Uğurlu daxili və xarici siyasət Azərbaycanı

beynəlxalq aləmin nüfuzlu subyektinə çevirir

 

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, – necə ki, bu, bu gün belədir, – regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin

sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran

vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən

 

Beynəlxalq aləmdə gündən-günə dərinləşən siyasi və iqtisadi problemlər çoxsaylı fəsadlar törətməkdədir. Həm postsovet məkanında, həm də Yaxın Şərqdə baş verənlər bütövlükdə dünyanı həlli müşkül olan qarşıdurmalar girdabına yuvarlayıb. Müəyyən qüvvələrin öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün nisbətən zəif ölkələri qurbana çevirməsi, fəsadları 20-30 il sonra da aradan qalxmayacaq çoxsaylı qarşıdurmalara, xaos və anarxiyaya rəvac verməsi dünya ölkələri rəhbərlərini  böhrandan minimum itki ilə çıxmaq üçün variantlar axtarışına sövq edir. Azərbaycan xalqının xoşbəxtliyidir ki, bu gün ölkəmiz və dövlətimiz Heydər Əliyev siyasi kursu ilə idarə olunur. Ona görə də bəzi  dövlətlərin beynəlxalq aləmdəki olan-qalan nüfuzu da əriyib getdiyi bu günlərdə Azərbaycanın dünya miqyasındakı reytinqi artmaqda davam edir.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında biz bu həqiqətlər barədə növbəti dəfə eşitdik. Özü də ən mötəbər mənbədən – dövlət başçımızın dilindən.  Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən ictimai-siyasi və iqtisadi hadisələri, onların fonunda ölkəmizdə qeydə alınan faktları xarakterizə edərək dedi: “2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əfsuslar ki, mövcud olan münaqişələr 2015-ci ildə öz həllini tapmadı. Əksinə, dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir.

Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən artıq qaçqın, köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində yaşayır”.

Yeri gəlmişkən, Avropa qaçqın və məcburi köçkün problemləri ilə bu gün üzləşirsə, biz — gənc müstəqil Azərbaycan dövləti artıq 25 ildir ki, həmin problemin həlli ilə məşğuluq. Ona görə də Prezident həmin məsələ barədə danışarkən, Azərbaycan həqiqətlərini də yada salır: “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik”.

Təbii ki, bu gün beynəlxalq aləmdə ən çox qabardılan məsələlərdən biri də istənilən terrorçu, təxribatçı və separatçı qruplaşmanın öz əməllərini İslam dininin adı ilə bağlamasıdır. Prezident İlham Əliyev son illər bu məzmunlu çıxışlarının hamısında, qətiyyətlə deyir ki, bu mənfi halların İslam dininin adı ilə bağlanması  birmənalı şəkildə  yolverilməzdir: “Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin”.

2015-ci ildə yaranmış geosiyasi və geoiqtisadi mənzərəni  çox narahatedici və ağır adlandıran dövlət başçımız bu bədbin ruhlu reallıqların fonunda özünəməxsus nikbinlik nümayiş etdirir və gələcəyə inamla baxır: “ Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik. O ki qaldı ölkəmizin inkişafına, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mən keçən il xarici ölkələrə 20 rəsmi və işgüzar səfər etmişəm. Xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycana səfərlər etmişlər, 15 dövlət və hökumət başçısı Azərbaycanda olmuşdur. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır”.

Əlbəttə, Azərbaycan öz daxili və xarici siyasətini bundan sonra da müəyyən edilmiş kurs daxilində davam etdirəcək. Bu prinsip isə daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlərə şamil edilir. Çox təəssüf ki, beynəlxalq aləmdəki havadarlarının dəstəyi hesabına yaşayan Ermənistan bu münaqişənin həllini hər vəchlə uzatmağa çalışır. Həmin məqamı Prezident bu şəkildə dilə gətirir: “Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Deyə bilərəm ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Bu görüş də deyə bilərəm ki, formal xarakter daşıyırdı — görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməmişdir. Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir”.

Bununla belə, dövlət başçımız beynəlxalq aləmə növbəti dəfə mesaj göndərir ki, bu münaqişənin həlli prosesində bizim heç bir güzəşt limitimiz yoxdur   münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həll olunmalıdır: “ Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada, əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir.

Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq. Əlbəttə ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın”.

Ermənistanı əlində oyuncaq kimi saxlayan qüvvələrin ikili standartları nəticəsində Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmasa da,  beynəlxalq aləmdəki tərəqqipərvər dairələr Azərbaycan həqiqətlərini yüksək səviyyədə qəbul edirlər. Biz bu arqumentin təsdiqini ötən il ölkəmizdə keçirilmiş birinci Avropa Oyunlarına və parlament seçkilərinə beynəlxalq aləmin nümayiş etdirdiyi münasibətdə də gördük: “ 2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir. Bütün beynəlxalq rəy sorğuları da rəsmi nəticələri təsdiqləyir. Yəni, bu, çox önəmli hadisədir. Çünki biz demokratiya yolu ilə gedirik, demokratik cəmiyyət qururuq. İnsan haqları, demokratik inkişaf daim bizim prioritet istiqamətlərimizdir. Seçkilər, istənilən seçkilər bu istiqamətdə bir sınaqdır. Biz bu sınaqdan şərəflə çıxdıq. Azərbaycan xalqının iradəsi parlament seçkilərinin nəticələrində tam şəkildə ifadə olunmuşdur”.

Ötən il ölkəmizdə baş vermiş əlamətdar hadisələrdən danışan dövlət başçımız bu il reallaşdırılacaq mötəbər tədbirlər barədə də söz açır: “Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi Humanitar forumlar keçirilir. Mədəniyyətlərarası Dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də ki bizim üçün böyük şərəfdir”.

Prezident xatırladır ki, Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir. Amma o da faktdır  ki, getdikcə bu iş daha da çətinləşir: “Ancaq biz bu yoldan dönməyəcəyik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, — necə ki, bu, bu gün belədir, — regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin”.

Təbii ki, Nazirlər Kabinetinin iclasında səsləndirilən bütün fikir, təklif, arqument və faktlar maraqlı, vacib idi. Ancaq ən maraqlı məqam dövlət başçımızın bir gün sonra imzalayacağı sərəncam barədə bilavasitə bu iclasda söz açması idi: “Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən bu ili Azərbaycanda ”Multikulturalizm ili" elan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik".

Əlavə ediləsi bircə cümlə qaldı: Azərbaycan ictimaiyyəti təkcə dövlətin   multikulturalizm siyasətinə deyil, bütövlükdə, yeridilən siyasi kursun istənilən addımına dəstək nümayiş etdirir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 13 yanvar.- S.3.