Təbiətə qayğı və ətraf mühitin qorunması

Həsən bəy Zərdabinin amalı idi

 

XIX əsr Azərbaycan mədəniyyəti və elminin ən görkəmli nümayəndələrindən biri də Həsən bəy Zərdabi olmuşdur. Bəri başdan qeyd edək ki, təbiətşünas alimin yetişməsində yaşadığı əsrin elmiictimai mühiti mühüm rol oynamışdır.

 

Həsən bəy Məlikov hər zaman elmə, təhsilə xüsusi bağlılığı ilə fərqlənmişdir. Bu məhəbbət ona göstərilən ətraf təzyiqlərə baxmayaraq, təhsilini davam etdirməkdə  müsbət təsir göstərmişdir. O, əvvəl Tiflis qəza seminariyasını bitirmiş, 1861-ci ildə isə Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olmuşdur. Universitet təhsili onun gələcək perspektivi üçün böyük imkanlar açmışdır. Yeni mühit Həsən bəyə daha yüksək elmiictimai düşüncə bəxş etmişdir. Elmə, mədəniyyətə mühüm önəm verməsi, eyni zamanda,  istedadı oxuduğu universitet alimləri tərəfindən yüksək dəyərləndirilmişdir. Adıçəkilən ali təhsil ocağını 1865-ci ildə bitirərkən elmi şuranın qərarı ilə ona birbaşa təbiət elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 

1869-cu ilədək müxtəlif dövlət vəzifələrində işləyən Həsən bəy Zərdabi həmin il Bakı real gimnaziyasına təbiət tarixi müəllimi təyin edilir. Pedaqoji fəaliyyəti xalqını maarifləndirmək, gənc nəslə elmin sirlərini öyrətmək məqsədi daşıyırdı. O, ölkəmizin ilk ali təhsilli müəllimi idi. Böyük maarifpərvər təhsilin müasir tələblərə cavab verən təməl üzərində qurulması, zamanla ayaqlaşan ziyalılar nəslinin yetişməsi üçün var qüvvə ilə çalışırdı. Nəcəf bəy Vəzirov, Əsgər bəy Adıgözəlov kimi görkəmli ziyalıların Həsən bəy Zərdabidən dərs almaları və Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmələri bunun bariz ifadəsi idi. O, təbiət elmlərinin sirlərini şagirdlərə həvəslə öyrədirdi. Bununla bağlı sonralar məktəblilər dərgisi olan “Dəbistan” jurnalı yazacaqdı: “Həsən bəy şagirdlərə tarixi-təbii (təbiət tarixi) elmlərini öyrədir. Bu elmlər insanı dünyanın bir çox gizlin və qaranlıq işlərindən xəbərdar  edir. Bu mühüm nöqtəni yaddan çıxarmayıb, Həsən bəy təbii elmlərin bir çox qismini türkcə yazmağa çalışdı”.

Həsən bəy Zərdabi kasıb tələbələrin, şagirdlərin qayğısına qalırdı, onlara   yardım göstərirdi. Bakı real məktəbinin məzunları ali məktəblərə qəbul olunanda Həsən bəyin səmimi atalıq qayğısını unutmur, ona minnətdarlıq məktubları yazırdılar. Onun yaratdığı “Xeyriyyə cəmiyyəti”nin xidmətlərindən yararlanırdılar.

Bu böyük şəxsiyyət milləti geniş şəkildə maarifləndirmək məqsədilə qəzet çap etməyi qarşısına mühüm vəzifə kimi qoymuşdu. Bununla bağlı yazırdı: “Çalışdığım odur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın”. Həsən bəyin arzuladığı qəzet 22 iyul 1875-ci ildə “Əkinçi” adı altında nəşr olunmağa başladı. Azərbaycan milli mətbuatının qaranquşu olan “Əkinçi” Rusiya müsəlman türk aləmində, türk dilində çıxan ilk qəzet idi və qısa müddət ərzində Azərbaycan ziyalılarını birləşdirməyi və ümummilli strateji məqsədlərin  cizgilərini müəyyənləşdirməyi bacardı.

“Əkinçi” böyük ictimai amallar nəşri olmaqla yanaşı, həm də əkin və ziraət qəzeti idi.  Burada kənd təsərrüfatına, yurdumuzun təbiətinə, onun elmi təhlilinə həsr olunmuş məqalələr maraq doğururdu. Torpaqlardan düzgün istifadə, su, torpaq və havanın əhəmiyyəti, tədqiqi, yeni əkinçilik metodları elmi izahını tapırdı. Zərdabi qəzetə geniş prizmadan baxırdı. Belə ki, cəhalət və mövhumat anlamının həm ictimai-siyasi, elmi, mədəni təsvirini verir, həm də təbiətə, kənd təsərrüfatına yanaşmada mövhumat və cəhaləti, elmi geriliyi sərt tənqid edir, sadə və inandırıcı şəkildə fikrini oxuculara çatdırırdı.

Həsən bəy Zərdabinin keçmiş tələbələrindən Məmmədtağı Əliyev Moskvadan 1879-cu il martın 29-da öz müəlliminə yazırdı: “Doğrudan da qəzet öz həyatının məqsədini başa düşən bir adam üçün həzm üzvü kimi bir üzvdür. Həzm üzvü olmadan çox yaşamaq mümkün olmadığı kimi, fikir yayan bir üzv olmadan da uzun müddət yaşamaq mümkün deyildir”. Saysız-hesabsız belə münasibətlər, reaksiyalar Həsən bəyə dəstək, işinin mahiyyətinin başa düşülməsinə havadarlıq idi. Lakin 1879-cu il sentyabrın 29-da qəzetin bağlanması Həsən bəyin elmiiçtimai düşüncələrinin önünə sədd çəkə bilmədi. O, fəaliyyətini müxtəlif vasitə və üsullarla davam etdirir, onu eşidənləri elmlənməyə, müasirləşməyə çağırırdı. Hər kəs öz işilə az-çox dərəcədə buna nail olursa, bu ümumilikdə millətin hərtərəfli fomalaşmasına, xalqların müasirlik ölçülərinə uyğunlaşmasına, xalqımızın yüksəlişinə cavab verirdi.

“Əkinçi”nin müsbət mənada yaratdığı təlatümlər onun naşirini çarizminyerli donosbazların diqqət mərkəzində saxlayırdı. Qəzet iki ildən sonra bağlansa da,  onun səpdiyi sağlam toxumlar getdikcə göyərmiş, Həsən bəy  arzuladığı mübariz və dayanıqlı bir təbii mühit yaratmaq üçün mübarizəyə  başlamışdı. Təəssüf ki, ağırlaşan maddi durumu, eyni zamanda,  Bakı real məktəbindən də azad edilməsi Zərdabinin arzularına sipər çəkirdi. Əlbəttə, bu məsələdə rus çarizminin mürtəce fəaliyyəti də öz mənfi təsirini göstərirdi. Təəssüf ki, bu işdə bizim korafəhmlərin “zəhməti” də az deyildi. Bütün bunların nəticəsində böyük alim doğma Zərdaba köçməli olur. Orada təbiətə aid ən monumental əsərlərini yazmağa başlayır. O, Zərdabda uzun müddət (1879-1896) yaşayır.

H.Zərdabi kənddə də narahat qəlbinin səsini eşidir, xalqın maariflənməsi işinə töhfə verir. Məktəb açılışına nail olur. Hər tərəfdən ona edilən tənə və təzyiqlərə, hücumlara ləyaqətlə, cəsarətlə cavab verir. Mətbuatla da əlaqəsini kəsmir. 1896-cı ildə Bakıya köçür. Buradakı ziyalı mühitinin yetişməsini görüncə qürurlanır, yeni qüvvə ilə fəaliyyətə başlayır. On il müddətində Bakı Şəhər Dumasında üzv kimi fəaliyyət göstərir. Həm milli, həm də yadelli düşmənlərə qarşı qanunçuluq müstəvisində əzmkarlıq göstərir. Dumada fəaliyyət göstərdiyi vaxtlarda bir çox faydalı qərarların qəbul edilməsinə, yaxud düzəlişlər aparılmasına nail olur.

Həsən bəy Zərdabinin fəaliyyətində bir məqam da diqqət çəkir. O, N.Nərimanovla birlikdə ilk müəllimlər qurultayını çağırmışdır. Kitabların, müasir tipli məktəblərin açılmasında əvəzsiz rol oynamışdır. Bakı Dumasında cəsarətli çıxışları, səmərəli təklifləri ilə xalqımızın rəğbətini qazanmışdır. Azərbaycan teatrının, mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, elmi, publisistik və digər yazıları, məqalələri, əsərləri ilə xalqımızın milli, elmi təfəkkürünün və dünyagörüşünün formalaşmasına  mühüm təsir göstərmişdir. Alim, jurnalist, müəllim və duma üzvü kimi onun çoxcəhətli fəaliyyəti Azərbaycan ziyalıları üçün örnək, məhək daşı olmuşdur.

Onun elmi əsərləri sırasında təbiətlə, təbiətşünaslıqla bağlı təbiət və insan harmoniyasını təcəssüm etdirən “Torpaq, suhava”, “Qandövr bədəndə dövr edir?”, “İnsanın bədəninin hissələri”, “Xörək yemək, su  içmək”  başqa əsərləri öz zamanına görə təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına mühüm töhfə olmuşdur. Ona görə  də Azərbaycan alimləri, tədqiqatçıları Heydər Hüseynov, Ziyəddin Göyüşov, Mirəli Axundov, Məhəmmədəmin Əfəndiyev, İzzət Rüstəmov onun yaradıcılığını monoqrafiyalar səviyyəsində tədqiq etmişlər.  Azərbaycanın məşhur simaları Mirzə İbrahimov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Abbas Zamanov tərəfindən Zərdabinin həyat və yaradıcılığına qiymətli əsərlər həsr olunmuş, o, həm görkəmli tədqiqatçı alim, həm də maarifpərvər xadim kimi tədqiq edilmişdir.

Tədqiqatlardan öyrənirik ki, “Əkinçi”nin dövriyyəyə buraxdığı ideyalar milləti oyadır, çalxalayır, qütbləşmədə elmin üstünlüklərinə rəvac verirdi. Həsən bəyin “Torpaq, suhava” əsəri bu cəhətdən mühüm təsir bağışlayır. Bu, elə bir dövrdə yazılıb çap olunmuşdu ki, o vaxt həqiqi ziyalıları fitnə-fəsadlar gözləyirdi. Xalqı cəhalətdən qoparmaq, onu təbiətşünaslıq elminin ixtiyarına vermək çox müşkül məsələ idi. Həsən bəy belə bir zamanda -1905-ci ildə “Həyat” qəzetində “Torpaq, suhava” əsərini, digər elmi-təbiətşünaslıq məqalələrini çap etdirdi. O, torpağın, Yer kürəsinin yaranmasının təbii şəraitlə bağlı elmi, təkamül nəzəriyyəsindən yararlanaraq, Yerin, cansızların, canlıların yaranmasının elmi-tarixi izahını verir, təkamül amilini önə çəkərkən həm dünya, həm rus elminin naliyyətlərindən bəhrələnirdi. Bununla yanaşı, Həsən bəy   təbiət eliminin böyük alimlərinin əsərlərindən irəli gələn  nəticələri və özünün elmi baxışlarını sadə və məntiqi dillə inandırıcı şəkildə oxuculara çatdırırdı. Suyun əmələ gəlməsi, qitələrin, torpağın yaranması, dəryalar, cəzirələr (adalar) haqqında müfəssəl məlumat verirdi. Dalğaların əmələ gəlməsi, zəlzələlər və vulkanlar, uçqunlar  və daşqınlar haqqında maraqlı araşdırmalar aparırdı...

Təbiətşünas alimZaqafqaziya çöllərində meşə salınması” məqaləsində yaşıllığın artmasının iqlimə, havaya müsbət təsirini əsaslandırır və qeyd edirdi ki, Yerin iqliminin dəyişməsi müxtəlif səbəblərdən asılıdır, burada mühüm rolu bitki örtüyü oynayır.  Meşə sahələrinin və müxtəlif ağacların azalması iqlimi qeyri-sabit edir. İstidən soyuğa və əksinə, keçidlər kəskin olur.

H.Zərdabi hələ XIX əsrin axırlarında ölkəmizin quraq keçən bölgələrində meşə salınması fikrini irəli sürürdü: … “Yanmış adamsız Muğan, Mil, Kürdəmir çöllərində meşələrə böyük ehtiyac vardır. Hətta nabələd adam da başa düşər ki, burada iqlimi yaxşılaşdırmaq, torpağı rütubətləşdirmək və s. üçün meşə salınması nə qədər yaxşı olardı". Görkəmli təbiətşunas meşə salınmasının verəcəyi faydaları bir-bir nəzərdən keçirirbildirirdi ki,  bitkilər və heyvanlar arasında balansın, tənasübün qorunması təbiətdə inkişaf harmoniyası yaradır. Heyvanlar və bitkilər aləmi təbiətdə bir-birindən müəyyən asılılıqda nəzərə çarpır. Elmi nəticələrə dürüst əməl edilmədikdə isə bunun fəsadları ağır olur: Biz görürük ki, bitkilər və heyvanat aləmi arasında müvazinət müasir dövrdə, hələ insanların xeyrinə pozulursa, lakin bu,  hələ də cəzasız qala bilər, lakin bitkilər və heyvanlar aləmi arasında başqa və bilavasitə bir asılılıq da vardır ki, bunun cüziolsa, pozulması yer üzərindəki həyatın harmoniyasını pozar”.

H.Zərdabinin əsərlərində bitkilərin və heyvanların tənəffüsü, qidalanması və digər məsələlər kompleks halında elmi təhlilə cəlb olunurdu. Bundan çıxış edərək, ölkənin fauna zənginliyinin qoruması haqqında fikir və mülahizələrini irəli sürürdü. Balıq ovunun qanunsuz aparılması, meşələrin sistemsiz qırılması və digər məsələlərdən narahatlığını ifadə edirdi. “Süni balıq yetişdirmək” adlı məqaləsində fikrini belə açıqlayırdı: “Mədəniyyətsiz adam bir yırtıcı kimi təbiətin verdiyi nemətləri məhv edirsonra oturub acı göz yaşları axıdır ki, onun torpağı gücdən düşmüş, çayları dayazlaşmış və s. Bu talan edilən təbii nemətlərə balıq sərvəti də daxildir. Sularımızda balıqların azalması ildən-ilə artır ki, bu da onun rasionla tətbiq edilməsindən irəli gəlir”.

Həsən bəy sanki iki yüz il bundan əvvəl ekologiyamızda bügünkü durumu görür, insanların təbiətdən harmonikölçü-biçili istifadəsinin istiqamətlərini müəyyənləşdirirdi: “Balıq çox ucuz olduğundan sadə Asiya camaatının asan əldə edilən qidasını təşkil edir, belə qida isə onun orqanizminin əzələlərinə güc və qüdrət verir. Buna görə də balıq yetişdirilən təsərrüfatın yaradılması və süni balıq yetişdirmək məsələsi bir zərürət kimi qarşıda durur”.

Həsən bəy Zərdabi Azərbaycan çaylarının imkanlarında xalqın firavanlığı naminə istifadə etməyi, sellərin, daşqınların qabağını almağı tövsiyə edirdi. Bu cəhətdən KürAraz çaylarını elmi əsaslarla ram etməyi, quraq çölləri onun hesabına suvarmağı, səhralaşmış çöllərimizi canlandırmağı vacib sayırdı: “Nə vaxta qədər Kür bizə ana deyil, acıqlı ögey ana olacaqdır? Onu cilovlamaq, özümüzə tabe etmək, öz istədiyimiz vaxtda əkinlərimizi  suvarmağa və gübrələməyə məcbur etmək vaxtı çatmamışdırmı?” Yaxud, başqa bir məqalədə bu məzmunlu sualla insanları  mühakimə edirdi: “Acıqlı Araz əsrlər boyu gözləyir ki, nə vaxt ... onun sularını ona yapışıq olan Muğan çölünə çəkib oranı suvaracaqyaşamaq üçün əlverişli edəcəkdir?”

Həsən bəyin  bu və digər təbiət hadisələri ilə bağlı narahatlığını təbiətin böyük dostu, fədakar alim akademik Həsən Əliyev qələmi və əməli ilə bölüşmüşdür. İki böyük mütəfəkkir, iki yorulmz alim, iki Həsən-biri keçən əsrin əvvəlində, digəri sonunda-təbiətimizin, ekologiyamızın mübariz qoruyucuları və tədqiqatçıları olmuşdur. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev,  dövlət başçısı cənab İlham Əliyev  bu yolda var qüvvlərini əsirgəməyib, təbiətimizin qorunmasına   dəstək veriblər.

Hazırda təbiətimiz və ekologiyamızla bağlı qəbul edilən dövlət proqramları, qərar və sərəncamlar xalqımızı, haqlı olaraq, ümidləndirir, təbiətin qorunmasını gücləndirir. Bu, həm də böyük təbiət alimi Həsən bəy Zərdabinin xatirəsinə dövlətimizin ehtiramı kimi qəbul edilə bilər. “Əkinçi”dən başlayanZiya”, “Kəşkül”, “Həyat”, “Kaspi”, “Novoye obozreniya”, “Dəbistan”, “Məktəb” kimi qəzet və jurnallar vasitəsilə mübarizə aparan bu dahi insanın ruhu Azərbaycan təbiətinin canlanması, qorunması, zənginləşməsi ilə rahatlıq tapacaq.

 

Bəxtiyar HÜSEYNOV

ekoloq-jurnalist

 

Xalq qəzeti.- 2016.- 12 yanvar.- S.10.