Azərbaycanda dövlət və din
münasibətləri
yüksələn xəttlə inkişaf edir
Azərbaycan tarixən
çoxkonfessiyalı məkan olmuşdur. Müxtəlif
dinlərin nümayəndələri ölkəmizdə
özlərinə ömürlük sığınacaq
tapmışlar. Hazırda paytaxt Bakıda bütün dinlərin
nümayəndələri üçün lazımi şərait
yaradılmışdır və bu prosesə dövlətin dəstəyi
hər yerdə hiss edilməkdədir. Məsələn, sayca
çox az olan katolik xristianların
Bakının mərkəzi hissələrindən birində
əzəmətli məbədi vardır. Bundan əlavə, yəhudilər
üçün sinaqoqlar, provaslavlar üçün kilsə,
müsəlmanlar üçün məscidlər fəaliyyət
göstərir. Xalqımızda aqressiya,
dözümsüzlük kimi xüsusiyyətlərə genetik
olaraq yer yoxdur. Tarixən də bu müsbət keyfiyyətlər Azərbaycan xalqının tolerant
xarakterini ortaya qoymuş və onun saf
imicini müəyyənləşdirmişdir.
Bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, Cənub-Şərqi Asiyada, hətta bəzi Qərb ölkələrində anti-islam, antisemitizm, ksenofobiya hallarının baş verdiyi hər kəsə məlumdur. Dünyada insan haqlarının qorunduğu əsas yer kimi tanınan ABŞ-da belə qaradərili vətəndaşlara qarşı ötən əsrin əvvəllərində olan münasibət hələ də qalmaqdadır. Qəribədir ki, bu hallara dəstək verən bəzi konqresmenlər, politoloqlar da var. Bu günlərdə Donald Trampın məlum müsahibəsi dünyada geniş rezonans doğurdu. Bu amerikalı siyasətçi müsəlmanların ölkəyə girişinə qadağa qoyulması fikrini irəli sürdü və əslində, tək özünün deyil, bəzi ultranasist ABŞ siyasətçilərinin iç üzünü açdı. Şübhəsiz ki, ABŞ-ın tərəqqipərvər ziyalıları və dövlət adamları bu çıxışı pislədilər. Çünki müsəlmanlar Trampın bu çıxışına qəzəblənmişdilər. Bu, hələ də dünyanın super dövləti iddiasında olan ölkədə baş verən arzuolunmaz hadisələrdən biri kimi yadda qaldı. Ötən illərdə müqəddəs Quranın iki keşiş tərəfindən yandırılması və onların heç birinin məsuliyyətə cəlb edilməməsi Liviyada ABŞ səfirliyinə hücum və səfirin qətlə yetirilməsi ilə nəticələnmişdi. Bütün bunların hər biri dövlət və din münasibətlərinə zərbə vuran amillərdir. Belə məqamda ABŞ məhkəmə sistemi 1 milyarddan çox insanın mənəvi inancını təhqir etmiş keşişi mütləq cəzalandırmalıydı. Çünki dövlət və din münasibətləri qarşılıqlı hörmətə əsaslanmalı və bir-birinin sərhədlərini yaxşı tanımalıdır. Din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına və digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.
100 illik dünyəvi
dövlət təcrübəsi
Azərbaycanda beynəlxalq hüquqa əsaslanan dünyəvi dövlətin qurulması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə gerçəkləşmişdir. Bu hadisə Şərqdə ilk demokratik prinsiplərə söykənən və respublika üsul-idarəli üzərində ilk dövlətin qurulması ilə tarixə keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində ölkənin bütün vətəndaşları irqindən, dinindən, sosial mənşəyindən, silkindən, cinsindən asılı olmayaraq bərabərhüquqlu olaraq göstərilirdi. Dövlət parlamentli respublika idi. Dövlətin qurucuları xalqımızın böyük tərəqqipərvər ziyalıları və hüquqşünasları idi. Azərbaycanda bütün dinlərə, o cümlədən əhalinin mütləq əksəriyyətinin etiqad bəslədiyi İslam dininə hörmət və ehtiram ən yüksək səviyyədə idi. Çar Rusiyası dövründə “Parçala, hökm sür !” siyasətini asanlaşdırmaq üçün yaradılmış və ayrı-ayrılıqda fəaliyyət göstərən şiə və sünni müsəlmanları ruhani qurumları birləşdirilərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi-“Məşixəti–İslamiyyə” yaradıldı. “Məşixət”in yaranması, “İttihadi-İslam” firqəsinin siyasi fəaliyyəti və Dini Etiqad Nazirliyinin yaradılması, nazir müavinlərinin ruhanilərdən təşkil olunması, digər məsələlər Azərbaycan Cümhuriyyətinin, dünyəvi dövlət olsa da, İslam dininə və din xadimlərinə yüksək imtiyazlar verdiyini göstərir və hətta siyasi fəaliyyətlə də məşğul olmaları üçün geniş imkanlar yaradırdı. Din xadimləri də öz növbəsində xalqımızın o illərdə düşdüyü çətin siyasi və iqtisadi böhrandan qalib ayrılması üçün mənəvi maarifləndirmə və dəstək işləri ilə məşğul olur, müharibədə zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş uşaqlara qayğı göstərmək üçün xeyriyyə missiyasını üzərlərinə götürür, Milli Ordumuzun mənəvi qüdrətinin artırılmasında, ermənilərə qarşı mübarizənin ümummilli mücadiləyə çevrilməsində əvəz-olunmaz təbliğat işləri görürdülər.
Bugünkü Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisidir. 70 il hökm sürən sovet ateist-kommunist rejimi xalqımızın ürəyindən dini-mənəvi dəyərlərə sadiqliyi çıxara bilmədi. Müstəqilliyimizi bərpa etdikdən sonra sovet dövründə taxıl anbarlarına, klublara çevrilmiş məscidlər əvvəlki fəaliyyətini bərpa etdi. Müqəddəs kitabımız “Qurani–Kərim” tərcümə olunmağa və əhali arasında sərbəst yayılmağa başladı. Pirlər-ziyarətgahlar yenidən xalqın ixtiyarına verildi. Müstəqil Azərbaycan dünyəvi prinspləri əsas tutaraq dünyaya inteqrasiya edir, lakin dini-mənəvi dəyərləri uca tutur, əsası cümhuriyyət dövründə qoyulmuş üçrəngli bayrağımızın bir rəngi İslam dinini dəyərləndirir. Bu, dövlət və din münasibətlərinin əsasını təşkil edir.
Ümumiyyətlə, dövlət-din münasibətləri baxımından dünya dövlətlərini iki cür qruplaşdırmaq olar: Din əsasında öz qanunvericiliklərini formalaşdıran dövlətlər - bunlara aid etmək olar: Səudiyyə Ərəbistanı; İran(1979-cu ilin noyabr ayında qəbul olunmuş Konstitusiya “Qurani-Kərim”ə əsaslanır, şəriət qanunlarını əks etdirir); Qətər (dövlətin daimi Konstitusiyası 2004-cü ildə qəbul olunub. İslam dövlətin əsas dinidir, şəriət qanunvericiliyin əsas mənbəyidir); Küveyt (1962-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, İslam dini və şəriət qanunvericiliyin əsasıdır); İraq (2005-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən, qanunvericiliyin əsasını İslam dini təşkil edir. Federativ-parlamentli quruluşlu demokratik respublikadır); Pakistan (1973-cü ildə qəbul olunmuş konstitusiyaya əsasən, ali hakimiyyət Allaha məxsusdur, insanlar “Qurani-Kərim” və sünnə əsasında həyatlarını təşkil edirlər); Yəmən (1990-cı ildə qəbul olunan Konstitusiyaya əsasən, hüqüqun əsasını şəriət qanunları təşkil edir) və s.
Adları sadalanan dövlətlərin konstitusiyalarında göstərilir ki, dövlətin rəsmi dini İslam dinidir. 2014-cü ildə qəbul edilən Misir Konstitusiyasında da qeyd olunur ki, İslam şəriətinin prinsipləri qanunvericiliyin əsaslarını təşkil edir. Yaxud da Danimarka Krallığının Konstitusiyasına əsasən, Yevangel Lüteran kilsəsi dövlətin əsas kilsəsidir.
İkinci qrup dövlətlərə isə dünyəvi dövlətlər daxildir. Bu dövlətlərdə din əsas hakimiyyət ideologiyası kimi qəbul olunmur və qanunvericiliyin bazasını dünyəvi prinsiplər, sivil hüquqlar təşkil edir. Lakin dövlət dinin himayədarı kimi çıxış edir. Məsələn, bizim Konstitusiyamızda yazılır ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bundan başqa, Konstitusiyada vicdan azadlığı haqqında qanun öz əksini tapıb. Digər bir maddədə (Dövlət-din münasibətləri) yazılır ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Beləliklə, artıq yüz ilə yaxındır ki, Azərbaycanda dünyəvi hakimiyyətin elmi-intellektual resursları var və bu təcrübə özünü doğruldur. Bu model Azərbaycanın bu gün sivil dünyaya inteqrasiyasında vacib amildir və dünyanın mütləq əksəriyyəti öz dövlət idarəetmə sistemini bu cür quruluşa uyğunlaşdırmışdır.
Tolerantlığın
zəmanəti dövlət
və dinin
uğurlu dialoqundan başlayır
Bu gün Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşdırılmışdır. Əlbəttə, bunun tarixi amilləri mövcuddur. Azərbaycanda İslamın yayılmasının özü də tolerant, qorxusuz, savaşsız mühitdə gerçəkləşmişdir. Əgər məcburiyyətə qalsaydı, ermənilər və gürcülər də İslam dinini qəbul edərdilər. Çünki, ərəb xilafətinin orduları o zaman dünyanın ən güclü hərbi qüvvəsi hesab edilirdi və heç bir dünya dövləti bu islamlaşdırmaya qarşı çıxa bilməzdi. Lakin Azərbaycan xalqının qədimdən səmavi dinlərə sitayişi və haqq-ədalət axtarışı kütləvi şəkildə İslama daxil olmağımıza zəmin yaratdı. Bu minvalla Azərbaycanda yaşayan əksər xalqlar vahid bir dini ideologiya ətrafında birləşdi və yadelli düşmənlərə qarşı ümumi, mütəşəkkil qüvvə kimi çıxış etməyə başladı. Bütün bunlar bu gün də Azərbaycan cəmiyyətinin mental xüsusiyyətlərində öz əksini tapmışdır. Bəzən, ayrı-ayrı etnoslara mənsub xalqlar dinimiz sayəsində elə qaynayıb qarışmış, düşüncə birliyi əldə etmişdir ki, regional və etnik-amil arxa plana keçmişdir. Bu da yüksək tolerantlıq hisslərinin formalaşmasına, digər xalqlara və dinlərə dözümlü münasibətin formalaşmasına səbəb olmuşdur.
Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Erməni tarixçilərinin əsərlərinə diqqət etsək, yalançı xristian təəssübkeşliyini və türk-müsəlmanlara qarşı nifrət aşılanmasını açıq-aşkar görərik.
Bu gün dünyada islamafobiya meyillərini körükləyənlər və buna dəstək verən erməni lobbisi bir nüansı unudur ki, dünyada yeganə qrioqorian ölkə olan Ermənistanda nəinki müsəlmanlar, hətta provaslavlar, katoliklər, yezidi kürdlər fərqli inanc səbəbindən sıxışdırılır. Bu isə Ermənistanın monoetnik statusunun daha da möhkəmlənməsinə xidmət edir. Bu irqçilik isə XXI-əsrdə nədənsə dünyanın demokratiya və insan haqları institutlarının diqqətindən yayınır.
Azərbaycanda İslam dininə mənsub vətəndaşlarla digər din nümayəndələrinə heç bir fərq qoyulmur. Elə təkcə bunun özü dövlət və din münasibətlərində yalnız dialoq ab-havasının hökm sürdüyünü göstərir. Azərbaycanda dövlət dindarlara, mömin vətəndaşlarımıza öz əqidə borclarını rahat həyata keçirmək üçün şərait yaratmışdır. Bu, həm məscidlərə, həm də kilsə, sinaqoq, məbədlərə göstərilən münasibətlə seçilir.
Bu baxımdan Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilat fəaliyyət göstərir və hər kəsin dini ayinləri sərbəst yerinə yetirilməsi üçün zəruri şərait təmin olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Onun 1994-cü ilin iyul ayında müqəddəs Məkkə və Mədinə yə ümrə ziyarətinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. O, həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. Həmin görüşlərdə böyük liderimizin müsəlman ölkələrinin dövlət və din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomen sayılan İslam dini və dinin əsasını təşkil edən, təkcə müsəlmanların deyil, eyni zamanda, bəşər övladının müqəddəs kitabı statusunu alan Quran barədə çox qiymətli fikirlər söyləmişdir: “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. “Qurani-Kərim”in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz azərbaycanlılar, bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur — heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.”
1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransda ümummilli lider dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki, dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18, 48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev dövlət-din münasibətlərinin qanunçuluq bazasının yaradılmasında, bu normativ hüquqi sənədlərin ardıcıllıqla həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında misilsiz xidmətlər göstərmişdir.
Bu gün həmin siyasi xətt uğurla davam etdirilir və ötən il Bakıda möhtəşəm Heydər Məscidi Kompleksinin açılışı, eləcə də hər il ölkəmizdə dini mövzulara həsr olunmuş böyük tədbirlər dövlət və din münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin öz ailəsi ilə birlikdə ümrə ziyarətinə getməsi İslam dininə verdiyi böyük önəmin təzahürüdür. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində böyük rol oynayacaq Bakı Multikulturalizm Mərkəzinin açılması konfessiyalararası münasibətlərin sıxlaşmasına daha da təkan verəcəkdir. Qeyd edilən nüanslar din və dövlət dialoqunun əsas fazalarıdır. Sabitliyin birinci şərti , əlbəttə ki, dialoqdur. Bu gün dövlətin dinlə dialoqu cəmiyyətimizin ümumbəşəri meyarlara çatması üçün prioritetdir. Bu isə əlbəttə, insan hüquqlarının, sabitliyin ən yaxşı zəmanətidir. Bu dialoqun həmişə qabardılması və əsas prinsip olaraq qəbul edilməsi ölkəmizin xarici qüvvələrin təsiri altına düşməsinə, cəmiyyətimizdə fitnə-fəsadın yayılmasına qarşı ən sarsızlmaz əngəldir. Bu birliyi, ümummilli hədəflərə yönəltmək Azərbaycan xalqının rifahı, yüksəlişi, mənəvi ucalığı deməkdir.
Anar TURAN
Xalq qəzeti.- 2016.- 7 yanvar.- S.7.