək hakimiyyətimiz və gündən-günə
genişlənən xilafətimiz dövründə (tabeçiliyimizdə olan) tayfa və
xalqların rifah və rahatlıq içində
yaşamasına yönəltmişik". Fərmandakı bu cümlə o
dövr Səfəvi dövlətinin böyük ərazisində
yaşayan müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin
birgəyaşayışını
və bu birgəyaşayışa dövlət
qayğısını göstərir.
20-ci səhifə "Topluya daxil olan və Şah İsmayılın orta əsr müsəlman aləminin görkəmli miniatür ustası, tanınmış rəssam, incəsənət tarixində daha çox "Şərqin Rafaeli" adı ilə məşhurlaşmış Kəmaləddin Behzad (1455-1536) haqqında verdiyi xüsusi fərman isə nəinki Səfəvi dövlətinin, eləcə də İslam tarixinin ən ibrətamiz hadisələrindən hesab oluna bilər. Səfəvi sarayına pənah aparan bu görkəmli sənət adamı Şah İsmayıl tərəfindən ən yüksək səviyyədə qəbul edilmiş, ona böyük qayğı, diqqət göstərilmişdir. İstedadlı bir insanın taleyinə, sənətinə biganə qalmayaraq, onun Səfəvilərin Təbrizdəki saray kitabxanasının rəhbəri təyin edilməsinə dair ayrıca fərman imzalaması İsmayılın nəcib əxlaqından və mədəniyyətə olan möhkəm bağlılığından xəbər verməkdədir".
Bugünkü türk dünyasının vəziyyəti bir daha bu əsərin siyasi əhəmiyyətini gündəmə gətirir. Hüseyn Cavid ideyaları ilə kitabın ruhu eyni bir məqsədə xidmət edir. Acılı-şirinlı tariximizə sahib çıxmağın yolunu göstərən bu əsər ümumtürkçülükdən ümumbəşəriliyə, milli mədəniyyətlərdən multikultural mədəniyyətə keçidi əks etdirir.
Əsərlə yaxından tanışlıq ikicildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafik elmi-tədqiqatın müəllifi kimi məni Şah İsmayıl Səfəvinin, eləcə də XVI əsr türk dünyası siyasi xadimlərinin nitqlərini onların yazışmaları əsasında araşdırmağa sövq etdi.
Nagdəli Zamanov,
Azərbaycan Tibb Universitetinin dosenti,
tibb üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2016.- 25 sentyabr.- S.5.