Naxçıvan: dünənimdən bu
günümə
– tərəqqi və
yüksəliş mərhələsinə
Dünənim
Yenə ötənləri xatırlayıram. Təbiətə gəlişini dağlara, bağlara sığal verdiyi qızılı-sarı rənglərlə bildirən payızın adi günlərindən birində işdən evə dönürəm. Sazaqlı payız küləyi üzümə dəydikcə artıq təəssüf dolu günlərimizin yaxınlaşdığını hiss edirəm. Sanki, uşaqdan- böyüyə hər kəsin ağacların altında əylənib vaxt keçirdiyi, çörək əvəzinə, qarın dolusu meyvə yeyib aclığını unutduğu günlərin ömrünün yavaş-yavaş sona çatdığını bu payız küləyi qulağıma pıçıldayır.
Yeridikcə ətrafa baxıram. Axşamçağı ay işığına möhtac olduğumuz payız günlərində qaranlığın ağuşunda itib-batan evlərin pəncərələrindən yavaş-yavaş süzülən solğun işıq zolaqları səssiz, kimsəsiz yolları, küçələri “nurlandırmaq” istəsə də, heç nə alınmır. Soyuq gecələrin zülmət qaranlığını güclə yaran zəif işıq seli getdikcə öləziyərək dünyamıza hakim kəsilən qaranlığa “qurban” gedir. Adama elə gəlir ki, bunlar işıq şüası yox, bir tilov çubuğudur. Görünən evsə daş üstə oturub balıq tutmağa çalışan bir balıqçıdır.
Evə çatıram. Bir az da vaxt
keçir. Pəncərədən bayıra
baxıram və sadəcə zülmət görürəm.
Bu zülmət ətrafla birgə sabaha olan
ümidimizi də qaranlığa qərq edir. İşığımızı əvəz edən
neft lampasını yandırmağın vaxtıdır. Onun barmaq boyu qalxan alovunun ətrafa yaydığı
zəif nur seli otağın künc-bucağına
çatmadığından hər kəs stolun ətrafında
özünə yer edir. Belə zamanlarda bir nöqtəyə
dikilmiş baxışların səssizlik ümmanında
itib-batmaq istəyirəm. Kəndimizdən bizə
qonaq gələn Həsən əmi səssizliyimi
görüb,-“Siz yenə gecələr rahat
yatırsınız. Kənddə daim
güllə səsi eşidilir. Səksəkədə
yatıb-dururuq” – deyir. Bu məqamda
ümidlərimizi azaldanın təkcə bu zülmət
olmadığını dərk edirəm. Evimiz,
küçəmiz, məhəlləmiz, kəndimiz, şəhərimiz
yalnız zülmətə, qaranlığa qərq olsaydı,
nə vardı ki? Lampa
işığında da yaşamaq olar. Amma
yaxşı yaşamaq və məişət problemlərini həll
etmək üçün hara, nəyə əl atsaq, sonu
elektrik enerjisinə bağlanır. O, olmadığı
üçün yaşamaq dəhşətli bir əziyyətə
çevrilir. Nəticədə də mərhəmətsiz
ordu kimi evlərə, ailələrə “hücum çəkən”
qayğıların qabağında insanlar böyük çətinliklərlə
duruş gətirir və cüzi də olsa, bir gün həsrətində
olduqları elektrik enerjisinə qovuşacaqlarına ümid belə
etmirlər. Günlərimizi beləcə,
yaşayırıq.
Hərdən qonşu Münəvvər xalanın yanacaq
olmaması üzündən vaxtını elə bizimlə
birgə keçirməsi boynundan daş asılmış
zamanın tez keçməsinə səbəb olur. Amma onun hər gəlişində
üzrxahlıq yerinə, öz-özünə deyinirmiş
kimi, “uşaqlar erkən yatdı, gəldim bir az dərdləşək”,—deməsi
və sonra da “sabah çörək
növbəsinə kim gedəcək? Mənə
də növbə tutun. Mən də neft
növbəsində sizə növbə tutaram”,—deyərək
müvəqqəti olsa da, unutmaq istədiyimiz
qayğıları xatırlatması məni daxilən
hövsələdən çıxarır. Onun xatırlatdığı qayğılar qara
günlərimizin dəyişməz rəngi—növbədə
durmaq zilləti artıq yaşam tərzimizə çevrilib.
Qəbul etsək də, etməsək də,
xatırlamaq istəsək də, istəməsək də hər
kəs soyuq günlərdə, səhərin
ayazlı-şaxtalı erkən saatlarında çörək
və neft növbəsinə yollanmaq məcburiyyətindədir.
Çünki yurdumuza gələn yollar
bağlanar-bağlanmaz bir tikə çörək ərşə
çəkilib, bir litr neft qəhətə
çıxıb. Ona görə də analar
günlük normamız olan çörəyi alan
kimi, onu dəsmala büküb tutya kimi qoruyurlar. Bərəkətinə qurban olduğuma da əl
atmaqla qurtarmağı bir olur. Çörəkdən
doymayan gözlər boş süfrəyə dikiləndə,
odunsuz ocaqların çör-çöp alovunda
biş-düş etmək məcburiyyətində qalanda
anaları qəhər boğur.
Çörək növbəsinə gedənlər neft
qablarını da özləri ilə götürürlər. Çörəyi
aldıqdan sonra insanlar neft növbəsinə yollanırlar.
Soyuq günlərdə üşümüş
əllərini ciblərindən çıxarmayanlar qabları
ayaqları ilə itələyə-itələyə irəliyə
aparanda ətrafa qəhər dolu səs yayılır. İnsanlar kimi “sıraya düzülən” və
“addım-addım” irəliləyən neft qablarına dəmir
parçdan qıfla neft töküləndə köhnəldiyindən
axıdan qablardan evlərə kimi sanki göz yaşları
düzülür. Növbəyə gecikənlər
də o “göz yaşlarının” izi ilə üz
tutduqları evlərdən utanaraq şüşə-şüşə
borc alırlar.
Ömrümüzün “şirin” çağları beləcə,
növbələrlə, məişət problemləri ilə
“bəzənmiş” şəkildə keçir. Amma elektrik
enerjisinin olmaması həyatımızı bir tək məişət
problemləri ilə “bəzəmir”, həm də istehsalı
və bütün xidmət sahələrini iflic edir. Bunun da nəticəsində şəhərli şəhərdə,
kəndli də kənddə ruzisini qazana bilmir. Bəs, çıxış yolu haradadır, nədədir?
Bilən yoxdur, tapan yox. Yolu, suyu, rabitəsi,
qazı, işığı olmayan insanlar təbiətə “qənim”
kəsilərək, elə bil ki, acıqlarını
“günahsız” yaşıllıqdan
çıxırlar. Qurusuna-yaşına,
cavanına-qocasına baxmadan ağacları, kolları
qırır, çatır, talayır, kökünə balta
çalıb evlərə daşıyır və əvəzində
isə bir fidan belə əkməyi düşünmürlər.
Nəticədə, dağımızda-dərəmizdə,
çölümüzdə-çəmənimizdə
doğranan ağacların yerində çoxlu “kötük qəbiristanlıq”ları
yaranır. Yurdumuzun yaraşığı
olan yaşıllıqlar, həyət-bacaların nazənin
gözəli olan meyvə ağacları beləcə,
ocaqlarda, sobalarda külə dönür, yollara səpilir.
Çünki başqa yol yoxdur. Dövlətdən ümidini üzüb çarəsizlikdən
öz əkdiyini öz əlilə doğrayanlar bəlaya
çevrilmiş payız-qış qayğılarını
öz imkanları daxilində həll etmək məcburiyyətindədirlər.
Saatlarla həsrəti
çəkilən elektrik verilsin deyə, sıradan
çıxmış naqilləri təmir etmək
üçün yağan yağmura, əsən küləyə,
çaxan şimşəyə baxmadan, ömrünü
başa vurmuş, çürüyərək əyilmiş
elektrik dirəklərinə çıxan neçə-neçə
cavan çilingərlərin ömür
çırağı kiçicik bir iş qəzası ilə
oradaca sönür. Belə faciəli hadisələrin
qurbanı olan elektrik çilingərlərinin həm ailə
üzvlərinin ürəyinə ömürlük od düşür, həm də digər
çilingər ailələrini bitib-tükənməyən
qorxu altında saxlayır.
Belə bir zamanda Tanrı, elə bil ki, ona əl
açıb kömək diləyən insanların səsini
eşitdi, duasını qəbul etdi və ümidi tükənmiş,
soyuq, qaranlıq dünyamıza bir Günəş göndərdi. Ulu öndər
qərib ellərdən Vətəninə qayıtdı.
Bu qayıdış evlərimizə işıq, gözlərimizə
nur, ürəyimizə inam, ayağımıza təpər,
qolumuza qüvvət verdi. Bu
qayıdış Vətənin Vətən daşı
olmağa layiq oğullarımızı bir cərgəyə
düzdü. Bu qayıdış üzərimizə
şığıyan faciələrin, problemlərin,
yoxsulluğun, qaranlığın qarşısında duran və
bizi qoruyan keçilməz bir sədd oldu. Bu
qayıdışla ulu öndər, elə bil ki, dəstələdi
ümidləri, inamları, sevincləri, günləri,
ayları, fəsilləri. Sonra alıb
çiyninə, üz tutdu gələcəyə. Bir də böyüklüyünü
götürdü özüylə. Getdi
inamla, gələcəyə dikilmiş
baxışının iziylə. Arzusu,
amalıydı xalqını, Vətənini xoş günlərə
çıxarmaq.
Bəli, həmin gündən qaranlıqdan
aydınlığa bir yol başladı. Yolçusu
insan, yolu mübarizələrlə dolu olan bu yolda çox
uğurlar qazandıq. Öləzimiş
arzular, tükənmiş ümidlər,
qırılmış inamlar dirçəldi. Xoşbəxt və firavan günlərimizin təməli
qoyuldu. Çeşid-çeşid problemlərimizi
çeşid-çeşid gözəlliklər əvəz
etməyə başladı. Cəmiyyətdə
hər bir fərdin maraq və mənafeləri müdafiə
olundu. Ədalət prinsipinin bərpası, yeni norma və iş prinsiplərinin tətbiqi,
xalqa xidmət yolunun müəyyənləşdirilməsi,
çevik və işlək idarəçilik
konsepsiyasının reallaşdırılması
inkişafımızı şərtləndirən amillər
oldu. Xoşbəxt gələcəyə istiqamətləndirilmiş
yolun yolçusu olan insanlar arzularına çatdı. İllər bir-birindən xoş gəldi.
Bu günüm
İndiyə qayıdıram. Evlərdə,
küçələrdə, yollarda yanan elektrik
lampalarının gur işıq seli ətrafı nura qərq
edir. Küçələr, yollar
çilçıraqdır. Nur selinə bələnmiş
şəhərimizin hansı səmtinə baxsam, ulduzlar kimi
sayrışan küçə lampalarının gözəlliyi
məni heyran edir. Bu füsunkar mənzərədən
ürəyim dağa dönür, bir vaxtlar həsrətini
çəkdiyimiz bu günlərə yetişənə kimi
ömür kitabımıza yazılan acı xatirələr
ürəyimdə baş qaldırır. Zamanın
köhlən atında illər öncəyə
qayıdıram. Yadıma o zamankı
küçəmiz düşür. Sanki o
illərin yaddaşına yazılmış qaranlıq gecələrdə
yenidən yaşayıram. Amma küçə
lampasının gözümə düşən gur
işığı məni özümə qaytarır.
Xeyr! Bu acı xatirələrə üzülməməliyəm.
Çünki ulu öndərimiz və onun
ideyalarını həyat amalı bilənlər insanlar
xoşbəxt yaşasın deyə, min bir əziyyətlə,
usanmadan, yorulmadan soyuq, zülmət və qaranlıq
dünyadan bizləri işıqlı dünyaya
çıxarmaq üçün qurdular, yaratdılar, abad
etdilər.
İndi rahat yaşadığımız günlərdə
keçmişin qara günlərini xatırlayıb
üzülmək haqsızlıq olar. Bu gün küçə və məhəllələrimizdə
gecənin qaranlığında hər biri bir əjdahanı
xatırladaraq vahimə yaradan nə bir kol-kos, nə bir əyri-üyrü
çəpər, nə də bağrı yaran qaranlıq
var. Çünki artıq evlərimizdəki kimi, qəsəbə,
şəhər və kəndlərimizin də
çırağı gur yanır, dünyamız nura
boyanır, səliqə-sahman, gözəllik göz
oxşayır. Bütün bunlar isə muxtar respublikamızda
ötən illər ərzində yorulmadan quran, yaradan, ulu
öndərin arzularını bir-bir reallığa çevirən
Muxtar Respublika Ali Məclisinin sədri hörmətli Vasif
Talıbovun diqqət və qayğısı ilə
mümkün oldu. İstifadəyə verilən
elektrik stansiyalarının sayının artması, muxtar
respublikaya təbii qazın nəql olunması enerji
infrastrukturunu, həyatımızın ahəngini
kökündən dəyişdirdi. Bu sahənin
inkişafına stimul yaradıldı, iqtisadiyyatımız
gücləndi. Növbənöv məhsullar
istehsal edən müəssisələr yaradıldı.
Yeni iş yerləri açıldı, işsizlik problemi
öz həllini tapdı. Əhalinin maddi-rifah
halı yüksəldi. İşləməyə iş
yeri, oxumağa məktəbi, rahat yaşayışı, hərtərəfli
məişət şəraiti olan insanlara göstərilən
xidmətin səviyyəsi də artdı. Çünki
bir-birinə zəncirvarı şəkildə bağlı
olan, inkişafımızı şərtləndirən amillər
artıq mövcuddur və günü-gündən inkişaf
edir. Bu mənada deyərdim ki, enerji həyatın
özüdür, inkişafdır, tərəqqidir. Bütün gözəlliklərin mövcudluğunu
yaradan bir resursdur.
Ölkə başçısının həyata
keçirdiyi siyasəti Naxçıvanda uğurla aparan Muxtar
Respublika Ali Məclisinin sədri Vasif Talıbov həyati əhəmiyyət
daşıyan belə bir resursun istehsalını artırmaq
üçün diqqət və qayğısını əsirgəmir. Görülən
işlərin miqyası o həddə çatıb ki,
Naxçıvanda Cənubi Qafqazın ən böyük
Günəş Elektrik Stansiyası tikilir. Əgər
1990-cı ildə bir insan digərinə desəydi ki, vaxt gələcək Naxçıvanda ardıcıl olaraq bir neçə
ildə “Koroğlu”, “Araz”, “Culfa”, “Arpaçay”, “Sədərək”,
“Çeşməbasar”, “Xalxal” kimi yarımstansiyalar işə
düşəcək, muxtar respublikaya təbii qazın nəql
olunması ilə yeni elektrik stansiyalarının qurulması,
Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası turbinlərinin
qazla işləmə rejiminə
keçirilməsi nəticəsində 60 meqavat gücündə
enerji istehsalına nail olunacaq və
enerji infrastrukturu kökündən dəyişdiriləcək-heç
kəs buna inanmazdı.
Naxçıvan
Muxtar Respublikasında region ölkələrinin ən
böyük və yeganə Günəş Elektrik
Stansiyasının inşa ediləcək, bu stansiyanın
günəş panelləri 35 hektar ərazini əhatə edəcək,
ərazinin relyefinə uyğun olaraq, stansiya 5 hissədən
ibarət olacaq, hissələr arasında yeraltı kabel və
yüksəkgərginlikli hava verilişi xətləri çəkiləcək,
stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd
günəş paneli, o cümlədən sabit cərəyanı
dəyişən cərəyana çevirən 21 invertor və
11 transformator quraşdırılacaq, həmçinin istehsal olunan elektrik enerjisi
yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator
yarımstansiyası vasitəsilə muxtar respublikanın
elektrik enerjisi şəbəkəsinə ötürüləcək
- buna heç kəs inanmazdı. İnanmazdı
ki, bütün bu işləri naxçıvanlı mütəxəssislər
yerinə yetirəcəklər. O vaxt, desəydin ki,
gün gələcək növbəsində həsrətlə
gözlədiyimiz ərzaqları özümüz istehsal edəcəyik,
bazarlarımızda, dükanlarda bolluq olacaq, heç kəs
inanmazdı. O vaxt yəqin ki, ona da heç kəs inanmazdı
ki, miskin Şahbuz qəsəbəsi bir vaxt öz gözəlliyi
ilə göz oxşayan Şahbuz şəhəri olacaq.
Ulu öndər öz gəlişi ilə bu inamı
insanlarda yaratdı. Naxçıvanda ümid və gələcəyə
inam hissləri formalaşdı. Daha
doğrusu, dahi rəhbərimiz bunu öz yorulmaz fəaliyyəti
ilə yaratdı. Ulu öndərin yolunu uğurla davam
etdirən ölkə başçısı İlham Əliyev və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov qaranlıqdan aydınlığa gedən yolda
arxamız, dayağımız, güvənc yerimiz oldular.
Heç bir ayrı-seçkilik, fərq qoyulmadan hər bir vətəndaşa
qayğı göstərilməsi, can yandırılması həm
maddi, həm mənəvi xoşbəxtliyimizə yol
açdı. Ünvanı xoşbəxtlik olan
bu yolun yolçusu və firavan günlərin şahidləri,
bu məmləkətin vətəndaşı olduğumuz
üçün qürur duyuruq.
Bəli, bu gün xəyallarımız reallığa
çevrilib.
Sabitlik, əmin-amanlıq, firavanlıq, şəraitində
yaşayırıq. Bir zaman insanları
çörək və neft növbəsində gözləyən,
gecələri zülmətə bürünən, evlərində
lampa közərən Naxçıvanda ərzaq təhlükəsizliyi
də, enerji təhlükəsizliyi də təmin olunub.
İndi qırılan ağacların, “kötük qəbiristanlığı”nın yerində bağlar, meşələr
salınıb. İndi naxçıvanlı
çilingər naqil qırılmasın deyə dərd
çəkmir. O, artıq yeni elektrik stansiyaları, yarımstansiyaları
tikir. Artıq Naxçıvan gənci
atasının yolunu qorxu içində gözləyib
xısın-xısın ağlamır.
İndi gənclərimiz
Vətənin sabahı haqqında fikirləşir, təhsil
alır, layiqli vətəndaş kimi böyüyürlər.
Onların atasının da, anasının da,
bacı və qardaşının da, ən nəhayət,
özünün də qayğısına dövlətimiz
qalır. Bu gün yaşadığım
Şahbuz şəhərinin sakinləri artıq hava qaralandan
sonra evlərinə çəkilib qara xəyallara
dalmırlar. Onlar şəhərin girişində al-əlvan
işıqların şəfəqləri altında Şahbuz
dağlarının zirvəsinə boylanan üçrəngli
bayrağımızı seyrə çıxır, müstəqil
ölkəmizin sabahına, inkişafına və qüdrətinə
bir daha heyran qalırlar! Qürur duyurlar!
Zaman bunu
bizə həmişə diktə edir: xalq üçün
yaşayanlar dünya durduqca yaddaşlarda, illərin salnaməsində
öz əməlləriylə, Vətən sevgisiylə
yaşayıblar və yaşayacaqlar. Biz 1995-ci
ildən doğma Naxçıvanımızı xoşbəxt
gələcəyə aparan yolun yolçularıyıq.
Bu yola sadiqik, inanırıq, güvənirik.
Çünki seçilən bu yol bundan sonra da
uğurlarımızın, inkişaf və tərəqqimizin
yeni zirvələrini fəth edəcəkdir.
Şəhla NƏBİYEVA,
Naxçıvan Muxtar Respublikası,
Şahbuz rayonu,
“Oğuz səsi” qəzetinin redaktoru
Xalq qəzeti.-
2016.- 9 yanvar.- S.5.