2015-ci il Azərbaycanın
xarici
siyasətində
mühüm hadisələrlə yadda qaldı
Prezident İlham Əliyev ötən
il 20 xarici səfərdə olmuş,
15 dövlət və hökümət
başçısını qəbul etmişdir
Yola saldığımız Azərbaycan
üçün siyasi, iqtisadi, sosial və humanitar sahələrdə
uğurlu il kimi yadda qaldı. Çünki həmin ilin hər
ayı qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsi, daxili və xarici siyasət məsələlərinin
həlli baxımından uğurlu idi. Milli maraqlarımıza,
beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
olaraq, respublikamızın müstəqil, uğurlu xarici siyasət
kursu 2015-ci ildə də layiqincə davam etdirilib.
İqtisadiyyatının inkişaf dinamikası, nəzərdə
tutulan iqtisadi və sosial proqramların icrası, iri transmilli
enerji və nəqliyyat layihələrinin
reallaşdırılması davam etdirilmiş, əhalinin həyat
səviyyəsinin yüksəldilməsi prioritet sahələrdən
olmuş və ölkəmizin beynəlxalq mövqeyi daha da
möhkəmlənmişdir. Eyni zamanda, milli təhlükəsizliyin
və sabitliyin təmin olunması istiqamətində də əhəmiyyətli
tədbirlər həyata keçirilmiş və bu da öz bəhrəsini
vermişdir.
Dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilmiş müstəqil, düşünülmüş və çevik siyasi kurs sayəsində ölkəmiz mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq, öz uğurlu inkişafını davam etdirmiş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Bunu ötən il ölkəmizdə keçirilən mühüm tədbirlər də təsdiqləyir.
2015-ci ildə Azərbaycan müxtəlif əhəmiyyətli beynəlxalq tədbirlərə də ev sahibliyi etmişdir. Yaddaqalan əhəmiyyətli hadisələrdən biri də ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq “Böyük İyirmiliyin” Sammitində iştirakıdır.
Ötən ilin mayında Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Yüzdən artıq dövlətin nümayəndəsi – fəaliyyətdə olan, habelə, sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, beynəlxalq miqyasda tanınmış aparıcı ekspertlər mədəniyyətlərarası dialoq sahəsində aktual məsələləri fəal şəkildə müzakirə etmişlər.
Onu da qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bununla yanaşı, 2015-ci ilin mayında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının, noyabrda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyasının və digər mühüm tədbirlərin keçirilməsi Bakı şəhərinin artıq dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələlərin müzakirə edildiyi qlobal mərkəzə çevrildiyini göstərir. Tədbir iştirakçıları da qeyd etmişlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi inkişaf bütün İslam aləminə nümunə ola bilər. Çünki Azərbaycan öz tarixi dəyərlərinə əsaslanaraq sülh şəraitində birgəyaşayışı təşviq edir, sosial sülhün və ədalətin təmin olunmasında uğurlar qazanır.
Ölkəmizin “Böyük İyirmiliy”in Antalyada keçirilən sammitinə dəvət olunması bir daha təsdiqlədi ki, Azərbaycanın regionda və beynəlxalq aləmdə oynadığı rol, dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi və digər qlobal məsələlərin həlli istiqamətində gördüyü işlər dünya birliyinin nəzərindən yayınmayıb. Azərbaycan nümayəndə heyətinin bu sammit çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı, respublikamızın rəhbərinin bu əhəmiyyətli tədbirə xüsusi qonaq qismində qatılması və qlobal xarakterli məsələlər barədə Azərbaycanın mövqeyini səsləndirməsi, həmçinin bir sıra dəyərli təşəbbüslərlə çıxış etməsi ölkəmiz üçün böyük əhəmiyyətə malik hadisə olmuşdur. Prezident İlham Əliyev öz nitqində müstəqil Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin həllinə dair danışıqlar prosesinin gedişi də dünyanın ən mühüm 20 dövlətinin rəhbərinin nəzərinə çatdırılmışdır.
Yola saldığımız il rəsmi Bakının tarixdə ilk dəfə olaraq keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə də yadda qalacaq. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi təsadüfi olmamışdır. Bu, ölkəmizin dünya birliyində getdikcə artan reytinqindən, siyasi və iqtisadi sahədə sürətli irəliləyişindən, habelə davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılmasından irəli gəlmişdir. Məlum olduğu kimi, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Avropanın idman – Olimpiya ailəsi rəsmi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir. Bu, ölkəmizin müstəqilliyində baş verən böyük tarixi hadisələrdən biri olmuşdur. Çünki Avropa Oyunları ilk dəfə idi ki, keçirilirdi. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmış və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq Avropa Oyunları keçirilməmişdir. İlk Oyunların Bakıda keçirilməsi, təbii ki, çox böyük uğurdur və bu, ölkəmizə beynəlxalq aləmdə göstərilən yüksək etimaddan irəli gəlmişdir. Söz yox ki, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və bu sahədə kifayət qədər təcrübə qazanmışdır. Ancaq öz miqyasına, tələb olunan resurslara, təşkilatçılıq işlərinin həcminə və digər göstəricilərə görə onların heç biri I Avropa Oyunları ilə müqayisə oluna bilməz. Qətiyyətlə demək olar ki, Azərbaycan I Avropa Oyunlarını uğurla keçirməklə dünya idman tarixində yeni bir səhifə açdı. Respublikamızın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün Belarus, Serbiya, Rusiya, Türkiyə, Türkmənistan, Tacikistan, Monteneqro, Bolqarıstan və Bosniya və Herseqovinanın dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya şahzadələri, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Qırğızıstan və İtaliyanın hökumət rəhbərləri, Macarıstan, Çexiya, Slovakiya, Lixtenşteyn və Avstriyanın parlament rəhbərləri Azərbaycana səfər etmişlər.
Bu yarışlarda, Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6 mindən artıq idmançı 20 idman növündə, o cümlədən 16 Olimpiya növündə mübarizə aparmışdır. 17 gün davam edən Oyunlar 21 idman obyektində keçirilmişdir. 291 idmançı ilə təmsil olunan komandamız 12 idman növündə 56 medal qazanmışdır ki, bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür. Bununla da komanda hesabında ikinci yer tutan Azərbaycan sadəcə yüksək səviyyəli təşkilatçı kimi deyil, həm də idman ənənələri güclü olan bir ölkə kimi də özünü təqdim etməyi bacarmışdır.
2015-ci ilin yekunlarına nəzər saldıqda müstəqil, uğurlu xarici siyasət kursunun davam etdirildiyinin şahidi olarıq. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə 20 xarici səfərdə olmuş, ölkəmizə rəsmi və qeyri-rəsmi səfərə gəlmiş 15 dövlət və hökumət başçılarını qəbul etmişdir. Həyata keçirilən xarici siyasət kursu dünya birliyi tərəfindən də yüksək qiymətləndirilmiş və rəğbətlə qarşılanmışdır. Çünki Azərbaycan həmişə olduğu kimi, müstəqil siyasət aparır, hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu siyasət Azərbaycan xalqının maraqlarına və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltməyə xidmət edir.
Ötən il dünya ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da inkişaf etmiş və bu, özünü xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərdə büruzə vermişdir. Belə ki, 2015-ci il ərzində Azərbaycana Pakistan, Vyetnam, Çexiya və Əfqanıstan prezidentləri rəsmi, Fransa Prezidenti isə işgüzar səfər etmişdir. Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin baş nazirləri Azərbaycanda rəsmi, Serbiya, Gürcüstan və Monteneqronun baş nazirləri isə işgüzar səfərlərdə olmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan, Müqəddəs Taxt-Tac, Səudiyyə Ərəbistanı, Gürcüstan və Belarusa rəsmi, Çinə dövlət, Almaniya, İtaliya və İsveçrəyə işgüzar səfərləri də ötən ilin yaddaqalan hadisələrindən olmuşdur. Həmin səfərlər zamanı ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində aparılan danışıqlar və imzalanan sənədlər böyük əhəmiyyət kəsb etmişdir.
Dövlətimizin başçısının beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı və həmin tədbirlərdə çıxışı Azərbaycanın beynəlxalq aləmdə reytinqinin yüksəlməsinə və əməkdaşlığının daha da genişləndirlməsinə böyük təkan olmuşdur. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak etmək məqsədilə Türkiyəyə (Ankara), Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə (Davos), həmçinin 51-ci Münxen Təhlükəsizlik Konfransının keçirildiyi Almaniyaya (Münxen), Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) təməlqoyma mərasimində iştirak etmək üçün Türkiyəyə (Qars), Sülh Sammiti və Çanaqqala döyüşlərinin 100-cü ildönümünə həsr olunmuş anım tədbirinə qatılmaq məqsədilə Türkiyəyə, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirak etmək üçün Rusiyaya (Moskva) səfər etmişdir. Ölkə rəhbəri bunlarla yanaşı, Qazaxıstanda (Astana) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində, yenə həmin ölkənin Burabay şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında, Türkiyəyədə (Antalya) G20 Liderlər Sammitində, Fransada (Paris) UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmişdir. Ötən dövr ərzində ikitərəfli müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə 70-dən çox müqavilə imzalanmışdır.
2015-ci il diplomatik əlaqələrin genişləndirilməsi baxımından da yaddaqalan olmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin Slovakiyada, Meksikadakı səfirliyinin Peruda ofisləri və İtaliyanın Kataniya şəhərində fəxri konsulluğu açılmışdır. Bakı şəhərində isə Əlcəzairin və Portuqaliyanın səfirliklərinin ofisləri fəaliyyətə başlamışdır.
Dövlət və hökümət başçılarının, habelə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi, imzalanan sənədlər və perspektiv əməkdaşlıq sahələrinin müəyyən edilməsi bir daha təsdiqləyir ki, ötən il Azərbaycanın dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi baxımından məhsuldar olmuşdur.
Təəssüf ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmamışdır. Bunun da əsas səbəbi bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, işğalçılıq siyasətindən əl çəkməməsi, mövcud status-kvonu qoruyub saxlamaq cəhdləri olmuşdur. Digər səbəb isə, münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu həmsədrlərinin qətiyyətsiz mövqe nümayiş etdirməsidir. Bu gün artıq hamıya bəllidir ki, beynəlxalq birlik, ümumiyyətlə, aparıcı dövlətlər dünyanın ayrı-ayrı regionlarında baş verən oxşar münaqişələrin həllinə tam fərqli mövqe nümayiş etdirirlər. Bu da hazırkı dövrdə dünya siyasətindəki mövcud ikili standartlardan xəbər verir.
Hazırda ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Həmin dövlətlər vaxtilə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs veriblər. 23 ilə yaxındır ki, həmin qətnamələrin icrası ilə bağlı heç bir təsirli tədbir görülməyib və işğalçı Ermənistana hər hansı bir sanksiya tətbiq olunmayıb. Bundan istifadə edən Ermənistan isə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir. Bunun qarşısını almaqda qətiyyətsizlik göstərən ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin fəaliyyətsizliyi də vaxtilə səs verdikləri qətnamələrə qarşı hörmətsizlikdən irəli gəlir.
Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan öz prinsipial mövqeyindən dönməyəcək və lazım olarsa, münaqişənin həlli üçün hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələyə münasibət bildirmişdir: “Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Buna nail olmaq üçün, əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2016.- 8
yanvar.- S.1.