Kənd təsərrüfatının
inkişafına göstərilən
dövlət dəstəyi
müsbət nəticələr verir
Keçid
iqtisadiyyatı dövrünü uğurla başa
çatdıran Azərbaycan Respublikası artıq
dünyanın inkişaf etməkdə olan dövlətləri
ilə bir sırada inamla irəliləyir. İndi ölkəmizin
sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki,
orada sürətli inkişaf və tərəqqi meyilləri nəzərə
çarpmasın. Bu da təsadüfi deyil. Çünki
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının, ölkənin
yeni neft doktrinasının uğurla
reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini
və beynəlxalq nüfuzunu gücləndirmişdir.
Ötən müddətdə neft-qaz ehtiyatlarının satışından əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi, güclü investisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Hazırda dünyanı bürüyən güclü maliyyə böhranı fonunda belə, Azərbaycanda istənilən sahədə son dərəcə nəhəng infrastruktur layihələrinin reallaşdırılması davam etdirilir, ölkənin regionları sürətlə inkişaf edir. Sevindirici haldır ki, bir neçə il əvvəl investisiya cəlb edən Azərbaycan indi artıq investisiya qoyan ölkəyə çevrilmişdir.
İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş vermiş, yerli istehsal hesabına daxili bazarda məhsul bolluğu müşahidə olunmuşdur. Bu da qeyd etdiyimiz kimi, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına, daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsinə mühüm töhfələr vermişdir.
Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə Prezident İlham Əliyevin ötən il yanvarın 12-də imzaladığı sərəncamla 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Sözügedən sənəddə qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Eyni zamanda, dövlət başçısı aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə il ərzində bir sıra vacib sənədlər imzalamışdır. “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılmışdır. Bu da ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara artan tələbatın ödənilməsini təmin etməyə hesablanmış bir addımdır. Dövlət başçısı cari il aprel ayının 3-də “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sənədə əsasən, 50 bənddən ibarət “Tədbirlər Planı” müəyyən edilərək onun icrasının təşkilində əlaqələndirici rol Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilmişdir. Sözügedən sənəddə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
Bundan əlavə, Prezident İlham Əliyev 2015-ci il aprelin 15-də “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncamla ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılması nəzərdə tutulur. Aprelin 16-da imzalanmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sənədə əsasən, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin müəyyən edilməsi qərara alınmışdır.
Bütün bu sənədlər, eləcə də ölkəmizdə aqrar sahənin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əlavə stimullaşdırıcı tədbirlər müsbət nəticələr vermiş, kənd təsərrüfatı sahəsində bir sıra uğurlara imza atılmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin on bir ayında ölkənin aqrar bölməsində faktiki qiymətlərlə 5 milyard 384 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz çoxdur. Hesabat dövründə bitkiçilik məhsulları 10,8 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artmışdır. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu vacib məsələyə toxunaraq demişdir: “Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Artıq 30 iri fermer təsərrüfatı yaradılıb, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılıb. Bu il taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülüb. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının—Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir”.
Göründüyü kimi, son illər aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlıq hissinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkanlar, ən başlıcası isə dövlət dəstəyi mövcuddur.
Yola saldığımız 2015-ci ilin on bir ayında Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 950 min hektar sahədən 2 milyon 996,8 min ton taxıl məhsulu toplanmışdır. Bu da əvvəlki illə müqayisədə 617,4 min ton və ya 25,9 faiz çoxdur. Aqrar sahədə istehsalçı marağının artırılması, fermerlərin zəruri maşın və mexanizmlərlə vaxtında təmin edilməsinin nəticəsidir ki, son illər bitkiçilk sahəsində orta məhsuldarlıq getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ildə taxılçılıq sahəsində hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 7,6 sentner artaraq 30,4 sentnerə yüksəlmişdir. Həmin tendensiya dən üçün qarğıdalı yığımında da müşahidə olunmuş, bu sahədə hektarın məhsuldarlığı 5,8 faiz artaraq 59,8 sentner təşkil etmişdir.
Mövsüm ərzində sahələrdən 831,5 min ton kartof, 1milyon 256,7 min ton tərəvəz və 484,5 min ton bostan məhsulları toplanmışdır. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkədə kartof və bostan məhsullarının istehsalı müvafiq olaraq 1,5 faiz və 6,4 faiz artmışdır. Ötən il 4,9 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və on bir ayında hər hektardan 366 sentner olmaqla həmin sahələrdən 168,9 min ton məhsul götürülmüşdür. “Kənd təsərrüfatı” ilində Azərbaycanda meyvə və giləmeyvə istehsalı 880,6 min ton, üzüm istehsalı 152,8 min ton, çay yarpağı istehsalı 575,9 ton, tütün istehsalı isə 3,5 min ton təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə bir qədər çoxdur.
2015-ci ildə payız-tarla işləri də müvəffəqiyyətlə başa çatdırılmış, on bir ay ərzində payızlıq əkinlər üçün 993,6 min hektar sahədə şum qaldırılmışdır. 2016-cı ilin məhsulu üçün həmin sahələrdə 852,4 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.
Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ötən il bir sıra vacib işlər görülmüşdür. Belə ki, il ərzində sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Belə ki, 2015-ci ilin on bir ayında ölkə üzrə diri çəkidə 428,7 min ton ət, 1 milyon 777 min ton süd, 1milyard 402,6 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilmişdir. 2014-cü illə müqayisədə ölkə üzrə ət istehsalı 1,8 faiz, süd istehsalı 4,2 faiz, yun istehsalı isə 1,4 faiz artmış, yumurta istehsalında isə azalma qeydə alınmışdır.
Son illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır. Yeri gəlmişkən, aqrar sektora dövlət qayğısının daha da artırılması, bu sektorun inkişaf hədəfləri və prioritetlərinə uyğun olaraq, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının artırılması və çeşidinin genişləndirilməsi üçün 2016-cı il dövlət büdcəsində maliyyə bazası yaradılmışdır. Elə bu ilin dövlət büdcəsində Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186 milyon manat vəsait ayrılması da məhz bu məqsədə xidmət edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.
Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Eyni zamanda, ölkə əhalisinin təqribən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, bu sahə yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi üçün son dərəcə vacib və gərəkli bir sahədir. Təşəbbüslərdən söhbət düşmüşkən, aqrar bölmənin inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılmasını bu sahədə reallaşdırılan mühüm tədbirlərdən biri kimi qeyd etmək olar. Bu gün kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Bununla yanaşı, yaxın illərdə ayrılacaq digər sahələrin rentabelliyini artırmaq məqsədilə bir sıra lazımi aqrotexniki və meliorariv tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 2016-cı ildə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Təkcə onu qeyd etmək yetərlidir ki, Azərbaycanın cari ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 599 min 165 manat vəsait ayrlmışdır ki, bunun da 570 milyon 384 min 822 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Bunun da müsbət nəticələr verəcəyi heç bir şübhə doğurmur. Belə ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti üç ildə isə orta hesabla 5,2 faiz artım proqnozlaşdırılır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2016.- 7 yanvar.- S.4.