20 Yanvar hadisələri Azərbaycan

xalqının milli azadlıq uğrunda mübarizəsini

boğmaq məqsədini daşıyırdı

 

Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.

 

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş

faciəli hadisələr haqqında

Azərbaycan Respublikası Milli Məclisinin

29 mart 1994-cü il tarixli qərarından

 

Tarixin bütün dönəmlərində olduğu kimi, ötən əsrin səksəninci illərinin ikinci yarısından sonra da imperiya xislətli qüvvələr öz qanlı hakimiyyətlərinin ömrünü uzatmaq üçün  baş qaldıran milli-azadlıq hərəkatlarının hamısını qan içərisində boğmaq, müstəqil dövlət yaratmağa çalışan xalqların  arzusunu  tank tırtılları altında əzmək istəyirdilər. Çox təəssüf ki, Sovet imperiyasını qorumaq istəyən qüvvələr qeyd olunan illərdə bir sıra ölkələrdə bu qəbildən olan addımlar atmış və azadlıq istəyənlərin gözünün odunu almışdılar.

 

İmperiyapərəstlərin 1990-cı ilin yanvar ayında Bakıda törətdikləri faciə və qırğınlar əvvəlkilərin hamısına nisbətən daha dəhşətli və irimiqyaslı olsa da,  xalqımızın gözünün odunu almaq mümkün olmadı. Çünki Azərbaycandan əvvəl qırğın törədilmiş ölkələrin hamısında azadlıq fədailəri təzyiqlərə məruz qalandan, hərəkat liderləri “təhlükəsizləşdiriləndən” sonra kütlə tamamilə ruhdan düşürdü. Azərbaycanda isə bunun tamamilə əksi baş verdi. Belə ki, ölkəmizdə hələ 1988-ci ilin fevralında başlanan xalq azadlıq hərəkatı 1990-cı il 20 Yanvar faciəsindən sonra daha da konkretləşdirilərək milli-azadlıq hərəkatına çevrilmişdi. Bunun da bir neçə mühüm səbəbi var idi. Ən birinci səbəb  o idi ki,  20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli liderimiz Heydər Əliyev öz kəskin  etiraz bəyanatı ilə xalqa ürək-dirək vermiş, azadlqsevər insanlar həmin bəyanatdan ruhlanaraq öz mübarizələrini bilavasitə milli-azadlıq hərəkatı istiqamətində konkretləşdirmişdilər. Yəni, Heydər Əliyevin həmin bəyanatına qədər olan dövrdə bizim hərəkat təmsilçilərimiz SSRİ rəhbərliyinin müxtəlif istiqamətli, ən çox isə milli ayrı-seçkilik siyasətinə etiraz edir, bu siyasətin islah olunmasına, nəticədə bizə də digər xalqlar kimi hörmətlə yanaşılmasını tələb etməyə  çalışırdılar. 20 Yanvar hadisələrindən sonra isə hərəkatın məqsədi nəyəsə etiraz etmək məcrasından çıxarılaraq, müstəqil dövlət qurmaq müstəvisinə qaldırılmışdı.

Əlbəttə, bütün bunların qiymətləndirilməsi  tarixçilərin vəzifəsidir və məmnunluqla qeyd edə bilərik ki, təkcə bizim tarixçilərimiz deyil, eləcə də, bütün ziyalılarımız özünəməxsus vətənpərvərlik nümunəsi göstərərək, dünyanın hər yerində səsləndirdikləri Azərbaycan həqiqətləri sırasında 20 Yanvar faciəsini daim yada salırlar. Dövri olaraq yada salınan və dünya ictimaiyyətinin nəzərinə çatdırılan faktlar ondan ibarətdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Bu zaman xüsusilə yada salınır ki, Sovet imperiyasının güc strukturları bilavasitə bu imperiyaya daxil olan respublikanın paytaxtını – hələ 70 il əvvəl işğal olunmuş şəhəri növbəti dəfə tankla-topla zəbt edirdi.

Bu zəbtetmə nəticəsində  Bakıda və respublika rayonlarında öldürülmüş, əlil edilmiş, qanunsuz olaraq həbsxanaya atılmış insanların sayı,  Kremlin milli ayrı-seçkilik siyasəti nəticəsində tənəzzül səviyyəsinə gətirilmiş Azərbaycan iqtisadiyyatına vurulmuş ziyanın məbləği barədə dəfələrlə söhbət açılıb. Ancaq Mixail Qorbaçovunyerli imperiyapərəstlərin həmin qanlı əməli nəticəsində Azərbaycan xalqına vurulan mənəvi zərbənin miqyası, ölçüsü, məbləği qətiyyən hesaba gələcək səviyyədə deyildi. Çünki, qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiyamilli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

Bizə mənəvi zərbə olan məqamlardan birio idi ki, bu faciənin törədilməsində Kreml rəhbərləri ilə yanaşı, öz qan qardaşlarımız, soydaşlarımız, o zamankı Azərbaycan rəhbərləri də günahkar idilər. Normal düşüncəli adam üçün bu, ağır zərbədir.   O zaman ölkədə  belə bir fikir mövcud  idi ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdılar. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Çox təssüf ki, cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan rəhbərliyi mövcud imkanlardan istifadə etmirdi. Hakim dairələrin müxalifətlə apardığı siyasi oyunintriqalar istiqamətində qurulur və yarıtmaz olurdu. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi acizlik nümayiş etdirirdi.  Nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdı.

Məhz həmin böhranın göstəricisi idi ki,  1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov öz  imzaları ilə Moskvaya  şifroqramlar  göndərmişdilər . Şifroqramlarda Bakıya əlavə daxili qoşunSovet ordusu qüvvələrinin göndərilməsi tələb olunurdu. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdü. Beləliklə, Moskva və Bakı rəhbərlərinin birgə fəaliyyəti nəticəsində hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdı.

Daha bir  məqama diqqət yönəldək. Tarixi sənədlər göstərir ki, Azərbaycan üçün belə bir faciəli gündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov xalqa qarşı xəyanətkarlıq yolu tutaraq yanvarın 19 və 20-də öz yerində olmaq əvəzinə yanvarın 19-nu Dövlət Təhlükəsizliyi Komitəsinin binasında DTK sədri Vaqif Hüseynovla birlikdə keçirmişdir. Sonra isə o, gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, yanvarın 20-nə keçən gecə həmin qərargahda SSRİ müdafiə naziri Dmitri Yazovladaxili işlər naziri Vadim  Bakatinlə birlikdə hərbi əməliyyata rəhbərlik etmişdir. Nəhayət, yanvarın 21-də yalnız öz şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçmışdır. Deməli, öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq məqsədi güdən keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov bu ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdur.

Bu  da bir fakt idi ki, Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdu. Xarici ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiyalar veririmperiya qüvvələrini lənətləyirdi. Sivilizasiyalı dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdu. Xalqının şəhidlər verdiyi faciəli günlərdə heç bir dövlət rəsmisi bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdi.

Hələ bunlar harasıdır? Azərbaycan rəhbərliyi  1993-cü ilin ikinci yarısına, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələb və çağırışları ilə siyasi hakimiyyətə qayıdışınadək 20 Yanvar faciəsinə siyasiya hüquqi qiymət verilməsinə cəhd etməmişdir. Üstəlik, respublikada kommunist rejimi mövcud olduğu zaman 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini dəfələrlə tələb edən Azərbaycan Xalq Cəbhəsinin rəsmiləri  hakimiyyətdə olduqları  müddətdə  faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişlər.

Bir  daha xatırladaq ki,  1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə  tam siyasi-hüquqi qiymət verilməməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında göstərilmiş və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində bu məsələyə baxılarkən yaradılmış redaksiya komissiyası tərəfindən Ali Sovetdə, Prezident Aparatında, Azərbaycan Respublikasının Prokurorluğunda, Milli Təhlükəsizlik Nazirliyində, Daxili İşlər Nazirliyində, Baş Arxiv İdarəsində olan materiallardeputat istintaq komissiyasının rəyi nəzərdən keçirilmişmüvafiq qərar qəbul edimişdi.

Doqquz bənddən ibarət olan bu qərar barədə əvvəllər dəfələrlə söz açdığımıza görə indi ancaq həmin qərarın sonuncu bəndindəki bir ifadəni yada salmaqla kifayətlənirik: “Yanvar faciəsinin Azərbaycan xalqının tarixində böyük siyasi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, habelə Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərində xatirə kompleksi yaradılsın”.

Bəli, 20 Yanvar hadisələri bizim üçün təkcə göz yaşları ilə xatırlanacaq qanlı səhifə deyil, həm də, daim fəxrlə anacağımız, böyük siyasi əhəmiyyətə malik şanlı salnamələrimizdən biridir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 12 yanvar.- S.9.