Xalq artisti Tofiq Bakıxanovun 85 illiyinə həsr

olunmuş musiqi festivalı əsl mədəniyyət hadisəsi idi

 

Görkəmli bəstəkar həmin günlərdə Naxçıvan Muxtar Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına da layiq görüldü

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi   Bəstəkarlar İttifaqının birgə  keçirdiyi bu tədbirlər silsiləsi hələ uzun illər ümumtürk mədəniyyətinin təəssübkeşlərinin yadından çıxmayacaq.  Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun anadan olmasının 85-ci  ildönümü  ölkə miqyasını əhatə edən altıgünlük yubiley festivalı şəklində qeyd edildi.

Respublikamızın  tanınmış elm,  mədəniyyət və incəsənət xadimlərinin , çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələrinin və paytaxt ictimaiyyəti təmsilçilərinin qatıldığı bu möhtəşəm musiqi tədbiri bir sıra əlamətdar məqamlarla yadda qaldı.  Birincisi  ondan ibarət  idi ki, bəstəkarı 85 illik  yubileyi münasibətilə təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  onun Naxçıvan Muxtar Respublikasının  Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülməsi barədə sərəncam inzalamışdı. İkinci əlamətdarlıq o idi ki, bu yubiley tədbirlərinin  Bakıdan sonra Naxçıvanda, Tehranda və Təbrizdə  davam etdiriləcəyi barədə rəsmi şəxslər tərəfindən məlumatlar verilirdi.

Xüsusilə qeyd edilməli məqamlardan birio idi ki, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun,  İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Sadətdin Topukçu, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Bəxtiyar Əsgərov və digər şəxslər  çıxışlarında səmimiyyətlə qeyd etdilər ki, Tofiq Bakıxanov öz yaradıcılığı ilə ölkələr və xalqlar arasındakı mədəni əməkdaşlığın genişləndirilməsinə xüsusi töhfələr vermiş sənətkardır.  Tofiq Bakıxanov dönə-dönə demişdir ki, ömrünün 60 ildən çoxu  Bakı Musiqi Akademiyası ilə bağlı olduğuna görə bu ünvanı doğma evindən də çox sevir. Elə ona görə də festivalın ilk tədbiri məhz Bakı Musiqi Akademiyasının böyük zalında  təşkil edilmişdi. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Kamal Paşazadənin və professor Hökumə Əliyevanın təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə bəstəkarın 60-65 il əvvəl qələmə aldığı kiçik həcmli əsərlərin ifa edilməsi yubilyarı kifayət qədər təsirləndirmişdi.

Tədbirin aparıcısı Nərgiz Kərimova sənətkarın həyat və yaradıcılığından danışaraq bildirdi ki, Tofiq Bakıxanov  1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini (böyük bəstəkar Qara Qarayevin sinfi) bitirib. Bəstəkar 3 balet, 3 operetta, 8 simfoniya, 5 simfonik muğam, 6 simfonik poema, simfonik süita və uvertüraların, kamera-instrumental əsərlərinin, Azərbaycan şairlərinin sözlərinə yazılmış yüzədək mahnı və romansın müəllifidir.

Tofiq Bakıxanov bəstəkarlıqla yanaşı, elmi fəaliyyət də göstərir. “Musiqili ömrüm”, “Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri” monoqrafiyaları, metodik vəsaitlərin müəllifidir. Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova , professor Hökümə Əliyeva, bəstəkar, Xalq artisti Sevda İbrahimovabaşqa natiqlər Tofiq Bakıxanov haqqında dəyərli fikirlər söylədilər və yubilyarı təbrik etdilər.

Ertəsi günü, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin mədəniyyət ocağının Xalq Çalğı Alətləri Orkestrinin ifasında ( bədii rəhbər və baş dirijor Xalq artisti, professor Ağaverdi Paşayevdir) bəstəkarın müxtəlif janrlı əsərləri səsləndirildi. Daha bir tədbirin ünvanı isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonu idi. Dekabrın 9-da Bəstəkarlar İttfaqında yubilyarın kamera əsərlərindən ibarət mükəmməl bir konsert proqramı nümayiş etdirildi.  Növbəti tədbirdə isə Dövlət Filarmoniyasının səhnəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ( bədii rəhbər və baş dirijor, Xalq artisti, professor Rauf Abdullayevdir) ixtiyarına verilmişdi. Burada yubilyarın simfonik orkestrin müşayiəti ilə ifa olunan əsərləri səsləndirildi və böyük alqışlarla qarşılandı.  Bundan sonra OperaBalet Teatrında keçirilən tədbirin qonaqlarına  isə yubilyarın “Şərq poeması”, “Xəzər balladası” və “Xeyir və Şər” adlı birpərdəli operaları təqdim olundu. Anşlaqla keçən bu tədbir Azərbaycan musiqisevərlərinin yaddaşında  uzun müddət yaşayacaq izlər buraxdı.

Festivala dekabrın 15-də Bəstəkarlar İttifaqında keçirilən elmi-praktik konfransla yekun vuruldu. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, professorlar İmruz Əfəndiyeva, Telman Hacıyev, Hökumə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahimqızı, eləcə də digər natiqlər — Nərminə Bayraməlibəyli, Həsən Cəbrayılov, Əhsən Rəhmanov,  Amerika Birləşmiş Ştatlarından gəlmiş musiqi ifaçısı və nəzəriyyəçisi Aleksandriya Sultanzadə fon Brüseldorf ( ibtidai təhsilini Bakıda almış bu xanım görkəmli Azərbaycan sənətkarı, qarmonçalan Əhəd Əliyevin —  Kor Əhədin nəticəsi Sevinc Sultanzadədir) və digər natiqlər çıxış edərək Tofiq Bakıxanov yaradıcılığının elmi məziyyətlərindən söz açdılar.

Sonda çıxış edən yubilyar onun yaradıcılığına böyük qiymət verən Azərbaycan dövlətinə, xüsusən, Prezident İlham Əliyevə, simfonik muğamlarının kitab şəkilində ərsəyə gəlməsinə böyük dəstək vermiş Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Dövlət Filarmoniyasının, Bakı Musiqi Akademiyasının və tədbirlərin təşkilində xidməti olan digər qurumların rəhbərlərinə, eləcə də, festival boyunca fəallıq göstərmiş musiqi kollektivlərinə, ayrı-ayrı ifaçılara, öz dəstəyini əsirgəməyən ziyalılara təşəkkür və minnətdarlıqlarını çatdıraraq dedi: “ Mənim bu yaşa çatmağımda da, bu şöhrətə nail olmağımda da özümdən çox xalqımın, dövlətimin, soy-kökümün xidmətləri vardır. Mən həmişə xalqıma və nəsil şəcərəmizə borcluyam”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 9 yanvar.- S.6.