Heydər Əliyevin çıxışlarında

etik dəyərlərimiz

 

Azərbaycan nitq mədəniyyətinin, xüsusilə, siyasi natiqliyimizin inkişafında əvəzsiz rolu olan Heydər Əliyevin irsi bu gün də, sabah da öyrənilməyə layiqdir. Tərəfimizdən yazılıb işıq üzü görən ikicildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasında ulu öndərin nitqləri 31 fəsildə araşdırılsa da, bu nitqin etik və estetik tərəfləri əsasən öyrənilməmişdir. Nitq prosesində ulu öndərin yerli-yerində işlətdiyi ifadələr və fikirlər, fəlsəfi düşüncələr dilçilik nöqteyi-nəzərindən araşdırma mövzusu olmamışdır. Məqalədə mənəviyyatımızın inkişafına kömək edəcək etik-əxlaqi dəyərlərin müxtəlif auditoriyalarda böyük natiqin dilində necə səslənməsini oxucularımızla bölüşmək qərarına gəldik.

Məqalənin ərsəyə gəlməsində AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin rəhbərliyi ilə mütəmadi işıq üzü görən “Etikanın aktual problemləri” toplularından da  yararlandıq.

Etik dəyərlər tarixən dövlət, dövlətçilik, demokratiya anlayışları ilə dialektik vəhdətdə olub. Bu cür dəyərlər ulu öndərin çıxışlarında sadə cümlələrlə, publisistik üslubda xalqa çatdırılır: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır. Bunların əsasında biz Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə gedirikdemokratik cəmiyyət təşkil olunmasını istəyirik”. Elə buradaca antidemokratik, antietik dəyərlərə — “hərc-mərclik”, “özbaşınalıq”, “xaosa qarşı “yüksək mədəniyyət”, “nizam-intizam”, “həmrəylik”, “hörmət”, “sayğı”, “qayğı” kimi demokratiketik dəyərlər qoyulur.

Ulu öndərin nitqlərində tez-tez “ədalət”, “ədalətsizlik”, “qanun”, “qanunçuluq” kateqoriyalarına təsadüf edirik. Bu, bir daha etik dəyərlərlə dövlətçilik  arasındakı  dialektik vəhdətdən xəbər verir. “Əgər, biz bildiyimiz kimi, qanunu pozan şəxs ədalətsiz adamdırsa, qanunun yolunu tutub gedən şəxs isə ədalətli adamdırsa, aydındır ki, qanun çərçivəsi daxilində olan bütün işlər müəyyən mənada ədalətlidir. Doğrudan da, qanunvericilikdə nəzərdə tutulanların hamısı qanunauyğunluqdur, bu qərarların hər birini isə biz ədalətli, haqlı hesab edirik. “Nə üçün indi hesab eləyək ki, bura kimin üçünsə Vətəndir, kimin üçünsə Vətən deyil? Azərbaycan bir respublika kimi, indi bir müstəqil dövlət kimi, öz ərazisində yaşayan hər bir şəxs üçün Vətəndir. Hər bir şəxs bərabərhüquqlu  vətəndaşdır. Burada şübhə olmasın və bu barədə olan əyintiləri, bu barədə olan qanunsuzluqları, ədalətsizlikləri biz aradan götürəcəyik, ancaq yenə də bir şey qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Ədaləti bərpa etmək lazımdır. Qanunsuzluğu aradan qaldırmaq lazımdır. Qanunsuzluğa  qanunsuzluqla cavab vermək lazım deyil”.

Qətiyyətlilik böyük natiqin çıxışlarında bir tərəfdən nitq elementidirsə, digər tərəfdən etik anlayış kimi səslənir:  Heç kim məni devirə bilməz. Mən bunu xalqın qarşısında deyirəm. Mən xalqın iradəsini yerinə yetirirəm. Azərbaycan Respublikasının dövlətçiliyini müdafiə edirəm, onun bütövlüyünü  müdafiə edirəm. Bu yolda məni heç kəs sındıra bilməz, çəkindirə bilməz, heç kəs qorxuda bilməz”. “Heç kim”, “Heç kəs” inkar əvəzlikləri ilə əzmkarlıq və qətiyyət nümayiş etdirilir. “heç kəs...bilməz” ifadələrinin təkrarı isə bu qətiyyəti yaddaqalan edir.

Heydər Əliyev dühasına xas olan millilik etik anlayışlarda da özünü göstərir. Belə ki, “milli qüdrət”, “milli şərəf” kimi ifadələr tez-tez işlədilir: “Xalqımız yanvarın 20-də öz milli qüdrətini, milli şərəfini, namusunu qoruyaraq şəhidlər verdi. Cəbhələrdə Azərbaycan xalqı öz torpaqlarını, öz ərazisini, öz müstəqilliyini qoruyaraq şəhidlər verir”.

Daxili İşlər Nazirliyinin,  onun şəxsi heyətinin tərkibində, birinci növbədə rəhbər işçilərin fəaliyyətində mənəvi dəyərləri möhkəmləndirməlisiniz, inkişaf etdirməlisiniz və beləliklə də Daxili İşlər Nazirliyinin bütün sistemlərində, yuxarıdan aşağıya qədərnazirliyin rəhbərliyindən  polis nəfərinə qədər sağlam əhval-ruhiyyə, sağlam mənəviyyat yaratmalısınız. Polis orqanlarının fəaliyyəti bir tərəfdən polis işçilərinin, Daxili İşlər Nazirliyinin işçilərinin biliyindən, bacarığından, peşə səviyyəsindən aslıdırsa, digər tərəfdən bu orqanlarda möhkəm, dəmir nizam-intizamdan asılıdır. Bu nizam-intizam nə qədər möhkəm olsa, nə qədər qanunlara istinad etsə, eyni zamanda, nə qədər ədalətli olsa, sizin işinizbir o qədər səmərəli olacaqdır. Bunlarla yanaşı polis orqanları işçilərinin hər biri yüksək mənəviyyat nümunəsi olmalıdır”.

Müasr etikada filosoflarteoloqlar yüksək inkişaf tapmış dini sistemlərin-iudaizm, xristianlıq və İslam-mübahisə doğurmayan, təsiredici əxlaqi məzmuna malik olduğunu birmənalı  qəbul edirlər. Bu məzmun antik etik konsepsiyaların üzərində yüksəlir. Dünya əhalisinin əksəryyəti Allaha inanır ki, İslamın elə bu əxalqi məzmunu böyük natiqin dilində auditoriyalara yön alır: “İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının  bu ağır, çox çətin kəşməkəşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti vardır”.

Heydər Əliyevin dini üslublu çıxışlarında auditoriyalar dini sistemlərin etik nüvəsi ilə tanış olur. Mühüm etik kateqoriya olan mənəviyyatın inkişafında İslam dininin xüsusi rolu sadə, anlaşıqlı bir dildə çatdırılır: “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz bu yolla gedirik və gedəcəyik”.  Yunan filosofu Sokrat əxlaqlı olmağı və yaxşı bir həyat sürməyi bilik sahibi olmaqla eyni tutmuşdur. Onun fikrincə, insanın qeyri-əxlaqi bir hərəkət etməsi bütövlükdə biliksizlikdən qaynaqlanır. Elmin rolu ulu öndərin çıxışlarında da özünə yer alır: “Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu yola dəvət edirəm. Güman edirəm ki, müstəqil Azərbaycan Respublikası gənclərinin yolu da bu yoldur, onlar bu yolla getməlidirlər. Bizbu yolla getməkdə sizə kömək edəcək, şərait yaradacağıq”.

Mənəviyyat məsələləri Heydər Əliyevin çıxışlarının ana xəttidir, desək, yanılmarıq: “Gənclərin tərbiyəsində milli, dini adət - ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Millidini adət-ənənələrimiz məhz bu prinsipə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq. Bir də təkrar edirəm, cinayətkarlıqla mübarizə, gənclərin sağlam ruhda tərbiyə olunması üçün hər kəs öz sahəsində lazımi tədbirlər görməlidir”. Göründüyü kimi, Heydər Əliyev əxlaqi dəyərləri kənarda yox, elə özümüzün milli, dini ənənələrimizdə axtarmağı tövsiyə edir. Və bu  əxlaqi dəyərlər sinonim cərgələrin “paklıq”, “saflıq”, “yüksək əxlaq”, “yüksək mənəviyyat” işığında ozünə yer tapır. Elə bu dəyərlərin həyatda özünə yer almasında qətiyyətli ifadələr işə düşür. “Tərbiyə etməliyik”,  “tədbirlər görməlidir”,  “qarşısını alacağıq” kimi feilin vacib şəkli və feilin qəti gələcək zamanında işlənən ifadələrlə nitq yekunlaşır.     Etik dəyərlər böyük natiqin dilində vidalaşma mərasimlərində, məişət üslublu çıxışlarda da səslənir. Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Qurban Abasovla vidalaşma mərasimindəki çıxışda təvazökarlıq etik dəyərini “şöhrət dalınca getmək”,  özünü qabağa salmaq”, “özünü gözə soxmaqantietik dəyərlərə qarşı qoyur: “...Dövlətin neft problemlərinin həllində Neftçi  Qurban fəal iştirak edirdi. Mən bunların da şəxsən şahidiyəm. Bütün bunlarla yanaşı, bir daha deyirəm ki, o, çox təvazökar bir adam idi. Şöhrət dalınca getmək,  yaxud özünü qabağa salmaq, gördüyü işləri nəzərə çarpdırmaq,  özünü gözə soxmaqbunlar ona xas olan xüsusiyyətlər deyildi”.

Mühüm bir etik kateqoriya hesab olunan cəsarət haqqında Aristotel deyirdi: “Belə ki, cəsarətli, sözün əsl mənasında, görünür, o adamdır ki, o, ən gözəl ölümü və insanı ölümlə hədələyən hər bir şeyi qorxu bilmədən qarşılayır. Daha sonra cəsarət müəyyən fəaliyyəti seçib, o şeyin qarşısında duruş gətirir ki, o, çox gözəl şeydir, yaxud ona görə ki, bunun əksinə hərəkət etmək rüsvayçılıqdır”. Bu kateqoriyanın bariz nümunəsi böyük natiqin nitqində də öz əksini tapıb: “Mən demişəm və bir də deyirəm, ömrümün bundan qalan hissəsini xalqıma bağışlamışam. Xalqım da bundan nə qədər istifadə edəcək, o qədər də istifadə edəcək. Ola bilər beş gün olsun, ola bilər bir ay  olsun, ola bilər ondan çox olsun, ondan da artıq olsun. Ona görə Əlikram kimi adamların  məni hədələməyi, bir ona yox, ümumiyyətlə, məni hədələyən adamların hamısına deyirəm, heç birisi güman etməsin ki, bu hədələr məni bir şeydən çəkindirə bilər. Xalqın yolunda mən özümü qurban verməyə hazıram, bu harada baş verəcək, mənim üçün fərqi yoxdur. Ancaq bu cür tərbiyəsizlik, bu cür ədəbsizlik, şübhəsiz ki, məni narahat edir”. 

Bu gün  bazar iqtisadiyyatı mühitində etik problemlərin təhlili əsas vəzifələrdəndir. Etik problemlər çağdaş dövrümüzdə həm biznes, həm də əxlaq sahəsində mühüm əhəmiyyət kəsb edir. Burada da xüsusi etik fəlsəfi kitablarla yanaşı, ulu öndərin nitqlərinə ciddi nəzər yetirmək kifayətdir. Gözəl bir üslubda, rəvan və səlis bir dillə sahibkarlar auditoriyasına yönələn nitq bu sıradandır: “Dünyada hər şey halallıq istəyir, təmizlik, düzlük istəyir. Keçmişdə bizim Azərbaycanda da böyük sahibkarlar, böyük mülk sahiblərinin əksəriyyəti, — deyə bilərəm hamısı —  halal yolla, halal qazandığı pulla mülk sahibi olub, sahibkar olub”.          

Növbəti çıxış mərhələsində isə biz dövlətçiliklə iqtisadi etika arasındakı münasibətləri ümummilli liderin dilindən eşidirik: “Qanuncür pozulur? Qanunu pozan təkcə adamı deyil ki, qanunu pozan, eyni zamanda, o qanunun keşiyində durandır. Onlar əlaqəyə girəndə qanun pozulur.

Əgər onlar əlaqəyə girməsələr, qanun pozulmaz, sahibkar da düz yolla gedər. Amma sahibkar görəndə ki, bir dövlət orqanından istifadə etmək olar, onunla əlaqəyə girib gəlirin bir hissəsini ona verib, bir hissəsini özündə saxlamaq olar, — onda o yola gedir. Amma görəndə ki, gömrük orqanı, vergi orqanı, başqa dövlət orqanı, hüquq-mühafizə orqanları belə çirkin yollara getmirlər, onda sahibkar da düşünəcək ki, niyə mən əyri yollarla getməliyəm, elə düz yolla gedim, az qazanım, amma halal qazanım. Ona görə də mən sahibkara bu tövsiyəni verərkən, eyni zamanda, dövlət orqanlarından tələb edirəm və qəti tələb edirəm ki, sahibkarlığın inkişaf etdirilməsi üçün indiyə qədər yaradılan və mövcud olan əngəllər aradan götürülsün, sahibkarlara onların normal fəaliyyət, qanuni fəaliyyət göstərməsi üçün şərait yaradılsın, kömək edilsin”.   Beləliklə, Heydər Əliyevin nitq və çıxışlarında səslənən etik anlayışların, kateqoriyaların qloballaşma dövründə dərindən öyrənilməsi zərurəti meydana çıxır. Böyük natiqin bu sahədəki çıxışları etik dəyərlər, hüquq normaları və dövlətçilik dialektik vəhdətinin inkişafı baxımından çox dəyərlidir.

 

Nağdəli ZAMANOV,

Azərbaycan Tibb Universitetinin dosenti,

tibb üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2016.- 7 yanvar.- S.3.