Suraxanı rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət
və perspektivlər
Bu gün dünyada
hökm sürən qeyri-sabitlik,
xalqların və ölkələrin dinc qonşuluq şəraitində
yaşamalarına göstərilən təhdidlər dövlətlərin
öz potensiallarını inkişaf
etdirməsini, vətəndaşların rifahını
yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət
göz önündədir: müharibə
şəraitində olan respublikamızda insan amilinə mühüm
önəm verilir, həyat şəraitinin
daha da
yaxşılaşdırılması üçün
müvafiq proqramlar uğurla icra edilir.
Kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə bir vaxtlar neft tullantıları içərisində boğulan Bakıətrafı yaşayış sahələrində də özünü qabarıq büruzə verir. Paytaxtkənarı rayonlarda sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının, gündəlik nəzarətin bariz ifadəsidir.
Paytaxtımızın, necə deyərlər, beş addımlığında yerləşən Suraxanı da son illər sosial rifahın, tərəqqinin və gözəlliyin ünvanına çevrilib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində rayonda uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Suraxanı sakinləri ilə görüşlər keçirib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olub.
Quruculuq-abadlıq
işləri
dinamik xarakter
daşıyır
Son bir neçə il ərzində Suraxanıda görülən işlərə qısaca nəzər salaq. Rayondakı 5, 282, 87, 114, 118 nömrəli məktəblərdə əsaslı təmir işləri görülüb, 118 nömrəli məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusu, yeməkxana, idman və akt zalları, 104 nömrəli məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusu inşa edilib, 140 nömrəli məktəb binasında bərpa-gücləndirilmə tədbirləri həyata keçirilib, Yeni Günəşlidə 262 saylı uşaq bağçası əsaslı təmir olunub, “Gənclər evi” istifadəyə verilib.
Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələri, Yeni Suraxanıdan Binə qəsəbəsinə gedən yolun 4,2 kilometr hissəsi yenidən qurulub, Zığda “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi istifadəyə verilib. Yeri gəlmişkən, ötən il fevralın 3-də ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tikintisinə 2014-cü ildə başlanılan “Bakubus”un birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar, iyunun 3-də isə möhtərəm dövlət başçımız sözügedən obyektin açılış mərasimində iştirak edib.
Yuxarıda sadalananlarla yanaşı, Zığ qəsəbəsinin İdris Süleymanov küçəsində və Hövsan-Türkan yolu yaxınlığındakı yeni yaşayış massivində ATS, adı çəkilən qəsəbədə Nəqliyyatda Baş Polis İdarəsi üçün yeni bina tikilib, Yeni Suraxanıda mini-futbol meydançası əsaslı təmir olunub, Prezident İlham Əliyevin iştirakı ilə Suraxanı Günəş Elektrik Stansiyasının açılışı olub.
Rayonun mənzil-kommunal idarələri tərəfindən abad məhəllələrin salınması davam etdirilib, mövcud abad məhəllələr təmir olunub, xeyli sayda yaşayış binasının fasadları, dam örtükləri qaydaya salınaraq rənglənib, pilləkən qəfəslərindəki pəncərələr şüşələnib, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilib, istilik sistemləri yenidən qurulub, ərazilərdə müxtəlif tutumlu yeni konteynerlər quraşdırılıb.
Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salınıb. Əmircanda görkəmli şair Tofiq Bayramın adını daşıyan park əsaslı təmir olunaraq yenidən qurulub, Bülbülədə “Şəhid bulağı” kompleksi yenidən qurulub, ətrafı abadlaşdırılıb. Qaraçuxurda “Veteranlar xiyabanı”nın, “Vətən şəhidlərini unutmur” xatirə kompleksinin, Bülbülədə Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılan abidənin ətrafında səliqə-sahman yaradılıb.
Ekoloji durum getdikcə
yaxşılaşır...
Suraxanı Bakının sənaye, xüsusi ilə neft sənayesi rayonlarından biri olduğundan burada ekoloji məsələrin həlli vacib əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama və qəbul edilmiş müvafiq dövlət proqramına əsasən, paytaxtda mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Ötən il rayonun aidiyyəti müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş hektarlarla torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ekoloji cəhətdən zərərli gölməçələrin xeyli hissəsi qurudulub, neft quyularının işçi meydançaları və quyuətrafı sahələri tullantılardan təmizlənib, neft kollektorları təmir olunub.
Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Zığ qəsəbəsində, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinə yaxın ərazidə tullantıxananın təmizlənməsi rayonda ekoloji şəraitin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində ağacəkmə kampaniyası ötən ildə də uğurla davam etdirilib, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə iməciliklər keçirilərək 8 mindən artıq ağac əkilib.
Heydər
Əliyev Mərkəzi
fəaliyyətini
genişləndirir
Rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edənlər burada ulu öndərin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Sakinlər, yerli və xarici qonaqlar, Milli Məclisin deputatları mərkəzin fəaliyyəti ilə böyük maraqla tanış olurlar.
Xatırladaq ki, sözügedən Mərkəz bir ideoloji qurum kimi artıq böyük nüfuz qazanıb. Burada müasir informasiya texnologiyaları əsasında fəaliyyət göstərən kitabxana, konfrans salonu əhalinin geniş təbəqəsinə xidmət göstərir. Rayon icra hakimiyyəti bu yüksək şəraitli Mərkəzin imkanlarından səmərəli istifadə edir. Son illər burada şagirdlərə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə “açıq dərslər”in tədrisi, yeni ailə quran gənclər üçün nikah mərasimlərinin keçirilməsi ənənə halını alıb.
Suraxanı həm
də Azərbaycanın mədəniyyət
mərkəzlərindən
biri kimi tanınır
Heydər Əliyev Fondunun dəstəyi ilə XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunan və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən"Atəşgah məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafındakı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi sürətlə həyata keçirilib. Burada kütləvi tədbirlərin reallaşdırılması üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub.
Ötən il mart ayının 13-də “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda Gənclər və İdman Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni irs” gənclər festivalı keçirilib. Xatırladaq ki, həmin festivalda bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri iştirak ediblər, tədbir zamanı qonaqlar adət-ənənələrimiz, mətbəximiz, mədəni irsimizlə tanış olublar.
Yeri gəlmişkən, rayonun ictimai-siyasi həyatına müsbət təsir göstərən bir məqama da toxunmaq istərdik. Belə ki, 2012-ci il avqust ayının 15-də Latviya Respublikasının Yekabpils bələdiyyəsi ilə Qaraçuxur bələdiyyəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq haqqında protokola əsasən, ötən il mayın 25-27-də Latviya Respublikasının Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı şəhərində, o cümlədən, Suraxanı rayonunda səfərdə olublar. Bundan başqa, Suraxanı Rayon İcra Hakimiyyəti və Latviya Respublikası Riqa Şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü il tarixdə əməkdaşlıq haqqında saziş imzalanıb.Həmin sənədə uyğun olaraq adları çəkilən qurumlar arasında təcrübə mübadiləsi və yeni layihələrin müzakirəsi artıq ənənə şəklini alıb.
Ötən il Suraxanı ilk Avropa Oyunlarının
fəal
iştirakçılarından biri oldu
2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman həyatında tarixi bir hadisə baş verdi, paytaxtımızda ilk Avropa Oyunları ilə bağlı tədbirlərə start verildi. Bu Oyunların məşəli rayonda yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda alovlandırıldı, ölkə Prezidenti cənab İlham Əliyev, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etdilər. Bu əlamətdar hadisəyədək adı çəkilən tarix-memarlıq qoruğu ərazisində geniş miqyaslı abadlıq-quruculuq işləri görüldü, Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarlar yenidən quruldu, rəngləndi, aqlay daşları ilə üzləndi, yerüstü kommunikasiya (qaz, elektrik və telefon) xətlərinin yerin altına salınması işləri reallaşdırıldı.
Xatırladaq ki, birinci Avropa Oyunları Azərbaycanın yığma komandası, o cümlədən, Suraxanı idmançıları üçün çox uğurlu oldu, karate idman növü üzrə Ayxan Mamayev qızıl, sambo üzrə Vasif Səfərbəyov gümüş, qılıncoynatma idman növü üzrə Sevil və Sevinc Bunyatova bacıları 1 gümüş və 1 bürünc medal qazandılar.
Sosial məsələlərin
həlli prioritet vəzifədir
Rayon icra hakimiyyəti ölkədə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim nəzarətdə saxlayır. Burada məskunlaşan məcburi köçkün ailələrinin, Qarabağ müharibəsi əlillərinin, Böyük Vətən müharibəsi iştirakçılarının, ahıl və tənha sakinlərin sosial-məişət problemlərinin həllinə qayğı ilə yanaşılır.
Vətəndaşların müraciətlərinə həssaslıq göstərilməsi, problemlərin vaxtında həll edilməsi sahəsində rayon icra hakimiyyətində müsbət təcrübə formalaşıb. Burada heç bir müraciət diqqətdən kənarda qalmır. Hərtərəfli araşdırılır, ilk növbədə, müraciətlərin yaranma səbəbləri təhlil edilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Bir fakta diqqət yetirək. Rayonda mövcud olan problemlərdən ən ciddisi–qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşən yaşayış evlərinin sakinlərinə kömək göstərilməsidir. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin başvermə ehtimalının yüksək olduğu nəzərə alınaraq rayon icra hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə sözügedən qəsəbədə yerləşən həmin evlərə vizual texniki baxış keçirilib, ərazinin relyefi, geoloji xüsusiyyətləri nəzərə alınmadan, eləcə də tikinti norma və qaydalarına əməl edilmədən müxtəlif illərdə inşa olunan, həmçinin uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalan evlərdən 40-a qədərinin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 22 ailə rayon icra hakimiyyətinin daxili imkanları hesabına kirayə evlərə köçürülüb.
Vaqif BAYRAMOV
Suraxanı Rayon İcra Hakimiyyəti
və Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi müsabiqəyə təqdim edilir.
Xalq qəzeti.- 2016.- 9
yanvar.- S.6.