Azərbaycanın istiqlal tarixinə qanla yazılmış

20 Yanvar faciəsindən 26 il keçir

 

Azadlıq, istiqlaliyyət, müstəqillik  uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divan, sanki, dünən baş vermişdir. Xalq o günü heç vaxt unutmur. Hər il  on minlərlə soydaşımız Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan Şəhidlər xiyabanına  gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş mərd oğul və qızlarımızı böyük ehtiramla yad edir, məzarları önünə tər gül-çiçək dəstələri düzür.

Şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs aparılacaq, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycandakı əsas dini konfessiyaqurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Azərbaycan xalqına qarşı törədilən qətliam dünyanın bütün ölkələrində ciddi narahatlıq doğurmuş və aparıcı kütləvi informasiya vasitələri bu barədə mütəmadi olaraq geniş məqalələr dərc etmişlər. Daily Times”, “Navai Vakt”, “The News”, “Pakistan Observer”, “National Herald Tribune” “Jahan Pakistan”, “Dunya”, “Khabrian”, “Statestimes” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA News”, “Naibaat”, “UNN Pakistaninformasiya agentlikləri, Livanın “Əl-Cumhuriyyət” qəzeti,  The Guardian”, Türkiyə  və digər ölkələrin mətbu orqanlarında “Azərbaycan Qara Yanvar xatirəsini yad edir” adlı məqalələr dərc olunub.

Dünyanın tanınmış ictimai-siyasi xadimləri də 20 Yanvar faciəsini “demokratiyaya, haqq-ədalətə zidd” adlandırmış, bu faciəni törədənləri kəskin tənqid etmişlər. ABŞ Konqresinin üzvü Madelin Bordallonun fikirləri bu baxımdan diqqəti cəlb edir. Konqresmen  20 Yanvar faciəsi ilə əlaqədar  konqresdə bəyanatla çıxış edərək, bu hadisəni keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı kimi diqqətə çatdırmışdır.

M.Bordallo 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirmiş,  hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda  kütləvi qətliam törətdiyini bəyan etmişdir. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin ölkəmizin azadlıq əldə etməsi ilə nəticələndiyini vurğulamışdır.

Bəs  20 Yanvar qətliamının törədilməsinin əsas səbəbi nə olmuşdur?  Niyə təpədən dırnağadək ən müasir silahlarla silahlanmış  sovet rəhbərliyi bu qanlı faciəni törətməyə əl atdı?  Keçmiş SSRİ rəhbərliyinin millətlərarası ayrı-seçkilik toxumu səpməsi artıq özünün pik həddinə çatmışdı. Torpaqlarımızın hissə-hissə Ermənistana birləşdirilməsi, nəhayət, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın da Ermənistana bəxşiş verilməsi xalqımızın səbir kasasını daşdırdı. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu.

Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı öz möhtəşəmliyi və prinsipiallığı ilə SSRİ  rəhbərliyinin ciddi narahatlığına səbəb oldu.

Ölkəmizdə milli-azadlıq mücadiləsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda baş qaldıran erməni separatizminə və qədim türk torpaqları sayılan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulmasına etiraz əlaməti olaraq keçirilən nümayiş və mitinqlərlə başladı. Həmin nümayiş və mitinqlərdə keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Mitinqlərin getdikcə kütləvi hal alması artıq Kremli silkələməyə başlamışdı. Ancaq  İttifaq rəhbərliyi ermənipərəst mövqeyindən əl çəkmək istəmir, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zorla öz doğma yurd-yuvalarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Təklənmiş Azərbaycan xalqı küçə və meydanlara axışaraq bu ədalətsizliyə və ayrı-seçkiliyə son qoyulmasını tələb edirdi. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi, qorxaqlığı və Moskvaya itaət göstərməsi  idi. Onların milli maraqlardan çox uzaqda  olmaları və özlərini xalqın lideri hesab edənlərin  hadisələrin sonrakı gedişini düzgün proqnozlaşdıra bilməmələri də vəziyyətin bu həddə çatmasında mühüm yer tuturdu. Azərbaycan, faktiki olaraq, vəzifə kürsüsü uğrunda mübarizə meydanına çevrilmişdi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclik isə SSRİ rəhbərliyinə, xüsusilə, bu münaqişənin əsas təşkilatçılarından olan Mixail Qorbaçovaonun Azərbaycandakı  Əbdürrəhman Vəzirov kimi əlaltılarına Bakıda müxtəlif təxribatlar  törətmək  üçün fürsət verdi. 1990-cı il yanvarın əvvəllərində keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları yerlərdəki emissarlarının yaxından köməkliyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdilər. Qabaqcadan planlaşdırılmış bu təxribartlar  M.Qorbaçov hakimiyyətinə Bakıya qoşun yeritmək üçün əsas verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdilər. Öz hüquqlarının bərpası, həmçinin müstəqillik, azadlıq istəyi ilə küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldı və xalqa divan tutuldu. Xüsusi təlim keçmiş əsgərlər hətta qocauşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 131 nəfər soydaşımız amansızcasına qətlə yetirildi, 700-dən çox adam yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə insan həbs edildi, ömürlük şikəst oldu.

Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladılmışdı. Radio işləmirdi, qəzetlər nəşr edilmirdi. O dövrdə Azərbaycan hakimiyyətində təmsil olunan simasız satqın rəhbərlər isə baş vermiş faciə haqqında xalqa təhrif edilmiş məlumatların verilməsinə çalışırdılar. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı məşum hadisədən xəbərsiz idi. Belə ağır müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də oğlu silahdaşı İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Elə həmin gün ulu öndər Heydər Əliyev Azərbaycan KP MK, respublikanın Ali Soveti Nazirlər Sovetinə teleqram göndərmişdi.

SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda, Kreml başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər cəsarət istəyirdi. Ulu öndər Heydər Əliyev oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq milli mövqe nümayiş etdirdilər... Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm faciəyə verilən ilk siyasi qiymət idi - özü Moskvada...

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı bu qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu...

Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı.  Həmin vaxtdan Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi...  Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev  Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini həssas vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqındafərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Son illərdə ölkədə əlil şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi yaşayış evləri inşa olunur.

Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə məmnunluqla qarşılanan, hətta dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fonduonun prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən  Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir.

Xalqımız 20 Yanvar faciəsinin 26-cı ildönümünü qeyd edir, canlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın  fədakarlığı, onların əziz xatirələri  ehtiramla yad olunur.  Bu qədirbilənlik həm də Qarabağda da eyni mətinliklə Qələbə qazanılacağına böyük əminlik yaradır.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 9 yanvar.- S.4.