20 YANVAR – Azərbaycan
tarixinin qəhrəmanlıq səhifəsi
Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar
faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü respublikada haqq-ədalətin
bərqərar edilməsi tələbləri ilə
çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq
məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi
terror aktı nəticəsində bəşər
tarixində insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan
yaralandı və qətlə yetirildi.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan
övladları 1990-cı il yanvarın
20-də xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
XX əsr
tarixində totalitarizmin həyata keçirdiyi ən qəddar terror
aktlarından biri olan
20 Yanvar faciəsi Azərbaycan xalqına
qarşı yönəldilmiş dəhşətli cinayətdir.
1990-cı il 20 Yanvar
faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə
yad edərkən fəxrlə, qürur hissi ilə deyə bilərik ki, onların uğrunda
canlarını qurban verdikləri müstəqilliyin
əldə olunmasından artıq 26 il keçmişdir. Ancaq minlərlə,
milyonlarla insanın mənəviyyatına,
mənliyinə, vüqarına, milli hisslərinə
vurulan zərbələrin
ağrı-acısı bu gün
də unudulmayıb. Bu, bir
faktdır ki, 20 Yanvar gününün Azərbaycan tarixində
ölkəmizin azadlığı, müstəqilliyi və ərazi
bütövlüyü uğrunda
qəhrəmanlıq rəmzi kimi müstəsna
əhəmiyyəti olmuşdur.
Həmin gün Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı qanlı cinayət hadisəsi kimi tarixə düşmüşdür. Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq süquta yetməkdə olan sovet rejimi son nəfəsində bütün tarixi ərzində törətdiyi ağır cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.
Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını SSRİ rəhbərliyinin açıq şəkildə dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Bu ayrı-seçkilikdən qəzəblənmiş xalq ayağa qalxmış və “Torpaqdan pay olmaz!”— deyərək etiraz səsini qaldırmışdı. Konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləbaran edilmiş, insanlar qəddarlığa məruz qalmışlar. Yüzlərlə dinc əhali qətlə yetirilmiş, ağır yaralanmış və ömürlük əlil olmuşdur. Sovet rejiminin bu qanlı terror aktı dünya birliyi tərəfindən də kəskin pislənilmişdi.
Fakt ondan ibarətdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirmişdir. Xalqın haqq səsini boğmaq üçün qanlı terror aktına əl atan Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərmişdir. Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun razılığı ilə olmuşdur. Azərbaycanı birdəfəlik sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegomonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya 35 minlik ordu yeridilmişdi.
Azərbaycan xalqına divan tutulması üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin birgə hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları olmuşdular. Mixail Qorbaçov başda olmaqla, Sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmişdilər. Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan “millətçi ekstremistlər”i zərərsizləşdirəcək və hərbi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Sovet dövləti tabeliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi.
Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq 1990-cı il yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzalamışdı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirilmişdi. İlk növbədə, Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Respublika üzrə televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da radio ilə bildirilmişdi.
Sovet ordusunun hərbi təcavüzü nəticəsində Bakıda yüzlərlə mülki vətəndaş öldürülmüş və yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Həmin vaxt Azərbaycanda hakimiyyətdə olanlar bu qanlı faciənin əsl səbəbini xalqdan gizlətməyə çalışır, təqsirkar isə “azərbaycanlı ekstremist qüvvələr” hesab olunurdu. Geciəykən qaçıb aradan çıxan Əbdürrəhman Vəzirov bununla məsuliyyətdən yaxasını qurtarmaq istəyirdi. Bu qanlı faciəyə isə hüquqi qiymət verilmir, qətliamın əsas təşkilatçı və icraçılarının adları açıqlanmırdı.
20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin vaxt qəbul edilmiş böyük əhəmiyyət kəsb edən sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov,İKP.MK katibi A.Girenko, SSRİ müdafiə naziri D. Yazov, daxili işlər naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi R.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər.
Həmin vaxt Azərbaycan Xalq Cəbhəsinin bəzi fəalları da Bakıda qan töküləcəyi barədə məlumatlı olublar. Onların yaranmış bu fürsətdən istifadə edərək hakimiyyəti ələ keçirmək məqsədləri olduğundan gözlənilən faciə barəsində əhalini xəbərdar etməmişdilər. Bu barədə sonradan açıqlama yayan AXC fəallarından biri Zərdüşt Əlizadə həmfikirlərinin gözləmə mövqeyində olduqlarını bildirmişdi. O, həmfikirlərini qınayaraq demişdi ki, İsa Qəmbər, Rəhim Qazıyev, Nemət Pənahlı və bu məsələdən qabaqcadan xəbərdar olan digərləri xalqa məlumat verməyiblər. Onlar imperiya qoşunlarının Bakıya daxil olacaqları vaxtı dəqiqliyinə qədər bilirdilər. Ona görə də məqamında qaçıb aradan çıxmışdılar.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə də qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilməmişdi. 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.
Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi olmuşdur. Ulu öndər Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan etmişdir. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirmişdir: “Bu antihumanist, konstitusiyaya və hüquqazidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”. Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Xalqın təkidilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Ulu öndər ölkəyə rəhbərlik etdiyi sonrakı illərdə də canlarını Vətənimizin ərazi bütövlüyü yolunda qurban verənlərin, həmçinin bu yolda əlil olanların adlarının əbədiləşdirilməsini, sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlamışdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin, bütövlükdə bu qəbildən olanların ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Milli dövlətçiliyini yenidən bərpa etmiş respublikamızda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində mühüm işlər görülmüş, bütün bölgələrimizdə şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Bütün bunlar xalqımızın və dövlətimizin 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhid soydaşlarımızın ruhuna bəslədiyi böyük hörmət və ehtiramın parlaq nümunəsidir. Həmçinin dövlət başçısı 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailələrinin, eyni zamanda, həmin hadisələr zamanı öz sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə mütəmadi olaraq müvafiq sərəncam və fərmanlar imzalayır.
XX əsr xalqımızın tarixinə, taleyinə həm qanlı fəlakət və faciələrlə, eyni zamanda, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur. 20 Yanvar hadisələrini biz həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndiririk.
Xalqımız 1990-cı il yanvarın 20-də hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin gün Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2016.- 13
yanvar.- S.4.