Dünya şöhrətli həmyerlimiz
Keçmiş SSRİ-nin kosmonavtika sahəsində dünya
şöhrətli mütəxəssisi kimi
tanınan, pilotlu kosmik
komplekslərin uçuş
sınaqları üzrə Dövlət Komissiyasının sədri,
Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Dövlət Mükafatı
laureatı, general-leytenant Kərim Abbasəli
oğlu Kərimov
14 noyabr 1917-ci ildə Bakıda anadan olmuşdur. Əsl
adı Kərimağa olan məşhur
soydaşımızın uşaqlıq və gənclik illəri
Bakıda keçmişdir.
Uşaqlıq illəri çox ağır keçən həmyerlimizin səkkiz yaşında olarkən anası dünyadan köçmüşdür. O, eləcə də kiçik qardaşları Süleyman və Mustafa anasının valideynləri Səyyarə xanımın və Əsədulla kişinin yanında boya-başa çatmışlar.
Atası Abbasəli Kərimov İçərişəhərin tanınmış ziyalılarından olmuşdur. O, Peterburq şəhərində ali təhsil almış və uzun müddət Neft Nazirliyində mühəndis-texnoloq vəzifəsində fəaliyyət göstərmişdir. Əmisi Məlikməmməd Kərimov Kazan şəhərində ali təhsil almış, şəhərimizin Mustafa Sübhi küçəsində yerləşən 2 saylı poliklinikanın baş həkimi işləmişdir.
Anası Suriyə xanım isə Bakının Pirşağı kəndində doğulmuş və evdar qadın olmuşdur.
Kərimağa Kərimov rus dilində təhsil almışdır. O, əvvəlcə indiki Tolstoy küçəsindəki 1 saylı, sonra isə Opera və Balet Teatrının yaxınlığındakı 8 saylı məktəbdə oxumuşdur. Hələ məktəbdə oxuyarkən onunla sinif yoldaşı Zəhra Məmmədhənifə qızı Tağıyeva arasında yaranan yaxınlıq sonralar məhəbbətə çevrilmiş və onlar 1936-cı ildə ailə qurmuşlar. Zəhra xanım ali təhsil almağa müvəffəq olmuş və Moskva məktəblərində kimya fənnini tədris etmişdir.
Orta məktəbi bitirdikdən sonra Kərimağa Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra 1942-ci ildə Artilleriya Akademiyasına qəbul edilən Kərimağa hərbi fənlərə müvəffəqiyyətlə yiyələnmiş və 1943-cü ildə ona artilleriya üzrə mühəndis diplomu verilmişdir. Akademiyada təhsilini başa vuran Kərimağa hərbi xidmətini davam etdirmək üçün Qvardiya Minomyot Hissələri Baş İdarəsinə göndərilmişdir. Həmin idarədə gənc hərbi mühəndis “Katyuşa” reaktiv mərmilərinin buraxılışı ilə tanış olmuş və onların cəbhəyə göndərilməsində fəal iştirak etmişdir.
Müharibə qurtarandan sonra soydaşımızı orduda
saxladılar və “Qırmızı ulduz”
ordeni ilə təltif etdilər. O,
Müdafiə Nazirliyinin Mərkəzi
Aparatında işə qəbul edildi. Kərimağa
Kərimov həmin aparatda iyirmi
ilə yaxın müddətdə müxtəlif vəzifələrdə,
o cümlədən Kosmik
Vasitələr İdarəsinin rəisi vəzifəsində
xidmət etmişdir. Sonralar o,
uçuş sınaqları üzrə
dövlət komissiyasının sədri vəzifəsinə
təyin edilmişdir. 1961-ci ildə kosmosa ilk insanın
çıxarılması ilə əlaqədar olaraq, bir qrup
mütəxəssis yüksək hökumət
mükafatları ilə təltif edilmişdir.
Həmyerlimiz də Lenin ordeninə layiq görülmüş və
ona general-mayor rütbəsi
verilmişdir.
1965-ci ildə ölkədə
sahə sənaye nazirliklərinin təşkili
zamanı Kərimağa
Kərimova Ümumi Maşınqayırma Nazirliyi
nəzdindəki Baş
Kosmos İdarəsinə
başçılıq etmək
təklif edilmişdir. O, həmin
nazirlikdə raket və kosmos texnikası ilə məşğul olmuşdur.
Bu idarənin qarşısına mühüm
vəzifələr qoyulmuş,
raket və kosmos aparatlarının yaradılması tapşırılmışdır.
Kosmos üzrə
tanınmış mütəxəssis
S.P.Korolyovun vəfatından
sonra general Kərimağa
Kərimovun başçılıq
etdiyi idarədə işlər daha da mürəkkəbləşmişdir. Lakin yaranmış
vəziyyət onu ruhdan salmamış və həmyerlimiz fəaliyyətini daha əzmlə davam etdirmişdir. Ona xüsusi
peykin yaradılması
ilə əlaqədar
olaraq Lenin mükafatı
verilmişdir. 1967-ci ildə “Soyuz” gəmilərinin
avtomatik qovuşması
prosesinin təşkilində
fəal iştirak etdiyinə görə
general-mayor K.Kərimova general-leytenant rütbəsi verilmişdir.
1972-ci ildə uzun
sürən xəstəlikdən
sonra Kərimağanın
həyat yoldaşı
Zəhra xanım dünyasını dəyişdi
və o, qızı Suriyə xanımın ailəsində yaşamağa
başladı. Yeri gəlmişkən bildirək ki, Suriyə xanım texnika elmləri namizədi kimi Rusiya Elmlər Akademiyasının Astronomiya
İnstitutunda kosmik geodeziya şöbəsinin
rəisi olmuşdur.
1987-ci ildə çoxmodullu “Mir”
stansiyasının yaradılması
və sınaqlardan keçirilməsi, eləcə
də 70 yaşı ilə əlaqədar olaraq general-leytenant K.Kərimov Lenin ordeni ilə təltif olunmuş və ona Sosialist Əməyi
Qəhrəmanı adı
verilmişdir. Uzun illər
fəaliyyəti gizli saxlanılmış həmyerlimiz
1991-ci ildə istefaya çıxmış və
Uçuşları İdarəetmə
Mərkəzində məsləhətçi
vəzifəsində fəaliyyətini
davam etdirmişdir.
Xalqımızın dünya şöhrətli
oğlu general-leytenant
Kərimağa Abbasəli
oğlu Kərimov 29
mart 2003-cü ildə dünyasını
dəyişmiş və
Vaqankovo qəbiristanlığında
torpağa tapşırılmışdır.
Məmmədkərim QULİYEV,
AMEA-nın İdarəetmə Sistemləri
İnstitutunun laboratoriya müdiri,
Beynəlxalq Mühəndislik Akademiyasının
akademiki, texnika elmləri
doktoru, professor
Xalq qəzeti.- 2016.- 6 yanvar.- S.6.