NAFTALAN: dünya şöhrətli
kurort şəhərinin yeni yüksəlişi
Murovdağın ətəklərində
yerləşsə də, Naftalan yayda Gəncəbasarın ən
isti məntəqələrindən biri sayılır. Gecədən
xeyli keçmiş dağlardan enib gələn sərin meh
şəhərin boğucu isti-bürküsünü bir az səngidir,
səhərisi günəş yenidən hər yanı qaynar
qazana döndərir. Kölgədən-sərinlikdən
çıxan adamların nəfəsi təngiyir. Həkimlər,
kurort mütəxəssisləri isə nadir müalicəvi təsiri
ilə dünyada məşhur olan Naftalan neftinin xəstələrə
məhz belə isti havalarda daha faydalı olduğunu söyləyirlər.
Buna görə şəhərə müalicəyə gələnlərin
sayı yay aylarında başqa aylara nisbətən dəfələrlə
çox olur. Lakin Naftalanın yayı nə qədər isti
keçirsə, qışı da bir o qədər soyuq olur.
Müalicə prosesini il boyu davam etdirmək üçün soyuq aylarda şəhərdə binaların fasiləsiz qızdırılması çox ciddi tələbata çevrilir. Ötən illərdə qış vaxtı müalicəyə gələnlərin kəskin surətdə azalması da əvvəlki istilik sisteminin dağılıb bərbad vəziyyətə düşməsi ilə bağlı idi. İndi isə hər tərəf qalın qar örtüyünə bürünsə də, tez-tez şaxta- boran sərt donuşluq yaratsa da binaların içərisində adamlar qışın nəfəsini hiss etmirlər, üstəlik, yaydakı kimi tər də tökürlər. Naftalan şəhərində payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılıb. Bununla əlaqədar şəhər icra hakimiyyətinin tədbirlər planında nəzərdə tutulmuş konkret işlər dəqiq və ardıcıl icra edilib. Naftalan İstilik İstismarı Sahəsinin balansında olan bütün qazanxanalarda cari təmir və profilaktik işlər vaxtında başa çatdırılıb. Noyabrın əvvəlində binalara, mənzillərə baxış keçirilib, istilik şəbəkəsi hidravlik təzyiqlə yoxlanılıb.
Hazırda qazanxanalar tam gücü ilə işləyir və əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz istiliklə təmin olunur. Ümumiyyətlə, son illərdə şəhərin istilik sisteminin işlək vəziyyətə gətirilməsi üçün bir sıra zəruri tədbirlər həyata keçirilib. 2011-ci ildə 3 modul tipli qazanxana quraşdırılıb və müasir avadanlıqla təchiz edilib. Şəhərdaxili və binadaxili şəbəkədə 25788 metr yeni istilik xətti çəkilib. 31 binada 1502 mənzilin hər bir otağına yeni qızdırıcılar quraşdırılıb. Bütün bunlar dünya şöhrətli kurort şəhərinin soyuq aylarda tələb olunan səviyyədə istiliklə təchiz olunmasına normal şərait yaradıb.
Naftalana yeni ilin ilk günlərinə təsadüf edən səfərimizin xoş təəssüratını şəhərin yenidən qurulmuş, müasirləşdirilmiş istilik sistemindən, şəbəkənin qarlı-şaxtalı günlərdə yüksək texniki səviyyədə, saz işləməsindən söhbət açmaqla başlamağımız heç də təsadüfi deyil. Məsələ burasındadır ki, digər kurort şəhərlərindən fərqli olaraq, Naftalanda müalicə və istirahətin effektli qurulması havanın sərin olmasından deyil, xeyli dərəcədə istiliyindən asılıdır. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov da kurort şəhərinin bu səciyyəvi tələbatını vurğulayandan sonra hazırda bu sahədə əldə olunmuş ciddi uğurları konkret fakt və rəqəmlərlə şərh etdi:
– Naftalanın inqilabi dəyişikliklər, müharibə və ümumi böhran illərində dağılıb-sıradan çıxmış müalicə-kurort potensialını bərpa etmək və genişləndirmək, itirilmiş şöhrəti geri qaytarmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilmiş zəruri tədbirlər son illərdə şəhəri yeni inkişaf yoluna çıxarıb. Naftalanın beynəlxalq səviyyəli sanatoriya- kurort mərkəzinə çevrilməsi ilə bağlı bilavasitə dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü, kompleks işlərin nəticəsidir ki, son 5 ildə şəhərə gələn yerli və xarici adamların sayı 5 dəfə artaraq 13 min nəfərə çatıb. Son 1 ildə isə şəhərin istirahət və müalicə müəssisələrinə dünyanın bir çox ölkələrindən – Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi kimi dövlətlərdən 2500- dək əcnəbi gəlib.
“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri istifadəyə verilib. Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq, Naftalanda son illər turizm sahəsində aparılmış islahatlar şəhərə Azərbaycandan kənarda da marağın artmasına səbəb olub. Artıq digər ölkələrin kurort şəhərləri Naftalanla əlaqələr qurmağa can atır. Hazırda Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir. Ötən ilin yaddaqalan hadisələrindən biri də qardaşlaşmış Uneyov şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyətinin Naftalana səfəri oldu.
Hazırda şəhərdə 2000 yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastrukturlu bu müəssisələrdəki şərait böyük potensialı olan Naftalanda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. Naftalana göstərdiyi diqqət və qayğıya görə naftalanlılar Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi siyasət kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişafa geniş meydan açıb, az vaxtda önəmli işlər görülüb. Son dövrdə qarşıya qoyulmuş ciddi vəzifələrin yerinə yetirilməsi üçün bütün imkan, qüvvə və səylər hərəkətə gətirilib, həm sosial, həm də iqtisadi sahələrdə uğurlu nəticələr əldə edilib.
Başçı daha sonra şəhərin yeni yola saldığımız 2015- ci ildəki uğurlarından söz açaraq bildirdi ki, hələ tamamlanmayan statistikaya görə, ümumi məhsul buraxılışı 10497, 5 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 1264,4 min manat təşkil edib. Əhaliyə 200,3 min manatlıq nəqliyyat xidməti göstərilib. Hüquqi və fiziki şəxslərə informasiya və rabitə xidməti 138,4 min manat təşkil edib. Pullu xidmətlərin həcmi 10690 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 13056,9 min manata çatıb. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 5,3 faiz artaraq 295,5 manata yüksəlib. Şəhərin yerli büdcəsi subsidiya və digər gəlirlə birlikdə 2818,7 min manat, xərcləri isə 2271,9 min manat olub. Yerli mənbələrdən gəlir üzrə daxilolma 2271,2 min manat planlaşdırıldığı halda, 2478,7 min manat təşkil edərək 9,1 faiz artıb.
Gəlir və xərcləri tənzimləmək üçün respublika büdcəsindən ayrılan vəsaitə qənaət olunub. 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi aparılarkən, xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan da daxil edilib. Bu da şəhərin ümumi uğurundan xəbər verir.
İmkanlar artdıqca əhalinin ayrı- ayrı sosial qruplarına göstərilən qayğı da yüksəlir. Ötən il aztəminatlı ailələrin sosial müdafiəsi daha da gücləndirilib. Əhalinin Sosial Müdafiəsi Mərkəzi 93 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edib, bir ailəyə düşən yardımın məbləği 144 manat olub. Ümumilikdə, şəhərdə 127 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Mərkəzin sosial xidmət işçiləri 44 tənha, ahıl və əlilə evlərdə müvafiq xidmətlər göstərib. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 50 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edib. Şəhər üzrə 1454 nəfər pensiyaçıya xidmət göstərilib. Pensiya, müavinət və sosial yardımlara 2447,7 min manat vəsait xərclənib, ödəniş borcu qalmayıb. Məşğulluq Mərkəzinə il ərzində 189 qeyri-məşğul şəxs müraciət edib, onlardan 155 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilib, 6 nəfərə işsizlik statusu təyin edilib. Əmək yarmarkasında 58 nəfər işlə təmin olunub. Şəhərdə aparılan yenidənqurma- abadlıq çərçivəsində onlarla insan özünə iş tapıb.
Şəhər rəhbərinin dediklərinə əlavə olaraq öyrəndik ki, ötən il istehlak mallarının keyfiyyətinə nəzarət edilməsi məqsədilə turizm, müalicə, ticarət və digər ictimai iaşə obyektlərində yoxlamalar təşkil edilib. Şəhər icra hakimiyyətində fəaliyyət göstərən müvafiq komissiya süni qiymət artımının qarşısının alınması, məhsulların qiymətlərinin tənzimlənməsi, inhisarçılığın aradan qaldırılması məqsədilə çoxsaylı reydlər keçirib. İctimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilib, humanitar sahədə bir çox işlər həyata keçirilib.
Ötən dövrdə təhsil müəssisələrinə nəzarət və metodiki köməklik sahəsinə diqqət artırılıb, tədrisin keyfiyyətinin, eləcə də maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülüb. Keçən tədris ilində şəhər və rayonlar üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Naftalan şəhəri tam orta məktəblər arasında birinci yerə çıxıb. Bu uğurlu tendensiya məzunların ali məktəblərə qəbulunda da özünü göstərib. Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 40 məzundan 20-si tələbə adını qazanıb, 2 nəfər 600-dən, 5 nəfər 500-dən, 4 nəfəri isə 400-dən yuxarı bal toplayıb. Bir nəfər qəbul imtahanında yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülüb.
Şəhər Mərkəzi Xəstəxanası üzrə 1055 nəfər imtiyazlı xəstə güzəştli dərman preparatları ilə təmin olunub. Ölkə başçısının tapşırığına əsasən fevral-may aylarında əhalinin kütləvi tibbi müayinəsi yüksək səviyyədə təşkil olunub və vətəndaşların rahatlığı üçün xəstəxanada bütün lazımi şərait yaradılıb. Müayinə zamanı aşkar olunan xəstələrdən 380 nəfər ambulator, 28 nəfər stasionar, 3 nəfər isə Bakı şəhərinə göndərilməklə müalicəyə cəlb olunub.
Ötən il şəhərin mədəni həyatı da zəngin olub. Mühüm tarixi hadisələrə, bayramlara həsr olunmuş kütləvi tədbirlər keçirilib, şəhərdə yerləşən hərbi hissədə də konsert proqramları təşkil olunub. Şəki ikinci beynəlxalq şirniyyat festivalında Naftalan III yerə layiq görülüb. “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasının keçirilməsi üçün Naftalanın seçilməsi də şəhərdə ilin önəmli hadisəsidir. Bununla yanaşı, qeyd edilməlidir ki, şəhərdə mədəniyyət müəssisələri şəraiti olmayan uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir, yeni mədəniyyət obyektlərinin tikintisinə böyük ehtiyac var. Yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi də şəhər icra hakimiyyətinin diqqət mərkəzindədir. Son illər şəhərin ictimai-siyasi həyatında gənclərin rolu davamlı olaraq artmaqdadır.
Dövlət proqramlarının, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin ardıcıl yerinə yetirilməsi nəticəsində Naftalan ötən il də sosial-iqtisadi sahədə uğurlar qazanıb, şəhərdə tikinti-quruculuq və abadlıq işləri genişlənib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası ilə əlaqədar xeyli iş görülüb. Çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri ötən il tam başa çatdırılıb. Binaların ətrafında, küçələrdə abadlıq və yenidənqurma işləri diqqət mərkəzində saxlanılıb.
Yeni asfalt örtüyü salınarkən şəhərdaxili yollara yeni bardürlər düzülüb, piyada yolları çəkilib. Köhnə elektrik dirəkləri və istismara yararsız tikililər sökülüb. Həmin ərazilər təmizlənib, yerində sakinlərin və qonaqların mənalı istirahəti üçün mini istirahət parkları salınıb.
Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə binadaxili telefon kabelləri yenisi ilə əvəzlənib. Ümumiyyətlə, xidmət sahələrinin, o cümlədən elektrik, qaz, su və istilik təminatının yaxşılaşdırılması istiqamətində də böyük işlər görülüb. Elektrik verilişində yaranan fasilələri aradan qaldırmaq üçün təsirli tədbirlər həyata keçirilib. Qaz İstismarı sahəsi istehlakçılara təbii qaz verilməsi, təhlükəsizliyi və qazın dəyərinin tam ödənilməsini təmin edib. Dövlət proqramına uyğun olaraq, kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib, 50 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdırılıb. Öncədən ödəmə sistemli smart elektron su sayğacları quraşdırılıb və əhali fasiləsiz olaraq su ilə təmin olunur.
Əhalinin təhlükəsizliyi tədbirləri istiqamətində də müvafiq işlər görülür. Sel sularının dağıdıcı təsirinin qarşısının alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud süni göldə daş-beton qoruyucu bəndin tikintisi davam etdirilir. Vətəndaşların sosial-məişət problemlərinin həlli sürətlə həllini tapır. Avtovağzal Otel komleksinin və Naftalan Bələdiyyəsinin yeni inzibati binalarında tikinti işləri davam etdirilir. Polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif yerlərində iməciliklər təşkil edilib, parklarda yaşıllıqların sayı artırılıb. 2500-dən artıq müxtəlif növ həmişəyaşıl ağac əkilib. Bütün binaların qarşısında 300-dən artıq çinar ağacı basdırılıb.
Göründüyü kimi, Naftalan ölkə rəhbərinin müstəsna köməyi ilə yenidən qurulur, abadlaşır, illər boyu yığılıb qalmış problemlər sürətlə aradan qaldırılır. Bu baxımdan ötən il şəhərin həyatında ciddi uğurlarla əlamətdar oldu. Aparılan genişmiqyaslı işlərin davamı olaraq 2016- cı il yeni uğurlara meydan olacaq.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2016.- 8 yanvar.- S.6.