Əbədiyyətə qovuşan ömür...

 

...Aramızda cəmi 8 gün fərq vardı. Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də doğulmuşdu, mən isə həmin il yanvarın 29-da... Bizi bir-birimizlə bağlayan hər ikimizin keçdiyimiz çətin, məhrumiyyətli həyat yollarımız idi. Axı biz II Dünya müharibəsindən az sonra dünyaya gəlmişik. Onda insanlar ağır həyat yaşayırdılar, bir doyumluq çörəyə möhtac idilər, nimdaş paltarlar geyinməyə məcbur idilər.

 

Biz də uşaqlıqdan daim məişət qayğıları, həyat sıxıntıları ilə əhatə olunmuşduq. Tələbəliyimiz və gənclik həyatımız da min bir ehtiyac içində keçmişdi. Zəlimxan Yaqub o illəri belə xatırlamışdı: “Bakıda 20 il evsiz-eşiksiz, zirzəmiyə bənzər daxmalarda yaşamışam. Yaşamamışam ey, sürünmüşəm!”. Xalq şairi bu sözləri 2010-cu ildə, 60 illik yubileyinə cəmi 8 gün qalmış demişdi. Mən də ona demişdim ki, “Zəlimxan, mən də 19 il o gündə olmuşam. Bütün cavanlığımız özgələrin kirayə verdiyi daxmalarda keçdi”.

Zəlimxan Yaqubu lap gənclik illərimizdən tanıyırdım. O zaman sövq-təbii hiss edirdim ki, ədəbiyyata çox güclü, qüdrətli, tufana bənzər bir şair gəlir. Zəlimxan bəziləri kimi, sadəcə, şeir yazmırdı, hər misrasına ürəyini qoyurdu, qanını hopdururdu...

Şairin 60 illik yubileyinə həsr etdiyim və “Xalq qəzeti”ndə dərc olunan “Zəlimxan və özüm” adlı məqaləmdə yazmışam ki, Zəlimxanın “Zəlimxan” şeirini oxuyanda, nədənsə, onu şairdən çox xana bənzətmişəm. Bu şeirdə Zəlimxanın yüksəkliyini, böyüklüyünü görmüşəm, üstəlik, şairin adındakı “xansözü onu gözümdə böyüdübpoeziya aləminin xanı” mərtəbəsinə yüksəltmişdi. Demə, Xalq şairi, ustadımız Xəlil Rza Ulutürkdeyibmiş ki, “Zəlimxan Yaqub Azərbaycan şeirinin, poeziyasının hökmdarıdır”.

Bir-birimizi tanıdığımız 35 ildən bəri həftədə, ayda iki- üç dəfə zəngləşirdik, yaradıcılıqdan da danışırdıq, ictimai-siyasi hadisələrdən də, cəmiyyət həyatından da. Dəqiq yadımdadır – 2000-ci il yanvarın 29-da Rəşid Behbudov adına Mahnı Teatrında 50 illik yubileyim keçirilmişdi. Həmin gün Zəlimxan Naxçıvanda oxucularla  görüşdən sonra Bakıya qayıdıb, evə dəymədən, dincini almadan gəlib mənim məclisimi aparmışdı. Yorğunluqdan gözləri qızarsa da canında təpər tapıb özünü axşamın ruhuna kökləməyi bacarmışdı. İndi də fikirləşirəm ki, Zəlimxan olmasaydı, məclis o qədər təravətli, şövqlü keçməzdi, incəlikləri ilə yaddaşlarda qalmazdı.

Zəlimxan Yaqub neçə-neçə belə seçilən, yüksək məharət tələb edən məclislər yola verib, şeir- sənət yığnaqlarına ürəyinin odunu, insanlara sevgisini qoyub. Belə təntənələrdə nadir söz ustası kimi Zəlimxan seirləşən danışığı, söhbətə çevrilən şeiri və hamıya doğma səsi ilə  könüllərə hakim kəsilirdi. Şairə qulaq kəsildikcə insan haldan-hala düşürdü. Onunböyük yaddaşı vardı, başqa şairlərin də bir çox  şeirlərini əzbərdən deyirdi. Zəlimxan Yaqubun xalq ruhunu ifadə edən  şeiriyyəti bulaq suyu kimi insanların qəlbinə hopurdu... İnnən belə də həmişə də belə olacaq! Zəlimxanın bir fikri heç yadımdan çıxmaz: “Adam danışanda kişi kimi danışar, mızıldanmaz!”. Buna görə də o həmişə özünün- sözünün yerini bilirdi, gür səslə, açıq ürəklə danışırdı.

2010-cu il yanvarın 12-də telefonla danışanda zarafatla şairə dedim ki, “Zəlimxan, əgər mənim növbəti yubileyimdə bir də çıxış etsən, nə deyəcəksən? Təzə kitablarımı sənə verməmişəm, 50 illik yubileyimdən sonra neçə-neçə pyeslər yazmışam. Axı, sənin bunlardan xəbərin yoxdur”. Bir görün, mənə nə cavab verdi: “Mən nəinki sənin bütün yaradıcılığınla tanışam, hətta nəfəsin necə gedib-gəlir, nə düşünürsən, bundan sonrayazacaqsan onu da bilirəm. Yazılarını qəzetlərdən oxuyuram, yeni tamaşalarına baxıram, çıxışlarını görürb- eşidirəm, daha nə istəyirsən? Bir də axı, mən sənin yaradıcılığına bir şair fəhmi ilə yanaşıram”.

Beləliklə, Zəlimxan Yaqub sevinclı- qayğılı günlərimdə mənim yanımda olub. Mən də onun unudulmaz günlərində bir yerdə olmağı özümə şərəf saymışam. Keçən il yanvarın 29-da ağır xəstə olmasına baxmayaraq, Beynəlxalq Muğam Mərkəzində keçirilən 65 illik yubileyimə gəldi, daha bir unudulmaz çıxışı dost yaddaşlarına hopdu. Mənimlə yanaşı, yubiley iştirakçıları da sevindilər ki, Zəlimxanla bir daha görüşdülər. Axı nə vaxt idi ki, məclislərdə görünmürdü, səsi eşidilmirdi. Elə bil, o xəstələnəndən sonra yığıncaqların, yubileylərin də dadı-duzu qaçmışdı. Çünki Zəlimxan xalqın qəlbindən qopmuş şairdi, onun danışığından, bu insanla təmasdan doymaq mümkün deyildi.

O axşam Zəlimxan haqqımda çıxan kitabdakı bir əhvalatı xatırlatdı. Hadisə şair xəstələnməmişdən əvvəl olmuşdu:

Xalq şairi Zəlimxan Yaqub bir axşam Xeyrəddin Qocaya zəng vurub deyir ki, ürəyim ağrıyır, səninlə danışanda yüngülləşirəm. Tez-tez mənə zəng vur”.

Xeyrəddin Qoca da hər saatda bir dəfə Zəlimxan müəllimə zəng vurmağı qərara alır.

Axşam saat 21-də onunla danışır. Saat 22-də bir də söhbətləşirlər. Saat 23-də isə telefonun dəstəyini nə Zəlimxan qaldırır, nə də ailə üzvləri. Xeyrəddinin ürəyi qopur, fikirləşir ki, Allah eləməsin, yəqin, şairə nə isə olub, aparıblar xəstəxanaya...

Gecəni çox səksəkəli yatır, səhər yuxudan ayılan kimi şairin evinə zəng vurur, dəstəyi Zəlimxan özü qaldırır. Xeyrəddin çox sevinir və zarafatla soruşur:

Zəlimxan, hələ sağsan?

Bu hadisəni danışandan sonra şair dedi: “Mənimlə belə zarafatı ancaq Xeyrəddin Qoca edə bilərdi”. Salondakıların hamısı güldü.

Kaş Zəlimxan sağ olaydı, yenə belə zarafatlar edəydik... Amma yox, belə zarafatı etməyə daha ürəyim gəlməz...

Hər il yanvarın 21-də mən onun doğum gününü təbrik edirdim, 8 gün sonra, yanvarın 29-da da o məni təbrik edirdi. İndi nə olacaq? O olacaq ki, artıq mən onu təbrik edə bilməyəcəyəm, o da məni... Mən əvəzsiz bir dostumu, xalqımız böyük şairini, hamımız sevimli bir insanı itirdik. Heyif! Heyif səndən, unudulmaz dostum, qardaşım!..

Həmişə mənə zəng vuranda soruşurdu: “Xeyrəddin, haradasan?”. Mən də ondan soruşurdum: “Zəlimxan, bəs sən haradasan?”. O da gah deyirdi ki,  Bakıdayam, gah da deyirdi: Almaniyada. Ağır xəstəlik onu Bakı ilə Almaniya arasında girinc eləmişdi. Ona görə “Xalq qəzeti”ndə “Zəlimxan müəllim, haradasınız?” adlı bir məqalə yazmışdım. Həmin məqalədə həmişə onun üçün darıxdığımı, ondan ayrı olanda  mənim üçün nə isə bir boşluq yarandığını çatdırmışdım.

İndi bu ayrılıq o ayrılıqlara bənzəməz. Zəlimxan Yaqub bizdən əbədi ayrıldı... Amma yaxşı ki, onun dəyərli əsərləri, xoş xatirələri qaldı. Həmişə dediyim, yazdığım bir fikri yenidən dilimə gətirmək istəyirəm: “Yalnız yazılan qalacaq!”. Bu fikrə söykənsək, Xalq şairi Zəlimxan Yaqub əbədiyyətə köçsə , əsərləri əbədi qalacaq... Budur bizim təsəllimiz! Hansı qələm sahibi bu dünyanın o dünyanın belə xoşbəxtliyini arzulamaz ki?!

Poeziyamızın xanı”, “ŞöhrətŞərəfordenli Xalq şairi Zəlimxan Yaqubla “son görüşümüzvida mərasimində oldu... Dinməyə, danışmağa söz qalmamışdı. Sanki, Zəlimxan Yaqub sağlığında hər sözü deyib, yazıb qurtarmışdı:

 

Göynən gedən buludlar,

Niyə danışmırsınız?

 

Yerdə çiçəklər, otlar,

Niyə danışmırsınız?

 

Xeyrəddin QOCA

 

Xalq qəzeti.- 2016.- 12 yanvar.- S.10.