Terrorizm qorxunc bəşəri kabus

kimi dünyanın hər yerinə ayaq açır

 

Terror aktı göstərdi ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyada heç bir ölkə terror aktlarından sığorta olunmayıb. Ona görə də yalnız beynəlxalq ictimaiyyətin birləşmiş səyləri bizə bu bəla ilə mübarizədə yardım göstərə bilər. Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının

Liderlər Forumundakı çıxışından

Paris, 17 noyabr 2015-ci il

 

Terrorçuluq bəşəriyyətin ən qorxunc kabusudur. Bu kabus dünyanın bütün ölkələrinin başı üzərində dolaşır. Cinayətkarlığın ən təhlükəli formalarından biri olan bu dəhşətli hadisələri törədənlərə heç bir halda haqq qazandırmaq mümkün deyil. Çünki istənilən halda terror aktlarının qurbanları günahsız insanlar olur, şəhərlər, qəsəbələr dağıdılır, viran qoyulur.

 

1999-cu ildə qəbul edilmiş  “Terrorizmlə mübarizə haqqında” Qanunun 1-ci maddəsində qeyd olunur ki, terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə, başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.

Azərbaycan  terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Axı, SSRİ-nin süqutundan sonra terrora ən çox  məruz qalan respublikalardan biri məhz Azərbaycandır. Erməni terror təşkilatlarının  bir-birinin ardınca  törətdikləri terror aktları zamanı uşaqdan tutmuş ahıl insanlara, hamilə qadınlara qədər  xeyli sayda soydaşımız erməni terrorunun qurbanına çevrilmişdir. Ümumiyyətlə, Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 50-dan çox terror aktı həyata keçirilmiş, nəticədə 2500-dən artıq soydaşımız qətlə yetirilmiş, çoxlu sayda günahsız insan ömürlük şikəst olmuşdur.

Terrorizmlə mübarizə daim beynəlxalq birliyin diqqət mərkəzində saxladığı məsələ olub. Çünki dünya ictimaiyyətinə də bəllidir ki, heç bir ölkə terrordan yan keçə bilməz. Bunu dünyanın ən qüdrətli ölkələrində baş vermiş terror aktları da təsdiqləyir. Məhz buna görə də  BMT    digər beynəlxalq qurumlar və regional təşkilatlar – İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və digərləri  beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak edirlər. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən  hesab edilən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın terrorizmə qarşı birgə mübarizəsində əsas məqsəd  bu qorxunc kabusun qarşısını almaqdır. Təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə də dünyanın inkişaf etmiş dövlətləri Ermənistanda yuva salmış terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri terror aktlarına bu günə qədər  ciddi münasibət bildiriblər. Həmin ölkələrin rəhbərlərinə elə gəlirdi ki, terror aktları yalnız  müstəqillik yolunda ilk addımlarını atan gənc, nisbətən zəif ölkələrdə törədilə bilər. Amma, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktı, son dövrlərdə isə bir-birinin ardınca Rusiyada, Türkiyədə, Fransada və digər ölkələrdə baş verən hadisələr göstərdi ki, artıq terror milli sərhədləri çoxdan aşaraq, Qərbə və Avropaya yönəlib.

Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq  terrorizmə qarşı  mübarizədə həmişə barışmaz mövqe tutub. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı mərhələdə bir çox dövlətlər gözləmə mövqeyi tutduğu halda, ulu öndər Heydər Əliyev bu dəhşətli hadisəyə dərhal münasibət bildirmişdi.  Heydər Əliyev ABŞ-da törədilən həmin terror aktını bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pisləmiş və Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etmişdi. Həmin vaxt AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri olan İlham Əliyev də Assambleyanın sessiyasındakı çıxışında ABŞ-da törədilən terror aktlarını, ümumiyyətlə, beynəlxalq terrorozmi kəskin pisləmişdi.

Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan etmişdir. Qeyd etdiyimiz kimi, “Terrorizmlə mübarizə haqqında” Qanun hələ ABŞ-da törədilən terror aktlarından iki il əvvəl – 1999-cu ildə qəbul olunmuşdu. Bu fakt bir daha təsdiqləyir ki, ölkəmiz terrorizmə  qarşı mübarizədə həmişə öndə olmuş, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulmuşdur. Diqqətə çatdırmaq istərdik ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz bu məzmunlu 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atmış, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya etmişdir. İndiyədək ölkəmizdə Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyası ratifikasiya edilib. Son  illər ölkəmizin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı da xüsusilə qeyd edilməlidir. Respublikamızın BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi ilə sıx  əməkdaşlıq etməsi təqirəlayiq hal kimi dəyərləndirilir. Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında  bu ali quruma müvafiq hesabatlar təqdim edilib. Bütün bunlar  Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevirib. İraq, Əfqanıstan və Kosovoda sülhməramlı missiyanın yerinə yetirilməsində Milli Ordumuzun üzvlərinin fəal iştirakı da  bunun bariz nümunəsidir.

Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanlarının hazırladıqları terror aktlarına qarşı biganə qalan dünya birliyi 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror aktlarından sonra sanki qəflət yuxusundan oyandı və bundan sonra terrorizmin qorxunc bəla olduğunu dərk etdi. ABŞ-da törədilən terror aktlarını öz üzərinə götürən beynəlxalq terrorçu  Üsamə Ben Ladenin tapılması və zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyatlar başlandı və necə deyərlər, o,  “yerin deşiyindən” tapılaraq məhv edildi. Bir neçə il əvvəl Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik  jurnalının ofisinə edilən silahlı hücum zamanı 12 nəfərin həyatına son qoyuldu və sanki, bu ölkədə də terrorun nə olduğunu həmin hadisədən sonra dərk etdilər.  Elə bil, indiyə kimi heç bir ölkədə terror aktı törədilməyibmiş. Bütün dünya mətbuatı Parisdə baş verən terror aktından yazmağa başladı. Dünya liderlərı dərhal Fransaya başsağlığı verməyə getdilər və   Parisdə 1 milyon 300 min insanın iştirakı ilə həmrəylik yürüşü keçirildi.  “Charlie Hebdo” jurnalına dəstək aksiyasına 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri qatıldı. Lakin, artıq gec idi. Çünki ABŞ-da  Parisdə terror aktları törədilmiş və insan tələfatı baş vermişdi. Ancaq neyləmək olar, ziyanın yarısından qayıtmaq da pis deyildi, lakin bu mübarizə beynəlxalq səviyyədə aparılmalı, millətlər arasında fərq qoyulmamalı idi. Axı, özlərini dünyanın supergücü, demokratiyanın beşiyi hesab edən dövlətlər insan haqlarının müdafiəsindən danışanda və bu sahədə “ciddi nöqsan” axtaranda  ilk hədəfləri gənc müstəqil dövlətlər olur. Bəs nədən beynəlxalq terrorizmə qarşı mübarizədə “insan haqlarının tez-tez  kobud şəkildə pozulduğu ölkələr” diqqətdən kənarda qaldı? Azərbaycanda və digər ölkələrdə terrorun qurbanı olmuş on  minlərlə günahsız  müsəlmanın taleyi isə  bu ölkələrin rəhbərlərini zərrə qədər də olsun maraqlandırmadı. Əksinə, terrorçu ölkə kimi ad qazanmış işğalçı Ermənistan dövlətinə yardımçı oldular.

Statistik məlumatlara görə, təkcə son 10 ildə İslam coğrafiyasında 12 milyon müsəlman  terrorun qurbanı olub. Amma, bu dəhşətli qətllərə  Parisdə 12 insanın qətlə yetirildiyi qədər diqqət göstərilməyib. Budurmu demokratiya və insan haqlarının müdafiəsi?  Görəsən, terror aktları nə vaxtdan dövlət, şəxsiyyət və coğrafiya ilə müəyyənləşdirilir?

Çox təəssüf ki, beynəlxalq ictimaiyyəti ciddi narahat edən terrorizm indi dünyaya ağalıq edir.  “Tanınmış terror” təşkilatları dünyanı qan gölünə döndərmək uğrunda sanki yarışa giriblər. Bunun əsas səbəblərindən biri də dünya birliyinin terrorizmin qarşısını vaxtında almamasıdır. Vaxtında Ermənistanın nazı ilə oynamasaydılar, işğalçı dövlətin törətdiyi terror aktalarına ciddi münasibət bildirilsəydi, bu gün  ASALA, PKK, Əl-Qaidə, Hizbullah, Taliban, İŞİD kimi terror təşkilatları öz şəbəkələrini bu qədər genişləndirə bilməzdilər.

İşğalçı Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən müəyyən vaxtlarda  azərbaycanlılara qarşı törədilmiş terror aktları barədə qısa məlumat vermək istərdik.  Milli Təhlükəsizlik Nazirliyinin rəsmi veb-saytında yerləşdirilmiş  bu terror aktları, təəssüf ki, dünyanın heç bir ölkəsinin rəhbərinin “diqqətini cəlb etməyib”.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Həmin hadisələrin cüzi bir qismini yada salaq:

16 sentyabr 1989-cu il. Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il. Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.

9 yanvar 1991-ci il. “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

30 may 1991-ci il.  Rusiya federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8" vertolyotunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri – 19 nəfər həlak olmuşdur.

8 yanvar 1992-ci il. Türkmənistandan Krasnovodsk-Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.

28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Saan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.

19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı 1992-ci ilin aprel-may aylarında Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.  Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş  həmin 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.

3 iyul 1994-cü il. Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar...

Təəssüf ki, dünya birliyi yenə də susdu və bunla da terrorçuları daha da azğınlaşdırdı. Azğınlığın acı nəticəsi bu dəfə Fransada özünü göstərdi. Eyni anda Parisin yeddi rayonunda törədilmiş terror aktı nəticəsində130-a yaxın insan  dünyasını dəyişib. Qeyd edək ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır. Bu dəhşətli hadisədən sonra ölkə rəhbərliyi terrora qarşı mübarizəyə qalxıb. Halbuki, 20 il əvvəl Ermənistan Azərbaycana qarşı terror aktları həyata keçirəndə bütün dünya terrorizmə qarşı ciddi mübarizəyə qalxmalı idi. Bütün bunlara baxmayaraq, respublikamızın rəhbəri  bu dəfə də beynəlxalq terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirdi.

Parisdə keçirilən UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Fransada baş verən terror aktına münasibət bidirərkən bu faciəli məqamda  Azərbaycan xalqının Fransa xalqı ilə çiyin-çiyinə dayandığını demişdir: “Əvvəlcə, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan xalqı Fransa xalqının kədərini bölüşür və Fransa Respublikasının tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə dayanır. Bu dəhşətli terror hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 8 yanvar.- S.4.