Neft strategiyası Azərbaycanı
regionun dinamik
inkişaf edən ölkəsinə çevirmişdir
Azərbaycanın
yeni neft
strategiyasının reallaşdırılmasının əsasını
qoymuş “Əsrin müqaviləsi”nin
imzalanmasından 21 ildən artıq vaxt ötür. Ölkəmizin iqtisadi
müstəqilliyinin təməlini qoymuş
bu tarixi sazişin həyata keçirilməsi istiqamətində
görülən işlər, yeni neft strategiyası çərçivəsində
reallaşdırılan ardıcıl tədbirlər, mühüm infrastruktur
layihələri ölkəmizin dinamik sosial-iqtisadi
inkişafı üçün
möhkəm zəmin yaratmışdır. Ötən illərdə
özünün zəngin karbohidrogen
ehtiyatlarından düzgün, səmərəli
şəkildə istifadə edən Azərbaycan
Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Məlum olduğu kimi, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Bununla yanaşı, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla belə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır.
Azərbaycanın neft sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. “Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnolgiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir.
Xatırladaq ki, “Əsrin müqaviləsi” nin imzalanmasında cəmi üç il sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatına başlanılmış və illər ötdükcə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində həyata keçirilmiş misilsiz tikinti-quraşdırma işləri nəticəsində hasilat tədricən artmışdır. Bütövlükdə isə artıq 18 ilə yaxındır ki, “Azəri-Çıraq-Günəşli” nefti dünya bazarlarına axaraq ölkəmizin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin səhmdarları bp (35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (OVL) (2,7 faiz) şirkətləridir.
“Əsrin müqaviləsi” çərçivəsində neft və səmt qazının hasilatı yola saldığımız 2015-ci ildə də uğurla davam etdirilmişdir. Layihənin operatoru olan bp şirkətinin 2015-ci ilin doqquz ayının yekunları ilə bağlı yaydığı hesabata əsasən, yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” layihəsinə əməliyyat məsrəflərinə təqribən 570 milyon dollar, əsaslı məsrəflərinə isə 1,5 milyard dollar vəsait xərclənmişdir.
“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanmasından 18 ildən artıq vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, ötən ilin doqquz ayında da konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində neft və səmt qazının hasilatı uğurla davam etdirilmişdir. Belə ki, hesab dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 175 milyon barrel və ya 24 milyon ton neft hasil olunmuşdur. Bütövlükdə isə il ərzində “Əsrin müqaviləsi” çərçivəsində sutkalıq neft hasilatının həcmi 640 min barrel təşkil etmişdir. Ümumi neftin 54 min barreli “Çıraq”, 156 min barreli “Mərkəzi Azəri”, 110 min barreli “Qərbi Azəri”, 72 min barreli “Şərqi Azəri”, 141 min barreli “Dərinsulu Günəşli”, 107 min barreli isə “Qərbi Çıraq” platformalarının payına düşür. Bütövlükdə isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda təqribən 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur. İşlənmənin əvvəlindən isə müqavilə sahəsindən 400 milyon tona yaxın neft çıxarılmışdır.
2015-ci ildə layihənin səhmdarları tərəfindən quyu fondu üzərində də zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda qazma və tamamlama fəaliyyətləri uğurla davam etdirilmişdir. Təkcə ötən ilin doqquz ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 13 hasilat və bir suvurma quyusu qazılmışdır. Bununla da, üçüncü rübün sonuna müqavilə sahəsində istismarda olan quyuların sayı 130-a çatdırılmışdır. Hazırda həmin quyuların 88-dən neft çıxarılır. Texniki məqsədlər üçün istismar olunan digər 42 quyu isə qaz və su injektor quyularıdır.
“Azəri-Çıraq-Günəşli” layihəsinin illik iş proqramının bir hissəsi olaraq may ayında “Qərbi Azəri” platformasında bir sıra profilaktik, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılmasını təmin etmək məqsədilə hasilat təxminən 22 gün ərzində dayandırılıb. Bütövlükdə isə platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmuş həmin işlər tam təhlükəsiz şəkildə başa çatdırılıb.
Ötən ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etdirilmişdir. İl ərzində “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, 2014-cü ildə istismara verilmiş verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə ötən ilin doqquz ayında “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində SOCAR-a Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 9,8 milyon kubmetr, ümumilkdə isə 2,7 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir. 2015-ci ilin doqquz ayında Səngəçal terminalından 224 milyon barreldən artıq net və kondensat ixrac olunmuşdur. Xam neftin 198 milyon barreli Bakı-Tbilisi-Ceyhan və 23,6 milyon barreli Qərb ixrac boru kəmərləri, 2,2 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, ilin ötən dövründə buradan 0,9 milyon barrel kondensat ixrac kəməri vasitəsilə dünya bazarına göndərilmişdir. Qaz isə terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Ötən ilin ötən doqquz ayı ərzində terminaldan gündəlik orta hesabla 26,1 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən doqquz ildən artıq vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin doqquz ayında da uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 106 milyon dollar, əsaslı xərclərə isə 32 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Keçən ilin yanvar-sentyabr ayları ərzində kəmərlə təqribən 198 milyon barrel (26,3 milyon ton) xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 275 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Bütövlükdə isə ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə istismara verildiyi 2006-cı ilin iyun ayından bəri ümümilikdə təxminən 2,3 milyard barrel (307 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3026 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Yeri gəlmişkən, artıq 16 ilə yaxındır ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. Azərbaycan isə 1999-cu ilin dekabrından öz payına düşən “mənfəət nefti”ni dünya bazarlarına çıxarır. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Məlumat üçün bildirirk ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 5 milyard 543,4 milyon manat, büdcə xərcləri isə 6 milyard 397,1 milyon manat təşkil etmişdir. Hesabat dövründə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 492,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 479,5 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 8,4 milyon manat olmuşdur. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 51,2 milyon manata bərabər olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 7 milyard 828,3 milyon manat təşkil etmişdir. Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5 milyard 650 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Yanvar-sentyabr aylarında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 67,8 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, ilin doqquz ayında Dövlət Neft Fondundan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 22,6 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 16,8 milyon manat və “Cənub” qaz dəhlizi layihəsinə 489,3 milyon manat vəsaitin ayrılması təmin olnumuşdur. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri isə 20,2 milyon manat təşkil etmişdir. Göründüyü kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi, bir sıra sosial və infrastruktur layihələrinin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2016.- 6
yanvar.- S.5.