Muğam televiziya
müsabiqələri milli
mədəniyyətimizin təşviqinə
böyük töhfədir
Ulu öndər Heydər Əliyevin Azərbaycan elminə,
mədəniyyətinə, təhsilinə,
milli-mənəvi dəyərlərinə, səhiyyəsinə,
bütövlükdə
xalqımıza xidmət edən əməllərini yaşatmaq, bu dəyərli
ənənəni davam etdirmək məqsədilə
yaradılmış Heydər Əliyev Fondu öz fəaliyyətini, sözün
həqiqi mənasında, ümummilli liderimizin adına layiq səviyyədə
qurmuşdur.
Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin hansına nəzər salsaq, orada mütləq Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərini görürük. Bu qədrşünaslıq nümunəsi musiqi mədəniyyətimiz, xüsusən, xalq yaradıcılığının ən mühüm janrlarından olan muğam sənətimizlə bağlı layihələrdə daha aydın şəkildə təzahür edir.
Milli tariximizdə dərin köklərə malik olan muğam sənətimizin inkişafı və təbliği, qorunub saxlanması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması kimi layihələrlə çıxış edən Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti xalqımız tərəfindən maraqla qarşılanır. Mən uzun illərdir ki, ölkənin incəsənət xadimləri, xüsusən, muğam ifaçıları arasında olduğuma görə, musiqimizin bu əsrarəngiz janrının diqqətdən kənarda qaldığı və hətta unudulduğu barədə çoxsaylı fikirlər eşitmişdim. Heydər Əliyev Fondunun məlum layihələrindən, xüsusən, “Qarabağ xanəndələri” muğam albomunun buraxılmasından sonra isə ölkənin tanınmış muğam ifaçıları Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Teymur Mustafayev, Ağaxan Abdullayev və başqa sənətkarlardan heç zaman unudulmayacaq minnətdarlıq ifadələri eşitmişəm. Mərhum Xalq artisti Habil Əliyev bir dəfə söhbət əsnasında demişdi ki, Mehriban Əliyeva mənim qızım, bəlkə də nəvəm yaşında olar. Amma o, mənə də, mənim ömrümün mənası olan muğamlarımıza da ana qayğısı göstərdi, analıq etdi.
Ulu öndərimizin adını daşıyan fond 2005-ci ildə bu istiqamətli layihələrin ən mühümünü reallaşdırmışdı. On illər boyu unudulmayacaq həmin layihə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə ərsəyə gəlmişdi. Həmin il Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məhz birinci muğam televiziya müsabiqəsi keçirilmişdi. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçını dinləmiş və onların arasından 20 finalçını seçmişdi. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanmışdı.
Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə sonralar hər iki ildən bir muğam müsabiqələri təşkil olunur. İlk müsabiqədə olduğu kimi, bütün müsabiqələrdən əvvəl tanınmış muğam sənətkarları respublikanın bütün bölgələrində seçim turları reallaşdırır, bir neçə mərhələdən sonra finala çıxacaq gənc muğam ifaçılarını müəyyən edirlər. Müsabiqələrin final mərhələsi nəinki Azərbaycan tamaşaçıları üçün, hətta dünyanın hər yerindəki soydaşlarımız, eyni zamanda, müxtəlif millətləri təmsil edən muğam xiridarları üçün açıq olur. Yəni bütün müsabiqələrin finalı Azərbaycan Televiziyası ilə canlı olaraq yayıldığına görə müsabiqə qaliblərinin seçilməsi bütün dünyanın gözü qabağında baş verir. Əslində, bu müsabiqələr canlı yayılmasa da, nəticələr barədə kimdəsə heç bir şübhə yarana bilməz. Çünki müsabiqələrin münsiflər heyətində xalqımızın böyük əksəriyyətinin sevərək dinlədiyi, alqışladığı və səmimi-qəlbdən inandığı sənətkarlar təmsil olunurlar. Onların gənc ifaçıların istedadına, səsinə, muğam duyumuna, dilimizin incəliklərinə əməl etmələrinə verdiyi qiymət hamı tərəfindən, elliklə yüksək qiymətləndirilir.
Qətiyyətlə deyə bilərik ki, ilk müsabiqə kimi, bütün müsabiqələrin hamısı ayrı-ayrılıqda ölkəmizin həyatında baş verən möhtəşəm mədəni hadisə kimi yaddaşlarda qalır. Hələlik sonuncu olan, ümumilikdə isə beşinci televiziya müsabiqəsi keçən il fevralın 16-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində başlamış, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə birbaşa yayımlanmışdı. Ənənəvi olaraq builki müsabiqədə də iştirak etmək üçün Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə 500-ə yaxın namizəd qatılmış və onların arasından 20 gənc finalçı seçilmişdi.
Gənc ifaçıların çıxışlarını qiymətləndirən münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxil idi.
Bundan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə 2007-2012-ci illərdə Bakıda Mstislav Rostropoviç adına beynəlxalq musiqi festivalları, 2009, 2011 və 2013-cü illərdə “Muğam aləmi” beynəlxalq muğam festivalları, 2009-2013-cü illərdə Qəbələ şəhərində beynəlxalq musiqi festivalları keçirilmişdir ki, bu da milli musiqimizin dünya miqyasında təbliğ edilməsinə verilən dəyərli töhfələrdir.
Azərbaycan xalqı, xüsusən, ölkəmizin mədəniyyət xadimləri Heydər Əliyev Fondunun qeyri-maddi mədəniyyət nümunələrimizin, əsasən də muğam sənətimizin qorunub saxlanılması və təbliğ olunması istiqamətindəki layihələrini daim dəstəkləyir. Eləcə də, biz ilk muğam televiziya müsabiqəmizin 10 illiyini məmnuniyyətlə yada salır və gələcək müsabiqələrə uğurlar arzulayırıq.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2016.-
13 yanvar.- S.7.