Xızıda Mikayıl Müşfiqin xatirəsi
anılıb
Yanvarın 6-da
Xızıda XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, 30-cu illər
repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi
anılıb.
AZƏRTAC xəbər verir ki, nakam şairin ölümünün 78 illiyinə həsr olunan mərasim rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.
Şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin büstü ətrafına toplaşaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən geniş söhbət açıblar.
Anma mərasimində “Şöhrət” ordenli, Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Dəyanətqızı və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər. Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri dillər əzbəridir.
Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndiriblər.
Xalq qəzeti.- 2016.- 7 yanvar.- S.5.